Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xarici Siyasət və Beynəlxalq Əlaqələr Cəmiyyətinin üzvləri ilə görüşündə nitqi - 4 iyul 2000-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizin hamınızı səmimi-qəlbdən salamlayıram və Avstriyada, Vyanada olduğum zaman sizinlə, Xarici Siyasət və Beynəlxalq Əlaqələr Cəmiyyətinin üzvləri ilə görüşməyi özüm üçün çox mühüm bir hadisə hesab edirəm. Təşəkkür edirəm ki, siz mənimlə görüşməyə maraq göstərmisiniz və bu gün buraya toplaşmısınız. Təbiidir ki, bu, sizin Azərbaycana olan marağınızla əlaqədardır.

Cənab səfir, indi burada söylədiyiniz nitqə görə mən sizə təşəkkür edirəm. Siz Azərbaycan haqqında ətraflı məlumat verdiniz. Ona görə də mənim deyəcəyim sözlərin bir qismini siz dediniz. Ancaq deməyə mən də söz taparam. Hələ ki, deyiləsi sözlər çoxdur. Azərbaycan haqqında çox düzgün məlumat verdiyinizə görə və mənim tərcümeyi-halım barədə verdiyiniz məlumatlara görə sizə təşəkkür edirəm.

Hörmətli xanımlar və cənablar!

Bilirsiniz ki, mən Avstriya prezidentinin dəvəti ilə rəsmi səfərə gəlmişəm. Bu gün səhərdən görüşlər keçirirəm. Cənab prezident ilə çox faydalı görüşlərimiz, danışıqlarımız olub. Xarici işlər naziri ilə görüşlərim olubdur. Parlamentin sədri ilə görüşüm, yaxşı danışıqlarımız olubdur. Vyananın meriyasında olmuşam. Federal kansler ilə də görüşüb danışıqlar aparmışam. İndi isə sizin hüzurunuza gəlmişəm. Mən Vyanada birinici dəfəyəm, Avstriyaya birinci dəfədir gəlmişəm. Ona görə bu qısa zamanda məndə çox böyük təəssüratlar vardır. Əlbəttə, tarixdən Avstriyanın keçmişi haqqında, mədəniyyəti haqqında çox oxumuşam. Ancaq gördüklərim məni heyran edir. Yəni "gördüklərim" deyəndə, Vyana şəhərinin gözəl memarlıq abidələrini, gözəl sarayları və o saraylarda olan gözəl rəsm əsərlərini deyirəm. Ancaq bu, Vyananın və Avstriyanın keçmişidir. Vyananın, Avstriyanın bu günü isə keçmişindən də yaxşıdır. Çünki Avstriya Avropada inkişaf etmiş dövlətlərdən biridir və çox böyük nailiyyətlər əldə edibdir. Ona görə də mən sizin hamınızı - Avstriyanın vətəndaşlarını, Vyana sakinlərini bu nailiyyətlərə görə təbrik edirəm.

Əlbəttə ki, Azərbaycan haqqında qısa müddətdə sizə lazım olan məlumatı vermək çətindir. Mən ancaq bir neçə məqama toxunacağam.

Azərbaycan XIX əsrin əvvəlində İran ilə Rusiya arasında gedən müharibə nəticəsində iki yerə parçalanıbdır: Azərbaycanın şimal hissəsi, indi bizim yaşadığımız Azərbaycan Rusiya imperiyasının tabeliyinə keçibdir, cənub hissəsi - indi İranda olan hissəsi isə İran imperiyasının əlinə keçibdir. Beləliklə, Azərbaycan parçalanıbdır.

Burada deyildiyi kimi, XX əsrin əvvəlində Rusiya imperiyası dağılandan sonra 1918-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini elan edib, xalq cümhuriyyəti yaranıbdır. Ancaq bu cümhuriyyət, bu dövlət, bu hökumət çox yaşaya bilməyibdir. 23 aydan sonra Rusiyanın mərkəzində Sovet hakimiyyəti, bolşeviklər hakimiyyəti özlərini möhkəmləndirəndən sonra Qafqaza doğru irəliləyib və Azərbaycan 1920-ci ilin aprel ayının sonunda öz müstəqilliyini itirib və o vaxtdan Sovetlər İttifaqının tərkibində bir müttəfiq respublika olubdur. 1991-ci ilin sonunda Sovetlər İttifaqı dağılan zaman Azərbaycan da öz müstəqilliyini əldə edibdir. Doqquz ildir ki, biz müstəqil dövlətik və dünya birliyində özümüzə məxsus olan yeri tuta bilmişik.

Ancaq Azərbaycan hələ Sovetlər İttifaqının tərkibində olduğu zaman bir çox çətinliklərlə rastlaşıbdır. Çünki Azərbaycanla qonşu olan Ermənistan, - bilirsiniz ki, Sovetlər İttifaqının tərkibində 15 müttəfiq respublika var idi. Bu respublikalardan üçü, yəni Azərbaycan, Gürcüstan və Ermənistan Cənubi Qafqazdadır. Biz bir-birimizlə qonşuyuq, - Azərbaycanın qədim və əzəli torpağı olan Dağlıq Qarabağ vilayətini əlinə keçirmək üçün hələ 1988-ci ildə, Sovet hakimiyyəti dövründə münaqişəyə başlayıbdır. Bu münaqişə əvvəlcə ayrı-ayrı qrupların silahlı münaqişələri şəklində olubdur.

Bu münaqişə Dağlıq Qarabağı ələ keçirmək üçün Ermənistan tərəfindən başlanıbdır. Gördüyünüz xəritədə Dağlıq Qarabağ qırmızı rənglə rənglənmiş ərazidir. Sovet hakimiyyəti qurulandan sonra Dağlıq Qarabağ 1923-cü ildə Azərbaycanda muxtar vilayət statusu almışdır. O vaxtdan da muxtar vilayət kimi Azərbaycanın tərkibində idi. Dağlıq Qarabağın tarixi və Azərbaycanın tarixi onu göstərir ki, Dağlıq Qarabağ torpağı heç vaxt Ermənistana məxsus olmamışdır. Ancaq o vaxt - 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət statusu verilən zaman Dağlıq Qarabağda yaşayan ermənilər azərbaycanlılara nisbətən çoxluq təşkil edirdilər. Ona görə də bu muxtariyyət statusu verilmişdir. Son 70 ildə də vəziyyət belə olmuşdur. Yəni Dağlıq Qarabağda münaqişə başlanan zaman cəmi 170 min əhali yaşayıbdır. Onun 70 faizi ermənilər, 30 faizi isə azərbaycanlılar olublar. Ermənistan belə hesab edir ki, "Dağlıq Qarabağ Ermənistan torpağıdır, ona görə də bunu Ermənistana bağlamaq lazımdır".

Siz xəritədən görürsünüz ki, bu qırmızı rənglə rənglənmiş ərazi Azərbaycanın mərkəzində yerləşir. Onu Ermənistana aid etmək olmaz və təbiidir ki, Ermənistana bağlamaq da olmaz.

Bu münaqişə başlananda Sovetlər İttifaqı güclü bir dövlət idi və təbiidir ki, öz ölkəsinin daxilində olan münaqişələri aradan qaldırmağa qadir idi. Ancaq təəssüflər olsun ki, 1988-ci ildə Sovetlər İttifaqının rəhbərliyi, hökuməti və şəxsən Mixail Qorbaçov bu məsələdə düzgün mövqe tutmadılar.

Yəni bu münaqişənin qarşısını almaq əvəzinə, - təbiidir ki, lazımi tədbirlər görülməli idi ki, bu münaqişə müharibəyə çevrilməsin, silahlı vuruşmaya çevrilməsin, - çox naməlum mövqe tutmuş, bəzən neytral olmuş, bəzən Ermənistanı müdafiə etmiş, bəzən də istəmişdir ki, Ermənistanla Azərbaycan özləri bir-biri ilə danışsınlar.

Belə bir şəraitdə Ermənistan parlamenti hələ 1988-ci ildə qərar qəbul edib ki, Dağlıq Qarabağ Ermənistana bağlansın. Əlbəttə ki, parlamentin bu qərarı o vaxtkı Sovet İttifaqının Konstitusiyasına, qanunlarına zidd olan bir qərar idi. Bunların qarşısı alınsaydı, o qədər qan da tökülməzdi, müharibə də olmazdı. Təəssüf ki, bunların qarşısı alınmayıbdır. Beləliklə bu, kiçik münaqişədən böyük bir müharibəyə çevrilibdir.

1990-cı ildə Ermənistan silahlı qüvvələrinin yardımı ilə Dağlıq Qarabağın ərazisi tamamilə işğal olunubdur. Orada yaşayan azərbaycanlıların hamısı Dağlıq Qarabağ ərazisindən çıxarılıbdır və Dağlıq Qarabağ Azərbaycan dövlətinin tabeliyindən tamamilə çıxıbdır. Ondan sonra isə müharibə gedibdir, vuruşmalar gedibdir, həm o tərəfdən, həm bu tərəfdən itkilər olubdur və nəhayət, 1991-ci ildə Sovetlər İttifaqı dağılan zaman həm Ermənistan, həm Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra bu müharibə daha da qızışıb və açıq-açığına artıq təkcə Dağlıq Qarabağ problemi yox, Ermənistanla Azərbaycan arasında münaqişəyə, müharibəyə çevrilibdir.

Sonrakı dövrdə bəzi səbəblərdən, - o səbəblər də ondan ibarətdir ki, təəssüf ki, Azərbaycan dövlət müstəqilliyi əldə edən zaman ikinci bir böyük problemlə rastlaşmışdı. O da Azərbaycanın daxilində ictimai-siyasi sabitliyin olmaması idi.

O vaxt Azərbaycanda bəzi qüvvələr, silahlı dəstələr gedib Ermənistan silahlı qüvvələrindən Azərbaycan torpaqlarını qoruyaraq daha da silahlanmışdılar və ondan sonra bəzi qüvvələr- həm siyasi qüvvələr, həm də ayrı-ayrı silahlı qüvvələr Azərbaycanda hakimiyyət mübarizəsinə cəhd göstərmişdilər. Bu hakimiyyət mübarizəsi Azərbaycanın daxilində sabitliyi pozmuşdu.

Azərbaycanda 1990-cı ildə, hələ Sovet İttifaqı zamanı bir dəfə hakimiyyət dəyişilmiş, 1992-ci ildə yenə hakimiyyət dəyişilmiş və 1993-cü ilin iyun ayında, yeddi il bundan öncə bir tərəfdən Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyi halda, Azərbaycanın daxilində vətəndaş müharibəsi başlamışdı, - bütün bu səbəblərdən də təbiidir ki, Ermənistan silahlı qüvvələri çox məharətlə istifadə ediblər və Dağlıq Qarabağın ərazisindən çıxıb, onun ətrafında olan rayonları, - orada sırf azərbaycanlılar yaşayıbdır və onların Dağlıq Qarabağ vilayəti ilə heç bir əlaqəsi, münasibəti yoxdur, - o rayonları, əraziləri işğal etməyə başlayıblar.

Bu dövrdə Azərbaycanın tarixində bir faciəli səhifə də var. O, 1990-cı ildəki yanvar hadisələridir. Bu barədə bəlkə də sizin məlumatınız var, ancaq bu, çox dəhşətli bir hadisədir. Bu da ondan ibarətdir ki, 1988-ci ildə, 1989-cu ildə Sovet hökuməti, onun rəhbərliyi Ermənistan-Azərbaycan münaqişəsində ədalətli mövqe tutmadığına görə, Azərbaycana qarşı ədalətsizlik etdiyinə görə və bunların nəticəsində Dağlıq Qarabağ və onun ətrafında olan bəzi bölgələr Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna görə Azərbaycanda xalq, kütlə kommunist rejiminin əleyhinə, Sovet hökumətinin əleyhinə qalxmış, insanlar meydanlara, küçələrə toplaşmışdılar. İnsanlar Sovet hökumətinə - həm mərkəzdə, Moskvada, həm də Azərbaycandakı hakimiyyətə öz etirazını bildirmiş və onların istefalarını tələb etmişdilər. Belə bir vəziyyətdə Sovet hökuməti, partiyanın Siyasi Bürosu və onun başçısı olan Qorbaçov yenə də böyük bir cinayət etmişdir. O cinayət də ondan ibarətdir ki, Azərbaycanda xalq kütlələrinin qarşısını almaq üçün bir gecənin içərisində Bakıya böyük qoşun hissələri yeridilmişdir.

Onu da sizə deyim ki, - burada deyildi, mənim tərcümeyi-halımı bilirsiniz, - Kommunist Partiyasının birinci katibi kimi mən Azərbaycana 14 il rəhbərlik etmişəm. Mənə yaxşı məlumdur ki, Azərbaycanın ərazisində sovet ordusunun böyük hərbi hissələri yerləşirdi. Bunlara baxmayaraq, Sovet hökuməti, Siyasi Büro, Qorbaçov Rusiyanın başqa vilayətlərindən böyük hərbi hissələri gətirib Bakıya yeridiblər. Görün bu əməliyyat onlar üçün nə qədər vacib olubdur ki, ölkənin müdafiə naziri marşal Yazov, daxili işlər naziri Bakatin, dövlət təhlükəsizliyi nazirinin birinci müavini bir çox başqa generallar bu ordu hissələri ilə birlikdə gecə, xəbər vermədən Bakıya daxil olublar, Bakının küçələrində atəşlər açılıbdır, dinc əhali öldürülübdür. Belə hallar olub ki, məsələn, öz evində heç bir şeydən xəbəri olmayan, öz mənzilində olan adam atılan güllədən - güllə pəncərədən keçib gəlib - öz evində ölübdür. O gecə 135 adam həlak olubdur, 700 nəfərə qədər adam yaralanıbdır. Bunlar da hamısı dinc adamlar, heç bir pis iş etməyən, sadəcə, bu vaxt küçələrdə olan adamlardır.

Bu, böyük cinayət, təbiidir ki, Azərbaycanda Sovet hakimiyyətinə qarşı, kommunist rejiminə qarşı daha çox, böyük narazılıq yaradıbdır. O vaxt Azərbaycanın Kommunist Partiyasının başçısı Rusiyanın, Sovet İttifaqının hərbi təyyarələri vasitəsilə Moskvaya qaçırılıbdır. Çünki xalq artıq ona qarşı çox qəzəbli idi. Beləliklə, 1990-cı ilin yanvar ayında hakimiyyət dəyişilmişdir.

Ancaq Azərbaycanda bu daxili vəziyyət sabitləşməmişdi. Bunun səbəbi, yenə də deyirəm, bir tərəfdən Azərbaycana qarşı göstərilən ədalətsizlik, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin bir qismini işğal etməsi, ikinci tərəfdən isə Azərbaycanın daxilində ayrı-ayrı qüvvələrin bu qarmaqarışıqlıqdan istifadə edərək hakimiyyət mübarizəsi aparması idi. Nəticədə 1992-ci ilin fevral ayında Azərbaycanda hakimiyyət yenidən dəyişilmişdir.

Yəni o vaxt Azərbaycanda Kommunist Partiyasının başçısı olan və Sovetlər İttifaqı dağılanda prezident elan edilən adam və başqaları yenə də işdən kənarlaşdırılmış, Moskvaya qaçmışdılar.

Azərbaycanda üç-dörd ay hakimiyyətsizlik olmuşdur. Sonra 1992-ci ilin iyun ayında seçkilər keçirilmiş və xalq kütlələrinin içərisindən çıxmış xalq cəbhəsinin nümayəndələri bu seçkilərdə qalib gəlmiş, prezident seçmişlər. Ancaq bunların arasında yenə birlik olmamış, yenə daxili hakimiyyət mübarizəsi aparılmış və bunlardan da istifadə edərək Ermənistan silahlı qüvvələri daha da irəliləmişlər. Nəticədə 1993-cü ilin iyun ayında Azərbaycanın daxilində vətəndaş müharibəsi başlanmışdır. Bu şəraitdən istifadə edən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini daha da çox işğal etməyə nail olmuşlar. Bunun nəticəsində Dağlıq Qarabağın ətrafında olan, o xəritədə yaşıl rənglə rənglənmiş ərazilər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bu ərazilər hamısı birlikdə Azərbaycan ərazisinin 20 faizini təşkil edir, həmin bu ərazidən bir milyondan artıq azərbaycanlı zorla çıxarılmış, bu müharibə davam etmişdir.

1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlandığı zaman xalq məni Bakıya dəvət etmişdir. Mənim tərcümeyi-halımı burada dedilər. Ancaq iki məqamı demək istəyirəm ki, 1990-cı ildə Sovet hökuməti, Siyasi Büro Azərbaycana sovet qoşunlarını yeritdiyinə görə mən Moskvada yaşadığım zaman Kommunist Partiyasından çıxmışam, imtina etmişəm. Ondan sonra bir müddət Moskvada yaşayıb Azərbaycana qayıtmışam. Ancaq Moskvada Sovet İttifaqının rəhbərliyi və Azərbaycanın kommunist rəhbərliyi mənim Bakıda yaşamağıma imkan verməyiblər. Ona görə də mən Naxçıvan Muxtar Respublikasına, xəritədə görürsünüz, o da Azərbaycan torpağıdır, ancaq ərazi nöqteyi-nəzərindən Ermənistan ərazisi ilə Azərbaycanın əsas ərazisindən ayrı düşübdür. Bu da həmin 1920-ci ildə edilən ədalətsizliyin nəticəsidir. Yəni o vaxt Sovet hökuməti xəritəni bu cür qoyubdur, - oraya getmişəm.

Mən orada doğulmuşam, orada üç il yaşamışam. Naxçıvan blokadada idi, ağır şəraitdə idi, amma yaşamağa məcbur oldum.

1993-cü ildə xalq məni tələb etdi. Mən Bakıya gəldim. Həm daxili vəziyyəti normallaşdırmaq, həm də torpaqları qorumaq lazım idi. Şiddətli müharibə gedirdi. Daxili vəziyyəti normallaşdırmaq çox asan olmadı. Çünki 1994-cü ilin oktyabr ayında yenə də bəzi silahlı qüvvələr Azərbaycanda dövlət çevrilişinə cəhd etdilər. Ancaq biz bunun qarşısını aldıq. Bu dəfə xalq ayağa qalxdı və prezidenti, dövləti müdafiə etdi. Ondan altı ay sonra yenə də böyük silahlı dəstələr xarici ölkələrin bəzi xüsusi xidmət orqanlarının iştirakı ilə, köməyi ilə Azərbaycanda hakimiyyəti devirmək və Azərbaycan prezidentinə qarşı terror etmək istədilər. Bunun da qarşısı alındı. Beləliklə, 1995-ci ildən sonra Azərbaycanda daxili sabitlik yaradıla bildi.

Təbii ki, belə bir vəziyyətdə - dediyim kimi, Azərbaycan o torpaqları itirmişdi, - ancaq 1994-cü ilin may ayında biz Ermənistanla danışıqlar apardıq və belə qərara gəldik ki, müharibə dayansın. Atəşkəs rejimi haqqında saziş imzaladıq. Bu məqsədlə ki, məsələni müharibə ilə yox, sülh yolu ilə həll edək. Altı ildir ki, müharibə yoxdur, döyüşlər yoxdur. Ancaq hələ də sülhə nail ola bilməmişik.

Məsələnin həll edilməsi ilə ATƏT-in Minsk qrupu - ATƏT 1992-ci ildə Minsk qrupu adlı bir təşkilat yaradıbdır - məşğul olur. Minsk qrupunun həmsədrləri indi Rusiyadır, Amerika Birləşmiş Ştatlarıdır, Fransadır. Həmsədrlər öz nümayəndələrinin vasitəsilə bu illər çox işlər görmüş, bölgədə olmuş, danışıqlar aparmış, Ermənistan tərəfinin, Azərbaycan tərəfinin mövqelərini öyrənmiş və müəyyən qədər sülhə nail olmuşlar. Ancaq məsələni həll etmək mümkün olmamışdır. Çünki Ermənistan Azərbaycan torpaqlarının iyirmi faizini işğal etdiyinə görə qeyri-konstruktiv mövqe tutur, - özünün üstünlüyündən istifadə edir ki, "mən bu torpaqları işğal etmişəm, qoyulan tələb həll olunmalıdır". Tələb də bundan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağa müstəqillik statusu verilməsi tələbini qoyur.

Bu məsələ 1994-cü ildə ATƏT-in Budapeşt zirvə görüşündə də, 1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə də müzakirə olunubdur. O vaxt məsələnin sülh yolu ilə həll olunması üçün bəzi variantlar meydana çıxıbdır. O variantların bəzilərini biz qəbul etdik, amma Ermənistan qəbul etmədi. Əgər 1997-ci ildə o variantlardan biri qəbul olunsaydı, onda biz həqiqətən sülh əldə edə bilərdik və tədricən vəziyyəti normallaşdıra bilərdik. Ancaq Ermənistan o variantları qəbul etmədi. Bildiyiniz kimi, 1998-ci ilin əvvəlində, fevral ayında Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Prezident Levon Ter-Petrosyan elə bu məsələlərdə fikir ayrılığına görə istefa verdi. Ondan sonra Ermənistanda yeni prezident seçkiləri prosesi getdi. Ona görə 1998-ci il demək olar ki, bizim üçün itdi, heç bir iş görə bilmədik. ATƏT-in Minsk qrupu da hər dəfə bizə dedi ki, siz gözləyin, Ermənistanda yeni prezident seçiləndən sonra müəyyən bir şərait yaradılsın.

1999-cu ildə heç bir nəticə əldə olunmadığına görə Ermənistan prezidenti Robert Koçaryan ilə Azərbaycan prezidenti, mənim aramda bilavasitə danışıqlar başlandı. Biz bu danışıqları aprel ayında Vaşinqtonda başladıq. Ondan sonra bir neçə dəfə - iki dəfə Cenevrədə, bir dəfə Yaltada, bir dəfə də Ermənistan-Azərbaycan sərhədində, Naxçıvan ərazisində görüşdük, danışdıq. Bu danışıqlar zamanı biz demək olar ki, müəyyən qədər irəli gedə bildik və bunun da səbəbi ondan ibarət oldu ki, hər iki tərəf, yəni Ermənistan prezidenti də, Azərbaycan prezidenti də bu məsələdə müəyyən kompromislərə getməyə razılıq verdilər. Bu kompromislər, əlbəttə ki, həm Ermənistan üçün, amma Azərbaycan üçün çətin, daha da ağır kompromislərdir. Ancaq biz belə qərara gələ bildik.

Bilirsiniz ki, 1999-cu ilin oktyabr ayında Ermənistan parlamentində terror hadisəsi baş verdi. Parlamentin sədri, baş nazir və bir neçə deputat parlamentin binasında qətlə yetirildilər, güllələndilər və Ermənistanda daxili vəziyyət gərginləşdi. Təbiidir ki, belə bir vəziyyətdə biz danışıqlar apara bilməzdik.

ATƏT-in İstanbul zirvə görüşündə biz bu danışıqları yenə də bərpa etməyə çalışdıq. Həmsədrlərdən Amerika prezidenti Bill Klinton, Fransa prezidenti Jak Şirak, Rusiya prezidenti ora gəlmişdilər. Amma Rusiya prezidenti getdi, onunla orada görüşmədik. İki prezident və Rusiyanın xarici işlər naziri ilə həm prezident Robert Koçaryan, həm də mən görüşdük və əldə olunmuş kompromis razılığa dəstəklər aldıq. Ancaq ondan sonra vaxt keçdi, biz yenə də heç bir nəticəyə gələ bilməmişik.

Beləliklə, münaqişə indiyə qədər həll olunmayıbdır. Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal olunmuş torpaqlardan zorla çıxarılmış bir milyondan artıq azərbaycanlı ölkəmizin müxtəlif bölgələrində - onlar xəritədə nöqtələrlə göstərilibdir - çadırlarda yaşayırlar. Çünki bu adamları yerləşdirməyə başqa yerimiz yoxdur. Biz məktəb, uşaq bağçası binalarını azad edib onları yerləşdirmişik. Onların bir çoxunu dəmir yol vaqonlarında, istirahət evlərində yerləşdirmişik. Amma bunlar da çatmır. Qaçqınların əksəriyyəti çadırlarda yaşayırlar.

Təsəvvür edin, məsələn altı-yeddi ildir insanlar çadırda yaşayır. Oranı ziyarət edən xarici nümayəndələr çox dəhşətli bir mənzərə görürlər və geri dönərkən hətta göz yaşları tökürlər. Çünki, həqiqətən, bəlkə də dünyada belə bir dəhşətli mənzərəyə təsadüf etmək olmaz. Məsələn, orada beş yaşında uşaq çadırdan heç bir şey görməyibdir, ev görməyib, şəhər, kənd görməyibdir, çadırın altında yaşayır. Biz belə bir ağır vəziyyətdəyik.

Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Biz müharibənin yenidən başlanmasının tərəfdarı deyilik və mən bunu bu gün sizin qarşınızda bəyan edirəm. Ancaq gərək Ermənistan tərəfi də bu barədə konstruktiv mövqe tutsun ki, məsələ sülh yolu ilə həll oluna bilsin. Bunları sizə çatdıraraq, mən eyni zamanda nikbin olduğumu bildirmək istəyirəm. Bizim üçün nə qədər çətin olsa da, güman edirəm, biz məsələnin sülh yolu ilə həll edilməsinə, nail olacağıq. Ancaq hesab edirəm, iki prezidentin Ermənistan və Azərbaycan prezidentlərinin bilavasitə görüşləri yenə də davam etməlidir. Eyni zamanda, ATƏT-in Minsk qrupu fəaliyyətini artırmalıdır və ATƏT fəaliyyətini artırmalıdır.

Bilirsiniz ki, bu il ATƏT-ə sədrliyi Avstriya aparır. Ona görə də mən bu gün danışıqlarımda bu məsələ haqqında geniş məlumatlar verdim və öz təkliflərimi verdim. Avstriyanın xarici işlər naziri indi ATƏT-in sədri vəzifəsini aparır. Bu ayın 16-17-də o, bölgədə olacaq, həm Ermənistanda, həm də Azərbaycanda danışıqlar aparacaqdır. Biz ümid bəsləyirik, - görək, bu danışıqlar nə verəcəkdir.

Hər halda biz ATƏT-ə onun Minsk qrupuna çox böyük ümidlər bəsləyirik. Minsk qrupuna üç böyük dövlət - Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa rəhbərlik edir. Əgər bu dövlətlər hamısı bir fikrə gəlsə, əgər bu dövlətlər öz beynəlxalq nüfuzlarından istifadə etsələr, əlbəttə ki, bu münaqişəni həll etmək mümkündür.

Azərbaycan haqqında başqa bir neçə məlumat da vermək istəyirəm. 1991-ci ildən, dövlət müstəqilliyini əldə edəndən Azərbaycan demokratiya yolunu tutubdur. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedir. Doğrudur, indi mən sizə çatdırdığım məlumatlar - Azərbaycanın daxilində sabitliyin pozulması, dövlət çevrilişinə göstərilən cəhdlər və hakimiyyətin bir neçə dəfə dəyişilməsi, əlbəttə ki, bu prosesin lazımi səviyyədə aparılmasına imkan verməyibdir. Ancaq 1995-ci ildə biz daxili ictimai-siyasi sabitliyi təmin edəndən sonra Azərbaycanın ilk demokratik Konstitusiyasını qəbul etdik, parlament seçkiləri və 1998-ci ildə prezident seçkiləri, əvvəlcə 1993-cü ildə keçirilmişdi, bir də 1998-ci ildə keçirdik. Bizdə bütün demokratik təsisatlar təmin olunubdur. Mətbuat azadlığı, söz azadlığı, vicdan azadlığı - hamısı tamamilə təmin edilibdir. Həm Konstitusiyada təsbit olunubdur, həm də əməli surətdə həyata keçirilir. Biz bazar iqtisadiyyatı yolu ilə gedirik, iqtisadi islahatlar aparırıq.

Məsələn, biz torpaqları iki il bundan öncə özəlləşdirib kəndlilərə vermişik. Artıq bizdə kənd təsərrüfatında dövlət sektoru yoxdur, kolxozlar, sovxozlar yoxdur və kəndlilər öz torpaqlarını alıblar, özləri istifadə edirlər. Bunun da müsbət nəticələrini görürük.

İqtisadiyyatın başqa sahələrində də özəlləşdirmə proqramı həyata keçirilir. Bir çox sahələr özəlləşdirilibdir. Məsələn, ticarət 98 faiz özəlləşdirilibdir, yaxud, kənd təsərrüfatı demək olar, 98 faiz özəl sektorun əlindədir, sənayenin 35 faizi özəl sektorun əlindədir, nəqliyyatın təxminən 70 faizi özəl sektorun əlindədir və başqa xidmət sahələrinin, infrastrukturların çoxu özəl sektordadır. Yəni biz Avropa dəyərlərindən, dünyada iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin təcrübəsindən istifadə edərək, iqtisadiyyatımızı inkişaf etdiririk.

1990-cı ildən başlayaraq Azərbaycan həm siyasi böhran keçiribdir, həm də iqtisadi böhran keçiribdir. İqtisadi böhran da ondan ibarət olubdur ki, hər il Azərbaycanda iqtisadiyyat tənəzzül edibdir. Hər il sənaye, kənd təsərrüfatı istehsalı, ümumdaxili məhsul təxminən 20-25 faiz aşağı düşübdür. İnflyasiya ən yüksək səviyyəyə qalxıbdır. Biz 1995-ci ildə bunların qarşısını aldıq, yəni sabitlik yaratdıq. İnflyasiyanı tamamilə ləğv etdik və iqtisadiyyatın tənəzzülünün qarşısını aldıq. 1996-cı ildən bizdə iqtisadiyyat inkişaf edir. Ümumdaxili məhsul orta hesabla 4-5-6 faiz artır. Məsələn, keçən il 7 faiz artıbdır. Bu ilin birinci yarısında da təxminən 7 faiz artıb, kənd təsərrüfatı istehsalı təxminən 3 faiz artır, sənaye istehsalı təxminən 3 faiz artır və bütün başqa sahələrdə də inkişaf var. Büdcə tamamilə yerinə yetirilir.

Bilirsiniz ki, MDB ölkələrinin çoxunda büdcə yerinə yetirilmədiyinə görə maaşlar aylarla verilmir, yaxud pensiyalar ödənilmir. Biz bunların qarşısını almışıq, maaşlar da, pensiyalar da - hamısı verilir. Bunlar bir tərəfdən bizim həyata keçirdiyimiz iqtisadi islahatların nəticəsidir, ikinci tərəfdən də xarici investisiyanın Azərbaycana cəlb olunmasının nəticəsidir.

Burada hörmətli səfir bildirdi ki, Azərbaycanın zəngin təbii sərvətləri vardır. Həm zəngin torpağı, zəngin kənd təsərrüfatı potensialı, böyük sənaye potensialı və çox zəngin yeraltı sərvətləri - neft, qaz və başqa yeraltı sərvətləri vardır.

Bilirsiniz ki, Azərbaycan ən qədim neft ölkəsidir. Hələ 1848-ci ildə dünyada ilk dəfə Azərbaycanda sənaye üsulu ilə neft alınıbdır. Məsələn, Amerika Birləşmiş Ştatlarında sənaye üsulu ilə neft Bakıdan, Azərbaycandan təxminən altı il sonra alınıbdır. O vaxt Avropanın şirkətləri Azərbaycana gəliblər və burada neft sənayesinin inkişaf etməsinə çox xidmətlər göstəriblər. Sonra isə Azərbaycanın bütün neft sənayesi sovet dövlətinin əlinə keçibdir, hamısı dövlətə xidmət edibdir.

İndi biz müstəqil olandan sonra bunlar hamısı müstəqil Azərbaycan dövlətinindir. Ona görə də biz özümüz öz məsələlərimizi həll edirik və zəngin neft və qaz yataqlarından səmərəli istifadə etmək üçün, iqtisadiyyatı inkişaf etdirmək üçün xarici ölkələrin neft şirkətlərini, yəni yüksək texnikaya, texnologiyaya, vəsaitə malik olan neft şirkətlərini Azərbaycana dəvət etdik. İlk dəfə 1994-cü ilin sentyabr ayında böyük bir müqavilə imzalandı. 11 Avropa və Amerika şirkəti birlikdə konsorsium yaradıb Azərbaycan Dövlət Neft Şirkəti ilə müqavilə imzaladılar. Bu müqaviləyə görə 8 milyard dollar investisiya qoyulmalıdır və 60 milyon ton, ondan da artıq neft hasil olunmalıdır.

Deyə bilərəm ki, bu müqavilə həyata keçirilir. Hasil olunan nefti dünya bazarlarına ixrac etmək üçün biz iki neft kəməri yaratmışıq: biri Bakı-Novorossiysk, yəni Rusiyanın Qara dənizdə olan Novorossiysk limanına, ikincisi isə Bakı-Supsa, yəni Gürcüstanın Qara dənizdə olan limanına. Hasil edilən neft bu iki neft kəməri ilə dünya bazarlarına ixrac olunur. Ancaq Azərbaycanda böyük neft gözlənilir. Birinci müqavilə 1994-cü ildə imzalanıbdır. Ondan sonra 19 müqavilə imzalanıbdır. Biz 14 dövlətə mənsub olan 32 böyük neft şirkəti ilə birlikdə müştərək işlər görürük və hər bir müqavilənin özünün perspektivi vardır. Bu müqavilələrin hamısı üzrə birlikdə Azərbaycana 30 il müddətində təxminən 60 milyard dollar sərmayə gəlməlidir. Neft hasilatı, əlbəttə ki, 60 milyon ton yox, 100-200 milyon tona qalxacaqdır.

Ona görə də biz bir neçə ildir ki, böyük ixrac neft kəməri haqqında işlər aparırıq. Bu neft kəməri Bakıdan Gürcüstana, Tbilisiyə, Gürcüstandan Türkiyə ərazisinə, Türkiyənin Aralıq dənizində olan Ceyhan limanına qədər gedəcəkdir. Bu, təxminən 2 min kilometr məsafədir. Bunun 1000 kilometrdən çoxu Türkiyənin ərazisindədir, 400-500 kilometri Azərbaycanın ərazisindədir, qalanı isə Gürcüstanın ərazisindədir.

Bəziləri Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsinin tərəfdarı idi, bəziləri tərəfdarı deyildilər.

Nəhayət, keçən ilin noyabr ayında İstanbulda biz bu müqaviləni imzaladıq. Yəni Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycan Respublikasının prezidenti, Gürcüstan prezidenti, Qazaxıstan Respublikasının prezidenti müqaviləni imzaladılar. Bizimlə bərabər, bu müqavilənin həyata keçirilməsinə təminatçı olan Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton da bu müqaviləni imzaladı. Sonra, təbiidir ki, bu müqavilə parlamentlərdə təsdiq olunmalı idi. Artıq həm Azərbaycan parlamenti, həm Gürcüstan parlamenti, həm də Türkiyə parlamenti bu müqaviləni təsdiq edibdir. İndi konsorsium əməli işə başlayır və bu neft kəmərini tikmək üçün yeni bir konsorsium - neft kəmərinin inşası konsorsiumu yaranacaqdır və bura da təxminən 2 milyard 200 milyon dollar dəyərində investisiya qoyulmalıdır. Üç-dörd il içərisində bu neft kəməri də tikilib hazırlanmalıdır.

İndi biz neftdən əlavə, böyük qaz yataqları da açmışıq. Azərbaycanda keçmişdə də qaz hasil olunurdu və Azərbaycan özünü qazla təmin edirdi. Ancaq o qaz yataqları köhnəlmişdir. Biz bir neçə şirkətlə - "Bi-Pi", "AMOKO", "Statoyl" və başqa şirkətlərlə başqa bir müqavilə imzalamışıq. Bu, sayca ikinci müqavilədir və Xəzər dənizindəki "Şahdəniz" yatağı barədədir. Onun adını biz "Şahdəniz" qoymuşuq. Bu, sadəcə simvolik bir şeydir. Biz orada böyük qaz yataqları açmışıq. Orada azı bir trilyon kubmetr, bəlkə də daha çox qaz ehtiyatı vardır. Qaz yataqları çoxdur. Başqa yerlərdə daha da çox qaz gözlənilir. Ona görə də biz indi artıq dünya bazarlarına qaz ixrac olunması haqqında danışıqlar aparırıq, lazımi tədbirlər görmək istəyirik.

Beləliklə, Azərbaycanın bu zəngin neft və qaz yataqlarında biz dünya birliyinin, yəni dünyanın böyük şirkətlərinin iştirakı ilə böyük işlər görmüşük və bu işlərin də yaxşı gələcəyi vardır. Ancaq Azərbaycanın başqa sektorlarına da indi xarici investisiyalar gəlir və maraq göstərilir. İndi Azərbaycanın özəlləşdirmə proqramının ikinci mərhələsi həyata keçirilməyə başlanır. Böyük sənaye müəssisələri də özəlləşdiriləcəkdir. Biz arzu edirik və qəbul etdiyimiz qanunda da bu, öz əksini tapıbdır ki, hər bir xarici vətəndaş, xarici şirkət gəlib Azərbaycanda özəlləşdirmədə iştirak edə bilər və lazımi sərmayə qoyub iş görə bilərlər.

Xarici sərmayənin Azərbaycana gəlməsi üçün biz bir çox qanunlar qəbul etmişik və o qanunlar xarici sərmayəçilərin Azərbaycana gəlib, sərmayə qoyub fayda götürməsinə imkan yaradır.

Biz bilirik ki, xarici sərmayəçinin, xüsusən Avropa və Amerikanın böyük sərmayə sahiblərinin hər hansı bir ölkəyə, xüsusən keçmiş SSRİ-yə mənsub olmuş dövlətlərə gəlməsi üçün bir neçə şərt lazımdır. Onlardan birincisi daxili ictimai-siyasi sabitlikdir. Azərbaycanda biz bunu təmin etmişik. Baxmayaraq ki, Ermənistan-Azərbaycan münaqişəsi hələ həll olunmayıbdır, baxmayaraq ki, bir milyondan artıq vətəndaşımız çadırlarda qaçqın vəziyyətində yaşayır, biz Azərbaycanın daxilində ictimai-siyasi sabitliyi təmin etmişik.

İkinci şərt lazımi qanunlardır ki, bu sərmayəçilərə lazım olan təminatların verilməsi, ticarətin liberallaşdırılması, ümumiyyətlə, iqtisadiyyatın liberallaşdırılması - bunlar hamısı təmin olunubdur. Bütün başqa şərtlər də - hamısı. Ona görə də Azərbaycana indi sərmayə gəlir.

Əgər iki il bundan öncə sərmayənin əksəriyyəti neft sektoruna gəlirdisə, 1999-cu ildə sərmayənin 60 faizi qeyri-neft sektoruna, 40 faizi neft sektoruna gəlibdir. Bu, onu göstərir ki, indi təkcə neft sektoruna yox, başqa sektorlara da xarici sərmayə gəlir. Beləliklə, Azərbaycanın iqtisadi imkanları böyükdür və gələcəyi də yaxşıdır.

Hörmətli səfirin dediyi kimi, Azərbaycanın çox mühüm coğrafi-strateji mövqeyi vardır. Yəni Azərbaycan Şərqlə Qərb arasında, Asiya ilə Avropa arasında mühüm bir bölgədir, Xəzər dənizinin sahilində, Qafqazın cənubunda yerləşən, böyük imkanlara malik olan ölkədir. Bizim Cənubda İranla, Şimalda isə Rusiya ilə sərhədimiz vardır. Kiçik bir məsafədə Türkiyə ilə də sərhədimiz vardır. Ermənistanla sərhədimiz pozulubdur, Gürcüstan ilə də sərhədimiz vardır.

İndi Qafqaza dünyanın bir çox böyük ölkələri maraq göstərirlər. Qafqaz uğrunda ayrı-ayrı ölkələr arasında müəyyən rəqabət də var. İndi bu da dünya siyasətinin bir hissəsidir. Ancaq Azərbaycan öz dövlət müstəqilliyini çox möhkəm qoruyur və saxlayır. Azərbaycanın ərazisində xarici ölkələrin bir nəfər də olsun əsgəri yoxdur. Ermənistanın ərazisində isə Rusiyanın həddindən çox hərbi bazaları var və çox böyük silahları - SS-300 raketləri, "Skad" qurğuları, MİQ-29 və başqa müasir təyyarələri var. Amma biz buna yol verməmişik. Çünki biz müstəqil dövlətik. Bizim dövlətimizin ərazisində başqa ölkənin silahlı qüvvələri ola bilməz.

Bizim vəziyyətimizi ağırlaşdıran odur ki, məsələn, 1997-ci ildə aşkar oldu ki, Rusiyanın Müdafiə Nazirliyi gizli, qanunsuz olaraq Ermənistana bir milyard dollar dəyərində silah-sursat və texnika vermişdir. Təbiidir ki, burada mafioz qruplar hərəkət edir. Bunlar dövlətin silah-sursatıdır. Ancaq ayrı-ayrı adamlar yəqin ki, burada pul qazanırlar. Bu da, əlbəttə ki, bölgədə vəziyyəti daha da gərginləşdirir.

Siz o xəritəyə baxın. Orada görə bilərsiniz ki, məsələn, Ermənistanda olan raketlər, silahlar, filanlar Qafqazda və xüsusən Azərbaycanda hansı nöqtələri dəf edə bilər, hansı nöqtələrə çata bilərlər. Təbiidir ki, bu da Cənubi Qafqazda vəziyyəti mürəkkəbləşdirir. Biz isə istəyirik ki, Cənubi Qafqazda sülh, əmin-amanlıq yaransın. Cənubi Qafqazın təkcə Cənubi Qafqaz üçün yox, bütün Avropa, Asiya ölkələri üçün çox böyük əhəmiyyəti var. Ona görə də əgər Azərbaycanla Ermənistan arasında sülh yaransa, üç Cənubi Qafqaz ölkəsi - Gürcüstan, Ermənistan, Azərbaycan çox səmərəli əməkdaşlıq edə bilərlər və böyük dövlətlərin də Cənubi Qafqazda öz maraqlarını təmin etməsi üçün, təbiidir ki, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, əmin-amanlığın təmin olunması üçün bir pakt yarana bilər.

Keçən il ATƏT-in İstanbul zirvə görüşündə öz çıxışımda mən belə bir paktın yaranması fikirini irəli sürdüm və həm Rusiyaya, Amerikaya, Avropa ölkələrinə, Türkiyəyə, həm də başqa ölkələrə müraciət etdim ki, yığışıb belə bir təhlükəsizlik paktı yaratsınlar. Cənubi Qafqazda əmin-amanlıq, münaqişələrin ləğv edilməsi Rusiya üçün də həqiqi mənada çox əhəmiyyətlidir, Qafqazı əhatə edən başqa ölkələr üçün də əhəmiyyətlidir, Avropa üçün də əhəmiyyətlidir. Ancaq hələ ki, biz buna nail ola bilməmişik. Güman edirəm ki, aparılan işlər və xüsusən iqtisadiyyatın inkişaf etdirilməsi bu sahədə də müəyyən nailiyyətlərin əldə olunmasını təmin edəcəkdir.

Mən bildirdim ki, Azərbaycan Asiya ilə Avropanın, Şərqlə Qərbin qovuşağında yerləşən bir ölkədir. Azərbaycan öz qədim, milli ənənələrini yaşadaraq, eyni zamanda iki əsrdir ki, Avropa dəyərlərindən də, dünyəvi bəşəri dəyərlərdən də istifadə edir. Azərbaycan öz milli mənşəyinə görə müsəlman ölkəsi olaraq, öz milli mənəvi dəyərlərini qoruyub saxlayaraq, eyni zamanda, XIX əsrdən Avropa dəyərlərini, ümumbəşəri dəyərləri mənimsəməyə başlamışdır. Azərbaycanda Avropa dəyərlərinin, ümumbəşəri dəyərlərin ölkəmizin milli mənəvi dəyərləri ilə sintezi çox gözəl nəticələr vermişdir. Bunlar da Azərbaycanda hüquqi, dünyəvi, demokratik dövlət qurmağımıza əsas yaratmışdır. İndi biz bu yolla gedirik. Bu yolla gedərək biz Qərblə, Avropa ilə daha da çox inteqrasiya etmək istəyirik. Yəni Avropa dəyərlərindən, ümumbəşəri dəyərlərdən daha da çox faydalanmaq istəyirik. Bu səbəbdən də biz indi Avropa Şurasına daxil olmaq ərəfəsindəyik.

Bilirsiniz ki, dörd ildir Azərbaycan, Gürcüstan və Ermənistan Avropa Şurasına namizəd qəbul olunublar. Dörd ildir ki, biz Avropa Şurası ilə əməkdaşlıq edirik. Bir il bundan öncə Gürcüstan Avropa Şurasının tam, həqiqi üzvü oldu. Bu il isə, keçən ayın 28-də Avropa Şurasının Parlament Assambleyası qərar qəbul etdi ki, Azərbaycan və Ermənistan birlikdə Avropa Şurasına qəbul olunsun. Biz bunu çox yüksək qiymətləndiririk və hesab edirik ki, Avropa ölkələri, Avropa Şurasına daxil olan ölkələr Azərbaycana böyük qayğı, diqqət göstəriblər.

Amma eyni zamanda, biz anlayırıq ki, Avropa Şurasına daxil olarkən öz üzərimizə yeni, əlavə məsuliyyətlər və vəzifələr də götürürük. O vəzifələrin nə qədər ağır, çətin olduğunu da bilirik. Çünki bəzən Avropada və Amerikada belə hesab edirlər ki, əgər biz özümüzü demokratik dövlət elan etmişiksə, elə dərhal tam demokratik olmalıyıq. Yəni Fransada, Avstriyada, yaxud da Amerikada olan demokratiya kimi, eynən Azərbaycanda da olmalıdır, yaxud başqa MDB dövlətlərində də olmalıdır. Təbiidir ki, bu, real bir şey deyildir. Çünki elə siz, avstriyalılar da demokratiyaya doğru uzun illər getmisiniz, on illər boyu bu yol ilə getmisiniz. Bir, beş, on il içərisində demokratiya mühitində olmamısınız. Əsas məsələ bu yol ilə getmək və bu yolu strateji yol hesab etməkdir. Əsas budur və biz bunu əsas götürərək, bu yolu strateji yol hesab edərək bu yol ilə gedirik. Ona görə də Avropa Şurasına daxil olaraq, Avropa Şurasının tələblərini öz çiyinlərimizə götürürük ki, onları Avropa ölkələrinin o nailiyyətləri əldə etdiyi vaxtdan da qısa bir zamanda həyata keçirə bilək. Güman edirəm ki, indi Avropa Şurasının Nazirlər Komitəsi də bu məsələyə baxacaq və biz bu il Avropa Şurasının tam hüquqlu üzvü ola biləcəyik. Əmin edirəm ki, biz Avropa Şurasına üzv olmağa layiq olacağıq.

İndi Azərbaycan dövləti qarşısında duran əsas məsələ dövlət müstəqilliyini qorumaq, saxlamaq və əbədi etməkdir. Biz daha öz milli azadlığımızı, dövlət müstəqilliyimizi itirmək istəmirik. Biz istəyirik ki, müstəqil dövlət kimi yaşayaq. Biz istəyirik ki, xalqımız azad olsun. Biz istəyirik ki, öz taleyimizin sahibi olaq, öz ölkəmizin sahibi olaq və təbiidir ki, bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr quraq, bütün ölkələrlə dostluq əlaqələri yaradaq, bütün ölkələrlə sülh əlaqələri yaradaq. Biz sülhün tərəfdarıyıq. Həm Cənubi Qafqazda sülhün tərəfdarıyıq, həm Qafqazda sülhün tərəfdarıyıq, həm də bütün dünyada sülhün tərəfdarıyıq. Çünki artıq sona çatan XX əsr bu müharibələrlə bəşəriyyətə nə qədər zərbələr vurduğunu göstərdi. Bunlardan hamı nəticə çıxarmalıdır. Hər bir xalq nəticə çıxarmalıdır və bizim kimi kiçik Azərbaycan xalqı da nəticə çıxarmalıdır.

Bax, biz XXI əsrin astanasında, üçüncü minilliyin astanasında olarkən bu siyasəti aparırıq və XXI əsrdə də bu siyasətlə irəli gedəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm. Əgər suallarınız varsa, mən onlara cavab verməyə hazıram.