Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "TEKSAKO" şirkətinin vitse-prezidenti Robert Blak ilə görüşdə söhbətindən - Hyüston, "Vinham Varvik" oteli 3 avqust 1997-ci il


Hörmətli cənab Robert Blak!

İlk öncə xoş sözlər üçün təşəkkürümü bildirir və sizinlə, habelə şirkətin digər rəhbərləri ilə görüşdən məmnun qaldığımı söyləmək istəyirəm.

... Texas qonaqpərvərliyi barədə sizin sözlərinizi təsdiqləyərək deyirəm: bu, həqiqətən çox gözəl, heyrətamizdir.

Siz söylədiniz ki, Azərbaycana gəlməkdə gecikmisiniz. Buna isə bir neçə il əvvəl şirkətin direktorlar şurasının Xəzər regionuna gəlməmək barədə qərarı səbəb olmuşdur. Sizin bu qərardan təəssüflənməyiniz və səhvinizi səmimi etiraf etməyiniz xoşuma gəlir. Kim deyirsə, səhv etmir, o, yalan danışır. Gərək səhvi başa düşəsən, etiraf edəsən və razılaşasan ki, səhv buraxmısan.

... Deyirsiniz ki, şirkətin idarə heyəti keçən il dəyişib və indi yeni rəhbərlik Azərbaycanın neft yataqlarının işlənməsində uzun müddət iştirak etmək üçün əməkdaşlığa başlamaq istəyir, - bu fikri yalnız alqışlamaq olar. Mən dəfələrlə demişəm - Azərbaycanın qapısı bütün dünyaya, bütün şirkətlərə, xüsusən Amerika Birləşmiş Ştatlarının şirkətlərinə açıqdır. Ona görə də hələ imkan var, yaxşı ki, səhvinizi başa düşmüsünüz.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -2003, 11-ci cild, səh. 300