Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Respublikasının Prezidenti zati-aliləri cənab Eduard Şevardnadzeyə təbriki - Bakı şəhəri, 24 may 1998-ci il


Hörmətli Eduard Amvrosiyeviç!

Gürcüstanın dövlət müstəqilliyinin bərpa edilməsinin 80 illiyi münasibətilə sizi və bütün qardaş Gürcüstan xalqını ürəkdən təbrik edirəm.

Müstəqil Gürcüstan Demokratik Respublikasının şanlı və dramatik taleyi gürcü xalqının çoxəsrlik tarixinin parlaq səhifələrindən biridir. Tarixin bu səhifəsi əsrlər boyu azadlığa, müstəqilliyə, başqa xalqlarla bərabər hüquqlu və dostcasına əməkdaşlığa can atmış gürcü xalqının ən dərin milli istəklərini əks etdirmişdir. Gürcüstanda ilk müstəqil demokratik respublikanın ömrü qısa olsa da, gürcü xalqının bu meylini, azadlığa can atan möhkəm iradəsini qırmaq mümkün olmamışdır. Çox məmnunam ki, qardaş Gürcüstan yenidən müstəqillik əldə etmişdir. Əminəm ki, vüqarlı və mərd gürcü xalqı əbədi olaraq öz vahid, azad və gözəl vətənində yaşayacaqdır.

Əziz Eduard Amvrosiyeviç, sizə, azad, müstəqil Gürcüstanın bütün vətəndaşlarına milli istəklərinizin yerinə yetməsini, sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.