Amerika Birləşmiş Ştatlarının prezidenti zati-aliləri cənab Corc Buşa - Bakı şəhəri, 2 iyul 2003-cü il


Hörmətli cənab prezident!

Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Amerika xalqını səmimi qəlbdən təbrik edirəm.

Bu gün Amerika Birləşmiş Ştatları beynəlxalq aləmdə aparıcı rol oynayaraq, dünyada sülhün, sabitliyin və demokratik dəyərlərin bərqərar olunmasında, münaqişə mənbələrinin aradan qaldırılmasında ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.

Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Şadam ki, birgə səylərimiz sayəsində əlaqələrimiz hərtərəfli genişlənmiş və dərinləşmiş, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Azərbaycan bütün bəşəriyyət üçün təhlükə doğuran beynəlxalq terrorizmə qarşı mübarizədə Amerika Birləşmiş Ştatlarının qətiyyətli mövqeyini tam dəstəkləyir, ölkənizin başçılıq etdiyi beynəlxalq koalisiyaya ilk günlərdən qoşularaq bu işə öz töhfəsini verməyə çalışır.

Xəzərin kardiohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli sahəsində ölkəmiz üçün son dərəcə əhəmiyyətli olan irimiqyaslı transmilli layihələrin həyata keçirilməsində Amerika Birləşmiş Ştatlarının hərtərəfli dəstəyi bizim üçün çox qiymətli və həlledicidir.

Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ölkənizin və şəxsən sizin səyləriniz böyük ümidlər doğurur.

Dost Amerika xalqının əlamətdar bayramı münasibətilə sizə, cənab prezident, bir daha xoş təbriklərimi yetirir, möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, xalqınıza sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 4 iyul 2003-cü il.