Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Londonda görüşlər başa çatdiqdan sonra Şotlandiyanın paytaxtı Edinburq şəhərinin lord-provostu Erik Miliqan ilə görüşdə çıxışı - Edinburq, «Siti Çembers» iqamətgahı, 23 iyul 1998-ci il


Hörmətli cənab Mer!

Hörmətli xanımlar və cənablar! Mən sizi səmimi qəlbdən salamlayıram. Sizə, Şotlandiyanın bütün vətəndaşlarına Azərbaycandan hərarətli salamlar gətirmişəm.

Çox şadam ki, mənim Böyük Britaniyaya rəsmi səfərimin proqramına Şotlandiyanı, Edinburqu ziyarət də daxil edilmişdir. Böyük Britaniyaya gəlib Edinburqu, Şotlandiyanı ziyarət etməsən, hesab et ki, çox şey görməmisən.

Şotlandların tarixi bizə məlumdur. Bu, çox əzəmətli qəhrəmanlıq tarixidir. Şotlandlar özlərinin milli mənliyini, ənənələrini, mədəniyyətini qorumaq üçün əsrlər boyu mübarizə aparmışlar və həmişə öz istədiklərinə nail olmuşlar. Şotland-lar həqiqətən çox istiqanlı, mehriban insanlardır. Biz bunu kitablardan oxumuşuq. Amma bu gün biz buraya, sizin torpağınıza ayaq basarkən artıq bunu özümüz də hiss edirik.

Cənab mer, sizin həyəcanlı və çox mehriban xarakterli sözləriniz mənim dediyim bu fikirləri təsdiq edir. Birləşmiş Krallığa mənim rəsmi səfərim dörd gündür ki, davam edir. Məmnuniyyətlə bəyan edirəm ki, ötən günlər ərzində biz çox dəyərli işlər görmüşük. Əlahəzrət kraliça ilə mənim görüşüm xüsusi əhəmiyyət kəsb edir. Böyük Britaniyanın keçən il yaranmış yeni hökumətinin üzvləri, xüsusən Baş nazir cənab Toni Bleyr ilə mənim görüşlərim, danışıqlarım, apardığımız söhbətlər və bunların nəticəsində imzaladığımız Böyük Britaniya ilə Azərbaycan arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamə ölkələrimizin əlaqələrinin gələcək inkişafı üçün böyük bir tarixi sənəddir.

Mən səfərimin gedişindən, keçirdiyim görüşlərdən, apardığım danışıqlardan və əldə olunmuş nəticələrdən çox razıyam. Hesab edirəm ki, həm Böyük Britaniya hökuməti, həm də biz Birləşmiş Krallıqla Azərbaycan arasında əlaqələrin gə-ləcəkdə daha sürətlə inkişaf etməsi üçün çox yaxşı əsas yarada bilmişik. Görüşlərimiz, danışıqlarımız mehribanlıq və qarşılıqlı anlaşma şəraitində keçibdir.

Biz Böyük Britaniya ilə Azərbaycanı bu günlər bir-birinə daha da yaxınlaşdıra bildik. Ölkələrimizin, hökumətlərimizin bundan sonra bütün sahələrdə - siyasi, iqtisadi, elmi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıq etməsi üçün birgə razılığa gəlmişik. Biz burada hər yerdə qonaqpərvərlik hiss edirik. Mən bunların hamısına görə təşəkkür edirəm.

Bizim əməkdaşlığımızın bir çox sahələri vardır. İqtisadi əlaqələrimizin əsasını neft sənayesi sahəsində artıq mövcud olan əməkdaşlıq təşkil edir. Neft sahəsində əməkdaşlığımızı inkişaf etdirmək üçün Baş nazirin iqamətgahında iki gün bundan əvvəl Böyük Britaniyanın «Bi-Pi», «Ramko», «Monument Oyl ənd Qaz» şirkətləri ilə böyük əhəmiyyətə malik olan müqavilələr imzalamışıq.

Məlumdur ki, Böyük Britaniyanın nefti və neft sənayesi əsasən Şimalda-Şotlandiyanın ərazisində və Şimal dənizinin Şotlandiya sahillərində yerləşir. Bizimlə əməkdaşlıq edən və yeni bir müqavilə imzalayan "Ramko" şirkəti də, səhv etmirəmsə, Şotlandiyaya məxsusdur. Beləliklə, biz Böyük Britaniya ilə əməkdaşlığımız haqqında danışarkən, şübhəsiz ki, burada Şotlandiyanın xüsusi yer tutduğunu dərk edirik.

Edinburq şəhəri tarixi abidələr şəhəridir. 0, böyük mədəniyyət və elm şəhəridir. Edinburq şəhəri hazırda təkcə Böyük Britaniyanın yox, dünyanın müasir texnika və texnologiya istehsal edən şəhərlərindən biridir. Məlumdur ki, burada mikroelektronika, kompüter cihazları və digər cihazlar istehsal edən böyük sənaye müəssisələri vardır.

Beləliklə, bu şəhərdə qədim tarix, tarixi ənənələr və Şotlandiya, Böyük Britaniya mədəniyyəti müasir texnika və texnologiya ilə birləşibdir. Şübhəsiz ki, siz bununla fəxr edirsiniz. Biz isə sizin bu nailiyyətlərinizə dostlarınız kimi sevinirik.

Cənab mer, siz Edinburqla Azərbaycan arasında, xüsusən Azərbaycanın paytaxtı Bakı arasında indiyədək mövcud olan əlaqələrdən danışdınız. Biz bu əlaqələrə çox böyük əhəmiyyət veririk. Amma güman edirəm ki, Azərbaycan prezidentinin Edinburqa, Şotlandiyaya ziyarətindən sonra bu əlaqələr daha da genişlənəcək və inkişaf edəcəkdir.

Mən sizə bütün işlərinizdə uğurlar arzulayıram. Edinburqun və bütün Şotlandiyanın vətəndaşlarına sülh, əmin-amanlıq, səadət arzulayıram. Əminəm ki, siz bundan sonra daha da böyük nailiyyətlər əldə edəcəksiniz.

Mən sizi təbrik edirəm. Bugünkü görüşə görə sizə təşəkkür edirəm. Sağ olun.