Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları komitəsinin İnsan Hüquqları üzrə yardımçı komitəsinin nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 1 aprel 1998-ci il


Avropa Şurasının belə yüksək səviyyədə çoxsaylı nümayəndə heyətinin Azərbaycana gəlməsindən çox məmnun olduğumu bildirmək istəyirəm. Bu, Avropa Şurasının Azərbaycana diqqətinin artmasını göstərir və bu da bizim üçün çox əhəmiyyətlidir. Biz Azərbaycanda Avropa Şurası ilə əməkdaşlığa xüsusi əhəmiyyət veririk. Avropa ölkəsi olaraq və Avropa standartlarına uyğun surətdə öz ölkəmizdə dövlət quruculuğunu apararaq Avropa Şurasının tam hüquqlu üzvü olmaq arzusundayıq. Biz bilirik ki, Avropa Şurasına daxil olmaq üçün bir neçə mərhələlərdən, imtahanlardan keçmək lazımdır. Bəzən mənə belə gəlir ki, gənc adamın hansısa bir böyük universitetdə imtahan verməsi bizim kimi ölkənin Avropa Şurasına girməsindən asan olur. Ancaq bu çətinliklərə baxmayaraq, biz çalışırıq ki, bütün imtahanları verək. Sizinlə bizim hər birimiz vaxtilə, gənc yaşımızda universitetlərə daxil olarkən imtahan verməyin nə qədər əziyyətli olduğunu hiss etmişik. Siz də indi hiss edirsiniz ki, bu yoxlamalarınız, maneələriniz bizim üçün nə qədər əziyyətlidir. Ancaq biz bunların hamısına razıyıq, çünki həqiqətən istəyirik ki, ölkəmiz Avropa Şurasının tələblərinə uyğun olsun. Gənclər arasında belə bir fikir də var ki, əgər tələbə yaxşı biliyə malikdirsə, o, imtahan qəbul eləyən müəllimin ciddi və qəti olmasından heç vaxt çəkinmir. Çünki biz cürbəcür müəllimlər görmüşük: bəziləri liberal olur, dərsi o qədər yaxşı bilməsən də qiymət verir, ancaq bəziləri çox tələbkar olurlar. Siz çox tələbkarsınız, biz bunu bilirik. Biz də hesab edirik ki, biliyimiz o qədərdir ki, siz nə qədər tələbkar olsanız da biz imtahanı verəcəyik. Amma nəsə çatışmırsa bunların hamısını qaydaya salmağa da hazırıq. Yəni biz özümüzdən razı deyilik; hesab edirik ki, bu keçid dövründə çox şeyləri hələ istənilən səviyyədə edə bilməmişik. Ancaq əsas bu deyil, əsas odur ki, biz istəyirik bütün məsələlərdə Avropa Şurasının tələblərinə uyğun səviyyəyə çataq. Güman edirəm, biz buna nail olacağıq. Güman edirəm, siz bu günlərdə bizim ölkəmizlə tanış olub, bugünkü günümüzü görə bilmisiniz.

Ölkəmizdə həll olunası çox problem var. Ən çətin, ən ağır problem torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan artıq azərbaycanlının yerindən-yurdundan didərgin düşməsi və köçkün vəziyyətində yaşamasıdır. Onların çoxu çadırlarda yaşayır, siz bunu bilirsiniz. Bununla əlaqədar, eyni zamanda təkcə bununla deyil, ümumiyyətlə keçid dövrü ilə əlaqədar, şübhəsiz ki, iqtisadi, sosial problemlər də var. Biz bu problemlərin həll olunması ilə də məşğuluq. Şübhəsiz, ictimai-siyasi həyatımızda da həll olunası problemlər var, bunlarla da məşğul oluruq. Biz istəyirik ki, kənardan baxanlar və Azərbaycana gələnlər ölkəmizin reallığını olduğu kimi bilsinlər - nə artıq, nə əskik, güman edirəm, sizin belə imkanınız olmuşdur.

Corc Klerfayt (Belçika parlamentinin deputatı): Mən çox şadam ki, Siz vaxt taparaq Avropa Şurası Parlament Assambleyasının hüquq məsələləri və insan hüquqları komitəsinin nümayəndə heyətini qəbul edirsiniz. Biz əsas etibarilə insan hüquqları problemləri ilə məşğul oluruq və Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu uzv olmaq üçün müraciət etdiyi bir vaxtda buraya gəlmişik. Azərbaycana gəldiyimiz müddətdə bizim çox intensiv proqramımız var idi. Biz ədliyyə, xarici işlər, daxili işlər nazirləri və digər dövlət adamları ilə, rəsmi şəxslərlə görüşmüşük. Cənab Prezident, biz Sizi heç də imtahana çəkməyə yox, dostunuz kimi sizə yardım etməyə gəlmişik. Ümid edirəm, bir vaxt elə olacaq ki, Azərbaycan da Avropa Şurasının tam hüquqlu üzvü olacaq və onun nümayəndəsi bizim ümumi nümayəndə heyətimizin tərkibində digər ölkəyə gedərək orada insan hüquqları ilə tanış olacaqdır.

Heydər Əliyev: Doğru deyirsiniz, elə gün olacaqdır.

Corc Klerfayt: Biz böyük şərəf hissi duyuruq ki, imtahana çəkmirik, ümumiyyətlə demokratiya prosesini irəlilətməkdən ötrü millətlərə, xalqlara kömək edirik. Cənab Prezident, icazə versəydiniz, bu imkandan istifadə edərək Sizə bir neçə sual vermək istərdim. Birinci sualım belə olacaqdır: Qarabağ məsələsinin həlli sahəsində son inkişaflar haqqında nə deyə bilərsiniz? Xüsusilə Ermənistandakı son seçkilərdən sonra Siz məsələni necə görürsünüz? Sizcə, bu seçkilər məsələnin ümumi inkişafına necə təsir edəcəkdir? Mən bilirəm ki, Qarabağ problemi sizin ölkəniz, xalqınız üçün çox vacib problemdir. Biz çadır şəhərciyində qaçqınların vəziyyəti ilə tanış olmuşuq. İkinci sualım isə insan hüquqları haqqında və ümumiyyətlə hüquqi aktlar barədə olacaqdır. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, son müddət ərzində Azərbaycanda bu sahədə müəyyən tərəqqi əldə edilmişdir. Bəzi layihələr var, onlar işlənib hazırlanmaqdadır. Bu layihələr hüquq, məhkəmə, ədliyyə sahəsi ilə bağlıdır. İstərdim biləm ki, bu proses nə vaxt tamamlanacaqdır?

Eyni zamanda istərdik ki, Siz cavabınızda bizim rolumuza da yer ayırasınız, Avropa Şurasının sizə nə cür yardım göstərə biləcəyi haqqında məlumat verəsiniz. Bilirik ki, siz həm də MDB-nin üzvüsünüz. İstəyirik bilək, Avropa Şurası ayrılıqda və ümumiyyətlə MDB çərçivəsində Azərbaycana hansı yardımı edə bilər? Biz dünən GUAM çərçivəsində əməkdaşlıq məsələsini də müzakirə etmişik. İstərdik bu haqda da bir neçə kəlmə deyəsiniz. Sağ olun, cənab prezident, əvvəlcədən xəbərdarlıq etmək istəyirəm ki, həmkarlarının başqa sualları da ola bilər. Lakin istərdim əvvəlcə bu suallara cavab verəsiniz.

Heydər Əliyev: Birincisi, imtahan barəsində dediyim sözlər zarafat xarakteri daşıyr. Şübhəsiz ki, biz sizin ölkəmizə ziyarətinizi Azərbaycanda dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquqlarının qorunması sahəsində Azərbaycana yardım kimi qəbul edirik. Amma eyni zamanda Sizin suallarınız müəyyən qədər mənim bu fikrimə əsas verir ki, sual verib məndən cavab almaq istəyirsiniz. Bu, istər-istəməz imtahana oxşayır. Mən artıq dedim ki, Dağlıq Qarabağ problemi, Ermənistan-Azərbaycan münaqişəsi bizim həyatımızda ən çətin problemdir. Birinci, bilmək lazımdır ki, bu problemi yaradan Azərbaycan tərəfi deyil, Ermənistan tərəfidir. Azərbaycan Ermənistana təcavüz etməyib, Ermənistanın torpağını ələ keçirməyə cəhd etməyibdir. Münaqişə Ermənistanın Azərbaycana qarşı on il bundan öncə başlanmış torpaq iddiası ilə, Dağlıq Qarabağ vilayətini Azərbaycanın əlindən alıb Ermənistana bağlamaq niyyəti, cəhdi ilə başlanıbdır. Bunu bilmək lazımdır ki, münaqişənin günahkarı Azərbaycan tərəfi deyildir.

İkincisi, münaqişə nəticəsində Azərbaycan təcavüzə məruz qalıbdır, torpaqları işğal olunubdur. Dediyim kimi, bir milyondan artıq insan öz yerindən-yurdundan didərgin düşübdür. Əgər insan hüquqlarından danışırıqsa, Azərbaycanda, yaxud Ermənistanda, yaxud Gürcüstanda, yaxud da hansısa Avropa ölkəsində hansısa bir insanın hüquqlarının pozulması insan hüquqlarını qoruyan cəmiyyətləri narahat edir. Ancaq yerindən-yurdundan zorla çıxarılmış, varını-yoxunu itirmiş, çox şeylərindən məhrum olmuş insanların hüquqlarının pozulması, nədənsə, insan hüquqlarının pozulması kimi qiymətləndirilmir. Bunlara baxmayaraq, bildiyiniz kimi, biz 1994-cü ilin mayında atəşin dayandırılması haqqında saziş əldə etmişik. Təxminən bir aydan sonra dörd il tamam olacaqdır ki, atəş yoxdur, atəşkəs rejimində yaşayırıq. Biz bəyan etmişik və indiyə qədər gördüyümüz işlər də bunu sübut edir ki, bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Bildiyiniz kimi, bu işlə Minsk qrupu və onun həmsədrləri olan Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa hökumətləri məşğul olurlar. Mən bu gün də bəyan edirəm ki, biz bundan sonra da məsələnin Minsk qrupu çərçivəsində, həmsədrlərin köməyi ilə sülh vasitəsilə həll olunmasına çalışacağıq. Hesab edirəm ki, Minsk qrupu öz səylərini bundan sonra da davam etdirməlidir.

Ermənistanda rəhbərlik dəyişilibdir, keçmiş prezident fevral ayının əvvəlində istefa verib və nəhayət, prezident seçkiləri qurtarmaqdadır. Bu, Ermənistanın daxili işidir, biz buna qarışmırıq. Ümumiyyətlə hesab edirik ki, heç bir ölkə başqa ölkənin daxili işinə qarışmamalıdır. Bizim isə Ermənistanla əlaqələrimiz çox həssas olduğuna görə Ermənistanın heç bir işinə qarışmaq fikrində deyilik və qarışmırıq. Ermənistan vətəndaşlarının seçdiyi prezidentlə əməkdaşlıq edəcəyik, çünki bunu həm Ermənistanın, həm də Azərbaycanın düşdüyü indiki vəziyyət tələb edir. Hesab edirəm ki, bu gün sülh yolundan başqa bir yol nə Ermənistan üçün, nə də Azərbaycan üçün məqbul ola bilməz. Ümidvaram ki, Avropa Şurası da öz imkanları içərisində sülh prosesinə kömək edəcəkdir.

İkinci sualınız insan hüquqları və qanunların qəbul edilməsi ilə əlaqədardır. Azərbaycanda insan hüquqlarının qorunması və bunu təmin etmək üçün lazımi qanunların, qərarların qəbul olunması sahəsində son vaxtlar, hesab edirəm, çox iş görmüşük.Yəqin siz nəzərə almalısınız ki, Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra həm Ermənistanla münaqişə ölkəmizin vəziyyətini çox mürəkkəbləşdirib, həm də Azərbaycanın daxilində ictimai-siyasi şəraitin qeyri-sabit olması vəziyyəti mürəkkəbləşdiribdir. Biz yalnız 1995-ci ilin sonunda Azərbaycanda daxili ictimai-siyasi vəziyyətin sabitləşməsinə nail ola bilmişik. Dediyim kimi, 1994-cü ilin mayında atəşi dayandıra bilmişik, 1995-ci ilin sonunda ictimai-siyasi vəziyyəti sabitləşdirə, yəni mövcud olan qanunsuz silahlı dəstələri, ayrı-ayrı cinayətkar qrupları ləğv edə bilmişik. 1995-ci ilin noyabrında ilk Konstitusiyamızı qəbul etmişik və bu gün fəaliyyət göstərən parlamenti seçə bilmişik. Ona görə də Konstitusiyamız əsasında qanunlar qəbul etmək və həyata keçirmək üçün bizim əlimizdə olan vaxt 1996-1997-ci illər olubdur. Hesab edirəm ki, iki il o qədər də çox bir zaman deyildir. Amma bu iki il müddətində az iş görməmişik. Bir çox qanunlar qəbul olunub həyata keçirilir. O cümlədən insan hüquqlarına aid həm qanunlar, həm də çox ətraflı prezident fərmanları qəbul olunmuşdur və bir neçə çox vacib qanun layihələri də hazırdır. Sizə bildirmək istəyirəm ki, hazır olan layihələr aprel-may aylarında qəbul oluna biləcəkdir. O cümlədən, hesab edirəm ki, aprel ayında Azərbaycanda Konstitusiya məhkəməsi də yaranacaq və bəzi başqa qanunların da icrası sürətləndiriləcəkdir.

Biz MDB-nin üzvüyük və bu təşkilatda əməkdaşlıq etməyi özümüz üçün vacib hesab edirik. Bu təşkilatda əməkdaşlıq etməyimiz, iştirakımız daha çox iqtisadi inteqrasiya məqsədi daşıyır. Müstəqil Dövlətlər Birliyini Avropa Şurası, yaxud Avropa Birliyi ilə müqayisə etmək olmaz. Mən hesab edirəm ki,Müstəqil Dövlətlər Birliyi hələ beynəlxalq təşkilatlar standartına çata bilməyibdir. Bu təşkilatın işində çox nöqsanlar var və bu nöqsanları son görüşümüzdə, yəni oktyabrın 23-də Kişinyovda - Moldovada Müstəqil Dövlətlər Birliyi başçılarının görüşündə bəyan etmişik. Bu görüşdə mən - Azərbaycan Prezidenti də MDB-nin işində olan çox ciddi nöqsanlar haqqında öz fikrimi bildirmişəm. Mən bu gün də hesab edirəm ki, MDB öz işini ciddi təkmilləşdirməlidir. Ən əsas məsələ ondan ibarətdir ki, Müstəqil Dövlətlər Birliyində belə bir ənənə var ki, fövqəlmilli strukturlar yaratmağa cəhd göstərilir. Biz bunun əleyhinəyik. MDB-dəki ölkələrin hamısı eyni hüquqda olmalıdır, hansısa bir ölkə öz üstünlüyünü başqa ölkəyə göstərməməlidir. Müstəqil Dövlətlər Birliyinin fəaliyyətində hələ ki bu nöqsanlar var və biz çalışırıq bu nöqsanları aradan götürək. Son görüşümüzdə - keçən ilin oktyabrında, dediyim kimi, bu barədə çox ciddi danışıq aparmışıq. Bizim tənqidimizi Rusiyanın prezidenti ədalətli tənqid kimi qəbul etmişdir. Bununla yanaşı, hesab edirəm ki, MDB-nin işini təkmilləşdirib bu birlikdən daha səmərəli nəticələr əldə etmək mümkündür. Biz bu sahədə öz səylərimizi qoyuruq və qoyacağıq.

GUAM keçən ilin oktyabrında Avropa Şurasında olduğumuz zaman yaranmış bir təşkilatdır. Strasburqda olarkən biz - Ukraynanın, Gürcüstanın, Moldovanın və Azərbaycanın prezidentləri görüşdük və belə qərara gəldik ki, GUAM adında təşkilat yaradaq. Bizim bu təşəbbüsümüzün və yaratdığımız təşkilatın ilkin məqsədi iqtisadi inteqrasiyanı təmin etməkdən ibarətdir. Çünki Azərbaycan, Gürcüstan Qara dəniz vasitəsilə Ukrayna, oradan isə Moldova ilə bir çox səbəblərə görə çox bağlıdır. Şübhəsiz, biz onu da nəzərə alırıq ki, Ukrayna, Moldova Avropa Şurasının üzvləridir, Gürcüstan və Azərbaycan isə Avropa Şurasına üzv olmaq üçün qonaq statusu alıblar. Bizi bu da birləşdirir. Yəni coğrafi yaxınlıq, iqtisadiyyatımızda bir-birinə olan meyllər, nəqliyyat, kommunikasiya problemləri belə bir təşkilatın yaranması zərurətini meydana çıxarmışdır. Hesab edirəm ki, bu təşkilat çərçivəsində fəaliyyətimiz səmərəli olacaqdır. Biz Azərbaycanda bu sahədə çalışırıq və çalışacağıq. Ümumiyyətlə son vaxtlar Avropa ilə Asiya arasında nəqliyyat magistralının yaranması ideyası Avropa Birliyi tərəfindən də dəstəklənir. Bilirsiniz ki, Avropa Birliyinin TRASEKA proqramı var. Bu proqram eyni zamanda qədim "İpək yolu"nun bərpası ilə əlaqədardır. Biz bu proqramda çox fəal iştirak edirik. Bir ay bundan öncə mən Yaponiyada rəsmi səfərdə idim və Yaponiya hökumətinin, xüsusən Baş nazirinin bu proqrama nə qədər böyük marağı olduğunu hiss etdim. Mən bunu ona görə deyirəm ki, Yaponiya Asiyanın ən kənarında yerləşən bir ölkədir. Asiyanın bu yolla Avropa ilə birləşməsi həm Avropa, həm də Asiya üçün çox əhəmiyyətlidir. GUAM da bunun bir hissəsi kimi bir şeydir.

Corc Klerfayt: Cənab Prezident, istərdim xanım Hannike Gelderblumu təqdim edim. O Hollandiyadandır, onun da Sizə sualı var.

Hannike Gelderblum: Cənab Prezident, mən yenidən Qarabağ məsələsinə qayıtmaq istəyirəm. Siz doğru dediniz ki, Avropa Şurası insan hüquqları ilə məşğuldur. Bu məsələlər həm də Avropa Şurasını narahat edir, ona görə də biz vətəndaşların insan hüquqlarından çox narahatıq. Sizin ölkədə gördüklərimiz bizi çox narahat edir, çünki insanlar çadırlarda, ulu əcdadları kimi qazmalarda yaşayırlar. Bunu Sizə deməyə ehtiyac yoxdur. Siz özünüz hamısını yaxşı bilirsiniz. Təəssüf ki, çox hallarda insanlar gücsüzdürlər. Mən elə bir ölkədən gəlmişəm ki, orada belə şeylər yoxdur. İnsanlar hamısı sülh istəyir, lakin gözləyirlər ki, kimsə danışıqlara başlasın və tezliklə sülh əldə olunsun. Siz izah etdiniz ki, Minsk qrupu var, işə çox ciddi yanaşır. Biz bilirik ki, Lissabon bəyanatı var. Lakin elə görünür ki, proses durğunluq vəziyyətindədir. Mənim sualım belə olacaq: ilk təşəbbüsü kim başlayacaq ki, Ermənistanla Azərbaycan danışıqlar masası arxasında əyləşsin? Üç variantdan hansını qəbul edərsiniz - istərsiniz ki, bu məsələ ilə Avropa Şurası məşğul olsun, yoxsa özünüz təşəbbüs göstərərək Ermənistan prezidentini danışıqlar stolu arxasına dəvət edəsiniz, yoxsa Azərbaycan Prezidenti kimi gözləyəsiniz ki, kimsə üçüncü tərəf məsələyə qarışsın? Minsk qrupuna demək lazımdır ki, gəlin birlikdə bir iş görək?

Heydər Əliyev: Bilirsiniz ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə yaranıbdır və 1996-cı ilin dekabrında ATƏT-in zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunubdur. ATƏT bu münaqişənin sülh yolu ilə həll olunması üçün üç prinsip qəbul etmişdir. Bu prinsiplər - birincisi, Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması; ikincisi, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində özünüidarəetmə hüququ verilməsi; üçüncüsü, Dağlıq Qarabağın bütün əhalisinin - həm erməni, həm Azərbaycan millətindən olan əhalisinin təhlükəsizliyinin təmin olunmasıdır. Suverenliyimizə müəyyən qədər zərər verməsinə baxmayaraq biz bu prinsipləri qəbul etmişik. Ancaq Ermənistan bu prinsipləri qəbul etmədi.ATƏT-in üzvü olan 54 dövlətdən 53-nün başçıları bu prinsiplərə səs verdi, yalnız Ermənistan ona etiraz etdi. Fürsətdən istifadə edib demək istəyirəm ki, Hollandiyanın Baş naziri də Lissabon zirvə görüşündə bu prinsipləri nəinki qəbul etdi, hətta bu prinsipləri qəbul etmək üçün zirvə görüşünün son iclasında yaxşı bir çıxış etdi. Lissabonda buna görə mən onun əlini sıxdım. Amma buna baxmayaraq mən bir daha təşəkkürümü bildirirəm.

1996-cı ilin dekabrından ötən müddətdə, 1997-ci ildə ATƏTin Minsk qrupunun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa bu prinsiplərin həyata keçirilməsinə çalışdılar, nəhayət, sentyabr ayında təkliflər verdilər. Bu təkliflər münaqişənin iki mərhələdə həll olunmasını nəzərdə tutur. Birinci mərhələdə Azərbaycanın Dağlıq Qarabağ ətrafında işğal olunmuş altı inzibati rayonunun işğalçı dəstələrdən azad olunması, həmin rayonlardan zorla çıxarılmış qaçqınların öz yerlərinə qayıtması, Ermənistan ilə Azərbaycan arasındakı kommunikasiyaların bərpa edilməsi, ikinci mərhələdə isə azərbaycanlılar yaşayan rayonun - Laçın və Şuşa rayonlarının işğalçı dəstələrdən azad olunması və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi nəzərdə tutulur. Bu təkliflər bizi tam qane etməyən təkliflərdir. Ancaq biz kompromisin olmasını nəzərə alaraq bu təklifləri qəbul etmişik. Ermənistan əvvəlcə bunu qəbul etmədi. Sonra isə Ermənistanın prezidenti bildirdi ki, Ermənistan bu təklifləri qəbul edir. 1997-ci il oktyabrın 10-da Strasburqda olarkən biz - Ermənistan prezidenti Levon Ter-Petrosyan və Azərbaycan Prezidenti Heydər Əliyev - görüşdük, danışıqlar apardıq və birgə bəyanat verdik ki, Minsk qrupunun bu təkliflərini qəbul edirik və onu həyata keçirəcəyik.

Mən hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin Strasburqdakı bəyanatı çox mühüm bir sənəddir. Ancaq təəssüflər olsun ki, Ermənistanda prezident Ter-Petrosyanın bu mövqeyini bəziləri sonra dəstəkləmədilər. Nəhayət, 1998-ci il fevralın əvvəlində Ter-Petrosyan istefa verdi. Ona görə də ötən bu müddətdə danışıqlar prosesi dayanıbdır. Mən güman edirəm ki, Ermənistanda yeni prezident seçiləndən sonra bu danışıqlar prosesi yenidən başlanacaqdır. Hesab edirəm ki, Minsk qrupu verdiyi təklifini yenə də təsdiq edəcəkdir. Mən hiss edirəm ki, Minsk qrupunun həmsədrləri, üç böyük ölkə - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa bu münaqişənin sülh yolu ilə həll olunmasına çalışırlar və əminəm ki, onlar bu məsələ ilə bundan sonra da məşğul olacaqlar. Buna görə də indi yeni bir danışıqlar formatı yaratmağa ehtiyac yoxdur. Biz hesab edirik ki, həmsədrlərin və ümumiyyətlə Minsk qrupunun hələ böyük imkanları vardır. Güman edirəm ki, bu proses davam etməlidir. Bu məsələyə əlavə təşkilatların qarışmasına ehtiyac yoxdur.

Sizin sualınıza cavab olaraq demək istəyirəm ki, Ermənistan və Azərbaycan prezidentləri bu prosesdə dəfələrlə görüşüb, üz-üzə əyləşiblər. Bizim son görüşlərimiz 1997-ci il oktyabrın 10- da Strasburqda, oktyabrın 23-də Kişinyovda olubdur. Mən Kişinyovda olarkən Ermənistan prezidenti Ter-Tetrosyan ilə yanaşı, o vaxt Baş nazir olan Robert Koçaryanla da görüşmüşəm. Ona görə də bizim görüşlərimiz bundan sonra da davam edəcəkdir.

Corc Klerfayt: Cənab Prezident, icazə versəniz, mən həmin sualıma bir beynəlxalq məqamı əlavə edərdim. Siz digər beynəlxalq təşkilatların bu münaqişənin həllində iştirak etməsi imkanlarından danışdınız. Sizcə, bu münaqişənin sülh yolu ilə həllində digər bir ölkə nə dərəcədə rol oynaya bilər? Siz Rusiyanın adını çəkdiniz. Məlumdur ki, Rusiyanın Ermənistanda hərbi bazaları vardır. Bu fakt da məlumdur ki, GUAM təşkilatı heç də hamını razı salmır.

Heydər Əliyev: Bəli, Ermənistanın və Gürcüstanın ərazisində Rusiyanın hərbi bazaları vardır. Azərbaycan buna etiraz edir. Biz bu barədə öz fikrimizi dəfələrlə bildirmişik. Azərbaycanın ərazisində Rusiyanın heç bir hərbi bazası yoxdur. Sizə bildirmək istəyirəm ki, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin başçılarının oktyabrın 23-də Kişinyovda keçirilmiş görüşündə mən bu barədə öz fikirlərimi açıq-aydın söyləmişəm. Açıq bildirmişəm ki, Ermənistanda və Gürcüstanda Rusiyanın hərbi bazalarının saxlanılmasına heç bir ehtiyac yoxdur və mən bunun zəruriliyini görmürəm. Mən bu gün də belə hesab edirəm. Keçən il avqustun 29-da Rusiya ilə Ermənistan arasında hərbi ittifaq haqqında müqavilə imzalanmışdır. Mən bu hərbi ittifaq haqqında müqaviləyə də etirazımı bildirmişəm. Çünki, bilirsiniz, əgər biz Müstəqil Dövlətlər Birliyində bərabər hüquqlu dövlətləriksə, MDB tərkibində olan iki ölkə bir-biri ilə hərbi ittifaq bağlamamalıdır. Amma Rusiya Ermənistan ilə belə bir hərbi ittifaq bağlayıbdır. Beləliklə, Müstəqil Dövlətlər Birliyinin tərkibindəki iki ölkə arasında xüsusi bir əlaqə yaranır. Şübhəsiz ki, bu da bizim ümumi işimizə kömək edə bilməz. Yəqin sizə məlumdur ki, Rusiya son üç ildə Ermənistana gizli, qeyri-qanuni olaraq bir milyard dollar dəyərində silah-sursat da veribdir. Bu faktlar keçən ilin əvvəlində Rusiyanın dövlət orqanları tərəfindən bəyan olunubdur. Biz Rusiyanın rəhbərliyinə müraciət edib, xahiş etmişik ki, Ermənistana gizli, qeyri-qanuni yolla verilmiş silahlar geri qaytarılsın və qeyri-qanuni iş görənlər cəzalandırılsınlar. Ancaq bir nəticə əldə edə bilməmişik. Bu faktlar vardır. Mən inanıram ki, buna baxmayaraq Rusiya ABŞ və Fransa ilə birlikdə Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün çox iş görə bilər. O cümlədən ona görə ki, Rusiyanın Ermənistana təsiri böyükdür və bu da məsələnin ədalətli həllində Rusiya üçün çox yaxşı imkanlar yaradır. Mən buna ümid edirəm.

Corc Klerfayt: Cənab Prezident, icazə versəydiniz, mən daxili məsələ ilə əlaqədar da bir sual verərdim. Məlumdur ki, Siz çox güclü, bacarıqlı bir prezidentsiniz. Bunu bizimlə söhbətdə hamı qeyd edirdi. Biz Azərbaycanda müxalifətin parlamentdə olan üzvləri ilə də söhbət etmişik. Onlar öz narahatlıqlarını bildirirlər ki, respublikada hakimiyyət bölgüsü kifayət qədər deyildir, bütün hakimiyyət prezidentin əlində cəmləşibdir. Siz Azərbaycanda müxalifəti necə qəbul edirsiniz və necə qiymətləndirirsiniz? Ümumiyyətlə, necə fikirləşirsiniz - Azərbaycanın gələcək inkişafında müxalifət hansısa bir rol oynaya bilərmi?

Heydər Əliyev: Birincisi, mən onların Sizə dedikləri ilə razı deyiləm. Azərbaycanda hakimiyyət bölgüsü Konstitusiyaya əsasən tamamilə təmin olunubdur. Parlament qanunverici orqandır. Prezident, icra orqanı qanunvericilik orqanının işinə qarışmır. Hakimiyyət bölgüsünün əsasını təşkil edən budur. Hərə öz işi ilə məşğul olmalıdır. Qanunvericilik orqanı qanunvericiliklə, icra orqanı isə icra ilə məşğul olmalıdır. Biz də bunu təmin edirik. Konstitusiyamızda nə yazılıbsa, hamısı həyata keçirilir. Kimsə Konstitusiyadan kənar nə isə iddia edirsə, onda gərək Konstitusiyanı dəyişdirək. Konstitusiyanı isə biz ümumxalq referendumu ilə qəbul etmişik. Konstitusiyanın qəbul olunmasında o cümlədən müxalifət də iştirak edibdir. Onların parlamentdə və ümumxalq səsverməsində söz deməyə həmişə imkanları olubdur. Əgər prezident öz səlahiyyətlərini tamamilə həyata keçirirsə, bu o demək deyil ki, hər şey prezidentin əlindədir. Əgər müxalifət istəyir ki, respublikada prezident keçmişdə olduğu kimi zəif olsun, güman edirəm ki, bu, ölkə, xalq üçün də lazım deyildir. Mən də özümü zəiflədə bilmərəm, necə varam eləyəm. Mən özümü gücləndirə bilərəm, amma zəiflədə bilmərəm.

Corc Klerfayt: Cənab Prezident, mən bilirəm ki, Siz çox güclü bir şəxsiyyətsiniz. Bunu söhbətlərimizdə də hamı bizə demişdir ki, Siz çox güclü, gözəl və cazibədar şəxsiyyətsiniz. Mən Sizə Sabirabaddan bir salamı çatdırmaq istəyirəm. Mən Sabirabad rayonunda 4 yaşında olan bir uşaqla söhbət etdim. Azərbaycanda kimin prezident olduğunu soruşduqda o dedi ki, Prezidentimiz Heydər babadır, hətta Sizin haqqınızda bir mahnı da oxudu, onun salamlarını Sizə çatdırmağı çox xahiş etdi.

Heydər Əliyev: Çox sağ olun. Təşəkkür edirəm. Mən o uşağı tanımıram, amma bu, o uşağın qəlbində olan bir hissdir. Əgər mən zəif prezident olsaydım, yəqin ki, uşaq o mahnını oxumazdı.

Corc Klerfayt: Cənab Prezident, mən bilirəm ki, bizə həddindən artıq vaxt sərf edirsiniz, lakin bir məsələ haqqında da Sizə sual vermək istəyirəm. Məlumdur ki, ölkədə sabitlik əldə olunubdur. Çoxları bu fikirdədir ki, bu sabitlik məhz Sizin şəxsi hörmətiniz, nüfuzunuzla bağlıdır. Siz necə fikirləşirsiniz, respublikada Konstitusiya, qanunvericilik kifayət qədər güclüdürmü ki, sabitlik saxlanılsın?

Heydər Əliyev: Güclüdür və Azərbaycanda sabitlik saxlanılacaqdır. Buna heç kəsin şübhəsi olmasın. Siz sual verdiniz ki, mən müxalifəti necə qəbul edirəm. Azərbaycanda müxalifət olmalıdır. Bir halda ki, biz demokratik bir dövlətik və demokratik dövlət qururuq, onun cürbəcür fikirli adamları var. Təbii ki, bu da müxalifətin mövcud olmasını tələb edir. Ancaq müxalifət nə qədər gücə malikdirsə, o qədər də hərəkət etməlidir. Məsələn, Rusiyada parlamentin əksəriyyəti prezidentə qarşı müxalifətdədir. Bilirsiniz ki, orada Kommunist Partiyasının gücü çox böyükdür, başqa partiyalar var. Ona görə də prezident bəzən Kommunist Partiyasının liderləri ilə görüşür, bu da lazımdır. Çünki onların parlamentdə böyük imkanları var və prezident onlarla müəyyən bir dil tapmalıdır. Birincisi, Siz bilirsiniz ki, bizim parlamentdə Kommunist Partiyası yoxdur. Ona görə ki, respublikada Kommunist Partiyası hörmət qazanmayıbdır və seçkilər zamanı parlamentdə yer ala bilməyibdir. Parlamentdə başqa müxalifət partiyaları var, ancaq onlar azlıq təşkil edirlər. Onlar cəmiyyətdə də azlıq təşkil edirlər. Güman edirəm ki, oktyabr ayındakı prezident seçkilərində də bu, bir daha görünəcəkdir. Cəmiyyətdə və parlamentdə azlıq təşkil edərək çox böyük iddialar etmək əsassızdır. Rusiyada prezident hökuməti istefaya göndəribdir, yeni Baş nazir təyin etmək istəyir. Amma parlamentdə, Dumada müxalifət qüvvələr bunun əleyhinə çıxırlar, prezident üçün çətinliklər yaradırlar. Ancaq mən Azərbaycanda Baş naziri təyin edəndə parlamentdə mənim əleyhimə çıxan olmadı. Müxalifətdə olan partiyalar əleyhinə səs verdilər, amma bu, həlledici deyildi. Ona görə də müxalifət hakimiyyətlə, iqtidarla əməkdaşlıq etməlidir. Mən belə əməkdaşlığa hazıram. Ancaq müxalifət çox az bir təbəqəni təmsil edərək iddia edir ki, gərək biz gedib müxalifətlə əməkdaşlıq edək. Biz bunu qəbul edə bilmərik. Müxalifət hansı bir konstruktiv addım atsa biz bunu qəbul edəcəyik. Ancaq təəssüf ki, belə konstruktiv addımlar görmürəm.

Corc Klerfayt: Cənab Prezident, bugünkü görüşə, çox dəyərli şərhlərə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Biz Sizə uğurlar arzulayırıq, Sizə ən xoş arzularımızı yetiririk. Ümid edirik ki, Azərbaycan çox tezliklə Avropa Şurasının güclü üzvlərindən biri olacaqdır.

Heydər Əliyev: Çox sağ olun, mən Sizə təşəkkür edirəm. Azərbaycanda söz azadlığının, demokratiyanın olması bu qədər mətbuat nümayəndələrinin burada əyləşməsindən görünür. Mən çox ölkələrə gedirəm, prezidentlərlə, baş nazirlərlə görüşürəm. Orada mətbuat nümayəndələrini belə görüşlərə iki dəqiqəlik buraxırlar ki, gəlib şəkil çəksinlər. Ancaq mətbuat həmişə bizim yanımızdadır və onların arasında müxalifəti təmsil edən jurnalistlər də vardır, burada oturublar, qulaq asırlar. Mənim onlardan heç bir sirrim yoxdur, mən öz fikirlərimi açıq deyirəm. Yaxşı olar ki, onlar hər şeyi mənim dilimdən eşitsinlər, nəinki mətbuat katibim gedib onlara çatdırsın.

Corc Klerfayt: Dedi-qodular çox təhlükəli şeydir.

Heydər Əliyev: Bəli. Mətbuat çox sağ olsun.