Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası daxili işlər orqanlarının şəxsi heyətinə - Bakı şəhəri, 1 iyul 1998-ci il


Hörmətli polis əməkdaşları! 

Sizi Azərbaycan polisinin yaradılmasının 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

1918-ci il iyul ayının 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə peşəkar milli polis orqanları yaradılmışdır. Bu, Xalq Cümhuriyyətinin həyatında böyük hadisə olmuş və dövlətçiliyimizin möhkəmlənməsində, əhalinin təhlükəsizliyinin qorunmasında mühüm rol oynamışdır. Ötən 80 ildə Azərbaycan polisi öz peşəkarlıq səviyyəsini getdikcə yüksəldərək çətin və şərəfli yol keçmiş, tarixin sınaqlarından ləyaqətlə çıxaraq mütəşəkkil və mübariz bir quruma çevrilmişdir. İctimai-siyasi quruluşdan və şəraitdən asılı olmayaraq ölkəmizin bütün inkişaf mərhələlərində polis istər daxili cinayətkarlara, istərsə də əhalinin əmin-amanlığı üçün təhlükə törədən digər qüvvələrə qarşı əzmlə mübarizə aparmış, əsl fədakarlıq və peşəkarlıq nümunələri göstərmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra daxili işlər orqanlarının şəxsi heyətinin üzərinə daha böyük məsuliyyət düşmüşdür. Azərbaycan polisi bir tərəfdən milli müdafiə funksiyalarını yerinə yetirərək ərazi bütövlüyümüz uğrunda erməni qəsbkarlarına və separatizmə qarşı ağır döyüşlərdə iştirak etmiş, bu yolda yüzlərlə qurban vermişdir. Digər tərəfdən isə dövlətçiliyimiz əleyhinə yönəldilmiş cinayətkar qəsdlərin və başqa qeyri-konstitusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərmişdir. 

Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyəti bütün bu proseslərdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını və xidmətin mənafeyini hər şeydən üstün tutmuşdur. İndi bizim demokratik idealların bərqərar olduğu və möhkəmləndiyi müstəqil dövlətimiz, bütün xalq tərəfindən qəbul edilmiş Konstitusiyamız, onların keşiyində duran mətinləşmiş strukturlarımız, o cümlədən dövlətin əsas sütunlarından olan mübariz polisimiz vardır. Respublikada cinayətkarlığın qarşısı alınıb, əmin-amanlıq yaranıb, asayiş bərpa olunub. İnsanlar rahat, sakit və sərbəst yaşayır, dinc şəraitdə işləyir və istirahət edir. Bütün bu işlərdə polisin xidməti və rolu danılmazdır. 

Bu gün polis orqanlarının bütün diqqəti və səyləri sosial-iqtisadi və siyasi islahatların rəvan aparılması üçün ölkədə ictimai asayişin və əmin-amanlığın təmin olunmasına, qanunçuluğun möhkəmlənməsinə, cinayətkarlıqla daha qətiyyətli mübarizə aparılmasına, insanların və vətəndaşların azadlıqlarının və hüquqlarının qorunmasına yönəlməlidir. Polis peşəsi ağır peşədir. O, bir tərəfdən yüksək vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil və təcrübə tələb edir. Bunların hamısı bir yerdə cəmləşməsə, biz layiqli və mütəşəkkil polis yarada bilmərik. Cinayətkarlığın qarşısının alınması, dövlətin yaratdığı bütün imkanlardan respublika vətəndaşlarının bəhrələnməsi üçün dinc şəraitin təmin edilməsi, asayişin və qanunçuluğun möhkəmləndirilməsi naminə polis daim öz peşəkar səviyyəsini yüksəltməli, gündəlik işini müasir tələblərə, beynəlxalq təcrübəyə və normalara uyğun qurmalıdır. 

Əmin olduğumu bildirirəm ki, daxili işlər orqanların hər bir əməkdaşı bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasina və qanunlarına dönmədən riayət edərək, ölkədə asayişi və ictimai təhlükəsizliyi təmin edəcək, xidməti andına sadiq qalaraq polis adını şərəflə qoruyacaqdır. Sizə bu çətin və məsuliyyətli işinizdə uğurlar, hər birinizə səadət və xoşbəxtlik arzulayıram. 

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.