Azərbaycan Prezidenti Heydər Əliyevin Latviya Respublikasının xarici işlər naziri İndulis Berzinşin başçılıq etdiyi nümayəndə heyətinin görüşündəki çıxışı - 11 iyul 2001-ci il


Heydər Əliyev: Cənab nazir, hörmətli qonaqlar.

Mən sizi Azərbaycanda salamlamaqdan şadam. Latviya xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri təbii ki, Latviya-Azərbaycan münasibətlərində çox mühüm hadisədir.

Cənab nazir, biz sizinlə birinci dəfə görüşmürük, xüsusən mən Avropa Şurasındakı görüşümüzü və işimizi nəzərdə tuturam. Bunların hamısı mənim xatirimdədir. Ona görə şadam ki, siz Azərbaycan Latviya arasında münasibətlərin daha da inkişafına diqqət göstərmiş və bizim dəvətimizlə ölkəmizə rəsmi səfərə gəlmisiniz.

Fürsətdən istifadə edərək, Azərbaycanın Avropa Şurasına qəbul olunması prosesində bizi həmişə dəstəklədiyinizə görə sizə və Latviya hökumətinə bir daha təşəkkür etmək istəyirəm. İş belə gətirdi ki, bizi Avropa Şurasına artıq Latviyanın sədrliyi dövründə qəbul etdilər. Vurğulamaq xoşdur ki, bizim birgə səylərimiz bu cür nəticələndi. Siz həmin vaxt Avropa Şurasında sədrlik edirdiniz və orada yaxşı nitq söylədiniz. Gördüyünüz kimi, biz bir-birimizə çox sıx yaxınlaşdıq.

Sizin indiki səfəriniz, xüsusən də geniş tərkibdə nümayəndə heyəti ilə gəlməyiniz isə Latviya ilə Azərbaycan arasında əməkdaşlığın gələcək inkişafının konkret yollarını müəyyənləşdirməyə imkan verir. Hesab edirəm ki, siz dünən də, bu gün də, məhz bununla məşğul olmusunuz.

İndulis Berzinşi: Həqiqətən də, birlikdə buna nail olduq ki, indi biz Avropa Şurasının tam tamhüquqlu üzvləriyik. Mənim çox gözəl xatirimdədir, məhz Sizin inandırmaq bacarığınız sayəsində biz bu məsələnin əleyhinə olmayan, lakin onu təxirə salmaq istəyən ölkələri birlikdə inandıra bildik. Biz həqiqətən şadıq ki, Sizin ölkəniz Avropa Şurasına Latviya sədrlik edərkən qəbul olunmuşdur. Bu, Latviyanın tarixi kitablarına düşəcək, çünki orada sədrlik etmək 22 ildə bir dəfə olur. İş belə gətirdi ki, biz Sizi, dostlarımızı bu təşkilatın tərkibinə qəbul edə bildik.

İndi mən doğrudan da burada hərtərəfli səfərdəyəm. Həqiqətən, siyasi baxımdan bizim çox gözəl münasibətlərimiz var. Biz sizin seçdiyiniz xarici siyasət xəttinə - Avropalaşma yolu ilə getməyinizə, yəni Avropa ilə yaxınlaşmaq və əməkdaşlıq yolu tutmağınıza rəğbətlə yanaşır və Sizi bütünlüklə dətəkləyirik. Biz özümüz də indi artıq Avropa Birliyinə daxil olarkən elə bu cür hərəkət edirik. Hesab edirəm ki, bu, çox vacibdir və bizim əməkdaşlığımızın əlavə bir cəhətidir.

Bizim problemlərimiz var, Sizin də öz problemləriniz var. Bu gün səhər biz məcburi köçkünlərlə görüşdük. Keçən dəfə Siz bu problem barədə həm mənə, həm də burada olan səfirlərə çox danışmışdınız. İndi biz özümüz də onların vəziyyətini gördük. Hesab edirəm ki, biz problemlərimizi birlikdə daha asan həll edə bilərik. Məhz buna görə də mən öz nümayəndə heyətimə parlamentin üzvlərini daxil etmişəm. Parlamentdə artıq belə razılaşma əldə olunub ki, parlamentlərimizin üzvləri əməkdaşlıq etsinlər. Nümayəndə heyətinin tərkibində bizim hərbi sahənin təmsilçisi cənab Zeybots da var və o, artıq azərbaycanlı həmkarları ilə danışıqlar aparmışdır. Bizim ciddi biznes nümayəndələrimiz var, onlar uğurla işləyir və sübut edirlər ki, burada çalışaraq yaxşı nəticələrə necə nail olmaq mümkündür. Bunlar həm cənab Lansimanis, həm də Latviyanın "Pareks" bankının prezidenti cənab Karginsdir. Bu gün səhər biz məcburi köçkünlərlə görüşərkən, cənab Karginsin sayəsində həmin şəxslərə humanitar yardım təqdim etdik.

Burada Latviyadakı Azərbaycan icmasının nümayəndələri də var.

Bu icma sayca az, 1200 nəfər olsa da, xüsusilə biznes sahəsində çox fəaldır. Biz buna şadıq. Şadıq ki, onlar Azərbaycan ilə Latviya arasında qarşılıqlı anlaşmaya kömək edirlər. Demək istəyirəm ki, nümayəndə heyətinin məhz belə geniş tərkibdə olması bizə nəinki münasibətlərimizin sırf siyasi istiqamətini, eyni zamanda, həm iqtisadi əməkdaşlığı, həm hərbi sahədə əməkdaşlığı, həm də bütün digər sahələrdə əlaqələri sürətləndirməyə kömək edəcəkdir.

Cənab prezident, mən burada olmağımdan, Sizinlə yenidən görüşməyimdən, həqiqətən, çox şadam. Bu. doğrudan da böyük uğurdur. Sağ olun.

Heydər Əliyev: Mən görürəm ki, sizin heyətin tərkibində Azərbaycan diasporunun nümayəndələri var.

İndulis Berzinş: Dövlətlərimiz arasında, həqiqətən, yaxşı əməkdaşlıq var və bu, Sizə təqdim edilən kitabda öz əksini tapmışdır. Mən dünən gənc, modernist latış rəssamının sərgisinin açılışında iştirak etdim, o, Latviyanı özünün təsəvvür etdiyi şəkildə Avropanın bir hissəsi kimi göstərir. Cənab prezident, burada onun bir rəsm əsəri var, bu, bizim Sizə hədiyyəmizdir. Sizin vətəndaşlarınız həmin sərgiyə tamaşa edə bilərlər. Gördüyünüz kimi, bütün sahələrdə yaxşı əməkdaşlıq var.

Cənab prezident, icazə versəydiniz, bizim nümayəndələrdən ikisindən xahiş edərdim ki, Azərbaycan ilə Latviya arasında biznes sahəsində yaxşı nümunələri barədə Sizə qısaca danışsınlar.

Valeris Kargins ("Pareks" bankının prezidenti): Cənab prezident, biz öz işimizdə Azərbaycan ilə Latviya arasında münasibətlərin dəstəklənməsinə başlıca diqqət yetiririk. Ölkələrimizin paytaxtları ötən əsrin əvvəllərində sənayenin yüksəlişi ilə əlaqədar inkişaf etmişdir, hər ikisi liman şəhəridir. Əməkdaşlıq üçün çox geniş imlanlarımız var. Mən mərkəzi bankın prezidenti ilə görüşmüşəm. Onun şəxsində siyasətçidən daha çox bank sahəsinin təcrübəli xadimini görmək mənim üçün xoş oldu.

Mən ona dedim ki, Azərbaycan MDB məkanında rubldan milli valyutaya uğurla keçməyin nadir nümunəsidir. Şərqi Avropada belə nümunələr o qədər də çox deyildir. Biz bütün bunları nəzərə alırıq və Azərbaycanda işləyəcək latış sahibkarlarına kömək edəcək, onları maliyyələşdirəcək, biznesin inkişafında onlara yardımçı olacağıq. Latviyada, digər baltikyanı ölkələrdə işləyən azərbaycanlıları fəal surətdə maliyyələşdirəcəyik. O məqsədlə ki, biznesmenlərimiz ölkələrimizdə vergi ödəyə və dövlətlərimizə mənfəət gətirə bilsinlər.

Əlbəttə, biz Sizə çox şey təklif edə bilərik. Qiymətli kağızlarla, birjalarla iş, pul axınlarının idarə olunması sahəsində Latviyanın xeyli təcrübəsi var. Latviya kredit ölkəsidir və biz bu təcrübəni Azərbaycanla bölüşmək istərdik.

Heydər Əliyev: Sağ olun. Bizdə prezidentin yanında qiymətli kağızlar üzrə komitə var. Biz görüşümüzü qurtarandan sonra mən tapşıracağam ki, onun sədri sizinlə görüşsün. Çünki bank işi öz yerində, amma bizim qiymətli kağızlar üzrə komitəmiz var. Biz onu ayrıca komitə kimi yaratmışıq və bilavasitə prezidentə tabedir. Yəni, siz onun sədrinə öz təcrübənizdən danışa bilərsiniz, o da sizə nə isə deyə bilər. Bu, çox faydalı olacaqdır.

Georqs Lansimanis ("Legno trаding" şirkətinin prezidenti): Cənab prezident, mən Sizin gözəl ölkənizdə, Sizin rəhbərliyinizlə işləmək üçün verilmiş imkandan çox şadam. Latviya və Azərbaycan Avropanın bir hissəsidir. Artıq iki ildir ki, burada çalışıram, biz bir çox istiqamətlər üzrə, o cümlədən kənd təsərrüfatı sahəsində işləyirik. Biz Sizin ölkənizə kənd təsərrüfatı üçün Amerika traktorları gətirmişik. Bizim layihələrimiz çoxdur, məsələn, Azərbaycandan ölkəmizə bal göndərilməsini bərpa etmək sahəsində işləyirik. Yaratmaq istədiyimiz Latviya ticarət evi iqtisadi münasibətlərimizin inkişafına kömək edə biləcək layihələrdən biridir.

Biz problemlərimiz - nəqliyyat daşımaları, tariflər məsələləri haqqında baş nazirlə, gömrük komitəsinin sədri ilə danışmışıq. Ümid edirik ki, yaxın gələcəkdə biz bütün bu problemləri həll edəcəyik və bu, əməkdaşlığımızın inkişafına kömək göstərəcəkdir.

Heydər Əliyev: Çox xoşdur. Mən bunu heç bilmirdim.

İndulis Berzinş: Gördünüz, həqiqətən belədir. Yaxşı misallardır. Bizim biznesmenlərin topladıqları təcrübə çox yaxşıdır. Əməkdaşlığın hər cür nümunələri var. Amma biz əməkdaşlığın uğurlu nümunələrini xüsusi vurğulayırıq. Biz mənim yaxşı dostum və həmkarımla - xarici işlər naziri ilə danışmışıq ki, münasibətlərimizin daha asan inkişaf etməsi üçün hüquqi baza yaradılmasını davam etdirəcəyik. Mən onu Riqaya dəvət etmişəm. Biz sənədlər paketi hazırlayırıq və bu sənədlər onun səfəri zamanı imzalana bilər. Bakıda artıq iki sənəd imzalamışıq: xarici işlər nazirlikləri arasında əməkdaşlıq və informasiya mübadiləsi haqqında protokol, ikincisi isə nəqliyyat sahəsində əməkdaşlıq barədə sənəddir, bu sənəd yeni minillikdə çox vacibdir, çünki bütün əməkdaşlıq Şimalla, Şərqlə, Cənubla və Qərblə əlaqədardır. Həqiqətən, yaxşı və lazımlı çox iş görmək olar.

Mən öz həmkarlarımla razıyam: Latviyada Sizə, ölkənizə qarşı çox müsbət münasibət, yəni dostluq münasibəti, böyük maraq var. Məsələn, bu gün nahardan əvvəl mən Latviya radiosuna müsahibə verməli idim. Onlar hər şeyi yerli-yataqlı soruşurdular. Çox maraqlanırdılar ki, məhz Azərbaycana səfərim neçə keçir. Mən Avropaya səfərə gedəndə belə böyük maraq göstərilmir, çünki bu, adət halını alıbdır.

Burada isə biz, həqiqətən, bir-birimizi yenidən kəşf edirik. Bu, çox gözəldir.

Cənab prezident, mən bu fürsətdən istifadə edib, demək istərdim ki, Siz təkcə ölkənizin deyil, həm də ümumən regionun sabitliyi və inkişafı üçün çox mühüm rol oynayırsınız.

Sizinlə Türkiyə, İran, Rusiya arasında əməkdaşlığı necə gördüyünüz, Azərbaycan ilə Ermənistan arasında mövcud olan bütün problemlər haqqında, bu regionu, onun perspektivlərini necə gördüyünüz barədə keçən dəfə bizə necə danışdığınızı xatırlayıram. Çox yaxşı olardı ki, Siz bizə bu barədə danışaydınız.

Heydər Əliyev: Yaxşı, bəs azərbaycanlı biznesmenlər orada nə edirlər? Yeri gəlmişkən, istərdim biləm ki, orada Azərbaycan icması neçə nəfərdir?

Əlirza Hüseynov ("Markuris" şirkətinin prezidenti): Latviyada 1200 nəfər, bütünlükdə Baltikyanı ölkələrdə isə 2000 nəfərdir. Ən böyük diaspor Latviyayadır.

Heydər Əliyev: Yaxşı, orada sizin yaşayışınız necədir?

Əlirza Hüseynov: Cənab prezident, bizim vahid vətənimizin müstəqilliyini möhkəmləndirmək sahəsində fədakar əməyinizə, Azərbaycan xalqına və onun vətəndən uzaqlarda yaşayan nümayəndələrinə göstərdiyiniz, həqiqətən, atalıq qayğısına görə Sizə Baltikyanı ölkələrdə yaşayan bütün azərbaycanlılar adından minnətdarlığımızı bildirir, Sizə böyük uğurlar arzulayıram. Biz fəxr edirik ki, beynəlxalq aləmdə azərbaycanlıların bütün təşəbbüslərini dünya ictimaiyyəti sizin adınızla bağlayır. Əmin ola bilərsiniz ki, Sizin daxili və xarici siyasətinizi dəstəkləmək üçün biz Latviyada və ümumən Baltikyanı ölkələrdə mümkün olan hər şeyi edirik.

Mənə verilmiş imkandan istifadə edərək, Azərbaycanda həyata keçirdiyiniz layihələr haqqında danışmaq istəyirəm. 1995-ci ildə Latviya kapitalı cəlb olunmaqla, biz Beyləqan rayonunda ildə 200 milyon ədəd kərpic buraxan zavod tikmişik. Həmçinin mineral su buraxan müəssisə tikmişik. Bu müəssisələrdə 200 nəfər azərbaycanlı, əsasən, qaçqınlar işləyirlər.

Həmin müəssisələr cəbhəyanı bölgədə yerləşir, biz onları yaradarkən məndən biznesin perspektivlərini soruşurdular. Deyirdim ki, perspektivlər sarıdan heç bir şübhəm yoxdur, çünki Azərbaycanın belə rəhbəri var. Mən Baltikyanı ölkələrdə yaşayan bütün azərbaycanlılara demişəm: siz təşəbbüsçü olmalı və Azərbaycanın iqtisadiyyatına hamıdan əvvəl sərmayə qoymalısınız ki, arxanızca başqaları da gəlsin. Mənim bildiyimə görə, Baltikyanı ölkələrdə yaşayan həmvətənlərimiz Azərbaycanın iqtisadiyyatına təxminən 6 milyon dollar sərmayə qoymuşlar. Azərbaycanlıların öz ölkəsinin iqtisadiyyatına qoyduqları sərmayə gələcəkdə işğaldan azad ediləcək ərazilərin bərpasında istifadə oluna bilər.

İndi biz böyük bir layihə - sanitariya texnikası avadanlığı buraxacaq zavodun tikintisi üzərində işləyirik. Danimarka ilə birlikdə belə bir zavod Latviyada tikilib və o, bütün Baltikyanı ölkələri məhsulla təmin edir.

Baltikyanı ölkələrdəki icmamıza gəldikdə isə, biz sizinlə daim fəxr edirik və bütün tədbirlərinizi dəstəkləyirik. Latviyada yaşayan azərbaycanlıların vətənlə əlaqəni itirməməsi, öz dilini unutmaması üçün mümkün olan hər şeyi edirik. Bizim bazar günü məktəbimiz var, orada uşaqlarımıza ana dilimizi öyrədirik. Milli musiqi alətlərində çalmağı öyrədən məktəbimiz də var. Biz bu məktəblərə kitablar veririk. Mədəniyyət naziri Polad Bülbüloğlu Latviyada olarkən, işinin çoxluğuna baxmayaraq, vaxt tapıb bizimlə görüşdü, latış xalqının Azərbaycanın mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olması üçün xalça sərgisi təşkil etməyə söz verdi. Zənnimcə, bu, mədəniyyət sahəsində dövlət səviyyəsində ilk tədbir olardı. O, uşaqlarımıza kitablarla kömək etməyə də söz vermişdir.

İndulis Berzinş: Bir balaca əlavə etmək istəyirəm. Cənab prezident, biz Sizin dəstəyinizi xahiş etmək istərdk. Əgər Siz Baltikyanı dövlətlərin hansındasa səfirliyinizi açsaydınız, yaxşı olardı. Əgər Siz qərara gəlsəydiniz və səfirliyi Riqada açsaydınız, bu, bizim birgə işimizə çox yaxşı dəstək olar, ikitərəfli münasibətlərimizə kömək edərdi. Riqa istər coğrafi baxımdan, istərsə də bütün başqa cəhətlərə görə ən uğurlu yerdir. O, bizim regionun ən böyük şəhəridir və səfir çox asanlıqla həm Estoniya ilə, həm də Litva ilə əlaqə saxlaya bilər. Əgər Siz bu ideyanı dəstəkləyib səfirlik açsanız, biz çox şad olacaq və Sizi Riqada salamlayacağıq.

Heydər Əliyev: Biz bu barədə qərar qəbul edərkən, hökmən Riqanı seçəcəyik. Ona görə ki, mən belə başa düşdüm, orada azərbaycanlılar daha çoxdur. İkincisi, mən Riqanı görmüşəm, həqiqətən, gözəl şəhərdir. Yəqin ki, indi daha da gözəlləşib üstəlik, o, həm də liman şəhəridir. Əlbəttə, səfirliyi Riqada açmaq bizim üçün daha münasib olacaqdır.

İndulis Berzinş: Bu, yaxşı vəddir. Çox sağ olun.

Əlirza Hüseynov: Cənab prezident, bizi narahat edən məsələlər barədə danışmaq istəyirəm. İnformasiya baxımından bizim böyük problemlərimiz var. Azərbaycan dilində qəzet və jurnallarımız yoxdur. Azərbaycandan informasiyanı öz kanallarımız vasitəsilə alırıq. Yaxşı olardı ki, Latviya ilə Azərbaycan arasında elə əlaqə yaransın ki, biz Azərbaycanda baş verən proseslər haqqında, heç olmasa, həftədə bir dəfə informasiya alaq. Bu, həm də Latviya ictimaiyyətinin məlumatı olması üçün də lazımdır. Diplomatik idarə açılmadığına görə, biz vizanı hələ ki, Rusiyadan almalı oluruq. Bu baxımdan, azərbaycanlıların çətinlikləri var.

Sözümün sonunda icazə verin, Sizə bir daha ən səmimi, dərin ehtiramımı bildirim, möhkəm cansağlığı, bu məsul vəzifənizdə uğurlar arzulayım. Latviyada yaşayan biz azərbaycanlılar həmişə Sizinləyik, Sizi dəstəkləyirik. Mən fəxr edirəm ki, Heydər Əliyev kimi övladı olan xalqın nümayəndəsiyəm. Sağ olun.

Heydər Əliyev: Sağ olun. Siz ki, kərpiç zavodu tikmisiniz, hesab edirəm, uzaqgörən iş tutmusunuz. Çünki indi bizdə həm kənd yerlərində, həm də şəhərlərdə çox intensiv fərdi tikinti gedir. Siz özünüz təsadüfən Beyləqan rayonundan deyilsiniz?

Əlirza Hüseynov: Mən Beyləqan rayonundanam. Özüm inşaatçıyam, Politexnik İnstitunu bitirmişəm. Tikinti təşkilatında idarə rəisi işləmişəm.

Heydər Əliyev: Beyləqan rayonunda olursunuzmu? Orada insanlar evlər tikirmi?

Əlirza Hüseynov: Çox təəssüf ki, az tikirlər.

Heydər Əliyev: İndi bəzi rayonlarda çox tikirlər. 70-ci illərdə fərdi tikinti lap çox idi.

Əlirza Hüseynov: Mənim atam inşaatçı idi, onunla rayonları gəzir və görürdüm ki, Azərbaycanda binaları kərpicdən tikmirlər. Mən onunla hər yerə gedirdim və qırmızı kərpicdən tikilən binalar həmişə xoşuma gəlirdi. Ona görə də Azərbaycanda bu tikinti materialını istehsal edən müəssisə yaratmaq arzum idi.

Heydər Əliyev: Siz nəsə demək istəyirsiniz?

Rafiq Seyfullayev ("Ronalds s" kommersiya firmasının prezidenti): Sizinlə görüşməyimdən çox şadam. Biz burada yaxşı əməkdaşlıq qurmuşuq. Azərbaycandan Latviyaya spirt, konyak göndəririk. Çox uğurlu biznesimiz var. Sizi görməyimdən çox şadam, bu, məndən ötrü böyük şərəfdir. Bizi qəbul etdiyinizə görə çox sağ olun.

Əlirza Hüseynov: Mən Sizə Latviyadakı Azərbaycan icmasının müraciətini təqdim etmək istəyirəm.

Heydər Əliyev: Yaxşı, verərsiniz. Cənab nazir, siz bizim region barədə sual verdiniz. Əlbəttə, tarix, adət-ənənələr və milli tərkib baxımından region özlüyündə çox maraqlıdır. Ümumiyyətlə, Qafqaz dünyanın nadir regionudur. Burada Rusiyanın tərkibinə daxil olan Şimali Qafqaz var, orada çoxlu muxtar, indi isə milli respublikalar var. Bir də ki, üç müstəqil dövlətin - Gürcüstan, Ermənistan və Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz. Bizim qonşularımız İran, Rusiya, Ermənistan, Gürcüstan, Türkiyədir. Gürcüstan həm Ermənistanla, həm Azərbaycanla, həm də Türkiyə ilə qonşudur, ancaq onun İranla sərhədi yoxdur. Ermənistan isə Türkiyə, Gürcüstan, Azərbaycanla qonşudur. Kiçik bir ərazidə isə İranla həmsərhəddir. Burada mürəkkəb proseslər gedir, bunların mürəkkəbliyi də ondadır ki, hələ sovet hakimiyyəti dövründə burada münaqişələr başlanmışdır. Lakin postsovet məkanında ən köhnə hərbi münaqişə Dağlıq Qarabağ üstündə Ermənistanla Azərbaycan arasında başlanmış münaqişədir.

Dağlıq Qarabağ 1923-cü ildə, hələ ümumiyyətlə, respublikalar yaranarkən Azərbaycanın tərkibində təşkil olunmuş muxtar vilayət idi. Əslində, respublikaların tarixi belədir. Rusiya imperiyası süqut etdi. Burada Azərbaycan, Gürcüstan və Ermənistan özlərinin müstəqilliyini elan etdilər. 1918-ci ildə Azərbaycanda müstəqil dövlət yarandı, özü də bu, Şərqdə ilk demokratik, sivil dövlət idi. Amma təəssüf ki, o, az müddət - 23 ay yaşadı, sonra buraya qızıl ordu gəldi, sovet hakimiyyəti qurdu. Amma hər halda, bundan sonra Azərbaycan artıq sovet sosialist respublikası kimi müəyyən dərəcədə azad idi, baxmayaraq ki, artıq burada kommunist ideologiyası hakim idi. 1922-ci ildə isə sovetlər ittifaqı yarandı, yeri gəlmişkən siz ona 1940-cı ildə daxil oldunuz.

Azərbaycan da 1922-ci ilin dekabrında Rusiyanın digər regionları ilə birlikdə sovetlər ittifaqını yaratmış ölkə idi. Sonralar sovetlər ittifaqında müxtəlif milli mahallar, vilayətlər, respublikalar təşkil olunmağa başlandı. Elə o zaman əhalisinin çox hissəsini ermənilər təşkil edən kiçik, 4 min kvadrat kilometrlik ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Dağlıq Qarabağ o vaxtdan Azərbaycanın tərkibində idi. Müharibədən sonrakı illərdə, bəlkə də, hələ bundan əvvəl Dağlıq Qarabağı Ermənistana birləşdirmək cəhdləri olmuşdur. Halbuki, məsələn, Gürcüstanda 500 min azərbaycanlı yaşayırdı və bu gün də yaşayır, özü də onlar Azərbaycana bitişik rayonlarda yaşayırlar. Amma biz bu məsələni qaldırmamışıq. Yaxud elə indiki Ermənistanın özündə bir vaxtlar ermənilərdən çox azərbaycanlılar yaşayırdı. Çünki o zaman xanlıq vardı. Hələ Rusiya imperiyası bizim regionu işğal edənədək xanlıqlar mövcud idi, indi Ermənistanın paytaxtı yerləşən ərazidə İrəvan xanlığı da var idi. Orada yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Yeri gəlmişkən, bu münaqişə başlayanda o zaman bunu SSRİ Ali Sovetində müzakirə edirdilər. Deməliyəm ki, müzakirə ədalətsiz, vicdansız, qeyri-obyektiv idi. Bununla belə, bir dəfə ermənilər çıxış edərkən, Qorbaçovun özü hələ çar hökuməti dövründəki statistikadan misal gətirməyə məcbur oldu ki, o vaxt İrəvanda ermənilərdən çox azərbaycanlılar yaşayırdı.

Onları tədricən oradan çıxarırdılar, biz isə Azərbaycanda ermənilərə toxunmurduq, onlar Bakıda da, digər bölgələrdə də yaşayırdılar. Deyək ki, Dağlıq Qarabağda cəmi 160 min əhali yaşayırdı, onun təxminən 40 min nəfəri azərbaycanlı, qalanları ermənilər idi. 1988-ci ildə bu kiçik bölgə üstündə münaqişə başlandı, sonra isə müharibəyə çevrildi. Müxtəlif səbəblərə görə, deməliyəm ki, əvvəla, hələ sovetlər ittifaqı vaxtında bu məsələnin həllinə çox qeyri-obyektiv münasibət göstərildiyinə, sovetlər ittifaqı dağıldıqdan və Ermənistan, Azərbaycan müstəqil dövlətlər olduqdan sonra Ermənistan cürbəcür mənbələrdən böyük kömək aldığına görə, onlar həm Dağlıq Qarabağı, həm də onun ətrafında yerləşən və ermənilərin olmadığı, yalnız azərbaycanlıların yaşadığı yeddi rayonu bütünlüklə işğal edə bildilər və həmin ərazilərdən azərbaycanlıları zorla qovub çıxardılar. Beləliklə, bu səbəbdən indi Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Müharibə getmiş, həm o tərəfdən, həm də bu tərəfdən insanlar həlak olmuşdur. Amma Azərbaycana zərbə dəymişdir, çünki bir milyondan çox azərbaycanlı yerindən-yurdundan qovulmuşdur. Yeri gəlmişkən, onların böyük əksəriyyəti ağır şəraitdə yaşayır. Bu gün sizin gördüyünüz, başqa yerlərdə məskunlaşanların vəziyyəti ilə müqayisədə cənnətdir. Əgər siz bizim bəzi kənd rayonlarımıza getsəniz, görərsiniz ki, onlar çadırlarda, yaxud köhnə dəmiryol vaqonlarında yaşayırlar. Hər vaqonda üç ailə yaşayır. Biz bütün yataqxanaları, bir çox məktəblərin binalarını və sairəni onlara vermişik. Ancaq bütün bunlar mənzil demək deyildir. Əksəriyyətli, təxminən bir neçə yüz min adam 7-8 ildir ki, çadırlarda yaşayır.

1994-cü ildə biz, hər halda, atəşkəsə razı olduq ki, məsələni sülh yolu ilə həll edək. Amma Ermənistan qeyri-konstruktiv mövqe tutduğuna görə bu məsələ indiyədək həll olunmur. Beynəlxalq hüquq və onun sarsılmaz prinsipləri var - hər bir dövlətin ərazi bütövlüyü, dövlətlərin beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı. İndiki halda Azərbaycana münasibətdə bu beynəlxalq prinsiplər tamamilə tapdalanmışdır. Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı pozulmuş, bir milyon azərbaycanlı yurdundan-yuvasından qovulmuşdur. Belə bir şəraitdə Ermənistan özünün müəyyən üstünlüyündən, bizim ərazilərimizi işğal etməsindən istifadə edərək orada qoşun saxlayır. Bizim də qoşunumuz var və təbii ki, biz də müharibəyə qalxa və ərazimizi silah gücünə azad edə bilərik. Amma döyüşlərin yenidən başlanmasını istəmirik, axı, qan tökülür, insanlar həlak olurlar. Ermənilər isə beynəlxalq hüquqa zidd olaraq, Dağlıq Qarabağa müstəqillik statusu verilməsini, yaxud Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edirlər. Belə çıxır ki, Azərbaycan ya öz ərazisinin bir hissəsini heç bir əsas olmadan Ermənistana güzəştə getməli, yaxud da öz ərazisində ikinci müstəqil erməni dövlətinin yaranmasına razı olmalıdır. Bunların hər ikisi beynəlxalq hüquqa tamamilə ziddir.

Müxtəlif variantlar var, bunlar 1992-ci ildən başlayaraq bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupu ilə də müzakirə olunmuşdur. Müxtəlif variantlar var idi ki, biz onlarla razılaşırdıq, ermənilər isə, əsasən, razılaşmırdılar. Bildiyiniz kimi, son iki il ərzində bilavasitə iki prezident - Ermənistan və Azərbaycan prezidentləri arasında görüşlər keçirilir. Biz qərara almışıq ki, bu vəziyyətdən çıxmağın hansısa yollarını tapmaq lazımdır, - amma, təbii ki, bu zaman beynəlxalq hüquq pozulmamalıdır, - eyni zamanda, bir-birimizə hansısa kompromislərə getməliyik. Ermənilər hesab edirlər ki, Azərbaycan tərəfindən kompromislər daha çox olmalıdır, nəinki onlar tərəfindən. Buna görə də məsələ həll edilmir və bu, regionumuzda vəziyyəti mürəkkəbləşdirir.

Lakin bütün bu şəraitdə bizim iqtisadiyyatımız yaxşı inkişaf edir. Bizim zəngin təbii ehtiyatlarımız - neftimiz və qazımız var. Yaxşı sənaye potensialımız, kənd təsərrüfatımız var. Məsələn, 1995-ci ildən başlayaraq biz torpağı kəndlilərə verəndən sonra kənd təsərrüfatı məhsullarının istehsalı iki dəfə artmışdır. İndi bizdə kənd təsərrüfatı məhsulları ilə bağlı problem yoxdur və kənddə insanlar yaxşı yaşayırlar. Əlbəttə, vaxtilə təkcə Azərbaycana deyil, bütünlükdə sovetlər ittifaqına xidmət edən bir çox iri sənaye müəssisəsi inteqrasiya əlaqələrini itirdiyinə görə indi işləyə bilmir. Sizdə Riqada dəmir yol vaqonları istehsal edən zavod vardı. Mən Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən, bu zavodun problemləri ilə məşğul olurdum. İndi bilmirəm, həmin zavod əvvəlki kimi tam gücü ilə işləyir, ya yox. Belə misallar sidə də, bizdə də çoxdur. Bütün bunlara baxmayaraq, təqribən, 1995-1996-cı illərdən başlayaraq, bizdə ümumi daxili məhsulun, sənaye və kənd təsərrüfatı məhsulunun artımı müşahidə edilir. 1996-cı ildə biz inflyasiyanı tamamilə dayandırdıq. Artıq 5 ildir ki, inflyasiya yoxdur və deməli, istehlak mallarının qiymətləri aşağı düşür.

Neft yataqlarının işlənilməsi sahəsində bizim böyük perspektivlərimiz var. Biz dünyanın iri şirkətlərini cəlb etmişik, indi burada 32 xarici şirkət işləyir. Birinci müqavilə üzrə biz neft çıxarırıq və onu Qara dəniz sahilindəki iki liman - Gürcüstanın Supsa və Rusiyanın Novorossiysk limanları vasitəsilə ixrac edirik. Artıq həmin neftdən gəlir daxil olur. Dediyim kimi, burada çoxlu neft şirkətləri işləyir, hər bir şirkət isə öz layihələrini həyata keçirmək üçün digər Qərb şirkətlərini cəlb edir, ona görə də burada şirkətlərin sayı artır, onlar özləri fayda götürürlər və bizim vətəndaşlarımız da bu şirkətlərdə işləyirlər. Ümumən, iqtisadiyyatımız inkişaf edir. Amma bizim həmin başlıca problemimiz olmasaydı, inkişafımız daha uğurla gedərdi. Bununla Ermənsitan özü özünü ağır vəziyyətə salmışdır. Rusiyadan Ermənistana gedən dəmir yolu Azərbaycandan keçir. Ermənistan həmin yolun keçdiyi ərazimizi işğal edib və beləliklə, bu yoldan istifadə edə bilmir.

Naxçıvan Muxtar Respublikası ilə əlaqə saxlamaq üçün bu dəmir yolu bizə də lazımdır. Ancaq bu, onlara daha çox lazımdır, çünki Abxaziya münaqişəsinə görə Gürcüstan tərəfdən onların dəmir yolu indi bağlıdır. Hazırda gürcülərin Bakıdan keçib Rusiyaya gedən dəmir yolundan başqa bir dəmir yolu yoxdur. Ermənistanın isə dəmir yolu ilə yalnız Gürcüstana, Tbilisiyə, oradan da Qara dənizə çıxışı var. Ümumiyyətlə, Ermənistan təbii sərvətlər baxımından kasıbdır və buna görə də orada iqtisadi vəziyyət ağırdır. Amma buna baxmayaraq onlar öz dediklərinə təkid edirlər. Bu məsələnin həlli, əlbəttə, bizi bir çox problemlərdən xilas edər, ərazi bütövlüyümüz bərpa olunar, sülh yaranar və Ermənistan ilə Azərbaycan arasında ticarətdən Ermənistan dərhal fayda götürərdi, belə ki, yol açılar və Ermənistan Avropa ilə daha sərfəli əlaqə saxlaya bilərdi.

Gürcüstana gəldikdə isə, bizim onunla çox mehriban münasibətlərimiz var. Biz neft kəmərlərindən birini məhz Gürcüstan ərazisindən, Qara dəniz sahilindəki Supsa limanına çəkmişik. Neft şirkətləri konsorsiumunun yaratdığı və artıq tikintisinə başlamaqda olduğumuz əsas neft kəməri də Gürcüstan ərazisindən keçərək, Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına çıxacaqdır. Həmin kəmərlə buradan ildə təxminən 60 milyon ton neft nəql olunacaqdır. Bizdə qaz yataqları aşkar edilmişdir. Çıxarılacaq qazın yenə də Gürcüstan ərazisi ilə Türkiyəyə nəqli barədə razılığa gəlmişik.

İranla münasibətlərimiz normaldır. Yaxşı ticarət edirik, uzun sərhədimiz var. Türkiyə ilə sərhədimiz azdır, Naxçıvan Muxtar Respublikası vasitəsilədir. Ancaq Türkiyə ilə daha yaxın münasibətlərimiz - həm ticarət, həm iqtisadi, həm də siyasi əlaqələrimiz var. Rusiya ilə münasibətlərimiz normaldır, baxmayaraq ki, problemlər də var. Ermənistandan və Gürcüstandan fərqli olaraq, bizim ərazimizdə hərbi bazalar yoxdur. İndi Gürcüstan mübarizə aparır ki, onun ərazisində belə bazalar olmasın. Rusiyanın yeni prezidenti bu ilin yanvarında Azərbaycana rəsmi səfər etdi və biz bir çox məsələləri daha yaxşı həll etməyə başlamışıq. Bir sözlə, prinsipcə, regionumuzda vəziyyət mürəkkəbdir. Bildiyiniz kimi, Gürcüstanda da abxaz və osetin münaqişələri var. Orada iki münaqişə var, burada isə münaqişə iki dövlət arasındadır. Ona görə də vəziyyət mürəkkəbdir. Əgər bu münaqişələr aradan qaldırılsaydı, bundan hamı - Ermənistan da, Gürcüstan da, Azərbaycan da qazanardı. Biz, bax, belə mürəkkəb vəziyyətdəyik.

Bununla belə, Azərbaycan bu mürəkkəb şəraitdə də inkişaf edir, iqtisadiyyat artır, insanların rifah halı yüksəlir, gördüyünüz kimi, şəhər tikilir. Biz dövlət xətti ilə heç nə tikmirik, bütün bu binaları özəl sektor tikir.

Biz özəl sektora böyük imkanlar vermişik. Türkiyədən buraya gələnlər mənə deyirlər ki, burada "mersedes"lərin sayı Türkiyədəkindən çoxdur, baxmayaraq ki, onların əhalisi 65 milyon, bizimki isə 8 milyon nəfərdir. Burada heç vaxt bu qədər avtomobil olmayıbdır. Mən maşınla gedəndə görürəm ki, prospektlərin o tərəfi də, bu tərəfi də avtomobil dayanacağıdır. Əgər avtomobil varsa, demək, insanın onu almağa imkanı var. Yaxşı qazanan biznesmenlər özlərinə imarətlər, villalar tikirlər. Bununla yanaşı, bizdə kasıb insanlar da az deyildir. Sənayemiz tam gücü ilə işləmədiyinə görə, insanlarımız öz doğma yurdlarından zorla çıxarıldığına görə bizdə işsizlik də var. Halbuki, yerindən-yurdundan didərgin düşmüş bu insanlar torpağa bağlı, kənd təsərrüfatı ilə məşğul olan insanlar idi.

Sizdə isə hər şey yaxşıdır, Avropa Birliyinə yaxşı inteqrasiya olunmusunuz. Qısa bir müddətdə Avropa Birliyinin üzvü olmaq imkanı əldə etməyiniz çox şeydən xəbər verir. Yəqin ki, siz NATO-nun üzvü olacaqsınız.

İndulis Berzinş: Ümid edirik.

Heydər Əliyev: Mən də belə hesab edirəm ki, siz NATO-nun üzvü olacaqsınız. Mən şadam ki, sizin vəziyyətiniz belə yaxşıdır. İstəyirəm ki, bizdə, regionumuzda da bu cür olsun. Əgər sizin regionu götürsək, orada keçmiş sovetlər ittifaqına daxil olan üç respublikasınız - mən Latviya, Litva və Estoniyanı nəzərdə tuturam. Bizim regionda da keçmiş sovetlər ittifaqının üç respublikası - Gürcüstan, Ermənistan və Azərbaycan yerləşir. Lakin biz başqa-başqa şəraitdəyik.

İndulis Berzinş: Cənab prezident, əvvəla, demək istəyirəm ki, Siz nəinki ümid edirsiniz, həm də burada işlərin daha yaxşı getməsi üçün çox şey edirsiniz. Bu, göz qabağındadır. Xatirinizdədirsə, mən buraya yanvarda, biz nümayəndə heyətinin tərkibində görüşərkən gəlmişdim. Bu gün isə maşınla Bakının küçəsindən keçərkən müsbət dəyiçiklikləri görürəm.

Görünür ki, iqtisadiyyat inkişaf edir, imkanlarımızdan, ehtiyatlarınızdan, həqiqətən, istifadə olunur və Siz artıq irəliyə doğru hərəkət edirsiniz. Buna heç bir şübhə yoxdur.

Cənab İnkens burada faciəli hadisələrin başlanmasının - Bakıya sovet qoşunları yeridilməsinin ertəsi günü olmuşdur. O buraya Latviyadan Sizi dəstəkləyən məktub gətirmişdi. O da deyir ki, o vaxtla müqayisədə burada böyük dəyiçikliklər baş vermişdir.

Əgər bizim regionumuza nəzər salsaq, həqiqətən də, üç Baltikyanı ölkə arasında münaqişələr olmamışdır. Biz hamımız Avropa Birliyinə istiqamətlənmiş xarici siyasət xətti götürmüşük. Ümid edirik ki, 2002-ci il üçün danışıqları başa çatdıra biləcəyik.

Cənab prezident, mən çox ümid edirəm ki, Sizin bizə arzuladıqlarınız yerinə yetəcəkdir. Biz bunun üçün işləyirik və Amerikanın yeni hökumətinin münasibəti çox xeyirxahdır, bizi dəstəkləyir. NATO-ya daxil olan şimal ölkələri - Norveç, Danimarka, İslandiya da bizi çox dəstəkləyirlər. NATO-nun yeni üzvləri də bizi çox güclü şəkildə dəstəkləyirlər. Çexiya prezidenti Havel yaxşı nitq söyləmişdir, Polşa bizi dəstəkləyir. Bir sözlə, imkanlar var.

Regionda bizim bəxtimiz nədə gətirmişdir? Onda gətirmişdir ki, bizim çox yaxşı vəkillərimiz və yardımçılarımız olmuşdur - mən qonşularımızı, beş şimal ölkəsinin hamısını nəzərdə tuturam. Onların hamısı bizi dəstəkləmişdir. Sizdə isə vəziyyət başqa cürdür. Mənim başa düşdüyümə görə, Sizin Türkiyə ilə yaxşı münasibətləriniz var, Ermənistanın isə Rusiya ilə münasibətləri yaxşıdır. Yəni, bir növ hərənin öz xarici tərəfdaşı var. Fərq də bundadır. Ümumiyyətlə isə, mən sizinlə tamamilə razıyam.

İndi biz şimal ölkələri ilə, bir-birimizlə sıx bağlıyıq. Orada yüzlərlə birgə müəssisə, müxtəlif - böyük və kiçik biznes layihələri var. Hamı - bank sistemi və bütün başqaları sıx əlaqədə işləyir. "Pareks" bankı çoxdandır ki, təkcə Latviyada deyil, həm də bütün regionda işləyir. İndi o, bu regionda da fəaliyyət göstərir. Belə əməkdaşlığın nə kimi fayda verdiyini göstərmək üçün çoxlu konkret misallar çəkmək olar.

Bizə gəldikdə isə, bildiyiniz kimi, Siz Avropa Şurasına daxil olanda biz Sizi dəstəklədik və Siz oraya qəbul olundunuz. Bundan sonra, diskussiyalar zamanı, nümayəndə heyətiniz Strasburqda iclasda iştirak edəndə də biz Sizin mövqeyinizi dəstəklədik. Çünki belə vəziyyətdə Sizin danışıqlar yolu tutmağınızın neçə çətin olduğunu başa düşürük. Dünyanın müxtəlif ölkələri bunu yüksək qiymətləndirir. Bu barədə həmkarlarım da mənə deyiblər. Hamı başa düşür ki, Siz bu münaqişəni güc təbliğ etməklə aradan qaldırmağa çalışmır, çox uzun olsa da, məhz danışıqlar yolu ilə gedirsiniz. Mən bayaq dedim ki, biz qaçqınları gördük. Həqiqətən, dəhşətli mənzərədir ki, bu insanlar hansı şəraitdə yaşayırlar. Ancaq danışıqlar yolu, yəqin ki, yeganə yoldur. Mən bu məsələdə Sizinlə razıyam, başqa yol, sadəcə, yoxdur. Əks halda, əgər hansısa problem silah gücünə həll olunarsa, müəyyən müddətdən sonra ikinci tərəf məsələnin həllinin həmin vasitəsinə qayıdacaqdır.

Heydər Əliyev: Bəli, doğrudur. Sizin gözəl ölkəniz var, mən Latviyada olmuşam. Riqa çox gözəl şəhərdir. Xalqınız çox yaxşı, mehriban, gülərüz, mədəni xalqdır. Baltikyanı ölkələr hələ sovetlər ittifaqı zamanı həmişə xaric sayılırdı. Çoxları oraya məhz xarici ölkə kimi gedirdi. Mənim xatirimdədir, Azərbaycandan oraya istirahət etməyə, gəzməyə, cürbəcür mallar almağa gedirdilər. Sovetlər İttifaqı zamanında orada ən keyfiyyətli mallar olurdu. Məsələn, mebel. Xatirimdədir, müharibədən sonrakı ilk illərdə Riqa mebeli ən dəbdə olan mebel idi. Kimin Riqa mebeli vardısa, o, nüfuzlu adam sayılırdı.

İndulis Berzinş: Bəli, biz indi bu ənənəni davam etdiririk. Bir müddət fasilə oldu. Ancaq indi Almaniya üçün mebel istehsal edən firmalar var. Bildiyiniz kimi, Almaniyada insanlar səliqə-sahmanı çox sevirlər və orada keyfiyyətsiz malı sata bilməzsən. Elə firmalar var ki, onların bir neçə il bundan sonra buraxacağı məhsullar indidən alınmışdır, yəni həmin firmalar yalnız istehsal etməlidirlər, onların bir neçə illik müqavilələri var.

Biz yaxşı əməkdaşlıq qurmuşuq, Avropaya kənd təsərrüfatı məhsulları, ət-süd məhsulları ixrac edirik. Sizin baş nazirlə söhbət zamanı dedi ki, bizdə istehsal edilən südün hər 10 litrindən 1 litri Avropaya göndərilir, çünki onun keyfiyyəti yüksəkdir. Ticarətimizin 67 faizi Avropa Birliyi ölkələri ilədir. Rusiyadan yalnız enerji daşıyıcıları alırıq, bunlar ucuzdur. Əslində, dövlət kimi biz almırıq, benzin satan şirkətlər alır. Axı, onlar üçün haradan - sizdən, yaxud Rusiyadan almağın fərqi yoxdur. Başlıcası odur ki, ucuz olsun. Necə hərəkət etməyin yolunu bazar özü diktə edir. Bizdə inkişaf sürətlə gedir və üç Baltikyanı ölkə arasında əməkdaşlıq çox gözəldir. Srağagün Riqada üç ölkənin baş nazirlərinin görüşü keçirilmişdir və bunun üçün səbəb də var idi. Regionumuzda Baltikyanı ölkələrin nazirlər şurası fəaliyyət göstərir. Hər üç ildən bir şuraya rəhbərlik dəyişir. Latviya öz rəhbərliyini başa vurub və baş nazirimiz səlahiyyətini litvalı həmkarına verdi, bu təşkilata indi o rəhbərlik edəcəkdir. Biz hərbi sahədə də gözəl əməkdaşlıq edirik. Məsələn, indi estonlarla birlikdə Amerikadan radar qurğuları alırıq.

Mən bilirəm ki, NATO ölkələri ilə siz də yaxşı əməkdaşlıq edirsiniz. NATO ilə bizim də əməkdaşlığımız əladır. Yəni, böyük imkanlar var və əgər biz birgə işimizi davam etdirsək, Azərbaycan və Latviya bundan yalnız fayda götürəcəklər. Xüsusən də ona görə ki, həqiqətən, siyasətdən əlavə, başqa sahələr də var. Ona görə də mən belə geniş tərkibli, müxtəlif sahələrin təmsilçiləri olan nümayəndə heyəti seçmişəm. Burada bizim rəssamın sərgisi açılmışdır. Yəni, bu əməkdaşlığa təkan verənlər təkcə prezidentlər, xarici işlər nazirləri deyil, digər sahələrin nümayəndələri də bizi buna sövq edirlər. Mən buraya gəldiyimi bildirəndə bunu iki dəfə təkrar etməyə ehtiyac qalmadı. Nümayəndə heyətinin tərkibində buraya gəlmək, sizinlə görüşmək istəyən insanlar dərhal səs verdilər. Burada biznes üçün yaxşı əlaqələr var, elədirsə, bundan nə üçün istifadə edilmir?

Edvins İnkens (Latviya parlamentinin Avropa işləri üzrə komitəsinin sədri): Bilirsiniz, 11 il ərzində bu şəhərdə kifayət qədər böyük dəyişikliklər baş vermişdir. Mən Bakıya üçüncü dəfədir gəlirəm. Bakıda birinci dəfə buraya qoşun yeridilən günün ertəsi olmuşdum. Məni bizim xalq cəbhəsi göndərmişdi ki, Sizi dəstəkləyək. O zaman bu, vacib idi. Biz xalq cəbhəsinin o vaxtkı rəhbərliyi ilə görüşmüşdük. İndiki səfərim zamanı şəhərin necə dəyişməsi məni heyrətə saldı.

Görünür, siz bu işə vəsait qoyursunuz, beş ildən sonra şəhərin siması yaxşılığa doğru yenidən dəyişəcəkdir. Hesab edirəm, Latviyada yaşayan həmvətənləriniz buraya qayıtmaq istəyəcəklər. Zənnimcə, bunda qeyri-adi bir şey yoxdur. Biz islahatlar apararkən çox şeyi şimal ölkələrindən, qonşularımızdan əxz etdik. Elə hallar da olub ki, Mərkəzi Avropa ölkələrindən öyrənmişik, indi isə onların çoxundan irəlidəyik. Bunu Qərb iqtisadçıları da vurğulayırlar. Biz yaxşı işləyirik. Bu mənada parlamentlərimiz də əməkdaşlıq edəcəklər. Biz sizin parlamentdə yaxşı görüş keçirdik. Şübhəsiz ki, hökumətlər də əməkdaşlıq edəcəklər. Lakin çox vacibdir ki, bizim biznesmenlər öz təcrübəsini sizin bank sektoruna öyrətsinlər. Gömrük sahəsində də yaxşı işlərimiz var, bizim nümayəndələr bu sahədə də sizinkilərə kömək göstərə bilərlər. Bir sözlə, müxtəlif variantlar var ki, biz nəinki təcrübə mübadiləsi edə, həm də birgə işləyə, ümumi iş görə bilərik. Biz Latviyada buna, həqiqətən, hazırıq və bu işə çox maraq göstəririk. Bu səfər, sadəcə, protokol xatirinə deyildir. Biz buna gəlmək istəyirdik, öz maraqlarımız var idi. Biz bu səfərdən, həqiqətən, çox şadıq.

Heydər Əliyev: Çox yaxşı. Mən Latviyadakı Azərbaycan icmasının nümayəndələrinə müraciət edirəm. Demək istəyirəm ki, əvvəla, onların Latviya kimi bir ölkədə kök sala bilməsi və belə uğurla iş aparması məni sevindirir. Mən hələ sovetlər dövründə, Azərbaycanın rəhbəri olanda da həmişə hesab etmişəm ki, azərbaycanlılar təkcə öz ərazilərində qapanıb qalmamalıdırlar. Onlar öz ərazilərindən kənara çıxmalı, hər yerdə yaşamalıdırlar. İndi bu insanların Baltikyanı ölkələrdə, xüsusən Latviyada məskunlaşmasını, yaşamasını, sizin ölkənin vətəndaşları olmasını, faydalı işlər görməsini eşitmək, görmək xoşdur. Eyni zamanda onlar öz vətəni ilə əlaqələri kəsmirlər. Müəyyən mənada bu kitab və yəqin ki, bir çox başqa şeylər Azərbaycanı təbliğ edir. Təbliğat mənasında yox, xalqların bir-birini daha yaxşı tanımaları mənasında deyirəm. Bir-birini nə qədər yaxşı tanısalar, əməkdaşlıq da bir o qədər səmərəli olacaqdır. Mən şadam ki, elə bu cürdür.

Xahiş edirəm mənim salamlarımı və ən xoş arzularımı Latviyada yaşayan bütün azərbaycanlılara yetirəsiniz. Mən onlara firavanlıq arzulayıram və istəyirəm ki, Azərbaycan xalqının layiqli nümayəndələri, eyni zamanda Latviyanın gözəl vətəndaşları olsunlar.

İndulis Berzinş: Çox gözəl sözlərdir.

Heydər Əliyev: Latviyanın gözəl vətəndaşları olsunlar.

Payızda burada dünya azərbaycanlılarının forumunu keçirmək nəzərdə tutulmuşdur. Biz onları bir yerə toplamağı qərara almışıq, çünki azərbaycanlılar bir çox ölkələrdə yaşayırlar. Onları bir yerə toplamağı qərara almışıq ki, danışaq, görək ki, olduqları ölkələrdə yaxşı yaşamaları üçün, eyni zamanda öz vətəni ilə əlaqələri itirməmək üçün daha nə edə bilərik.

Ədəbiyyatın, mətbuatın olmamasına gəldikdə isə, bu, çox vacib məsələdir. Biz burada oturub işləyir və bilmirik ki, kənarda, məsələn, Latviyada azərbaycanlılar var. Mən bilmirdim ki, onlar kitablara, jurnallara, geniş informasiyaya ehtiyac duyurlar. Ona görə də hesab edirəm ki, biz forumun keçirilməsini gözləmədən düşünməliyik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları Azərbaycanın bugünkü həyatı haqqında müəyyən informasiya ilə təchiz etmək, bazar günü məktəbləri üçün onlara kitablar, dərsliklər göndərmək üçün nə edə bilərik.

Aviasiya reysinə gəldikdə isə, mən bizim konsernə tapşıracağam, qoy, məşğul olsunlar. Axı, bu, kommersiya məsələsidir, o tərəfə və bu tərəfə sərnişin axını nə dərəcədə çox olacaqdır. Əgər mümkündürsə, tapşıracağam ki, bunu mütləq etsinlər. Hesab edirəm, əgər biz Riqada səfirlik açsaq, Baltikyanı ölkələrdə yaşayanların hamısına Riqada da viza almaq asan olacaq, bunun üçün hansısa başqa ölkələrə getmək lazım gəlməyəcəkdir.

Mən sizin burada olmağınızdan məmnunam. Siz burada çox böyük birgə iş görmüsünüz. Bizim bu görüşümüzə, söhbətimizə şadam. Avropa Şurasında sizinlə fəal əməkdaşlıq edəcəyik. Artıq dostluğumuzun möhkəm bünövrəsi qoyulmuşdur, bu, biz Avropa Şurasına daxil olmaq üçün mübarizə aparanda, siz bizə kömək edəndə yaranmışdır. Bunun özü yaxşı zəmindir və biz gələcəkdə də sizinlə bu zəmində əməkdaşlıq edəcəyik.

Mənim salamlarımı xanım prezidentə, parlamentin sədrinə çatdırın. İndi sizdə parlamentin sədri kimdir?

İndulis Berzinş: Cənab Straume. Bir müddət cənab Qorbunov oldu, indi o, yollar və nəqliyyat naziridir. Siz Qorbunovu tanıyırsıınız.

Heydər Əliyev: Mən onu xatırlayıram, hələ sovetlər dövründə o, Latviyanın müstəqilliyi uğrunda fəal mübarizə aparırdı. Buna görə də xatırlayıram, mənim salamımı ona çatdırın.

İndulis Berzinş: Çatdıraram.

Heydər Əliyev: Hamıya salam söyləyin.