Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü - Prezident Sarayı, 12 oktyabr 1995-ci il


Hörmətli komissiya üzvləri!

Hörmətli xanımlar və cənablar!

Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən yaradılmış işçi qrupu xeyli iş görübdür. Konstitusiya komissiyasında apardığımız müzakirələr əsasında, irəli sürülmüş təkliflər, müddəalar əsasında işçi qrupu konstitusiyanın layihəsini hazırlayıbdır. Bu layihə konstitusiya komissiyasının üzvlərinə paylanıbdır. Layihənin hazırlanıb təqdim edilməsindən bir neçə gün keçib və bəzi tədbirlərimiz olduğuna görə konstitusiya komissiyasını yığmaq mümkün olmamışdır. Mən layihə ilə tanış olandan sonra bu müddətdə konstitusiya komissiyasının işçi qrupunun bir sıra üzvlərinə bəzi təkliflərimi verdim, mülahizələrimi söylədim ki, onlar işləsinlər. Görülən əlavə işlərlə dünən tanış oldum. Hiss etdim ki, əlavə çox iş görülüb. Hesab edirəm ki, biz indi artıq konstitusiya layihəsini müzakirə edib, onu qəbul etmək səviyyəsinə gəlib çatmışıq.

Sizə paylanan bu layihəni əsas götürmək olar. Ancaq onun üzərində işləmək lazımdır. Layihənin üzərində işləmək üçün bir çox materiallar da hazırlanıb və bir çox fikirlər formalaşıbdır. Hesab edirəm ki, konstitusiyamızda bəzi müddəaları mütləq əks etdirməliyik. Mən sizdə olan layihə əsasında danışıram. Məsələn, bu layihənin giriş hissəsini bir az da genişləndirmək lazımdır. Giriş hissəsində milli dövlətçilik ənənələrimiz, Azərbaycanın dövlət müstəqilliyi ilə əlaqədar fikirlər əks olunmalıdır. Giriş hissəsi Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı ilə əlaqələndirilməlidir.

Qəbul edəcəyimiz, konstitusiya müstəqil Azərbaycan dövlətinin ilk konstitusiyası, eyni zamanda uzunömürlü olmalıdır. Demək istəmirəm elə bir konstitusiya olmalıdır ki, bu, daim yaşasın, - bu, çox yaxşı olardı,şəxsən mən bunu arzu edərdim - ancaq elə edək ki, uzunömürlü olsun. Ona görə bu layihənin giriş hissəsində və konstitusiyanın maddələrində bir neçə fikri daha da dəqiqləşdirmək, genişləndirmək lazımdır.

Konstitusiyada insan hüquqları, azadlıqları haqqında maddələr çoxdur. Onlar da müəyyən qədər dəqiqləşdirilməli, təkmilləşdirilməlidir. Eyni zamanda layihədə vətəndaşların vəzifələri barədə də lazımi qədər maddələr var. Amma güman edirəm ki, layihədə bu vəzifələr daha dəqiq ifadə olunmalı və bu maddələr daha da təkmilləşdirilməli, genişləndirilməlidir.

Respublikamızda Naxçıvan Muxtar Respublikası var. Layihədə Naxçıvan Muxtar Respublikasına həsr edilən, Naxçıvan MR-in statusu, muxtar respublikadakı dövlət qurumu haqqında maddələr olmalıdır. Bunlar işlənilməli və layihəyə əlavə edilməlidir. Bir neçə başqa fikir də var. Mən bunları işçi qrupunun üzvləri ilə görüşümdə demişəm və onlar bu barədə müəyyən materiallar hazırlayıblar. Ona görə də yaxşı olardı ki, indi konstitusiya komissiyasının üzvləri bu layihə ilə əlaqədar öz fikirlərini, əlavələrini, təkliflərini versinlər, işçi qrupunun üzvləri ilə mənim son günlər apardığım iş nəticəsində hazırlanmış materiallardan istifadə olunsun və bu gün sabaha qədər bu layihəni işləyib artıq qəbul edilmə səviyyəsinədək çatdıraq. Ona görə də kimin nə təklifi, fikri varsa buyursun. Biz bu gün, sabah işləməliyik.

Yekun sözü

14 oktyabr 1995-ci il

Hörmətli komissiya üzvləri!

Hörmətli xanımlar və cənablar!

Bu gün Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın növbəti iclasıdır. Biz konstitusiya komissiyasının iclasını ilk dəfə iyunun 5-də keçirmişik. Komissiyanın üzvləri, komissiyanın yaratdığı işçi qrupu o vaxtdan indiyədək konstitusiya layihəsinin hazırlanması ilə müntəzəm olaraq məşğuldurlar. İndiyə qədər işçi qrupu daim işləyib, komissiya beş dəfə öz iclasını keçirib və hər dəfə də konstitusiya layihəsinin yaranması haqqında müzakirələr gedibdir. Bu konstitusiya komissiyasının altıncı iclasıdır. Güman edirəm ki, komissiyanın oktyabrın 12-də keçirdiyimiz iclasında biz çox ətraflı hazırlanmış layihəni müzakirə etdik və bu layihənin tamamilə hazır olduğunu hamımız birlikdə təsdiq etdik. Ancaq eyni zamanda bu layihə ətrafında müzakirələr, təkliflər oldu. Ona görə də biz bu təkliflərlə, tövsiyələrlə, məsləhətlərlə əlaqədar bir daha işçi qrupuna tapşırdıq ki, işi davam etdirsin. İş davam etdirilib.

Komissiyanın dünən axşam keçirilən iclasında verilən təkliflər nəzərə alınaraq konstitusiya layihəsi yenidən təqdim olunubdur. Mənə verilən məlumatlara görə, bu gün səhər saat 10-dan layihənin son variantı komissiyanın bütün üzvlərinə paylanıbdır. Güman edirəm ki, siz bu variantla, yəni burada edilən dəyişikliklərlə, əlavələrlə tanış olmusunuz, layihəni yenidən oxumusunuz. Ona görə də mən şəxsən hesab edirəm ki, konstitusiyanın layihəsi hazırdır.

"Azərbaycan" qəzeti, 15 oktyabr 1995-ci il.