Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bolqarıstan Prezidenti Peter Stoyanov ilə görüşdəki söhbətindən - Yalta, 5 iyun 1998-ci il


Heydər Əliyev: Hörmətli Peter Stoyanov, sizi ürəkdən salamlayıram və bu görüşdən məmnun qaldığımı bildirirəm.

Azərbaycan ilə Bolqarıstan arasında daim dostluq əlaqələri olmuşdur. Bu əlaqələr uzun müddət davam etmişdir. Bizim əlaqələrimiz 70 il ərzində - Sovetlər İttifaqı dövründə də çox sıx və yaxın idi. Biz həmişə bir-birimizin təcrübəsini öyrənmişik. Hesab edirəm ki, bu əlaqələrin inkişaf etməsi, genişlənməsi üçün bizim tərəfimizdən böyük addımlar atılmalıdır.

Peter Stoyanov: Hörmətli prezident Heydər Əliyev, tamamilə düz buyurursunuz ki, Bolqarıstan ilə Azərbaycan dostluğunun böyük tarixi vardır. Bolqarıstan-Azərbaycan arasında ötən illər ərzində dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf etmişdir. Ölkələrimiz arasında bu gün də iqtisadi sahədə, elm və mədəniyyət sahəsində çox geniş əməkdaşlıq əlaqələri vardır. Hər iki ölkənin mənafeyinə uyğun olaraq bu faydalı əməkdaşlığı, Bolqarıstan-Azərbaycan dostluğunu bundan sonra daha da möhkəmləndirməli və inkişaf etdirməliyik.

Heydər Əliyev: Sizə məlumdur ki, Azərbaycan müstəqil dövlət olaraq bazar iqtisadiyyatı yolu ilə gedir, sərbəst iqtisadiyyatı inkişaf etdirir. Biz qapılarımızı xarici ölkələrin investisiya gətirməsi üçün açmışıq. Siz bilirsiniz ki, 1996-cı ildən Azərbaycanda ictimai-siyasi sabitlik, rahatlıq təmin olunubdur. Azərbaycanın ən böyük problemi Ermənistan-Azərbaycan münaqişəsidir. Bu müharibədə çox qanlar töküldü, torpaqlarımızın 20 faizi işğal olundu, bir milyondan artıq azərbaycanlı öz doğma yerindən-yurdundan zorla çıxarıldı, indi onlar ölkəmizin ayrı-ayrı bölgələrində çadırlarda yaşayırlar. Biz 1994-cü ilin may ayında Ermənistan ilə atəşkəs sazişi imzalamışıq. Hazırda atəşkəs şəraitində yaşayırıq. Ermənistan ilə Azərbaycan arasında ədalətli sülh yaranmalıdır. Sülh yolu bizim tutduğumuz əsas yoldur. Mən məmnunam ki, siz də, Bolqarıstan da bizim sülhsevər siyasətimizi dəstəkləyirsiniz. 1994-cü ildə imzalanmış ilk neft müqaviləsi - "Əsrin müqaviləsi" artıq öz böyük nəticələrini verir. Bu müqavilə imzalanandan Xəzərin enerji ehtiyatlarmdan istifadə olunması, hasil edilən neftin daşınması, dünya bazarına çıxarılması problemləri geniş müzakirə olunur, danışıqlar aparılır. Qara dəniz İqtisadi Əməkdaşlığının iştirakçısı olan ölkələrin bəziləri, o cümlədən Bolqarıstan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması layihəsində iştirak edir. Zənnimcə, neft borusu üçün ən məqbul marşrut Avropa Birliyinin himayəsi ilə TRASEKA proqramı çərçivəsində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə 1998-ci il sentyabr ayınm 7-8-də Bakıda keçiriləcək beynəlxalq konfransda qəti qərar qəbul ediləcəkdir. Və biz artıq bu neft kəmərinin inkişafına başlamalıyıq. Cənab prezident, səmimi və mehriban görüş üçün sizə təşəkkürümü bildirirəm və sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Peter Stoyanov: Hörmətli prezident, mən bu dəvəti məmnuniyyətlə qəbul edirəm.