Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qırğızıstan Prezidenti Əsgər Akayevin Azərbaycana rəsmi səfəri zamanı yüksək səviyyəli Azərbaycan-Qırğızıstan danışıqlarında çıxışı - Prezident Sarayı 23 aprel 1997-ci il


Hörmətli Əsgər Akayev!

Qırğızıstan nümayəndə heyətinin hörmətli üzvləri.

Mən sizi Azərbaycan torpağında səmimiyyətlə salamlayır, sizə "Xoş gəlmişsiniz!" deyir və bildirirəm ki, Qırğızıstan dövlət başçısının ölkəmizə rəsmi səfəri bizim iki dövlətimiz arasında münasibətlərin inkişafında əlamətdar hadisə, mühüm mərhələdir. Mən ötən il "Manas" eposunun 1000 illiyinin bayram edildiyi günlərdə Qırğızıstan torpağında keçirdiyim və mənə dərin təsir bağışlayan görüşləri böyük səmimiyyətlə xatırlayıram.

Azərbaycan və Qırğızıstan müstəqillik əldə etdikdən sonra çoxdankı və sıx iqtisadi, elmi, mədəni əlaqələrin möhkəmlənməsi və inkişafı üçün ölkələrimizin imkanları xeyli artmışdır. Bu müddətdə az iş görülməmişdir, lakin hələ çox iş görülməlidir, bundan ötrü bütün mövcud imkanlardan fəal istifadə etmək lazımdır. Qətiyyətlə bildirirəm ki, öz müstəqilliyi illərində Azərbaycan suveren dövlət kimi formalaşması üçün böyük yol keçmiş, hüquqi, demokratik, sivilizasiyalı dövlət quruculuğu yolunu qətiyyətlə tutaraq böyük çətinlikləri aradan qaldırmış və aradan qaldırmaqda davam edir.

Mən müstəqillik yolunda inamla irəliləyən Azərbaycanla Qırğızıstanın MDB-də, bütün beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığını böyük məmnunluq hissi ilə qeyd edərək deyirəm ki, indiki görüş ölkələrimiz arasında münasibətləri fəallaşdırmağa və bu münasibətlərin səmərəliliyini yüksəltməyə dair bir çox məsələlər barəsində ətraflı fikir mübadiləsi aparmağa imkan verir.

Mən Qırğızıstan rəhbəri cənab Əsgər Akayevə mənim dəvətimi qəbul edib Azərbaycana rəsmi dövlət səfərinə gəldiyinə görə təşəkkürümü bildirir və əmin olduğumu söyləyirəm ki, bu səfər Azərbaycana da, Qırğızıstana da böyük fayda gətirəcəkdir. Azərbaycan xalqı, respublikamız haqqında səmimi və dostcasına sözlər üçün, Azərbaycan-Qırğızıstan münasibətləri barədə verdiyi ətraflı məlumata görə, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın və dostluq əlaqələrinin bundan sonra da genişləndirilməsinə dair söylədıyi mühüm fikirlərə görə Qırğızıstan prezidentinə təşəkkür edirəm. Eyni zamanda baxışların və mövqelərin bütünlüklə üst-üstə düşməsindən razı qaldığımı bildirərək deyirəm ki, bu, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin gələcək inkişafı üçün yaxşı əsas və etibarlı təminatdır. Mən dost və qardaş Qırğızıstanın hörmətli başçısını əmin edirəm ki, Azərbaycan bundan sonra da bütün sahələrdə Qırğızıstan üçün çox etibarlı tərəfdaş olacaq, qarşılıqlı surətdə faydalı əməkdaşlığı inkişaf etdirməkdən ötrü bütün imkanlardan istifadə edəcəkdir. Bununla əlaqədar mən Qırğızıstan rəhbərinin belə bir fikri ilə tam razıyam ki, onun Azərbaycana səfərinin tarixi əhəmiyyəti var, çünki bu səfər ölkələrimiz arasında əlaqələri indən belə də möhkəmləndirməyin və inkişaf etdirməyin daha sanballı bünövrəsini qoyur. Bildirmək istəyirəm ki, Azərbaycan və Qırğızıstan arasında imzalanmaq üçün hazırlanmış başlıca sənəd dostluq və əməkdaşlıq haqqında müqavilədir, digər sənədlər də mühümdür və əməkdaşlığımızın inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün yaxşı normativ - hüquqi əsas yaradırlar.

Bir daha qeyd edirəm ki, Qırğızıstanın müstəqillik qazandıqdan sonra bu yolla inamla və ardıcıl surətdə getməsini Azərbaycan yüksək qiymətləndirir. Dövlətlərimizin xalqlarının başlıca vəzifəsi onların qazandıqları müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək, ölkələrimizi Dünya Birliyinin tam hüquqlu üzvlərinə çevirməkdir ki, dövlət müstəqilliyi dövlətlərimiz üçün dönməz hadisəyə çevrilsin, onlar əcdadlarımızın arzularını həyata keçirə bilsinlər.

Müstəqillik illəri Azərbaycan üçün çox mürəkkəb və çətin olubdur. Ermənistanın təcavüzü, 1990-cı ilin yanvarındakı faciəli hadisələr Azərbaycanın həyatına və ictimai mühitinə, xalqımızın psixoloji vəziyyətinə ağır təsir göstərmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın torpaqlarının iyirmi faizdən çoxu işğal olunub, bir milyondan çox vətəndaşımız işğal olunmuş torpaqlardan qaçqın düşüb və indi ağır şəraitdə çadırlarda yaşayır. İşğal olunmuş ərazilərdə sənaye və kənd təsərrüfatı müəssisələrimiz, sosial obyektlərimiz və mədəniyyət abidələrimiz, taxıl zəmilərimiz, pambıq plantasiyalarımız, üzüm bağlarımız işğalçılar tərəfindən yandırılmış, viran edilmişdir. Böyük itkilərə və qurbanlara baxmayaraq ölkəmiz məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır. Üç ildir ki, atəşkəs haqqında sazişə əməl olunur, Azərbaycan bunu Ermənistan - Azərbaycan münaqişəsinin bütün tarixi ərzində mühüm nailiyyət sayır və ona tam sülhə nail olmaq üçün imkan kimi baxır. Münaqişənin sülh yolu ilə aradan qaldırılması sahəsində Azərbaycanın gördüyü işlər artıq ciddi bəhrələr verməkdədir. Lissabon Zirvə görüşünün yekunları və həmin toplantıda münaqişənin aradan qaldırılmasına dair qəbul edilmiş universal prinsiplər, gələcəkdə bütün danışıqların əsasını təşkil etməli olan prinsiplər bu deyilənlərə inandırıcı sübutdur. Lissabonda qəbul edilmiş sənədi dəstəklədiyinə, habelə bu prinsiplərin məsələnin həlli üçün yeganə məqbul prinsiplər olduğunu indi də təsdiqlədiyinə görə prezident Əsgər Akayevə təşəkkürümü bildirirəm. Ümidvaram ki, bu prinsiplərin həyata keçirilməsində ATƏT, MDB çərçivələrində Azərbaycan indən belə də Qırğızıstan tərəfindən dəstəklənəcəkdir. Biz ölkəmizin ərazi bütövlüyünün təmin olunması, qaçqınların doğma yurdlarına qayıtması şərtilə, Dağlıq Qarabağ üçün nəzərdə tutulanlar da gözlənilməklə Ermənistan ilə Azərbaycan arasında sülhə tərəfdarıq, dünyanın bir çox ölkələri, o cümlədən Mərkəzi Asiya ölkələri üçün də böyük əhəmiyyəti olan Qafqazda sülh yaranmasına tərəfdarıq. Azərbaycan Qafqazda sülh haqqında Tbilisidə imzalanmış namənin həyata keçirilməsinə çalışacaqdır, öz qonşuları - Gürcüstan, Rusiya, İran,Türkiyə ilə, habelə tarixən bağlı olduğu Mərkəzi Asiya ölkələri ilə tam dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq, əlaqələri inkişaf etdirmək və möhkəmləndirmək niyyətindədir. Bunun üçün ən mühüm vasitə isə sülhdür.

Mən Bakıda 1990-cı ilin faciəli Yanvar hadisələri ilə əlaqədər Qırğızıstan başçısının ifadə etdiyi səmimi hisslərə görə təşəkkürümü bildirirəm. Hörmətli prezident Əsgər Akayevir tamamilə haqlı olaraq qeyd etdiyi kimi, müharibədən sonrakı dövrdə Sovet İttifaqının heç bir xalqı SSRİ-nin mərkəzi hakimiyyət orqanları tərəfindən bu cür təcavüzə məruz qalmamışdır. Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaqdır. Bu faciə xalqımızın milli azadlıq, dövlət müstəqilliyi mövqelərində nə dərəcədə möhkəm dayandığını, xalqımızın nə dərəcədə azadlıqsevər olduğunu göstərdi. Yeri gəlmişkən, mən həm bu yaxınlarda respublikada baş vermiş və ölkəmizdə vəziyyəti mürəkkəbləşdirmiş hadisələr üzərində qısaca dayanmaq istərdim. Müstəqilliyimizin ilk illərində hakimiyyət üç dəfə dəyişmişdi, müxtəlif qanunsuz silahlı dəstələr fəaliyyət göstərirdi, dövlət çevrilişi etməyə, terror əməlləri törətməyə cəhdlər edilirdi. Mən 1993-cü ilin iyununda Azərbaycan rəhbərliyinə gəldikdən sonar respublikada ictimai-siyasi vəziyyəti sabitləşdirmək üçün çox iş görülüb, 1994-cü ilin oktyabrı və 1995-ci ilin martında iki böyük dövlət çevrilişinin qarşısı alınıb. İndi bütün bunlara son qoyulmuş, xalq sıx birləşmişdir, ictimai-siyasi sabitlik yaradılmışdır, Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolu ilə qətiyyətlə gedir. Bütün bunlar əlbəttə Azərbaycanda yeridilən və xalq tərəfindən dəstəklənən siyasət sayəsində əldə olunmuşdur. Mən respublikada aparılan və artıq öz müsbət nəticələrini verən islahatlardan, xüsusən aqrar sektorda, maliyyə sahəsində və bütövlükdə iqtisadiyyatda həyata keçirilən islahatların əhəmiyyətindən danışarkən bildirmək istəyirəm ki, bu islahatlar nəticəsində artıq iqtisadiyyatda durğunluğa son qoyulmuş və hətta istehsalda artım əmələ gəlmiş, yığılan vergilərin məbləği çoxalmışdır. Bir daha qeyd edirəm ki, Azərbaycan ölduqca böyük sənaye potensialına malikdir. Düzdür, hələlik bir çox sahələr ağır vəziyyətdədir, lakin ümid var ki, özəlləşdirmə və islahatlar sənayedə vəziyyəti yaxşılaşdırmağa imkan verəcəkdir.

Mən xarici sərmayələrin cəlb olunmasına yönəldilmiş siyasətin də öz bəhrələrini verdiyini vurğulamaq, imzalanmış neft müqavilələrindən, onların həyata keçirilməsi üçün, Azərbaycan neftinin dünya bazarına nəqli üçün görülən işlərin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Transqafqaz magistralı haqqında dördtərəfli saziş imzalanmasını böyük iqtisadi və sosial hadisə adlandıraraq prezident Əsgər Akayevin belə bir məlumatını minnətdarlıqla qəbul edirəm ki, Qırğızıstan da bu nəqliyyat dəhlizinə qoşulur və dəhliz ölkələrimizi daha da yaxınlaşdıracaq, onların bütün sahələrdə əlaqələrini canlandıracaqdır. Bunda isə Azərbaycanın marağı var. Böyük rəğbət hissi ilə bildirirəm ki, Qırğızıstan fusunkar məmləkətdir, Azərbaycana qardaş, dost olan gözəl bir xalqın yaşadığı respublikadır. Elə bunun özü də göstərir ki, bu ölkə ilə dostluq etmək, onunla münasibətləri möhkəmlətmək və genişləndirmək lazımdır.

Mən imzalanmağa hazırlanmış sənədləri yüksək qiymətləndirərək, bunun ölkələrimiz arasında münasibətləri daha da genişləndirmək üçün böyük addım olduğunu hesab edərək nəzərə çarpdırmağı özümə borc bilirəm ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliklərə, başlıcası isə Qırğızıstan xalqı ilə, Qırğızıstan dövləti ilə dostluğa və əməkdaşlığa sadiq qalacaqdır.