Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Hyüstonun meri Robert Lanyer ilə görüşdə söhbətindən. Hyüston, Merin iqamətgahı, 1 avqust 1997-ci il


Hörmətli cənab Robert Lanyer!

İlk öncə Amerikanın başqa yerlərində olduğu kimi, Hyüstonda da mənə göstərilən səmimi qonaqpərvərlikdən məmnunluq duyduğumu bildirmək istəyirəm.

Sizin də qeyd etdiyiniz kimi, Vaşinqtonda və Hyüstonda çıxan qəzetlərin birinci səhifələrində avqustun 1-də mənim Vaşinqtonda keçirdiyim görüşlərə həsr olunmuş məqalələr dərc edilməsindən məmnun olduğumu bildirərək cənab Bill Klintonla görüşlərimizi yüksək qiymətləndirirəm.

Sizin "Bill Klinton necə həmsöhbətdir?" sualınıza cavab olaraq deyirəm: Onunla 1994-cü ildən bəri görüşürəm. Bir neçə görüşlərimiz olub, amma Ağ evdə birinci dəfə görüşürdük. İndiyə qədər olan görüşlər və danışıqlar nəticəsində mən belə qərara gəlmişəm ki, prezident Klinton çox istedadlı, nadir xüsusiyyətlərə malik adamdır. İnsanlarla çox tezliklə sadə münasibət yarada bilir və danışıqlar üçün çox yaxşı şərait yaradır. Mənim ona çox böyük hörmətim var. İyulun əvvəlində biz onunla Madriddə görüşdük. Çox səmimi, mehriban, çox istiqanlı insandır. Hesab edirəm ki, sizin çox dəyərli prezidentiniz var.

Sizin, prezident Klintonun azad ticarəti dəstəklədiyi, Azərbaycanın strateji cəhətdən çox mühüm bir ölkə olduğu və enerji ehtiyatları potensialına görə İran körfəzində olan yataqlarla rəqabətə girə biləcəyi, Azərbaycanla Texas ştatı, o cümlədən Hyüston şəhəri arasında həm indi, həm də gələcəkdə uzun müddət davam edəcək çox səmərəli münasibətlər qurulduğu barədə söylədiyiniz fikirlərlə tamamilə razıyam.

Prezident cənab Bill Klinton sərbəst ticarətin, iqtisadiyyatın tərəfdarıdır və mən hiss edirəm ki, həm Amerika Birləşmiş Ştatlarında, həm də ölkələrarası siyasətində bunun inkişafı üçün çox düzgün siyasət aparır. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında yaranmış əlaqələr çox yaxşıdır və bunun böyük, geniş gələcəyi var. Bunun da əsasını Azərbaycanın neft-qaz yataqları və bu yataqların işlənməsində ABŞ şirkətləri ilə müştərək iş görülməsi təşkil edir.

Sizin şəhəriniz Hyüston Amerika Birləşmiş Ştatlarının neft mərkəzidir. Azərbaycan, Bakı isə keçmiş Sovetlər İttifaqının, indi isə ümumiyyətlə, bizi əhatə edən ölkələr arasında neft mərkəzi hesab olunur. Azərbaycanda neft istehsalına 150-200 il öncə başlanıbdır. Ancaq bu gün də Azərbaycanın enerji ehtiyatları çox zəngindir. Təkcə Azərbaycanda deyil, bütün Xəzər dənizi hövzəsində çox zəngin neft-qaz yataqları var.

Xəzər dənizində neft-qaz yataqlarını ilk dəfə kəşf edən Azərbaycan alimləri, neftçiləridir. Onlar əlli il öncə bu yataqları istismar etməyə başlamışlar. Azərbaycandakı neft yataqlarının böyük potensial imkanları olduğu barədə sizin fikirləriniz həqiqətə uyğundur. Azərbaycan, Xəzər dənizi zəngin neft yataqları olan dünyanın bir çox ölkələri ilə, regionlarla rəqabət apara bilər.

Hesab edirəm ki, Amerika Birləşmiş Ştatları ilə yaratdığımız əməkdaşlıq bizim neft və qaz ehtiyatlarımızdan səmərəli istifadə olunması üçün yaxşı imkanlar açacaqdır. ABŞ-ın böyük neft şirkətlərinin çoxu Azərbaycanda bizimlə müştərək iş görməkdədir.

Biz dünən Ağ evdə Amerikanın "Şevron", "Mobil", "Eksson", "AMOKO" şirkətləri ilə çox mühüm müqavilələr imzaladıq. Bunlar Azərbaycandakı dörd zəngin neft yatağına aid olan müqavilələrdir və onların çox böyük gələcəyi vardır.

Cənab Lanyer, səmimi qonaqpərvərlik nümunəsi göstərərək Hyüston şəhərinin rəmzi açarını Azərbaycan prezidentinə hörmətin əlaməti və ifadəsi kimi mənə təqdim etdiyinizə görə təşəkkür edirəm və deyirəm ki, gözəl açardır. Çox yaxşı bir simvoldur.

Mən artıq qeyd etdim, Amerika Birləşmiş Ştatları ilə əlaqələrimiz çox yaxşıdır. Dünən imzaladığımız sənədlər bu əlaqələrin daha da genişlənməsinə, tərəfdaşlıq əlaqələrinə çevrilməsinə imkan verir. Ölkələrimizin bu əlaqələrində neft şirkətləri ilə əməkdaşlığımız xüsusi yer tutur. Amerika şirkətlərinin böyük əksəriyyətinin Hyüstonda yerləşdiyini nəzərə çarpdıraraq deyirəm: Azərbaycan-Amerika əlaqələrinin inkişaf etdirilməsində sizin xüsusi rolunuz vardır. Ona görə də mən Nyu-Yorkdan, Vaşinqtondan sonra Hyüstona gəlmişəm.

Cənab Lanyer, Siz bildirdiniz ki, ABŞ-ın energetika nazirinin keçmiş müavini Bill Uaytın dediyinə görə, dərəcələrlə götürülsə, Bakıda intellektual səviyyə 80 dərəcə, yəni orta səviyyədən 25-30 faiz yuxarıdır. Bu fikri minnətdarlıqla qəbul edərək deyirəm ki, cənab Bill Uayt bunu şişirtmir. O mənim dostumdur və tərifli sözlər demir. Əgər bunu deyibsə, deməli, burada bir zərrə də şişirtmə yoxdur. Cənab Bill Uayt Bakıda bir neçə dəfə olubdur. Yenə deyirəm, o mənim çox yaxın dostumdur, ölkələrimizin əlaqələrinin daha da möhkəmləndirilməsində böyük xidmətlər göstəribdir. Bill Uayt 1994-cü ilin sentyabrında Azərbaycanda imzalanmış "Əsrin müqaviləsi"ndə iştirak edib və həmin müqaviləyə imza atıbdır. Bu müqavilələrin imzalanması bizim əlaqələrimizdə tarixi bir mərhələ idi.

Xatırlatmaq yerinə düşər ki, hələ Sovetlər İttifaqının hakimiyyəti dövründə, Azərbaycan müstəqil dövlət olmadığı zaman mən Azərbaycanın rəhbəri idim. O vaxt biz Hyüston ilə Bakı arasında əlaqə yaratdıq və bu şəhərlər qardaşlaşmış şəhərlərdir.

Cənab Lanyer, mənim əvvəlki fəaliyyətim barədə verdiyiniz suala cavab olaraq deyirəm: Mən Azərbaycana 14 il rəhbərlik etmişəm, sonra 5 il Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşam. Daha sonra istefaya getmişəm, bir müddət işsiz olmuşam. Azərbaycandakı kiçik muxtar respublika olan Naxçıvana 3 il rəhbərlik etmişəm. 4 ildir ki, Azərbaycanın prezidentiyəm. Mənim indiki vəzifəm və apardığım işlər indiyədək gördüyüm işlərin hamısından üstündür. Mənim xalqım öz milli azadlığını, müstəqilliyini əldə edəndən sonra Azərbaycan müstəqil dövlətdir. Mən məhz bu müstəqil Azərbaycan dövlətinin prezidentiyəm. Bu, mənim həyatımın ən görkəmli mərhələsidir.

Cənab Lanyer, görüşümüzdən xatirə olaraq sizə Azərbaycan xalçası bağışlamaq və Azərbaycana aid kitablar təqdim etmək istəyirəm.

"Azərbaycan" qəzeti, 3 avqust 1997-ci il