Azərbaycan Prezidenti Heydər Əliyevin Norveç Krallığının Baş naziri Kelye Maqne Bondevik ilə görüşdəki söhbətindən - Vaşinqton, 24 aprel 1999-cu il


Bondevik: Sizi səmimi-qəlbdən salamlayır və bu görüşdən məmnun qaldığımı bildirirəm. Norveç iqtisadi cəhətdən zəngin və mühüm coğrafi-siyasi mövqeyə malik olan Azərbaycan ilə hərtərəfli əməkdaşlığa böyük maraq göstərir. Norveçin "Statoyl", "Kverner" və başqa şirkətlərinin Azərbaycanla sıx əməkdaşlıq etdiyini bilirəm və bu iş birliyinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi lüzumunu vurğulamaq istəyirəm. Biz Azərbaycandakı vəziyyət və iqtisadi islahatların gedişi ilə daim maraqlanırıq.

Heydər Əliyev: Ölkəmiz haqqında xoş sözlərinizə görə, əməkdaşlığa hazır olduğunuza və böyük maraq göstərdiyinizə görə Sizə, Norveçin Baş nazirinə təşəkkürümü bildirirəm. Mən Norveçə səfərimi razılıq hissi ilə xatırlayıram. Azərbaycanın müstəqillik yolu ilə inamla irəlilədiyini nəzərə çarpdıraraq vurğulayım ki, ölkəmiz müstəqilliyə sadiq dünyanın bütün ölkələri ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar sahəsində, o cümlədən enerji ehtiyatlarının hasilatında və nəqlində qazanılmış uğurları yüksək qiymətləndirirəm. 1994-cü ildə imzalanmış və Norveçin "Statoyl" şirkətinin də iştirak etdiyi "Əsrin müqaviləsi"nə əsasən ilk neftin artıq dünya bazarlarına çıxarıldığını məmnuniyyətlə bildirirəm. 1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəmərinin açıldığını da razılıq hissi ilə nəzərə çarpdırıram və neft müqavilələrinin böyük gələcəyi olduğunu bildirirəm.

Qeyd edim ki, ölkəmizdə bazar iqtisadiyyatı islahatlarının gedişi, özəlləşdirmə proqramının həyata keçirilməsi sayəsində respublika iqtisadiyyatı xeyli canlanmışdır.

Bütün bunlara baxmayaraq demokratik, hüquqi cəmiyyət quran Azərbaycanın problemləri də vardır. Bildirim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 10 ildən bəri davam edir. Azərbaycan torpaqlarının 20 faizə qədəri Ermənistan tərəfindən işğal olunmuş, erməni təcavüzü nəticəsində bir milyondan çox soydaşımız öz ev-eşiyini tərk edərək qaçqın, məcburi köçkün vəziyyətində yaşayır. Atəşkəs rejiminin 5 ildən bəri davam etdiyini nəzərə çarpdırmaq istəyirəm. Lakin münaqişənin hələ də tam aradan qaldırılmadığını təəssüf hissi ilə vurğulayıram. Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu dəfələrlə nəzərə çarpdırmışdır. ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı ilin dekabrında Lissabonda keçirilmiş zirvə görüşündə münaqişənin aradan qaldırılması prinsiplərinin müəyyən edildiyini Sizin xatirinizə salmaq istəyirəm. Bu sammitdən sonra ABŞ, Fransa və Rusiya Minsk qrupuna həmsədrlik etdilər. ATƏT-in hazırkı sədrinin Norveçin xarici işlər naziri olduğunu nəzərə çarpdıraraq ümidvaram ki, münaqişənin tezliklə sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in hazırkı sədri tərəfindən daha təsirli tədbirlər görüləcəkdir.

Bondevik: Geniş və maraqlı söhbətə görə Sizə səmimi təşəkkürümü bildirirəm və ölkəmizin Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində və dərinləşdirilməsində böyük marağı olduğunu xüsusi vurğulayıram. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün ATƏT-in hazırkı sədri kimi, Norveçin öz səylərini artıracağına əmin olduğumu bildirir və Minsk qrupu həmsədrlərinin işinin xeyli fəallaşdırılması lüzumunu qeyd edirəm.

Heydər Əliyev: Cənab Baş nazir, maraqlı söhbət üçün sizə təşəkkürümü bildirirəm və sizi Azərbaycana səfərə dəvət edirəm.

Bondevik: Sağ olun, dəvəti məmnuniyyətlə qəbul edirəm.