Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Nazirlər Müşavirəsinin XXIX sessiyasının iştirakçılarına müraciəti - Bakı şəhəri, 6 iyun 2001-ci il


Hörmətli sessiya iştirakçıları!

Sizi - Dəmir Yolları Əməkdaşlıq Təşkilatının ali orqanı olan Nazirlər Müşavirəsinin XXIX sessiyasının iştirakçılarını salamlayıram və Azərbaycana xoş gəlmisiniz deyirəm.

Özündə 27 dövlətin dəmir yollarını birləşdirən bu mötəbər beynəlxalq təşkilatın ən yüksək forumunun Bakı şəhərində ilk dəfə olaraq keçirilməsindən məmnunluq duyuram və bunu təqdirəlayiq hal hesab edirəm.

Bu gün müstəqil Azərbaycan Respublikası geniş beynəlxalq əməkdaşlığa inteqrasiya olunaraq siyasi-iqtisadi əlaqələrin dərinləşməsinə böyük önəm verir. Azərbaycan bütün nüfuzlu beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərir və belə əməkdaşlığın bundan sonra daha sürətlə inkişaf etməsi üçün bütün imkanlar mövcuddur.

1998-ci ildə Bakıda TRASEKA proqramı çərçivəsində tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi və burada qəbul olunmuş qərarlar, şübhəsiz ki, Azərbaycan üçün də geniş perspektivlər açmış, onun nəqliyyat sisteminin modernləşdirilməsini və fəaliyyətinin dünya standartları səviyyəsində yenidən qurulmasını aktuallaşdırmışdır. Ümidvaram ki, yüksək təşkilatdaxili intizam nümayiş etdirən, ən zəruri qərarlar qəbul edən və onların icrasını təmin etməyi bacaran Dəmir Yolları Əməkdaşlıq Təşkilatı bu işdə öz töhfəsini əsirgəməyəcək, üzərinə düşən vəzifələrin tam yerinə yetirilməsinə nail olacaqdır.

Hörmətli sessiya iştirakçıları! Bakıda olduğunuz günlərdə sizə səmərəli və məhsuldar iş, uğurlar, ölkələrinizə sülh, əmin-amanlıq arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti