Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Yelizaveta ilə görüşdəki söhbətindən - London, Bukingem sarayı, 21 iyul 1998-ci il


II Yelizaveta: Cənab prezident Heydər Əliyev, sizi səmimi-qəlbdən, ürəkdən salamlayır, Böyük Britaniyaya rəsmi səfərinizdən məmnunluğumu bildirirəm.

Zati-aliləri, İkinci Dünya müharibəsində qələbənin 50 illiyi münasibətilə 1995-ci ilin mayında Londonda keçirilmiş şənliklərdə sizinlə görüşüm mənim yaxşı xatirimdədir. Mən, həmçinin, qeyd etməliyəm ki, Birləşmiş Krallıq Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərir.

Heydər Əliyev: Hörmətli əlahəzrət kraliça! Sizinlə görüşümüzdən mən də böyük məmnunluq duyuram. Dünyanın ən nüfuzlu dövlətlərindən biri olan Böyük Britaniya ilə bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələrin daha da möhkəmləndirilməsi müstəqil Azərbaycan Respublikası üçün çox əhəmiyyətlidir.

Sizi, hörmətli kraliça, Azərbaycanda çox yaxşı tanıyır və sevirlər. Xalqlarımız arasında əlaqələrin tarixi də qədimdir. Hələ orta əsrlərdə İngiltərə ilə Azərbaycan arasında iqtisadi əlaqələr, xüsusilə ticarət əlaqələri var idi.

II Yelizaveta: Sizin ölkəniz haqqında mənim geniş məlumatım var. Sizin rəhbərliyiniz ilə son illər Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində görülən işlər İngiltərədə maraqla izlənilir.

Böyük Britaniya şirkətlərinin Azərbaycanda geniş fəaliyyət göstərməsi üçün yaradılan şəraitə görə sizə minnətdarlığımı bildirirəm. Ölkələrimizin bütün sahələrdə, xüsusən elm, mədəniyyət, təhsil sahəsindəki əlaqələrinin durmadan inkişaf etdirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıram.

Heydər Əliyev: Bu sahədə hər iki tərəfdən atılan addımlar xüsusi əhəmiyyətə malikdir. Bilirsiniz ki, Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənilməsi üçün imzalanmış tarixi müqavilələrin həyata keçirilməsində Böyük Britaniyanın neft şirkətləri yaxından iştirak edir.

Baş nazir Toni Bleyrlə bugünkü görüşümdən sonra Azərbaycan və Böyük Britaniya şirkətləri arasında bir sıra yeni müqavilələr imzalanacaqdır. Ölkələrimiz arasında iqtisadi sahədə əlaqələr hazırda yüksək səviyyədədir. Hüquqi, demokratik dövlət quruculuğunda və iqtisadi islahatların müvəffəqiyyətlə həyata keçirilməsində böyük uğurlar qazanmış Azərbaycan həm də bir sıra problemlərlə qarşılaşmışdır. Bu problemlərdən biri Ermənistan silahlı qüvvələrinin ölkəmizə 1988-ci ildən bəri davam edən hərbi təcavüzüdür. Təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizindən çoxu işğal olunmuşdur. Bu ərazilərdən qaçqın düşmüş 1 milyondan çox vətəndaşımız hələ də çadırlarda ağır vəziyyətdə yaşayırlar. İşğal edilmiş Azərbaycan ərazilərində yüzlərlə şəhər və kənd dağıdılmış, yandırılmış, evlər, məktəblər, xəstəxanalar talan olunmuş, qədim mədəniyyət abidələri məhv edilmişdir. Hazırda atəşkəsə əməl edilir və qan tökülmür. Lakin bu, sülh demək deyildir.

Bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in bu məqsədlə yaradılmış Minsk qrupu çərçivəsində aparılan danışıqlardan, üç böyük dövlətin - ABŞ-ın, Rusiyanın və Fransanın Minsk qrupuna həmsədrlik etməsindən bəhs edərkən onu vurğulamaq olar ki, münaqişənin həlli üçün həmsədrlərin irəli sürdükləri təkliflər Azərbaycan tərəfindən maraqla qarşılanmış və diqqətlə öyrənilmişdir. ATƏT-in üzvü olan dövlət və hökumət başçılarının 1996-cı ilin dekabrında Lissabonda keçirilmiş zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin siyasi vasitələrlə həlli barədə qəbul olunmuş prinsipləri 53 dövlət, o cümlədən Böyük Britaniya təsdiq etmişdir. Biz bu münaqişənin həmin prinsiplər əsasında tezliklə həll olunmasına tərəfdarıq.

Regionda sülhün, əmin-amanlığın bərqərar edilməsi üçün bu münaqişənin tezliklə aradan qaldırılmasının vacib olduğunu, dünya ictimaiyyətinin, nüfuzlu dövlətlərin bu məsələyə xüsusi diqqət yetirilməsinə ehtiyac duyulduğunu vurğulayıram.

Azərbaycan demokratik inkişaf, bazar münasibətləri yolunu seçmiş, Dünya Birliyi ilə sıx əlaqələr qurmuş, öz qapılarını xarici iş adamlarının üzünə açmış, iqtisadiyyatının dünya iqtisadiyyatı ilə sıx bağlanmasına, Avropa strukturlarında bərabər hüquqlu üzv kimi iştirak etməyə böyük əhəmiyyət verir. Onu da xatırlatmaq istəyirəm ki, hazırda respublikamızda Böyük Britaniyanın 100-dən çox şirkəti fəaliyyət göstərir.

Birləşmiş Krallıq ilə Azərbaycan arasında hələ bu əsrin əvvəllərində sıx əlaqələr olmuşdur. Müstəqil respublikamız Böyük Britaniya kimi nüfuzlu bir dövlətlə müttəfiq olmaqdan, onun simasında özünə yaxın dost tapmaqdan çox məmnundur. Azərbaycan ilə Böyük Britaniya arasında beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı əlaqələr qurulmuşdur. Biz əminik ki, ölkəmizin haqq işinin müdafiə olunmasında İngiltərə səylərini daha da artıracaqdır.

Bildirirəm ki, dünya ölkələri Azərbaycanla qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa böyük maraq göstərirlər. Regionda strateji əhəmiyyətə malik olan respublikamızda Avropa-Qafqaz-Asiya dəhlizinin normal işləməsi sahəsində xeyli müsbət tədbirlər görülmüşdür. TRASEKA proqramı uğurla həyata keçirilir. Transqafqaz nəqliyyat dəhlizi qısa müddət ərzində Azərbaycanı, bütünlükdə Qafqazı, Avropanı birləşdirmişdir.

Dünya xalqlarının iqtisadi, mədəni əlaqələrinin qurulmasında vaxtilə böyük əhəmiyyət daşımış qədim "İpək yolu"nun bərpası üçün Avropa Birliyinin himayəsi ilə TRASEKA proqramı çərçivəsində bu il sentyabrın 7-8-də Bakıda beynəlxalq konfrans keçiriləcəkdir. Biz əminik ki, bu beynəlxalq tədbir iştirakçı dövlətlərin hamısı üçün xüsusi əhəmiyyət daşıyacaqdır.

Azərbaycanda iqtisadi islahatlar, özəlləşdirmə ardıcıl surətdə müvəffəqiyyətlə həyata keçirilmiş, keçmiş sovet məkanında yerləşən ölkələr arasında ilk dəfə Azərbaycanda torpaq şəxsi mülkiyyətə verilmiş, ölkəmizdə siyasi plüralizm, söz azadlığı bərqərar olunmuşdur. Müstəqil respublikamız Qərbin inkişaf etmiş dövlətlərinin bütün sahələrdə təcrübəsinin öyrənilməsinə və tətbiqinə daim böyük əhəmiyyət verir.

İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti kimi mənim bu ölkəyə rəsmi səfərim Azərbaycanla Böyük Britaniya arasında elm, mədəniyyət, təhsil sahəsində əlaqələrin durmadan inkişaf etdirilməsində yeni mərhələ açacaqdır. Respublikamızda fəaliyyət göstərən ingiltərəli iş adamlarının xalqlarımızın mədəni, insani münasibətlərinin daha da möhkəmləndirilməsinə lazımi səylər göstərməsindən razılığımı bildirirəm. (Əlahəzrət kraliçanı 1995-ci ildəki görüşündə Azərbaycana rəsmi səfərə dəvət etdiyini xatırladan respublikamızın rəhbəri dedi ki, xalqımız onu hörmətli qonaq kimi qəbul etməkdən çox məmnun olardı).

Əminəm ki, əlahəzrət kraliçanın ölkəmizə səfəri Azərbaycan xalqı üçün əlamətdar hadisəyə çevrilər. Xalqımız sizi hörmətli qonaq kimi qəbul etməkdən məmnun olar.

II Yelizaveta: Hörmətli cənab prezident, mən bu dəvətə görə minnətdarlığımı bildirir, Azərbaycana həqiqətən böyük maraq göstərdiyimi vurğulayıram.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2005, 16-cı cild, səh.332-336