Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çin Xalq Respublikasının Yaradılması Günü şərəfinə Çinin Azərbaycandakı səfirliyinin təşkil etdiyi qəbulda nitqi - "Gülüstan" sarayı, 29 sentyabr 1997-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən Sizi bu böyük bayram-Çin Xalq Respublikasının yaranmasının 48-ci ildönümü münasibətilə təbrik edirəm. Çin xalqına sülh, əmin-amanlıq və səadət arzulayıram.

48 il ərzində Çin xalqı böyük, möhtəsəm yol keçibdir və böyük nailiyyətlər əldə edibdir. Çin Xalq Respublikasının rəhbərləri xalqını firavanlığa, sülhə, xoşbəxtliyə doğru aparmaqdadırlar. Son günlər Çin Xalq Respublikasında ölkənin gələcək proqramının müəyyən edilməsi və ölkədə bundan sonra da ciddi iqtisadi islahatlar keçirərək iqtisadi həyatın daha da sürətlə inkişaf etdilirməsinə, xalqın rifah halının yaxşılaşdırılmasına doğru yönəldilmiş qərarlar qəbul olunması, güman edirəm ki, öz müsbət nəticələrini verəcəkdir.

Biz Çin Xalq Respublikasında gedən prosesləri daim dostcasına, diqqətlə izləyirik və əldə olunan nailiyyətlərə sizin kimi sevinrik. Çünki Çin xalqı öz torpağının sahibidir, öz taleyinin sahibidir, öz ölkəsində həyatını istədiyi kimi qurur. Bu yaxınlarda Çin Xalq Respublikasının ərazi bütövlüyünün təmin olunması sahəsində gördüyü işləri və əldə etdiyi nailiyyətləri də biz qiyniətləndiririk. Mən bu münasibətlə Çin Xalq Respublikasının hökumətini və dövlətini ürəkdən təbrik edirəm. Şübhə yoxdur ki, indiyə qədər iqtisadi islahatlar sahəsində əldə olunan müsbət nəticələr Çin Xalq Respublikasının hökuməti tərəfindən qəbul edilmiş qərarlar əsasında daha da sürətlə inkişaf edəcəkdir. Biz buna şübhə etmirik və gələcək işlərinizə çox maraqla diqqət yetirəcəyik.

Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış dostluq, əməkdaşlıq əlaqələrini də yüksək qiymətləndiririk. Məmnuniyyətlə qeyd edirəm ki, son zamanlar bu əlaqələr daha da canlanır, daha da inkişaf edir. Biz həmişə Çin Xalq Respublikası ilə bütün sahələrdə əməkdaşlıq etmək istəyirik. Əlaqələrimizi həm siyasi, həm iqtisadi, həm də mədəniyyət sahəsində genişləndirmək istəyirik. Ölkələrimiz arasında indiyə qədər yaranmış əlaqələr, hesab edirəm ki, gələcəkdə bu əlaqələri daha da genişləndirmək üçün yaxşı əsas yaradır. Son illər Azərbaycanın nümayəndə heyətlərinin Çin Xalq Respublikasına səfərləri və Çin Xalq Respublikasının hökumət, dövlət nümayəndələrinin Azərbaycana səfərləri və başqa işgüzar əlaqələr ölkələrimiz arasında mövcud olan münasibətləri həqiqətən daha da genişləndirmiş, daha da inkişaf etdirmişdir. Biz bunların hamısını yüksək qiymətləndiririk və öz tərəfimizdən çalışacağıq ki, bundan sonra da bu əlaqələr daha da genişlənsin, inkişaf etsin.

Çin Xalq Respublikası dünyanın böyük dövlətlərindən biridir, böyük iqtisadi potensiala malikdir, dünya siyasətində özünəməxsus yer tutur. Şübhəsiz ki, bunların hamısı dünyanın ictimai-siyasi həyatına təsir edir. Biz bunları Çin Xalq Respublikası ilə əlaqələrimizdə, görəcəyimiz işlərdə həmişə nəzərə alırıq. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin və Azərbaycanın Çindəki səfirliyinin mövcudluğu bu əlaqələrin yüksək səviyyədə olduğunu sübut edir. Biz bundan sonra da bu əlaqələri inkişaf etdirəcəyik.

Mən Çin xalqına səadət arzulayıram. Çin Xalq Respublikasının hökumətinə bu yaxınlarda qəbul edilmiş proqramların müvəffəqiyyətlə həyata keçirilməsini arzulayıram. Sizi bir daha ürəkdən təbrik edirəm, sizə və ölkənizin bütün vətəndaşlarına səadət, xoşbəxtlik arzulayıram. Sağ olun.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya