Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstanın yeni paytaxtı Astana şəhərinin beynəlxalq təqdimat mərasimində - rəsmi açılışında nitqi - 10 iyun 1998-ci il


Hörmətli prezident Nursultan Nazarbayev, möhtərəm dövlət, hökumət başçıları!

Xanımlar və cənablar!

Sizi böyük və fərəhli bayram - Qazaxıstanın yeni paytaxtı Astananın əsasının qoyulması münasibətilə ürəkdən təbrik edirəm və Astana şəhərinə xoşbəxt gələcək arzulayıram. Sizə, bütün qazax xalqına, bütün Qazaxıstan vətəndaşlarına Azərbaycan xalqının səmimi qardaş salamını yetirirəm.

Qazax xalqının zəngin, qədim tarixi var. Bu tarix ərzində qazax xalqının çox qələbələri, nailiyyətləri, habelə müsibətləri və məğlubiyyətləri olmuşdur. Lakin qazax xalqının ən xoşbəxt dövrü onun öz dövlət müstəqilliyini əldə etdiyi, Milli azadlıq qazandığı və öz problemlərini özünün həll etmək, öz müqəddəratını özünün müəyyənləşdirmək imkanı tapdığı dövrdür. Elə bugünkü tarixi hadisə - Qazaxıstanın yeni paytaxtı Astana şəhərinin əsasının qoyulması hadisəsi də qazax xalqının, Qazaxıstanın dövlət müstəqilliyinin və Milli azadlığının nəticəsidir.

Açığını deyək, Qazaxıstan həm öz ərazisinə görə, həm də təbii sərvətlərinə, coğrafi, coğrafi-siyasi mövqeyinə, əhalisinin sayına görə böyük ölkədir. O, öz məsələlərini əvvəllər də özü həll edə bilərdi, lakin bu imkandan məhrum idi. İndi biz görürük ki, qısa müddətdə, müstəqillik illərində Qazaxıstan necə də dəyişir və necə böyük işlər görülür. Şübhə yoxdur ki, bu işlər gələcəkdə öz gözəl nəticələrini verəcəkdir. Bu dövrün ən görkəmli nəticələrindən biri də Qazaxıstanın yeni paytaxtı Astana şəhərinin əsasının qoyulmasıdır. Mən xoşbəxtəm və şadam ki, bu şənliklərdə iştirak edirəm və tarixi hadisənin şahidiyəm. Bu, həqiqətən tarixi hadisədir, çünki dövlətin paytaxtının bir yerdən başqa yerə köçürülməsi faktları dünya tarixində o qədər də çox deyildir. Ancaq mən əminəm ki, bu gün müstəqil Qazaxıstanın paytaxtına çevrilən Astana şəhəri Qazaxıstanın həmişəlik paytaxtı olacaq və paytaxt bir daha heç yerə köçürülməyəcəkdir.

Bu gün həmin tarixi hadisədən danışarkən qazax xalqının lideri, Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin rolunu və xidmətlərini xüsusi qeyd etmək lazımdır. Açığını deyək, siz dövlət adamlarısınız, nəyin necə edildiyini bilirsiniz. Bu, çətin bir iş, çətin bir vəzifə idi. Əlbəttə, bu, özlüyündə böyük ideyadır. Lakin bununla yanaşı, bu ideyanın reallaşması çoxlu qüvvə, enerji və ən başlıcası isə iradə tələb edirdi. Bu işdə parlamentin, hökumətin iradəsi, xalqın iradəsi də olub, lakin, başlıcası, prezident Nursultan Nazarbayevin təşkilatçı rəhbər iradəsi özünü göstərmişdir.

Mən bu gün qazax xalqını, bütün Qazaxıstan vətəndaşlarını təbrik edirəm. Mən prezident Nursultan Nazarbayevi bu görkəmli qələbə münasibətilə çox böyük sevinc hissi ilə təbrik edirəm. Şübhə yoxdur ki, bu qələbə tarixdə qalacaq və gələcək nəsillər tərəfindən layiqincə qiymətləndiriləcəkdir. Azərbaycan və qazax xalqları arasında dostluğun qədim kökləri var, bu köklər əsrlərin dərinliklərinə gedib çıxır və biz sevinclə deyə bilərik ki, indi, bizim günlərdə bu dostluq yeni məna kəsb etmişdir, çünki bu münasibətlər artıq müstəqil Qazaxıstanın və müstəqil Azərbaycanın münasibətlərinə əsaslanır. Biz Qaza-xıstanın uğurlarına sevinirik, biz qazax xalqının azadlıq, müstəqillik yolunda qazandığı uğurlara sevinirik, şadıq ki, Qazaxıstan yeni paytaxtını yaratmaq üçün indiki mürəkkəb keçid dövründə bu qədər çox qüvvə, enerji, maliyyə vəsaiti sərf edə bilmişdir.

Əziz dostlar, mən sizi təbrik edirəm, əziz Nursultan Nazarbayev, Sizi təbrik edirəm. Sizə xoşbəxtlik, firavanlıq arzulayır və inanıram ki, Qazaxıstanın müstəqilliyi əbədi və dönməz olacaqdır.

Astana şəhərinə eşq olsun!

Yaşasın müstəqil Qazaxıstan!