Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Dübəndi terminalının açılışı mərasimindəki söhbətindən - Bakı, Əzizbəyov rayonu, 6 yanvar 1998-ci il


Okan Tapan ("Kaspian Trans KO İNK" şirkətinin prezidenti): Zati aliləri, hörmətli prezident. Qazaxıstanın və Türkmənistanın yeni yataqlarından çıxarılan xam neftin Xəzər dənizi və Azərbaycan ərazisi vasitəsilə Qara dəniz limanlarına daşınması üçün mən hər şeydən əvvəl, Azərbaycanda bunun üçün imkan yaradan, bizim şirkətə etimad göstərən, böyük alicənablıq göstərib bu açılış mərasiminə gəlmiş, hədsiz hörmət bəslədiyim Heydər Əliyevə ən dərin təşəkkürümü bildirirəm. İndi isə şirkətin gördüyü işlər barədə Sizə ətraflı məlumat vermək istəyirəm. Qeyd olunmalıdır ki, Qazaxıstanın Aktau limanından Batumiyə qədər 1600 kilometr məsafə var. Gəmilərlə Dübəndiyə gətirilən neft boru kəməri ilə Əli Bayramlıya nəql olunur. Sonra neft dəmir yolu ilə Batumi limanına daşınır və orada tankerlərə yüklənir. İndən belə Dübəndi stansiyasından da dəmir yolu ilə neft göndəriləcəkdir. Biz 1998-ci ildə Batumi limanına 4 milyon ton neft göndərə biləcəyimizə ümid edirik.

Heydər Əliyev: Gələn il daşınması nəzərdə tutulan neftin nə qədəri Qazaxıstandan və Türkmənistandan gətiriləcək?

Okan Tapan: Bununla əlaqədar məlumat vermək istəyirəm ki, 1,8 milyon ton "Tengiz-Şevron" şirkətindən, 500 min ton Türkmənistanın Çələkən yatağından, qalanı da digər şirkətlərdən alınacaqdır.

Heydər Əliyev: "Kaspian Trans KO İNK" şirkətinin rəhbərlərinin nəzərinə çatdırmaq istəyirəm ki, biz Sizi tanıyırıq və nəzərdə tutulan qədər neftin alınmasına Siz cavabdehsiniz. Belə bir cəhətə də diqqət yetirməlisiniz ki, burada siz neftləri bir-birinə qarışdırmamalısınız. Bu neftləri qarışdırmaq olmaz, çünki buradakı neftin keyfiyyəti ayrı, Tengiz neftinin keyfiyyəti ayrı, Çələkən neftinin keyfiyyəti ayrıdır. Öncə siz başlayanda oradan neft gətirdiniz, bizim nefti apardınız, əvəzində bizə neft verdiniz. Elədir, yoxsa yox? Oradan gələn neftin keyfiyyəti bizim neftin keyfiyyətindən aşağıdır, bizimki yüksəkdir. Borcunuzu verdinizmi? Mən bu işlərdə sizə güzəşt elədim, daha bundan sonra güzəşt etməyəcəyəm. Borc qalmasın.

Okan Tapan: Biz gələcəkdə nefti Qara dəniz sahilinə həm də boru kəməri vasitəsilə nəql etmək niyyətindəyik. Bununla da, 1999-cu ilin birinci yarısında neftin daşınmasını 10-12 milyon tona çatdırmağı nəzərdə tutmuşuq.

Heydər Əliyev: Şirkət bu işlərə nə qədər kapital qoymuşdur?

Okan Tapan: İndiyədək 25 milyon dollar, o cümlədən 1997-ci ildə 15 milyon dollar sərmayə qoyulmuşdur.

Abid Şərifov: Cənab prezident, onu da əlavə edim ki, şirkət 1997-ci ildə Azərbaycan Dövlət Dəmir Yoluna, ARDNŞ-ə və Xəzər Gəmiçiliyinə 9,6 milyon dollar borc vermişdir.

Natiq Əliyev: Cənab prezident, bildirirəm ki, daşınan neftin hər tonu üçün Azərbaycan 16 dollar alır. Bunun 6 dolları Xəzər gəmiçiliyinə, 3 dolları ARDNŞ-ə, qalanı dövlət dəmir yoluna çatır.

Okan Tapan: 2002-ci ildə Qazaxıstan və Türkmənistanın neft yataqlarında hasilat 20 milyon tona çatacaqdır.

Heydər Əliyev: Bilirsiniz, sizin nəzərdə tutduğunuz boru kəməri bu qədər neftin nəqlini təmin etməyəcəkdir. Ona görə də biz Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə anlaşma imzalamışıq ki, Xəzər dənizinin dibi ilə boru xətti çəkilməlidir. Biz bunu həyata keçirəcəyik.

Okan Tapan: Onu da qeyd etmək istərdim ki, Dübəndi stansiyasının yerindən və bu stansiyadan Böyük Kəsik stansiyasınadək sahədə şirkətin 270 nəfər azərbaycanlı işçisi çalışır. Eyni zamanda bilavasitə dəmir yolunda 80 nəfər üçün iş yeri açılmışdır.

Akaki Çxeidze (Gürcüstanın Dövlət Dəmir Yolu İdarəsinin rəisi): Möhtərəm cənab prezident! Gürcüstan dəmiryolçuları neft müqavilələri ilə bağlı respublikanın üzərinə düşən öhdəliklərin yerinə yetirilməsində fəal iştirak edirlər. Neft qatarlarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün dəmir yollarının üst örtüyü, rabitə və enerji təminatı sistemləri əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Sizin daimi qayğınız və bir çox problemlərin həllinə diqqətinizdən nəticə çıxaran Gürcüstan dəmiryolçuları qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün əzmlə çalışırlar.

Heydər Əliyev: Deməli, Gürcüstanın dəmir yolu da intensiv işləməyə başlamışdır. Verilmiş məlumatlardan aydın olur ki, işlər yaxşı gedir, ümumiyyətlə, bu, yaxşı işdir. Hesab edirəm ki, vaxtilə qaldırılan bu təşəbbüs yaxşı təşəbbüs olubdur. Bizim neft şirkəti bu işə başlayanda bir balaca şübhə var idi ki, nə olacaq, nə olmayacaq, - mühafizəkarlıq etdiniz. Amma mən sizə dedim ki, mühafizəkar olmayın. Natiq Əliyev də mühafizəkarlıq edirdi, onun aparatında da mühafizəkarlıq edən, bu işə mane olmaq istəyən adamlar vardı. Bizə bir az zərər dəyib, çünki neft vermişik, daşıyıblar, amma bunun yerinə neft verməyiblər. Borcu bu ay təmin etmək lazımdır. Amma mənə belə gəlir ki, bu işlər hamısı özünü doğruldur. Yaxşı təşəbbüs, yaxşı işdir. Asiya-Avropa dəhlizinin yaranması üçün yaxşı bir işdir.