Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin təkbətək görüşü başa çatdıqdan sonra hər iki ölkənin nümayəndə heyəti arasında Azərbaycan – Gürcüstan danışıqlarında çıxışı - Tbilisi, Gürcüstan prezidentinin iqamətgahı, 22 mart 2000-ci il


Cox hörmətli Eduard Amvrosiyeviç!

Hörmətli xanımlar və cənablar, dostlar!

Sizin hamınızı Azərbaycan xalqı adından səmimi-qəlbdən salamlayıram və sizə ən dərin hörmət və ehtiramımı bildirirəm.

Əziz dostum Eduard Amvrosiyeviç, Gürcüstana rəsmi səfərə gəlmək barədə dəvətinizə görə sizə təşəkkür edirəm.

Xalqlarımız, ölkələrimiz arasında, habelə Gürcüstan prezidenti ilə Azərbaycan prezidenti arasında münasibətlər elə xarakter daşıyır ki, bəzən düşünürsən ki, dəvətlərə xüsusi lüzum yoxdur. Biz bir-birimizə dəvətlərsiz, protokolsuz gəlib-gedirik və bu, bizim üçün adi praktikaya çevrilmişdir.

Mən Gürcüstana indiki dövrdə gəlməyi çox istəyirdim. Arzum yerinə yetdi, mən rəsmi dəvət aldım. Buna görə sağ olun.

Səmimiyyətlə və mehribanlıqla qarşılandığımıza görə sizə təşəkkür edirəm. Təyyarənin pilləkəni yanından başlayaraq indiyədək siz mənə, nümayəndə heyətimizin üzvlərinə, bizim səfərimizə çox böyük hörmət göstərirsiniz. Sağ olun.

Təbii ki, bunun həmişə əhəmiyyəti var, hərçənd, təkrar edirəm, münasibətlərimiz adi protokol çərçivəsindən o dərəcədə kənara çıxmışdır ki, burada da bütün bunlarsız ötüşmək olardı. Amma nə etmək olar, protokol protokoldur.

Eduard Amvrosiyeviç, siz məlumat verdiniz ki, biz sizinlə, demək olar, iki saat təkbətək danışdıq. Əgər bu protokol qaydası olmasaydı, əgər sonrakı tədbirlər olmasaydı, onda yəqin ki, daha çox danışmaq olardı. Lakin hesab edirəm ki, bunun üçün hələ imkanımız olacaqdır. Qarşıda axşam, gecə, eləcə də sabahkı gün var.

İki saatlıq söhbətimiz barədə dediklərinizi tamamilə təsdiqləyirəm. Öz tərəfimdən demək istəyirəm ki, mən dost, qardaş ölkəyə gəlmişəm.

Gürcüstanla Azərbaycan arasında münasibətlər həmişə çox mehriban və səmimi, qardaşcasına olmuşdur. Fəxr edə bilərik ki, tarixdə xalqlarımız arasında heç zaman, heç bir münaqişə, toqquşma baş verməyibdir. Hərçənd belə şeylər nəyisə bölüşdürə bilmədikdə bəzən hətta qardaşlar arasında da olur. Lakin Gürcüstan və Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni xarakter almışdır. Hesab edirəm ki, bu dövr ərzində dostluq münasibətlərimizin möhkəmlənməsi və inkişafı üçün çox işlər görülmüşdür.

Buna baxmayaraq, hər bir belə görüş yeni addımdır, yeni irəliləyişdir, dostluğun möhkəmlənməsi, mövqelərin razılaşdırılması, fikir mübadiləsidir. Axı indi həyat bunu tələb edir. Biz çox mürəkkəb bir zəmanədə yaşayırıq. Gürcüstanda da, Azərbaycanda da daxili və xarici problemlər olduqca çoxdur. Odur ki, fikir mübadiləsi aparmağa, məsləhətləşməyə, bir-birinin rəyini öyrənməyə ehtiyac həmişə var. Buna görə də mən bizim bu imkanımıza şadam.

Bu gün biz çox şeydən danışdıq. Bununla bərabər, mən belə başa düşdüm ki, noyabrın 18-də İstanbulda, ATƏT-in üzvü olan dövlətlərin başçılarının görüşü zamanı Bakı-Tbilisi-Ceyhan neft kəmərinə dair imzalanmış sazişin daha da rəsmiləşdirilməsi prosesinə nöqtə qoymağımız söhbətimizin ən qiymətli hissəsi olmuşdur.

Şübhəsiz ki, indiyədək gördüyümüz bütün işlər bizi indi olduğumuz səviyyəyə qaldırmışdır. Lakin bu, hələ yalnız başlanğıcdır, biz bütün sahələrdə, xüsusən Xəzər dənizinin, habelə digər xəzəryanı regionların enerji ehtiyatlarından istifadə edilməsi kimi sahədə əməkdaşlığımızın böyük yolunun əvvəlindəyik.

Çox böyük məmnunluq hissi ilə demək olar ki, biz uğurlu əməkdaşlığı təmin edə bilmişik. Biz Bakı–Tbilisi–Ceyhan neft kəmərinin reallığa çevrilməsi üçün, bu sazişi İstanbulda təntənəli şəraitdə imzalamağın mümkün olması üçün çox işlər görmüşük.

Bununla belə, məlum oldu ki, hələ həll edilməli məsələlər də qalmışdır. Bütün bu müddətdə biz onlarla məşğul olmuşuq. Həqiqətən, ekspertlərimiz, - istər Gürcüstan tərəfindən, istərsə də Azərbaycan tərəfindən, - çox işləmişlər. Bununla belə, vaxt gedir. Müxtəlif dairələr noyabrda İstanbulda imzaladığımız sazişə müxtəlif cür qiymət verirlər. Məlumdur ki, bu böyük layihənin çoxlu tərəfdarları olduğu kimi, çoxlu əleyhdarları da var.

Biz sizinlə bu layihənin iştirakçılarıyıq və əməkdaşlıq etdiyimiz ölkələrin də, bu baxımdan bizi fəal dəstəkləyən ölkələrin də olması məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, ümumən dünyada elə ölkələr və elə qüvvələr də var ki, onlar bunu istəmirlər. Əgər onlar bunu istəmirlərsə, deməli, müstəqilliyimizin, Cənubi Qafqazda, bütün Qafqazda təhlükəsizliyin möhkəmlənməsini istəmirlər, Gürcüstanla Azərbaycan arasında, təkcə bizim aramızda deyil, həm də Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, Türkiyə və təbii ki, Avropa Birliyi, Qərb ölkələri arasında dostluğu istəmirlər.

Bu gün biz sizinlə həmin məsələ barəsində ətraflı fikir mübadiləsi apardıq. Nə gizlədim, mən buraya gəlməyə hazırlaşarkən ekspertlərimizə indiyədək həll edilməmiş məsələnin qəti şəkildə həlli üçün, kommersiya sazişinin imzalanması prosesini tamamilə başa çatdırmaq, müqavilənin ratifikasiyası və məsələnin əməli həllinə başlamaq üçün yollar tapmağı tapşırdım.

Məlumdur ki, söhbət tranzit tariflərindən gedirdi. Bu tariflər müəyyənləşdirilmişdi. Lakin Gürcüstanın daha böyük tariflərə ehtiyacı vardı. Biz isə bundan ötrü imkanlar tapmalı idik. Odur ki, mən necə olursa-olsun məsələnin həlli yolunu tapmağı tapşırdım. Azərbaycan Dövlət Neft Şirkətindəki mütəxəssislərimiz gəlib dedilər ki, özümüzdən kəsib Gürcüstana güzəştə getməkdən başqa ayrı yol yoxdur, bu halda məsələ həll edilə bilər.

Təbii ki, biz bütün bunları hərtərəfli müzakirə etdik və mən buna razılıq verməyi qərara aldım. Bu gün bunu dostum Eduard Amvrosiyeviçə bildirdim. Düşünürəm ki, bununla da biz müzakirələrə son qoyduq, nöqtə qoyduq. Biz hətta razılığa gəldik ki, aprel ayı ərzində bütün razılaşmalar aparılsın, bütün kommersiya sazişləri imzalansın və aprelin axırlarında – mayın əvvəllərində bu sənədlər ratifikasiya edilmək üçün Gürcüstan, Azərbaycan və Türkiyə parlamentlərinə verilsin.

Yəni, şadam ki, biz məsələnin həlli yolunu tapa bildik. Bu, Azərbaycanın Gürcüstana münasibətini, bizi nə kimi böyük dostluq hissləri birləşdirdiyini, ölkəmizin bu dostluq hisslərini necə yüksək qiymətləndirdiyini, onların möhkəmlənməsinə və inkişafına nə kimi əhəmiyyət verdiyini və nəyin naminə yeni güzəştlərə getdiyini əyani şəkildə əks etdirir. Ona görə də şadam ki, biz bunu etməyə nail olduq. Düşünürəm ki, həmin məsələ bu gün həll etdiyimiz ən mühüm məsələdir.

Əslinə qalsa, bizim indiyədək həll edə bilmədiyimiz məsələlər yoxdur və zənnimcə, gələcəkdə də ola bilməz. Çünki indi Gürcüstanla Azərbaycan arasında münasibətlər səmimilik, mehriban qonşuluq, həqiqi dostluq əsasında qurulur. Bu, xalqlarımızın, dövlətlərimizin hökmüdür, iradəsidir. Bu, Gürcüstan prezidentinin və Azərbaycan prezidentinin iradəsidir.

Mən bütün bu prosesdə, yəni ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı və möhkəmlənməsi prosesində dostum Eduard Amvrosiyeviç Şevardnadzenin rolunu və fəaliyyətini yüksək qiymətləndirirəm. Bunun keçmişdə də çox böyük əhəmiyyəti olmuşdur. Lakin dövlət müstəqilliyi əldə edildikdən sonra bu, son dərəcə mühümdür.

Vacib olan budur ki, biz dövlət müstəqilliyi mövqeyində, həqiqətən, möhkəm dayanmışıq. Demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq, onu möhkəmləndirmək və inkişaf etdirmək, iqtisadiyyatı bazar münasibətləri əsasında inkişaf etdirmək, bütün ölkələrlə, xüsusən də qarşımızda duran sosial-iqtisadi məsələlərin həllində bizə yardım göstərməkdən ötrü Gürcüstana da, Azərbaycana da öz sərmayələrini qoya bilən ölkələrlə münasibətlərimizi möhkəmlətmək və inkişaf etdirmək yolunu tutduğumuz barədə baxışlarımız da indiki halda tamamilə uyğun gəlir.

Qafqazda, Cənubi Qafqazda təhlükəsizlik məsələsi Gürcüstan üçün də, Azərbaycan üçün də çox mühüm məsələdir. Gürcüstanla Azərbaycan arasındakı, Prezident Şevardnadze ilə Prezident Əliyev arasındakı dostluq münasibətləri Azərbaycanda da, Gürcüstanda da sabitliyin qorunub saxlanması, bu sabitliyin möhkəmləndirilməsi və təhlükəsizliyin təmin edilməsi üçün mühüm amildir.

Doğrudur, qarşımızda hələ çox problemlər durur. Bilirsiniz ki, Ermənistanla Azərbaycan arasında münaqişə hələ həll edilməyibdir, Azərbaycan bu münaqişədən çox əzab-əziyyət çəkir - ölkəmizin ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, bir milyondan çox azərbaycanlı öz doğma yerlərindən zorla çıxarılmışdır və ağır şəraitdə, çadırlarda yaşayır. Gürcüstan Abxaziya münaqişəsindən çox əziyyət çəkir, rəqəmlər sizə məndən də yaxşı məlumdur.

Lakin, gördüyünüz kimi, bizim dostluğumuz da möhkəmdir, taleyimiz də çox oxşardır. Ona görə də Qafqazda, Cənubi Qafqazda təhlükəsizliyin tamamilə təmin olunması, - yeri gəlmişkən, biz bu barədə ilk dəfə 1996-cı ilin martında Tbilisidə bəyanat vermişdik, - bütün bu məsələlərin həllini tələb edir.

Bununla yanaşı, biz bu məsələlərin həllini gözləyə bilmərik. Biz Cənubi Qafqazda təhlükəsizliyin və sülhün təmin edilməsi üçün öz mövqelərimizi mümkün qədər möhkəmləndiririk. Burada da Gürcüstanın, həm prezident kimi, həm də dünya miqyasında çox nüfuzlu siyasi xadim kimi Eduard Amvrosiyeviç Şevardnadzenin böyük rolu var.

Ona görə bu görüşümüz də bunların hamısını bir daha təsdiq edir ki, birlikdə həyata keçirməyə başladığımız layihələr gerçəkləşəcək, həm iqtisadi, həm də siyasi əməkdaşlığımızı genişləndirmək üçün qarşımızda hələ çox imkanlar vardır.

Eduard Amvrosiyeviç, dəvətə görə, bugünkü görüşə görə Sizə bir daha təşəkkürümü bildirirəm, bu gözəl imkana görə şadam.