Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının ölkəmizdəki səfiri Əhəd Qəzai ilə görüşdə söhbəti - Prezident sarayı, 27 oktyabr 2001-ci il


Heydər Əliyev: Sizi salamlayıram. Mənim səfərimi də təxirə saldınız…

Əhəd Qəzai: İnşallah, əncam çəkərik.

Heydər Əliyev: Neçə dəfədir təxirə düşüb, bu dəfə də artıq getməyə hazırlaşmışdım, ayın 17-də səhər mən çıxırdım, ayın 16-da, sən bilirsən, səbəblərini sənə dedim.

Əhəd Qəzai: Bəli, İranda da hazırlıq vardı. Siz buyurduğunuz sənədlər kifayət qədər hazır olmadı. Amma onu da hazırlamağa yollar var idi. Ancaq nə isə mən özüm də mütəəssir oldum. İranda Sizi qarşılamağa getmişdim. Sizin nümayəndə heyəti, Xarici İşlər Nazirliyinin idarə rəisi də gəlmişdi. Amma nazir gəlsəydi, o səviyyədə elə orada söhbəti qurtarardılar, hər şey də hazırlanardı. Vaxt bir az imkan vermədi.

Heydər Əliyev: Xarici İşlər Nazirliyinin idarə rəisi oraya gəldi, 6 iqtisadi sənəd hazırlandı. Onların hamısı paraflandı. Ancaq ondan qabaq mən neçə dəfə dedim ki, bizim əsas siyasi sənədlərimizi hazırlayacaq. Birincisi, bilirsiniz, mən təklif etmişdim ki, İran–Azərbaycan münasibətləri ilə əlaqədar dostluq və əməkdaşlıq haqqında müqavilə imzalansın. Çünki biz 1994-cü ildə belə bir müqavilə imzalamışıq, indi zaman keçib, çox dəyişikliklər var və belə bir müqavilənin imzalanmasına ehtiyac var. Bir də, siyasi bəyanat da lazım olan bir şey idi. Bunun da layihəsini bizim tərəf hazırlamışdı. Amma sizin tərəf bunu ləngitdi və ayın 16-da mənə gətirib verirlər ki, bilirsiniz, birinci, müqavilə hazır deyil, filandır... Bəyanat da başqa bir məzmunda...

Təbiidir ki, hər tərəf öz təklifini, öz layihəsini verə bilər. Heç bir tərəf o biri tərəfə diqtə edə bilməz, hökm edə bilməz ki, bu olmalıdır. Amma dövlətlərarası münasibətlərdə də prinsip var. O prinsip də ondan ibarətdir ki, hər tərəf öz fikrini deyir, oturub məsləhətləşirlər, razılaşırlar, bundan sonra bir nəticəyə gəlirlər və sənəd imzalayırlar. Amma sizin tərəf buna yol vermədi. Ona görə də mən gördüm ki, sənədlər yoxdur, mən oraya iki günlüyə gəlirəm. İki gün ərzində bizim proqramımız var, görüşlərimiz, danışıqlarımız var. Amma sənədlər yoxdur. Gərək orada iki gün sənədlərin razılaşdırılması ilə məşğul olaq, sonra başqa işlərə başlayaq. Təbiidir ki, bu da mümkün deyildir. Bunlar da həmişə dövlət başçılarının səviyyəsində olmur ki... Nazirlər səviyyəsində, nazir müavinləri səviyyəsində olur. Yəni vaxtında bu işlərə sizin tərəf, nədənsə, lazımi münasibət göstərmədi. Ona görə də hörmətli cənab prezident Xatəmi bu barədə mənə telefon edəndə, bunun hamısını izah etdim, çox ətraflı izah etdim. O da dedi ki, indi də hər şey qurtarmayıbdır, görüşərik. Mən də hesab edirəm ki, görüşərik. Ona görə də mən əvvəlki fikrimdən geri çəkilmirəm. Mənim İrana səfər etmək planım yerində qalır. Ancaq bir halda ki, belə bir vəziyyət yarandı, bu da sizin tərəfin səbəbindən yarandı, indi gəlin danışaq. Sənədlər razılaşdırılsın, bizim adamlar oraya getsin, sizin adamlar buraya gəlsin. Müəyyənləşdirək ki, biz hansı sənədləri qəbul edəcəyik. Hər iki tərəfin razılığı olsun. Bunlar hazır olandan sonra oraya gedə bilərik. Mən gəlib orada sənədin üzərində işləməyəcəyəm, amma cənab Xatəmi də sənədin üzərində işləməyəcək. Elədirmi? Ona görə də mənim fikrim belədir.

Əhəd Qəzai: Çox sağ olun. Mən Sizin buyurduğunuz söhbətin içərisində idim. Mən də İrana getdim. Biz də çox can atdıq, amma vaxt az oldu. Təyin olunan vaxtda çatdıra bilmədik. Ərz etdiyim kimi, vaxt imkan vermədi. Düzdür, Azərbaycandan da İrana nümayəndə heyəti gəldi. Amma ərz etdim, idarə rəisi səviyyəsində olduğuna görə, onların özləri bilavasitə bu məsələni həll edə bilmədilər. Nümayəndə heyəti o səviyyədə gələndə İran da məsələnin müzakirəsi üçün idarə rəisini təyin edir.

Heydər Əliyev: Yox. Sən dedin ki, gələnlər iqtisadi məsələlərlə bağlı sənədləri hazırlamışdılar. Onlarda problem yox idi, sənədlər hazırlanmışdı. Amma siyasi məsələləri...

Əhəd Qəzai: Düz deyirsiniz, onlarda problem yox idi. Mənim təklifim budur ki, bu müşkülə əlac edək. Yenə də Siz indi İrana nazir səviyyəsində bir nümayəndə heyəti göndərəsiniz ki, bu məsələni müzakirə edə bilsinlər. Siz dediyiniz kimi, hər şey əvvəlcədən hazırlanar, hər iki tərəf bunu qəbul edər. Cənab Xatəmi də Sizinlə söhbətində dedi ki, sənədlər nə vaxt hazır olsa, Sizin yolunuzu gözləyir. Biz də can atırdıq ki, bu səfər baş tutsun, iki ölkə arasında həll olunmalı məsələlər barədə prezidentlər səviyyəsində fikir mübadiləsi aparılsın və yekunlaşdırılsın, sənədlər imzalansın. Sizin səfəriniz də, xüsusilə bizim münasibətlərimizdə yeni səhifələr açardı. Hazırkı zaman və şərait, baş verən hadisələr – bunlar gözlənilməz idi. Bunlarla əlaqədar mən cənab Vilayət Quliyev ilə də telefon əlaqəsi saxlamışdım. Hər halda, ikitərəfli razılıq əldə edilməyən sənəd bu səfərin geri düşməsinə səbəb oldu.

Biz yenə də, Siz dediyiniz kimi, o səviyyədə indidən işə başlasaq, İran və Azərbaycan – iki qardaş və qonşu ölkə arasında qarşıya çıxan məsələləri həll edərik. İldə bir dəfə yox, dəfələrlə görüşməliyik ki, bütün məsələlər həll olunsun. Ağayi Ruhani buraya gəldi, biz isə gözləyirik ki, cənab Ramiz Mehdiyev də İrana gəlsin. Sizin Təhlükəsizlik naziriniz İrana gəldi. Daxili İşlər nazirimiz də buraya gəlməyə hazırdır. İnşallah, biz Sizin İrana səfərinizi də gözləyirik. Siz necə planlaşdırsanız, biz də səfir kimi, öz vəzifəmizi yerinə yetirəcəyik.

Heydər Əliyev: Mən etiraz etmirəm. Yəni mən əvvəlki fikrimdə qalıram. Birincisi, prezident ağayi Xatəminin dəvəti ilə mənim İrana səfərim yerində qalır. İkincisi, siz o vaxt dediniz, mən Milli Təhlükəsizlik nazirini İrana göndərdim. Sizinki buraya gəlməyibdir.

Əhəd Qəzai: Gələcəkdir.

Heydər Əliyev: Ağayi Ruhani Azərbaycana gəldi, bizim də Mehdiyev getməlidir, danışarıq getsin. Lazım olsa, Xarici İşlər naziri İrana gedə bilər. Ancaq sənədləri nə Xarici İşlər naziri, nə başqa nazir, nə o biri hazırlayır. Ona görə də, mən yenə də deyirəm, iqtisadi sənədlər hazırdır.Birincisi, bizim və sizin tərəf gərək otursunlar, İran ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq – onu necə adlandırsaq da, məzmunu bundan ibarətdir – haqqında bir müqavilə hazırlansın ki, biz belə bir müqaviləni imzalayaq.

İkincisi, siyasi bəyanat… Bunlar əgər sizin və bizim tərəfimizdən hazırlanıb razılığa gəlinərsə, mən səfər etməyə hazıram. Amma gəlin müəyyən edək, nə qədər vaxt lazımdır ki, bunlar hazır olsun… Hazır olandan sonra isə qalanları çətin deyildir. Bir-iki gün o tərəfə, yaxud beş gün bu tərəfə… Vaxt tapıb gəlmək olar. Mənim fikrim belədir. İndi deyirsiniz ki, siz İrana gedirsiniz. Xahiş edirəm, mənim bu fikirlərimi hörmətli ağayi Xatəmiyə, öz nazirliyinizə çatdırasınız. Gəlin işimizi davam etdirək.

Əhəd Qəzai: Siz buyurdunuz, elə indi də nümayəndə heyəti, hansı naziri göndərməyi Siz təklif versəniz, qərar qəbul etsəniz, İrana gəlsələr işə başlaya bilərlər. O sənədləri işləyə və hazırlaya bilərlər.

Heydər Əliyev: Siz gedin, mənim bu sözlərimi çatdırın. Əgər sizin tərəf hazırdırsa və səlahiyyətli adamlar, bu işlə məşğul olan adamlar ayırarsınızsa, mən də bu işlə məşul ola bilən səlahiyyətli adamları ayıraram. Gəlsinlər, orada bir az işləsinlər, bir az da gəlib burada işləsinlər. Yəni məsələni həm o tərəf bilsin, həm də bu tərəf. Ondan sonra, hər şey hazır olan kimi, mən İrana səfər edim.

Əhəd Qəzai: Mən Sizin bu söhbətinizi şəxsən cənab prezidentə çatdıracağam və gəlib hüzurunuzda xəbər verəcəyəm. Biz də çalışırıq, istəyirik ki, səfərlər başlansın. Bu səfərlər nəticəsində ölkələrimiz öz münasibətlərini istədikləri kimi quracaqdır. Əlbəttə, münasibətlərimiz vardır. Ancaq biz istəyirik ki, bundan da yaxşı olsun, iki ölkəyə layiq münasibətlər yaradılsın. Mən bunu gedib ölkəmdə müvafiq yerlərə çatdıracağam.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya