Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Süleyman Dəmirəlin doğum günü münasibətilə "Çankaya" köşkündə keçirilən görüşdə təbrik nitqi - 2 noyabr 1994-cü il


Türkiyə Respublikasının prezidenti. Azərbaycan xalqının əziz dostu, qardaşı, mənim şəxsi dostum, qardaşım Süleyman Dəmirəl!

Bu gün Azərbaycan Respublikasının böyük nümayəndə heyəti buraya, igamətgahınıza Sizin doğum gününüzü təbrik etmək üçün gəlmişdir. Azərbaycan Respublikasının nümayəndə heyətində ölkəmizin çox görkəmli, dəyərli adamları, dövlət adamları, nazirlər, şairlər, rəssamlar, bəstəkarlar, yəni Azərbaycan xalqının hər təbəqəsini təmsil edən çox hörmətli adamlar var. Bizim hamımız buraya böyük sevgi, məhəbbət, hörmət hissi ilə gəlmişik.

Bu gün sizin doğum gününüzdür. Azərbaycan xalqı sizi türk dünyasının böyük bir oğlu kimi tanıyır. Siz türk dünyasının həyatında 40 ildən artıqdır ki, əvəzsiz xidmətlər göstərmisiniz. Türkiyə Cümhuriyyətinin böyük öndər Mustafa Kamal Atatürkün qoyduğu yol ilə inkişaf etdirilməsində sizin uzun illər, on illər ərzində böyük rolunuz olmuşdur. Ona görə də Türkiyə xalqı sizi dəyərli bir insan, böyük türk oğlu kimi tanıyır. Siz böyük hörmət, ehtiram və məhəbbət qazanmısınız. Təkcə Türkiyədə yox, bütün türk dünyasında siz böyük dövlət xadimi, ictimai-siyasi xadim və türk dünyasının inkişafı üçün yorulmaz bir insan kimi tanınırsınız.

Türkiyə Cümhuriyyətinin beynəlxalq aləmdə xarici siyasətini aparmaqda, onu beynəlxalq təşkilatlarda təmsil etməkdə, Türkiyə Cümhuriyyətinin ilbəil Dünya Birliyində layiqli yer tutmasında sizin böyük xidmətləriniz var və buna görə də siz təkcə Türkiyədə yox, yalnız türk dünyasında yox, bütün dünyada məşhur bir siyasi-ictima xadimsiniz, dövlət xadimisiniz.

Azərbaycan xalqının sizə xüsusi hörmət və məhəbbəti vardır. Çünki xalqımız sizi çox yaxşı tanıyır, siyasi fəaliyyətinizi, dövlət fəaliyyətinizi həmişə izləyir. Təsadüfi deyil ki, hələ "soyuq müharibə" vaxtı, Sovetlər İttifaqə ilə Türkiyə Respublikası arasında münasibətlərin gərgin olduğu bir dövrdə Azərbaycan Respublikası, xalqımız Sovetlər İttifaqının tərkibində olduğu bir vaxtda - 25 il bundan öncə siz Türkiyənin baş naziri kimi Sovet İttifaqına ilk səfər etmisiniz. Moskvada, Sovetlər İttifaqının başqa şəhərlərində olmusunuz. Biz o zaman hiss etdik ki, qəlbiniz, ürəyiniz Azərbaycana da gəlməyi sizə əmr etmiş, Bakıya gəlməyi sizə tövsiyə etmişdir. Siz Bakıya, Azərbaycana gəldiniz.

Xatirinizdədir ki, 1968-ci ildə Azərbaycan xalqı o vaxt sosialist rejimi şəraitində, Sovet İttifaqının tərkibində ikən sizi nə qədər böyük hörmət və ehtiramla qarşıladı və sizə öz məhəbbətini bildirdi, beləliklə, bütün Türkiyədə olan qardaş və bacılarına, Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına öz hörmət və ehtiramını bildirdi. Mən çox xoşbəxtəm ki, o günlərdə sizinlə şəxsən tanış oldum. Bizim bu tanışlığımız, dostluğumuz 25 ildir ki, davam edir.

Son dövrdə Azərbaycan Respublikasında xalqımız milli azadlıq uğrunda mübarizə aparanda ən böyük dəstəyi Türkiyədən aldı. Ən böyük köməyi Türkiyənin siyasi, ictimai, partiya, dövlət xadimləri arasında, əziz Süleyman Dəmirəl, sizdən alıbdır. Azərbaycan xalqı milli azadlıq mübarizəsinə qalxarkən siz xalqımızla bir yerdə olmusunuz, ona dayaq durmusunuz, kömək etmisiniz, onu dəstəkləmisiniz. Bizim müstəqilliyimiz əldə olunan kimi Türkiyə Cümhuriyyəti dünya dövlətləri içərisində birinci olaraq dərhal Azərbaycan Respublikasının müstəqilliyini tanıdı. Biz yaxşı bilirik ki, bu böyük beynəlxalq hadisədə, Azərbaycanın Dünya Birliyi tərəfindən tanınmasında, Türkiyənin Azərbaycanı müstəqil dövlət kimi tanımasında sizin xüsusi xidmətləriniz vardır.

Azərbaycan xalqı bu üç illik müstəqillik dövründə Türkiyə ilə sarsılmaz tellərlə sıx əlaqədədir. Türkiyə Cümhuriyyətindən ən böyük dəstək alır. Bu dövrdə sizin daim qayğınız, diqqətiniz, Azərbaycanın müstəqilliyi üçün fəaliyyətiniz göz qabağındadır. Bunu Azərbaycanda yaxşı bilirlər və çox gözəl qiymətləndirirlər. Azərbaycanda biz hamımız sizi böyük öndər Mustafa Kamal Atatürkün işinin etibarlı davamçısı kimi, onun böyük şagirdi kimi tanıyırıq. Bizə çox xoşdur və bunu böyük məmnuniyyətlə qəbul edirik ki, 1923-cü ildə yaranmış, Mustafa Kamal Atatürk tərəfindən əsası qoyulmuş Türkiyə Cümhuriyyəti indi etibarlı əllərdədir. Siz Türkiyənin cümhur başqanısınız, Mustafa Kamal Atatürkün tutduğu vəzifəni tutursunuz və bu vəzifəni layiqincə həyata keçirirsiniz. Bunlar hamısı bizi sevindirir və bu sevgi, məhəbbət, hörmət hissi də Azərbaycan nümayəndələrinin böyük bir dəstəsinin buraya gəlib sizi şəxsən mütləq təbrik etməsinə əsas yaratmışdır.

Əziz qardaşım, əziz dostum, mən sizi doğum gününüz, yubileyiniz münasibətilə Azərbaycan xalqı adından, Azərbaycan Respublikası adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm, sizə cansağlığı, uzun ömür, səadət və xoşbəxtlik arzulayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, hələ bundan sonra da bir çox illər siz Türkiyə Cümhuriyyətinə etibarlı rəhbərlik edəcəksiniz, onun gələcək sükançısı olacaqsınız, təkcə Türkiyənin yox, türk dünyasının, türk dövlətlərinin bir-birinə daha yaxın olması üçün böük xidmətlər göstərəcəksiniz. Şübhə etmirəm ki, Azərbaycan Respublikasına, xalqına indiyədək göstərdiyiniz qayğı və diqqət bundan sonra da davam edəcəkdir. Siz həmişə Azərbaycan ilə bir yerdə olmusunuz, bundan sonra da bir yerdə olacağınıza biz tam əminik. Sizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Mən bu gün bu xoşbəxt dəqiqələrdə sizin həyat yoldaşınız Nəzmiyyə xanımı da, bütün ailənizi də təbrik edirəm, sizin ailənizə də, bütün qohum-əqrəbanıza da xoşbəxtlik, səadət arzulayıram.

Azərbaycan xalqının ürəyində olan hissiyyatlar çoxdur. Bunu sözlə də, şerlə də, musiqi ilə də, rəsm əsərləri ilə də demək olar. Ancaq biz fikirləşdik ki, ürək sözlərimizi sizə dəqiq çatdırmaq üçün böyük rəssamımız Kamil Əliyev sizin portretinizi xalıda yaratsın. Azərbaycan incəsənətinin əsrlərdən-əsrlərə keçən ənənələrindən biri də xalı üzərində rəsmlər, mənzərələr əks etdirmək, tarixin böyük şəxsiyyətlərinin portretlərini yaratmaqdan ibarətdir. Azərbaycan incəsənəti, rəssamlıq məktəbi bununla fəxr edə bilər. Belə bir nümunə, yəni sizin portretiniz Azərbaycan ornamentləri ilə bəzədilmiş xalı üzərində toxunub hazırlanıb. Mən doğum gününüz münasibətilə bu xalını sizə hədiyyə edirəm. İcanənizlə, bu hədiyyəni sizə təqdim edim. Əziz dostum, doğum gününüzü təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik arzulayıram.