"Əsrin müqaviləsi"ni həyata keçirmək üçün yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin iki illik fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin giriş sözü. Prezident sarayı - 10 oktyabr 1996-cı il


Bugünkü müşavirədə 1994-cü ilin sentyabrında Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın böyük şirkətlərinin təşkil etdiyi konsorsium arasında imzalanmış neft müqaviləsinin həyata keçirilməsinin iki illik yekunlarına həsr olunubdur.

Müqavilə imzalandıqdan sonra konsorsiumun işini təşkil etmək və müqaviləni həyata keçirmək üçün konsorsium tərəfindən Beynəlxalq Əməliyyat Şirkəti yaradılıbdır. Beynəlxalq Əməliyyat Şirkəti Azərbaycanda yerləşir və bu müqavilənin həyata keçirilməsi üçün fəaliyyət göstərir.

Müqavilə qüvvəyə mindikdən sonra - müqavilə Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub və ratifikasiya sənədi Azərbaycan dövlətinin qanunu kimi 1994-cü ilin dekabrında Azərbaycan prezidenti tərəfindən imzalanıb - iş başlayıbdır. Bu müddətdə görülən işlər daim şəxsən mənim nəzarətim altında olub. Azərbaycan Dövlət Neft Şirkəti, Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti cənab Terri Adams və başqa şəxslər müqavilənin həyata keçirilməsi haqqında vaxtaşırı məlumat veriblər.

Son günlər Bakıda Beynəlxalq Əməliyyat Şirkətinin bir neçə toplantısı keçirilibdir. Konsorsiuma daxil olan neft şirkətlərinin yüksək səviyyəli nümayəndələri bu toplantıda iştirak ediblər, öz işlərini təhlil ediblər və 1997-ci il üçün iş planı tərtib ediblər, büdcə müəyyənləşdiriblər. Bunların nəticəsində mən dünən Beynəlxalq Əməliyyat Şirkətinin və konsorsiumun iştirakçısı olan şirkətlərin nümayəndələri ilə görüş keçirmişəm.

Eyni zamanda hələ bir neçə ay bundan öncə mənim iş planımda Beynəlxalq Əməliyyat Şirkətinin, Azərbaycan Dövlət Neft Şirkətinin hesabatını dinləmək nəzərdə tutulmuşdu. Biz "Dədə Qorqud" qazma qurğusunu istismara verərkən və Beynəlxalq Əməliyyat Şirkətinin Azərbaycandakı nümayəndəliyini açarkən mən bu məsələni irəli sürmüşdüm və nəhayət, bu planı yerinə yetirmək üçün bugünkü müşavirəni çağırmışam. Müşavirənin məqsədi indiyə qədər görülən işləri təhlil etmək, onlara qiymət vermək və qarşıda duran vəzifələri müəyyən etməkdir. Bu vəzifələr Beynəlxalq Əməliyyat Şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən müəyyən olunubdur, ancaq mən bu barədə məruzələri dinləmək, vəziyyətlə ətraflı tanış olmaq istəyirəm. Eyni zamanda qarşıda duran məsələlərin həlli üçün respublikanın hakimiyyət, dövlət orqanlarının nümayəndələri ilə birlikdə müəyyən işlərin görülməsi nəzərdə tutulur.

Yekun sözü

Hörmətli xanımlar və cənablar! Azərbaycan Dövlət Neft Şirkəti ilə, Azərbaycan Respublikası ilə dünyanın böyük neft şirkətlərinin təşkil etdiyi konsorsium arasında iki il bundan öncə imzalanmış müqavilənin həyata keçirilməsi haqqında bugünkü müzakirə çox məzmunlu və çox əhəmiyyətlidir.

Hesab edirəm ki, biz müqavilədə nəzərdə tutulmuş proqramın həyata keçirilməsi haqqında, əldə olunan nailiyyətlər haqqında və gələcək planlar haqqında çox ətraflı məlumat aldıq. Mən bu müzakirədən, verilən məlumatlardan, edilən məruzələrdən çox məmnunam.

İki il bundan öncə müqaviləni imzalamaq haqqında fərman verərkən və sonra müqaviləni imzalayarkən mən şəxsən inanırdım ki, bu müqavilə uğurlu olacaqdır, həyata keçiriləcəkdir və öz müsbət nəticələrini verəcəkdir.

Ancaq eyni zamanda bu müqavilənin həyata keçirilməsi ilə əlaqədar proqramın yerinə yetirilməsi məsələsi ilə mən bu keçən iki ildə daim maraqlanmışam, ona nəzarət etmişəm. Bir çox məlumat və məruzələrə əsasən, bu müqavilənin ümumiyyətlə uğurla həyata keçirilməsinə arxayın idim. Ancaq buna baxmayaraq bu gün çox təfsilatlı, ətraflı, geniş və hərtərəfli məlumatlar məni daha da rahatlandırır və daha çox məmnun edir.

Dörd saatdan artıq davam edən bugünkü müzakirədən və verilən geniş məlumatlardan sonra biz tam qətiyyətlə deyə bilərik ki, müqavilə həyata keçirilir və öz bəhrələrini verir.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti cənab Terri Adams və Beynəlxalq Əməliyyat Şirkəti prezidentinin müavinləri burada çox geniş, maraqlı, əhəmiyyətli məlumatlar verdilər.

Mən bu məlumatları dinləyərkən belə fikrə gəlirəm ki, əgər iki il bundan öncə müqaviləni imzalayanda biz böyük ruh yüksəkliyi içərisində idiksə, indi iki il keçəndən sonra onun həyata keçirilməsi haqqında verilən məlumatlar bizi daha çox sevindirməlidir və hesab edirəm ki, biz daha böyük ruh yüksəkliyi içində ola bilərik.

Bu müzakirəyə Azərbaycan Dövlət Neft Şirkətinin və xüsusən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin çox məsuliyyətlə hazırlıq aparmasını və bugünkü müzakirəyə çox əsaslı sənədlər və məlumatlar təqdim etməsini xüsusi qeyd edirəm.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti konsorsiumun tərkibini əks etdirərək, konsorsiuma daxil olan şirkətlərin nümayəndələrindən ibarət olaraq çox mürəkkəb bir orqandır. Mən bunu ona görə deyirəm ki, bu konsorsiuma on bir şirkət daxildir. Hər şirkətin özünəməxsus dəst-xətti var, özünəməxsus maraqları var, özünəməxsus da iş üslubu var. Bu şirkətlərin nümayəndələrinin bir yerdə belə ahəngdar işləməsi və müştərək iş sahəsində bu qədər nailiyyətlər əldə etməsi çox sevindirici haldır.

Bu baxımdan mən hesab edirəm ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin iş təcrübəsindən biz hamımız istifadə etməliyik.

Mən bugünkü müzakirə haqqında cənab Terri Adamsa müraciət edərkən, şübhəsiz, düşünürdüm ki, o, geniş bir məlumat hazırlayacaq. Ancaq təsəvvür etmirdim ki, bu məlumat bu qədər təfsilatlı olacaqdır və təkcə cənab Terri Adams yox, onun hər bir sahə üzrə müavinləri də məsələləri çox konkret izah edəcəklər, konkret işıqlandıracaqlar və ümumiyyətlə həm müqavilə haqqında, həm də onun həyata keçirilməsi haqqında bizim təəssüratlarımızı bu qədər genişləndirəcəklər.

İşin bu cür təşkil olunması çox təqdirəlayiqdir. Mən bunu çox yüksək qiymətləndirirəm və geniş məlumatlara görə, izahatlara görə, burada nümayiş etdirilən diaqramlara, ayrı-ayrı sxemlərə, ayrı-ayrı cədvəllərə görə təşəkkür edirəm.

İndi mən görülən işlər haqqında bir neçə kəlmə öz fikrimi demək istəyirəm.

Öncə onu demək istəyirəm ki, müqavilədə nəzərdə tutulmuş proqram ardıcıl surətdə və demək olar ki, əsasən vaxtlı-vaxtında yerinə yetirilir. Bəzi məsələlərdə müəyyən gecikmələr olubdur. Amma onlar səbəbsiz deyil, onların obyektiv səbəbləri var. Ona görə də bunlar ümumi işin nəticələrinin qiymətinə heç bir mənfi təsir göstərə bilməz.

Xarici şirkətlərin nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, biz keçmiş illərdə ümumiyyətlə planla yaşamışıq. Sovet iqtisadi sistemində beşillik planlar olubdur, illik planlar olubdur, ayrı-ayrı məsələlərin həyata keçirilməsi üçün ayrı-ayrı planlar olubdur və biz bu planları tərtib etməyi, həyata keçirməyi öyrənmişik və bu barədə müəyyən təcrübəmiz var. Məhz buna görə də sosialist iqtisadi sisteminə "planlı iqtisadi sistem" adı verilmişdir. Hesab edilirdi ki, kapitalist iqtisadiyyatında plan yoxdur. Belə fikir var idi ki, bu plan ancaq sosialist sistemində var.

Ancaq görünür ki, hər yerdə plan var imiş və indi də var, yəqin ki, gələcəkcə də olacaqdır. İş ondadır ki, planlar nə cür tərtib olunur, nə cür qurulur və nə cür həyata keçirilir.

Keçmiş zamanlarda, məsələn, Azərbaycanda planların yerinə yetirilməsində, xüsusən 70-ci illərdə biz çox böyük nailiyyətlər əldə etmişdik. Məsələn, beşillik planları - xalq təsərrüfatının, iqtisadiyyatın inkişafına aid beşillik planları biz vaxtından qabaq yerinə yetirirdik. Bu da həqiqət idi. Bunu bu gün mən bir daha bir həqiqət kimi qeyd etmək istəyirəm. Ona görə də o sistem çərçivəsində Azərbaycanın iqtisadiyyatı o illərdə çox yüksək sürətlə inkişaf etmişdi.

Ancaq eyni zamanda elə hallar olurdu ki, Azərbaycanda da və başqa respublikalarda da, ümumiyyətlə, Sovet İttifaqında nəzərdə tutulan planlar yerinə yetirilmirdi və buna cürbəcür bəhanələr, cürbəcür səbəblər göstərilirdi. Yəni bizim planları müvəffəqiyyətlə yerinə yetirmək təcrübəmiz də var və planları yerinə yetirməmək təcrübəmiz də var.

İndi, iqtisadiyyatımızın bu keçid dövründə ümumiyyətlə, dövlətimizin bu keçid dövründə, şübhəsiz ki, biz nəzərdə tutulmuş planların bir çoxunu vaxtında yerinə yetirə bilmirik. Bunun obyektiv səbəbləri də var, amma subyektiv səbəblər də var.

Hesab edirəm ki, müəyyən bir dövrdən sonra biz bu sahədə də lazımi səviyyəyə qalxa biləcəyik. Neft müqaviləsi proqramının yerinə yetirilməsi bizim üçün çox yaxşı nümunədir.

Doğrusu, mən bu iki il müddətində bu işlərə nəzarət edirdim və bəzən məndə narahatlıq hissi əmələ gəlirdi. Ancaq bugünkü müzakirə məni çox məmnun etdi və tam qətiyyətlə deyirəm ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti bu iki il müddətində çox müvəffəqiyyətlə işləyibdir və onların işini yüksək qiymətləndirmək lazımdır.

Görülən işlər haqqında burada deyildi, mən artıq bu barədə konkret fikirlər söyləmək istəmirəm. Ancaq "Dədə Qorqud" qazma qurğusunun hazırlanması, onun işə salınması, "Çıraq" neft yatağında quyunun qazılması və 1200 metr dərinliyə çatması - bu, artıq işin konkret nəticəsidir.

Mən bu gün burada verilən məlumatları və vədləri nəzərə alıram. Nəzərə alıram ki, 1996-cı ilin sonunda şimal marşrutu ilə neft kəməri hazır olacaqdır. Mən nəzərə alıram ki, 1997-ci il avqust ayının 28-də "Çıraq" yatağından konsorsiumun proqramı əsasında ilk neft hasil olunacaqdır. Mən nəzərə alıram ki, gecikməsinə baxmayaraq, 1997-ci ilin mart ayında Qərb marşrutu ilə neft kəmərinin tikilməsinə başlanacaqdır və 1998-ci ilin sonunda bu neft kəməri hazır olub istismara veriləcəkdir.

Bunların hamısını, bu məlumatları bu gün mən qəbul edirəm və yenə də deyirəm, nəzərə alıram. Şübhəsiz, əmin olduğumu bildirmək istəyirəm ki, bu verilən sözlər, vədlər vaxtında yerinə yetiriləcəkdir.

Şimal marşrutu ilə neft kəmərinin başa çatması barədə mən sual verdim. Azərbaycan ərazisində bu neft kəməri hazır olub başa çatacaqdır. Amma biz gərək bu neft kəmərinin Rusiya ərazisində bu ilin sonuna qədər hazır olması məsələsinə tam arxayın olaq, yəni inanaq ki, bu olacaqdır.

Ona görə də Artur Rasizadəyə, Natiq Əliyevə göstəriş verirəm ki, onlar dərhal Rusiya hökuməti ilə və "Transneft" şirkəti ilə əlaqəyə girsinlər, - bu barədə mən dedim, bir daha təkrar edirəm, - bu məsələnin müzakirə olunmasını təşkil etsinlər. Biz bu məsələnin məhz Azərbaycanda müzakirə olunmasını təklif edirik. Onları buraya dəvət etmək, müzakirə etmək lazımdır. Mən özüm bu işə nəzarət etməliyəm. Biz tam proqramı açmalıyıq ki, bizim sərhəddən o tərəfə - Novorossiysk limanına qədər neft kəməri bu ilin axırına qədər hazır olsun.

Bildirmək istəyirəm ki, Şimal neft kəməri ilə 1997-ci ilin əvvəlində biz Azərbaycan neftini, yəni özümüz hasil etdiyimiz neftin bir hissəsini ixrac etmək istəyirik. Ona görə də bu neft kəmərinin hazır olması bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

Hesab edirəm ki, 1997-ci ilin avqust ayında konsorsium neft hasil edərkən artıq bu neft kəməri yoxlanılmalıdır, tamamilə sınaqdan keçirilməlidir və hazır olmalıdır ki, konsorsiumun planı ilə hasil olunan neft dərhal ixrac edilə bilsin. Ona görə də mən bu məsələyə xüsusi əhəmiyyət verirəm və bu barədə artıq öz tapşırıqlarımı verdim.

Bu gün bütün bu məlumatları dinləyərkən bu iki il müddətində müqavilənin həyata keçirilməsi nəticəsində Azərbaycanın həyatında baş vermiş dəyişiklikləri bir kino lenti kimi gözümün qabağından keçirirəm. Güman edirəm ki, siz də belə təəssürat altındasınız və böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu iki il müddətində qısa bir zamanda nə qədər çox iş görülüb, nə qədər dəyişikliklər meydana çıxıbdır. Şübhə yoxdur ki, neft hasil olunmağa başlayandan sonra Azərbaycanın iqtisadiyyatı bunun müsbət nəticələrini görəcək və bu da həm iqtisadiyyatın inkişafına, həm də Azərbaycan vətəndaşlarının rifah halının, həyat tərzinin yaxşılaşmasına çox böyük müsbət təsir göstərəcəkdir.

İndi görün, Azərbaycanın neft sənayesinə nə qədər xarici sərmayə qoyulubdur. Bu sərmayə qoyuluşu davam etdirilir və ilbəil artacaqdır. Şübhəsiz ki, bu, həm Azərbaycana, həm də konsorsiumda iştirak edən şirkətlərə mənfəət gətirəcəkdir. Amma eyni zamanda bu, Azərbaycanın neft sənayesinin simasını tamamilə dəyişdirir.

Azərbaycana yeni texnologiya gəlir, müasir texnologiya gəlir. Təkcə neft hasilatı sahəsinə yox, qazma sahəsinə yox, neft sənayesi ilə bağlı olan bütün sənaye sahələrinə yeni texnologiya, müasir texnologiya gəlir. Bunun özü də bizim üçün böyük nailiyyətdir.

Konsorsiumun sayəsində nə qədər Azərbaycan vətəndaşları işə cəlb olunublar. Onlar xarici ölkələrdə hazırlıq keçiblər, ixtisaslarını artırıblar, dil öyrəniblər, yeni, müasir texnologiyaya, müasir tələblərə uyğun iş öyrəniblər. Bunun özü də xalqımız üçün çox böyük sərvətdir. Nə qədər gəmilərimiz təmir olunur, nə qədər istehsal müəssisələri modernləşdirilir, şübhəsiz, istehsal imkanları artır. Bunların özü də çox əhəmiyyətlidir.

Yeni neft kəmərləri tikilir, daxildə, yəni dənizdə qaz kəmərləri çəkilir, terminallar tikilir. Bütün bunlar Azərbaycan Respublikasının sənayesinin, xüsusən neft sənayesinin istehsal fondlarıdır, bunlar bizimdir.

Bakının, Azərbaycanın infrastrukturunda nə qədər dəyişikliklər baş verir. Əgər biz iki il müddətində bu qədər dəyişikliklərin şahidiyiksə, təsəvvür edin, gələcək illərdə dəyişikliklər bir neçə qat artıq sürətlə genişlənəcək və inkişaf edəcəkdir.

Burada məni sevindirən cəhətlərdən biri də odur ki, cənab Terri Adams və onun müavinləri öz məruzələrində dünyanın inkişaf etmiş ölkələri tərəfindən bu müqaviləyə görə, onun həyata keçirilməsinə görə Azərbaycana sərmayə gətirmək meyllərinin nə qədər artdığını qeyd etdilər. Bu da bizim üçün çox əhəmiyyətli faktdır.

Birinci neft müqaviləsindən sonra daha iki neft müqaviləsi imzalanıbdır. Ancaq indi yeni neft yataqları üzərində nə qədər işlər gedir və bizə müraciətlər var. Məsələn, cənab Terri Adams dedi ki, Amerikanın ən böyük neft şirkəti olan "Ekson" şirkəti müqavilə imzalanandan sonra - 1995-ci ilin yayında bu konsorsiuma daxil oldu. Ancaq mən yenidən bu şirkətin prezidentindən məktub almışam. Onlar Xəzər dənizinin Azərbaycan sektorunda yeni yataqlar üzərində işləyirlər və burada müştərək iş görmək üçün bizim razılığımızı almaq istəyirlər.

Yaponiyanın "İtoçu" şirkəti artıq konsorsiuma daxil olub, burada öz nümayəndəliyini açıb və bizim neft sənayemizdə və sənayemizin başqa sahələrində iş görmək üçün bir çox təkliflər irəli sürübdür.

Dünən mən Böyük Britaniyanın baş naziri cənab Meycordan məktub almışam. O, məktubda yazır ki, Böyük Britaniyanın "Remko" şirkətinin, Fransanın "Total" şirkətinin və Amerikanın "Mobil" şirkətinin nümayəndələri bu günlərdə buraya gələcəklər. Müştərək iş görmək üçün onların təklifləri var. Cənab Con Meycor mənə müraciət edir ki, onların təkliflərinə diqqətlə baxılıb, bu təkliflərin həyata keçirilməsinə kömək edilsin.

Fransanın "Elf-akiten" şirkətinin bu müqavilədə yer alması mümkün olmasa da o, "Şahdəniz" müqaviləsində yer alıbdır, onun hissəsi var və həmin şirkət bundan sonra da bir neçə neft yatağında müştərək iş görmək üçün müraciət edir.

Bunlar hamısı bizim iki il bundan öncə imzaladığımız müqavilədən bəhrələnən, yəni onun nəticəsi olan, baş verən hadisələrdir. Amma eyni zamanda əgər bu müqavilə əməli surətdə həyata keçirilməsəydi, Azərbaycan Respublikasında indi mövcud olan ictimai-siyasi sabitlik əldə olunmasaydı, Azərbaycanda demokratik dəyişikliklər, dövlətimizin, iqtisadiyyatımızın, cəmiyyətimizin demokratikləşməsi prosesi getməsəydi, dünyanın belə böyük, çox mötəbər, çox hörmətli neft şirkətləri və başqa şirkətlər Azərbaycana bu qədər maraq göstərməzdilər.

Hesab edirəm ki, bizim bu müştərək işimizin, iki il ərzində gördüyümüz işin gözəl əlamətlərindən biri də odur ki, biz bu gün dörd saatdan artıqdır ki, müştərək işimizi bir yerdə müzakirə edirik.

Biz Azərbaycanda bir çox müxtəlif müzakirələr, müşavirələr, beynəlxalq görüşlər keçirmişik. Amma bu tərkibdə, bu şəkildə müştərək işi müzakirə etməyimiz birinci dəfədir. Bu, çox sevindirici haldır. Mən bugünkü tərkibdə, bu məzmunda görüşdən və müzakirədən xeyli məmnun olduğumu bildirmək istəyirəm.

Mən çox tərifli sözlər dedim, güman edirəm ki, bunlar hamısı əsaslıdır. Amma eyni zamanda bunlar bizi heç də işimizdən soyutmamalıdır, əksinə, əldə olunan nailiyyətlər əsasında biz işimizi bundan sonra daha da sürətləndirməliyik. Bu, çox vacibdir. Çünki əldə olunan nailiyyətlərlə bərabər, işdə nöqsanlar da var, çatışmazlıqlar da var və məruzələr zamanı mən bu barədə öz fikrimi dedim. Bəzi məsələlərin yerinə yetirilməsi gecikdirilibdir, nəzərdə tutulan vaxtda olmayıbdır. Ona görə də biz bundan sonra çalışmalıyıq ki, bu nöqsanlar artıq olmasın.

Məsələn, verilən izahatlara baxmayaraq mən hesab edirəm ki, Qərb marşrutu ilə neft kəmərlərinin çəkilməsi gecikir. Çünki biz bu məsələ ilə çoxdan məşğuluq. Doğrudur, bu barədə qərar bu ilin əvvəlində qəbul olunubdur, ancaq bu marşrutun olması və mütləq ikinci bir marşrutun olması haqqında hələ keçən il müzakirələr aparılmışdır və bu barədə müəyyən hazırlıq işləri də görülmüşdür. Ona görə də bunun 1998-ci ilin axırına qədər uzadılması, mən hesab edirəm ki, məqsədə uyğun deyil. Doğrudur, mən indi bir şey edə bilmərəm, öz fikrimi deyirəm, - bu, gərək daha tez olaydı və hesab edirəm ki, bunu daha tez etmək olardı. Çünki buna konsorsiumun da marağı var idi, Gürcüstan hökumətinin də marağı var idi, bizim də marağımız var idi. Bunu daha tez yerinə yetirmək olardı. Ancaq indi belə görünür ki, deyilən vaxtdan tez yerinə yetirmək mümkün deyil. Mən bunu ona görə deyirəm ki, artıq ondan da o tərəfə, yəni 1998-ci ilin sonundan o tərəfə keçməsin, burada gecikmə olmasın.

"Çıraq-2" platformasının yaranması haqqında burada deyilən fikirlər də çox maraqlıdır və mən hesab edirəm ki, bu işlə ciddi məşğul olmaq lazımdır. Mən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırıram və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən rica edirəm ki, bu məsələyə konkret baxılsın və bu məsələnin necə həll olunması haqqında mənə məlumatlar verilsin.

Biz dünən görüşən zaman fikir mübadiləsində belə bir fikir də meydana çıxdı, - bu, konsorsium tərəfindən deyildi, - mən bunu çox sevinclə qəbul etdim ki, müqavilədə nəzərdə tutulmuş həcmdən də artıq neft hasil etmək, - yəni bu konsorsiumun çərçivəsində - imkanı var. Elədirmi? Dünən belə bir fikir söyləndi. Bu fikri mən tutdum, bunu çox əhəmiyyətli hesab edirəm və güman edirəm ki, bu fikrin, bu təklifin üzərində də işləmək lazımdır.

Mən bu gün böyük neft kəmərinin tikilməsi haqqında suallar verirdim. Nəhayət, cənab Terri Adams belə cavab verdi ki, bu, kommersiyadan asılı olacaq. Yəni əgər çox neft olsa, bu neft kəməri tikiləcəkdir, amma çox neft olmasa tikilməyəcəkdir.

Birincisi, hesab edirəm ki, müqavilədə nəzərdə tutulmuş həcmdə neft olacaqdır. Məhz onu əsas tutaraq, müqavilədə böyük neft kəmərinin tikilməsi və onun 54 aya hazır olması yazılıbdır.

İkincisi də, onu nəzərə almaq lazımdır ki, bu müqavilədən sonra biz daha iki müqavilə imzalamışdıq: "Qarabağ" neft yatağı ilə əlaqədar müqavilə, sonra da "Şahdəniz" neft yatağı ilə əlaqədar müqavilə. Başqa neft yataqları da var, biz onların üzərində işləyirik və bizim konsorsiumun üzvləri də yaxşı bilirlər - onların şirkətlərinin bir çoxu o yataqlara böyük maraq göstərir. Orada bizim ehtiyatlarımız var və nəhayət, bilirsiniz ki, "Şevron" şirkəti Qazaxıstanda çıxarılan neftin bir hissəsini Azərbaycan ərazisindən nəql etmək istəyir. Mən səhv etmirəmsə, sabah "Şevron" şirkətinin prezidenti buraya gələcək və bizimlə görüşəcəkdir. Bunlar hamısı böyük neft kəmərinin tikilməsi üçün əvvəlki illərdə, məsələn, iki il bundan öncə nəzərdə tutulduğundan da çox əsas yaradır. Ona görə də bu barədə əməli iş görmək lazımdır.

Cənab Terri Adams dedi ki, böyük neft kəməri üçün bir neçə marşrutun variantı var. Bu, həqiqətdir, bu variantlar çoxdan mövcuddur və dəfələrlə müzakirə olunub. Heç bizim özümüzdən asılı olmayaraq, onlar dünyanın bəzi beynəlxalq maliyyə mərkəzlərində, ayrı-ayrı ölkələrdə müzakirə olunur. Məsələn, Avropa Birliyinin nümayəndə heyəti bir neçə gün bundan öncə buraya gəlmişdi. Onlar bu məsələni müzakirə edirlər. Bu məsələ Vaşinqtonda, Dünya Bankında da müzakirə olunur. Avropa Birliyi Azərbaycanın Xəzər dənizində olan neft yataqlarına və bu kəmərin tikilməsinə böyük maraq göstərir, başqa Qərb ölkələri də maraq göstərirlər. Odur ki, bu barədə artıq əməli tədbirlər görməliyik.

Ona görə də mən cənab Terri Adamsdan rica edirəm, - bu barədə tədbirlərimizi konkretləşdirməliyik və müəyyənləşdirməliyik ki, nə vaxt təkliflər alacağıq. Natiq Əliyevə göstəriş verirəm ki, bu məsələ ilə məşğul olsun və mənə bildirsin ki, nə vaxt bu konkret təklifləri ala biləcəyik ki, müzakirə edək.

Mən şəxsən belə fikirdəyəm ki, belə bir neft kəmərinin tikilməsinə ehtiyac var. Bu ehtiyac gün-gündən artır və biz bu məsələni gecikdirməməliyik. Şübhəsiz ki, bütün görülən işlər kommersiya prinsiplərindən asılıdır. Burada kommersiya prinsiplərinə uyğun olmayan heç bir iş görülə bilməz. Bu, şübhəsizdir.

Cənab Makhafinin sözündən mən belə başa düşdüm ki, konsorsium, yəni Beynəlxalq Əməliyyat Şirkəti işlədiyi binaya artıq yerləşmir. Görürəm ki, onlar yeni bina gözaltı eləyiblər, almaq istəyirlər. Mən əvvəlcədən deyirəm, Beynəlxalq Əməliyyat Şirkətinin bu barədə bütün təkliflərini dəstəkləyirəm və bundan sonra da kömək edəcəyəm ki, siz yaxşı iş şəraiti qura biləsiniz.

Ümumiyyətlə, bu gün bilmək lazımdır ki, müqavilə 30 üçün il nəzərdə tutulubdur. Biz 30 il bir yerdə olacağıq. Buna heç kəsin şübhəsi olmasın. Keçən iki il onu göstərdi ki, işlər çox uğurla gedir. Demək, get-gedə bizim işlərimiz genişlənəcəkdir. Amma mən hesab edirəm ki, 30 il birinci müqavilənin vaxtıdır. Biz 30 ildən sonrakı on illərdə də bir yerdə olacağıq. Mən buna əminəm.

Mən bu gün bir daha bildirirəm ki, Xəzər dənizinin Azərbaycan sektorunda olan neft yataqlarının dünyanın inkişaf etmiş şirkətləri ilə müştərək işlənməsi prinsipini Azərbaycan üçün, Azərbaycanın iqtisadiyyatı üçün çox uğurlu hesab edirəm və bundan sonra da məhz bu prinsiplər əsasında müştərək işimizi davam etdirməyə çalışacağıq.

Mən bunu dəfələrlə demişəm və bu gün bir daha Azərbaycan ictimaiyyəti üçün deyirəm ki, bunlar həm Azərbaycanın iqtisadiyyatı üçün, həm Azərbaycanın coğrafi-siyasi vəziyyəti üçün, həm Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək və gücləndirmək üçün düzgün yoldur və biz bundan sonra da bu yolla gedəcəyik.

Bu gün burada meydana çıxan bəzi məsələlərin həyata keçirilməsi üçün və şübhəsiz ki, müzakirənin yekunları üçün bir sənəd əldə etmək lazımdır. Mən belə fikirdəyəm ki, bu müzakirənin yekunu ilə əlaqədar bir qərar, sərəncam imzalayacağam və Artur Rasizadəyə, Vahid Axundova, Natiq Əliyevə və bizim şöbə müdiri Şahin Əliyevə tapşırıram: burada bir çox məsələlər var, mən göstərişlər vermişəm, - onların hamısını və mən indi demədim, ancaq müzakirə vaxtı bir neçə məsələ meydana çıxdı, o barədə mən göstərişlər verdim, - bunların hamısını cəmləyib, sabaha bir sərəncam layihəsi hazırlayasınız, bunu mən imzalayacağam. Burada müəyyən təkliflərimi də əks etdirəcəyəm.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə bu iki il müddətində görülən işlərə görə bir daha təşəkkür edirəm. Bu işlərin daha da sürətlə aparılması üçün həm Beynəlxalq Əməliyyat Şirkətinə, həm də Azərbaycan Dövlət Neft Şirkətinə uğurlar arzulayıram.

Respublikanın bütün orqanları - nazirliklər, komitələr, ayrı-ayrı konsernlər, Nazirlər Kabineti, Prezidentin İcra Aparatı bu məsələlərin həyata keçirilməsi üçün lazımi kömək göstərməlidirlər.

Sağ olun. Gələn görüşlərədək.

"Azərbaycan" qəzeti, 11 oktyabr 1996-cı il.