Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin görüşündə çıxışı - Prezident Sarayı, 16 sentyabr 1996-cı il


Mən öncə dost Qazaxıstanın prezidenti hörmətli cənab Nursultan Nazarbayevi və onu müşayiət edən şəxsləri qəlbdən salamlayıram, prezident Nursultan Nazarbayevə Azərbaycana rəsmi dövlət səfərinə gəlmək barədə mənim dəvətimi qəbul etdiyinə görə minnətdaram. Əmin olduğumu bildirirəm ki, Qazaxıstan prezidentinin Azərbaycana bu ilk səfəri Qazaxıstan ilə Azərbaycan arasında, iki müstəqil, suveren dövlət arasında münasibətlərin daha müvəffəqiyyətlə inkişafı üçün əsas olacaqdır. Aparacağımız danışıqlarda ekspertlərimiz, nazirliklərimiz, baş idarələrimiz tərəfindən hazırlanmış məsələlərin böyük bir paketi müzakirə olunacaqdır. Əmin olduğumu bildirmək istərdim ki, həm Qazaxıstanın, həm də Azərbaycanın maraqlarını əks etdirən bu məsələlərin nəzərdən keçirilməsi və müzakirə olunması münasibətlərimizin daha da uğurlu inkişafını təmin edəcək, respublikalarımıza, xalqlarımıza kömək edəcəkdir.

Azərbaycan tarixi keçmişimizi, xalqlarımızın dərin tarixi köklərini, dilimizin, dinimizin, ənənələrimizin ümumiliyini nəzərə alaraq, həmçinin əsrimizin əvvəlindən etibarən Qazaxıstan ilə Azərbaycan arasında iqtisadi münasibətlərin inkişaf etdiyini əsas tutaraq Qazaxıstanla münasibətlərə böyük əhəmiyyət verir. İndi, Qazaxıstan və Azərbaycan müstəqil, suveren dövlətlər olduğu bir vaxtda münasibətlərimiz keyfiyyətcə yeni xarakter kəsb etmişdir və bu münasibətləri dərinləşdirmək, inkişaf etdirmək üçün böyük imkanlarımız və ehtiyaclarımız var. Azərbaycan buna maraq göstərir, ona görə də mən Qazaxıstanın dövlət başçısının səfərini olduqca məmnuniyyətlə qarşıladım və münasibətlərimizin perspektivləri baxımından bu səfərə böyük ümidlər bəsləyirəm.

Azərbaycanın vəziyyəti müəyyən dərəcədə məlumdur. Yaxın vaxtlarda Azərbaycanın dövlət müstəqilliyi əldə etməsinin 5 illiyi tamam olacaqdır. Bu dövr Azərbaycan üçün son dərəcə ağır və mürəkkəb bir dövr olmuşdur. Ermənistanın hələ 1988-ci ildə başladığı hərbi təcavüz bütün bu müddət ərzində davam etmişdir. Bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, həmin torpaqlardan Azərbaycanın bir milyondan çox sakini zorla qovulmuşdur, onların bir çoxu son dərəcə ağır şəraitdə, əksəriyyəti çadırlarda yaşayır. Ermənistan - Azərbaycan münaqişəsi ölkəmizə çox böyük mənəvi və maddi ziyan vurmuşdur. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan məsələnin sülh yolu ilə həllinə tərəfdardır və bunu əsas tutaraq 1994-cü ilin mayında Ermənistanla barışıq haqqında saziş imzalamışdır. Biz iki ildən artıqdır ki, atəşkəs rejimində yaşayırıq. Biz bunu səylərimizin ən mühüm nəticəsi sayır və atəşkəs dövründən tam sülhə nail olmaq üçün istifadə etməyə çalışırıq.

Bu məqsədlə müxtəlif dövlətlərin, təşkilatların iştirakı ilə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılır. Azərbaycan işğal edilmiş ərazilərinin azad olunması, qaçqınların öz yaşayış yerlərinə qaytarılması şərti ilə və bu halda Dağlıq Qarabağa Azərbaycan dövləti tərkibində ən yüksək muxtariyyət verməyi öhdəsinə götürməklə sülhə nail olmağa çağırır. ATƏT-in Minsk qrupu çərçivəsində, ayrı-ayrı nümayəndələrimiz vasitəsilə aparılan danışıqlar və şəxsən mənim Ermənistan rəhbəri ilə apardığım danışıqlar bizi müəyyən qədər irəlilətsə də, təəssüf ki, Ermənistan tərəfinin hələlik qeyri-konstruktiv siyasəti bu təklifləri həyata keçirməyimizə imkan vermir. Bununla belə mən ümidvar olduğumu bildirirəm ki, biz münaqişəni sülh yolu ilə aradan qaldırmaq üçün hər halda güzəştə və razılaşmaya nail ola biləcəyik.

Azərbaycan özünün bütün qonşuları ilə sülh şəraitində yaşamaq istəyir, biz Gürcüstanla, İranla, Türkiyə, Rusiya ilə yaxşı, mehriban münasibətlər yaratmışıq. Əgər Ermənistanla münaqişə Azərbaycanın irəli sürdüyü şərtlər əsasında aradan qaldırılarsa, o zaman onunla da sülh və uğurlu iqtisadi əməkdaşlıq ola bilər. Qafqazda belə əməkdaşlıq bütün Zaqafqaziyanın Mərkəzi Asiya ilə, o cümlədən, Qazaxıstanla iqtisadi əməkdaşlığının bundan sonra da inkişaf etməsi üçün müsbət nəticə verə bilər.

Hörmətli Qazaxıstan prezidenti, əziz dostumuz, qardaşımız Nursultan Nazarbayev, Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, Siz Ermənistan - Azərbaycan münaqişəsinin həllinə həmişə maraq göstəribsiniz. Beş il əvvəl siz Rusiya prezidenti Boris Yeltsinlə birlikdə Azərbaycana gəldiniz, Bakıda, Gəncədə, Qarabağda, Ermənistanda oldunuz, çalışıb Rusiya, Qazaxıstan, Azərbaycan və Ermənistan prezidentlərinin yaxşı birgə bəyanat verməsinə nail oldunuz. Sonra bu bəyanat Jeleznovodskda rəsmiləşdirildi, amma həyata keçirilmədi. Siz bilirsiniz ki, Dağlıq Qarabağ üzərində Azərbaycan vertolyotu vuruldu. Bu zaman respublikamızın görkəmli dövlət xadimləri, habelə Qazaxıstan nümayəndələri, o cümlədən ölkənizin burada vasitəçilik missiyası həyata keçirən nazir müavini həlak oldular. Həmçinin məlumdur ki, prezident Nursultan Nazarbayev 1992-ci ilin avqustunda Almatıda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşdü. O vaxt müvafiq memorandum imzalandı. Təəssüf ki, o da həyata keçirilmədi.

Bununla onu demək istəyirəm ki, ATƏT-in Minsk qrupu, ABŞ, Rusiya, Türkiyə kimi iri dövlətlər və digər dövlətlərlə yanaşı, Qazaxıstan və şəxsən onun prezidenti münaqişənin həlli məsələsindən kənarda qalmadılar, halbuki onun öz ölkəsinin daxilində bir çox problemlər vardı. Bunu Azərbaycanda yüksək qiymətləndirirlər. İndi, Azərbaycan məsələnin dincliklə həllinə çalışdığı vaxtda prezident Nursultan Nazarbayevin məsləhətləri, səyləri öz faydalı rolun oynaya bilər. Mən indiyə qədər görülmüş işlərə görə Qazaxıstan prezidenti Nursultan Nazarbayevə təşəkkür edərək ümidvar olduğumu bildirirəm ki, bu problem birgə səylərlə aradan qaldırılacaqdır.

Bununla yanaşı, son beş ildə Azərbaycanı nəinki Ermənistanın ölkəmizə qarşı təcavüzü, həm də daxili siyasi vəziyyət narahat etmişdir. Daxili siyasi vəziyyət sabit deyildi, hakimiyyət dəyişirdi, özü də silahlı yolla, 1993-cü ilin iyulunda Azərbaycan vətəndaş müharibəsi vəziyyətində idi, müxtəlif silahlı qruplar, dəstələr işi silahlı qarşıdurma həddinə gətirib çıxarmışdılar. Azərbaycan əslində müxtəlif bölgələrə parçalanmışdı. Onda xalq məni Bakıya çağırdı və o vaxt yaranmış ağır vəziyyət böyük çətinliklərlə aradan qaldırıldı.

O vaxtdan üç il keçib. Bu müddətdə cürbəcür silahlı birləşmələr hakimiyyəti zorakılıqla devirmək cəhdlərindən əl çəkmədilər. Bu cəhdlər xalqın gücü ilə dəf olundu. İndi Azərbaycanda daxili siyasi vəziyyət sabitdir, hərçənd respublikanın hüdudlarından kənarda yaşayan ayrı-ayrı şəxslər Azərbaycan xalqı tərəfindən dəstəklənən qanuni hakimiyyətə qarşı silahlı ənənələrin mümkünlüyü barədə düşünürlər.

Respublikanın daxilində vəziyyət sabitləşdirilməsi ötən ilin noyabrında ümumxalq referendumu yolu ilə müstəqil Azərbaycanın ilk konstitusiyasını qəbul etməyə, ölkə parlamentinə demokratik seçkilər keçirməyə imkan verdi. İndi Azərbaycanda iqtisadi islahatlar aparılır, özəlləşdirmə keçirilir, torpağın xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulan "Torpaq islahatı haqqında qanun" qəbul edilib, torpaqlarımızdan daha səmərəli istifadə olunması üçün digər dövlət tədbirləri də görülür.

Ölkə demokratikləşdirməni, bazar iqtisadiyyatını daha da genişləndirmək, xarici sərmayələri cəlb etmək yolu ilə gedir. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarından birgə istifadə olunması haqqında müqavilə imzalanmışdır.

Bütün bunlar Azərbaycanda tamamilə yeni bir şərait yaradır. Belə bir şəraitdə qonşu ölkələrlə, xüsusən Qazaxıstanla əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün böyük imkanlar var. Mən hörmətli Nursultan Nazarbayevin belə bir fikri ilə razıyam ki, ölkələrimiz arasında mal dövriyyəsinin aşağı səviyyədə olması qənaətbəxş sayıla bilməz, onun səviyyəsini qaldırmaq lazımdır.

Mən əminəm ki, Bakıda keçirilən görüşlər və aparılan danışıqlar, imzalanacaq sənədlər buna kömək edəcəkdir.

Mən daha bir məsələdə Qazaxıstan prezidentinin fikrinə şərikəm ki, Xəzər dənizi ölkələrimiz arasında əməkdaşlıq üçün çox mühüm amildir və hazırda dənizin ehtiyatlarından Xəzəryanı ölkələrin hamısının, o cümlədən Azərbaycanın və Qazaxıstanın mənafeyi üçün səmərəli istifadə etməkdən ötrü çox fəal iş təşkil etməyə imkan var. Bu baxımdan bizim mövqelərimiz bir-birinə uyğun gəlir və bu istiqamətdə daha da irəliləyə və uğurlar qazana bilərdik.

Transqafqaz magistralı barədə Türkmənistan, Özbəkistan, Gürcüstan və Azərbaycanın imzaladıqları sazişlərə gəldikdə isə, onlar işləyir. Bu sazişlər Avropa Birliyi tərəfindən bəyənilmişdir, “Traseka” proqramı üzrə müəyyən vəsait ayrılır. Mərkəzi Asiyanı Avropa ilə birləşdirmək üçün bu magistralı çox mühüm hesab edirəm və Qazaxıstanın ona qoşulması barədə prezident Nursultan Nazarbayevin bəyanatını böyük məmnunluqla qarşılayıram.

Artıq uğurlar qazanmış Mərkəzi Asiya İqtisadi İttifaqında Azərbaycanın əməkdaşlıq edə biləcəyi barədə Qazaxıstan rəhbərinin təklifi Azərbaycan üçün də böyük maraq doğurur və bu imkandan istifadə etməkdən ötrü qəti addımlar atmaq lazımdır.

Belə hesab edirəm ki, ölkələrimiz arasında iqtisadi, elmi-texniki və mədəni əlaqələri genişləndirmək üçün bir çox başqa imkanlar da var. Qazaxıstan kimi, Azərbaycan da bütün beynəlxalq təşkilatların üzvüdür, respublikamız bu təşkilatlarda fəal əməkdaşlıq edir, beynəlxalq həyat, beynəlxalq siyasət məsələlərində, müxtəlif ölkələrdə baş verən proseslər barəsində ölkələrimiz eyni bir mövqedən çıxış edirlər. Mən prezident Nursultan Nazarbayevi əmin edirəm ki, Azərbaycan indən belə də bu xətti davam etdirəcək. Qazaxıstanla təkcə iqtisadiyyat sahəsində deyil, bütün beynəlxalq təşkilatlarda da əməkdaşlıq edəcəkdir.

Ölkələrimiz MDB-yə daxildir və bu, mənim fikrimcə, çox mühüm amildir. Həm Azərbaycan, həm də Qazaxıstan çalışır ki, bu təşkilat daha səmərəli, ona daxil olan bütün ölkələrin mənafeyi üçün fəaliyyət göstərsin, getdikcə daha çox bərabərhüquqlu tərəfdaşlıq, əməkdaşlıq forması alsın. MDB-də, onun istər yaranmasında və istərsə də fəaliyyətinin səmərəli istiqamətdə olmasında Qazaxıstanın rolunu yüksək qiymətləndirirəm. Azərbaycan isə öz tərəfindən bütün tədbirləri görmüşdür və görür ki, özünün bu təşkilatda iştirakı uğurlu və səmərəli olsun.

Bir sözlə, hesab edirəm, prezident Nursultan Nazarbayevin respublikamıza səfərindən əvvəl görülmüş hazırlıq işləri görüşlərimizi və danışıqlarımızı uğurla keçirməyə, bütün sənədlərin imzalanmasına gəlib çıxmağa imkan verir.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 1998, səh.307-311.