Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının bir qrupu ilə görüşdə nitqi - Prezident sarayı, 28 mart 1998-ci il


Bu gün Azərbaycan milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramıdır. Bu gün keçən il mart ayının 23-də mənim fərmanımla təsis edilmişdir və bu da 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin - ilk demokratik respublikanın yaratdığı ilk kəşfiyyat və əks-kəşfiyyat idarəsinin fəaliyyətə başlaması tarixi ilə bağlıdır. Biz bu il Azərbaycan Demokratik Respublikasının - Xalq Cümhuriyyətinin 80 illik yubileyini qeyd edirik və bununla əlaqədar respublikamızda yubiley tədbirləri həyata keçirilir.

1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldə edərkən bu müstəqilliyi 1918-ci il mayın 28-də yaranmış Xalq Cümhuriyyətinin - Azərbaycan Demokratik Respublikasının yaratdığı dövlətin davamı kimi, yəni müstəqilliyimizin bərpası kimi elan etmişdir. Ona görə də bizim başqa dövlət orqanlarının da yaranma tarixini məhz 1918-19-cu illərdə yaranmış təşkilatların tarixinin əsasında götürmək lazımdır. Bu, tarixi həqiqətə uyğundur. Çünki 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyəti - ilk Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərmişdir və Xalq Cümhuriyyəti süquta yetəndən sonra Azərbaycanda Sovet Sosialist Respublikası elan olunmuşdur, yəni ikinci dəfə respublika yaranmışdır və bu da 70 il Azərbaycanda həyat sürmüşdür, fəaliyyət göstərmişdir. Bunların hamısı bizim tariximizin mərhələləridir və bu da bir-biri ilə sıx bağlı olan mərhələlərdir. Ona görə də biz müstəqilliyimizi 1918-ci ildən hesablayaraq, bütün dövlət orqanlarının da yaranması tarixini o dövrdən hesablayırıq və hesablamalıyıq. Bu baxımdan Milli Təhlükəsizlik Nazirliyinin peşə bayramı gününün məhz 28 mart günü təyin olunması tamamilə ədalətlidir, qanunauyğundur.

Mən sizi, xüsusən Milli Təhlükəsizlik Nazirliyində çalışan şəxsləri bu bayram münasibətilə təbrik edirəm, Azərbaycanın təhlükəsizliyini təmin edən hər bir azərbaycanlıya, hər bir əməkdaşa və bütün bu sahədə işləyənlərə yeni uğurlar arzulayıram.

Bu fürsətdən istifadə edərək, milli təhlükəsizlik naziri Namiq Abbasov məndən xahiş etmişdi ki, nazirliyin bir qrup işçisini qəbul edim. Mən bu təklifi qəbul etmişəm və sizinlə görüşə gəlmişəm. Eyni zamanda burada Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvləri və respublikanın silahlı qüvvələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edirlər.

Yekun Nitqi

Hörmətli dostlar!

Mən sizi - Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarını müstəqil Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə bir daha təbrik edirəm.

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi sahəsində çalışan bütün vətəndaşlarımıza işlərində uğurlar arzulayıram. Müstəqil Azərbaycan Respublikası dövlət quruculuğu prosesində özünün dövlət orqanlarını, hökumət orqanlarını qurub yaradır və bu proses bu gün artıq, demək olar ki, müvəffəqiyyətlə həyata keçir. Bu gün, bu bayram günündə eyni zamanda qeyd etməliyik ki, biz çox çətinlikləri, problemləri aradan qaldıraraq bu müvəffəqiyyətli irəliləyişə nail ola bilmişik.

Öz dövlətçilik tariximizi 1918-19-cu illərdən hesablayaraq, ötən dövrdə Azərbaycanın həyatının bütün sahələrində, o cümlədən təhlükəsizlik orqanlarının həyatında da nə qədər çətin və mürəkkəb proseslər olduğunu biz yaxşı görürük. Ancaq bu gün iftixar hissi ilə demək olar ki, Azərbaycan xalqı uzun illər böyük, ağır yol keçərək öz milli azadlığını, dövlət müstəqilliyini əldə etdiyi kimi, Azərbaycanın təhlükəsizlik orqanları da artıq geniş bir yola çıxmışlar.

Keçmiş dövrlərdə Azərbaycanın həyatındakı proseslər məlumdur, onlar çox ibrətamizdir, biz o dövrləri heç vaxt unutmamalıyıq. Ancaq Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən sonra daha da çox çətinliklərlə, problemlərlə, maneələrlə rastlaşmışdır. Ona görə də bu qısa bir tarixi zamanda - 1991-ci ildən indiyə qədər Azərbaycanın həyatında faciəli hadisələr baş vermiş, Azərbaycan dəfələrlə böyük təhlükələrlə üzləşmişdir. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, biz bu faciələri yaşayaraq, çətinliklərin öhdəsindən gələrək, problemləri həll edərək indi artıq geniş yola çıxmışıq.

Azərbaycanın həyatında bu dövrdə baş vermiş hadisələr dövlət orqanlarımızın hamısına təsir etmiş, yaxud hamısının həyatında öz əksini tapmışdır. Bu mənada, xüsusən milli təhlükəsizlik orqanlarının həyatı çox mürəkkəb olmuşdur. Hesab edirəm ki, bizim Milli Təhlükəsizlik Nazirliyi gərək o illəri çox ətraflı təhlil etsin, o illərin xronikasını təşkil etsin, tərtib etsin. Bəlkə də hər günün tarixini yazmaq lazımdır. Çünki hər gün, hər həftə, hər ay çox ağır və çətin hadisələr olmuşdur. Onlar bizim xalqımıza, Vətənimizə, dövlətimizə zərbələr vurmuş, zərər gətirmiş, cəmiyyətimizdə pozğunluqlar yaratmış, insanların mənəviyyatına mənfi təsir etmiş, bəzi insanları yolundan çıxarmış, azdırmış, bəlkə də onları istəmədikləri cinayətə cəlb etmişdir. Ona görə də bu dövrü dərin təhlil etmək lazımdır. Ancaq sevindirici hal odur ki, Azərbaycanın təhlükəsizlik orqanlarının işində hətta cürbəcür üvvələr, bir-birinə zidd olan qüvvələr və Azərbaycanın milli mənafelərinə zidd olan qüvvələr olduğu bir halda respublikamızın milli təhlükəsizlik orqanı yaşamışdır və bu çətinliklərdən çıxmışdır.

Əgər 1990-cı ilin yanvar hadisələrini götürsək, bu, Azərbaycanın tarixində ən dəhşətli səhifədir. Yanvar hadisələrinin törədilməsində Azərbaycana təcavüz etmiş o vaxtkı SSRİ rəhbərliyi ilə bərabər, Azərbaycanın onlara xidmət edən Milli Təhlükəsizlik Nazirliyi də - o vaxt Dövlət Təhlükəsizliyi Nazirliyi deyilirdi - günahkar olmuşdur. Bu həqiqətdir. Bu həqiqət açılıb, amma tamam açılmalıdır. Çünki 20 Yanvar əməliyyatını hazırlayanlar Azərbaycanda öz dayaqlarına istinad etmişlər. 20 Yanvar aksiyası Moskva tərəfindən hazırlandığı zaman onların Azərbaycandakı dayaqları kim idi? Azərbaycanda yerləşmiş sovet ordusunun hərbi hissələri, Azərbaycan Respublikasının o zamankı siyasi rəhbərliyi və bununla yanaşı, Azərbaycanın Dövlət Təhlükəsizliyi Nazirliyi. Çünki bu nazirlik bilavasitə Moskvaya bağlı bir nazirlik idi. bu nazirlik həmişə olubdur, bu da təbiidir. O, gizli əməliyyatlar aparan bir təşkilat olubdur. Ona görə də təkcə Azərbaycan televiziyasının partladılması faktı yox, ümumiyyətlə, bu əməliyyatın hazırlanması və həyata keçirilməsi o vaxt Azərbaycanın Dövlət Təhlükəsizliyi Nazirliyinin bilavasitə iştirakı ilə olmuşdur.

Təəssüflər olsun ki, o vaxt Azərbaycan xalqına satqınlıq edən azərbaycanlılar az olmamışdır. Mən təəssüf edirəm ki, onların bir çoxu indiyə qədər cəzalanmayıblar. Bəziləri Azərbaycanı tərk edib, bəziləri isə burada olsalar da gizləniblər. Zaman keçdikcə onların bu satqınlığı, xəyanəti unudulur. Mən bu gün, bu bayram günü deməyi özümə borc bilirəm ki, biz bunu unutmamalıyıq. Milli Təhlükəsizlik Nazirliyi xüsusi tədbirlər görməlidir. 1994-cü ilin sentyabrında tarixdə görünməmiş bir hadisə baş vermişdir: Azərbaycan xalqına xəyanət etmiş cinayətkar Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından oğurlanmış, çıxarılmış, sonra isə gizli olaraq Moskvaya və başqa yerlərə göndərilmişdir.

İndi məlumdur ki, o vaxtkı milli təhlükəsizlik nazirinin və onunla bağlı olan başqa şəxslərin xəyanəti nəticəsində və Azərbaycanda dövlət çevrilişini həyata keçirmək məqsədi ilə belə bir dəhşətli hadisə baş vermişdir. Ancaq bunlara baxmayaraq, Azərbaycan dövlətçiliyi, dövləti, iqtidar sarsılmamışdır. Biz bütün bu təxribatların, cinayətlərin qarşısını aldıq. Təsəvvür edin, bir dövlətdə ki, milli təhlükəsizlik naziri onun əlinin altında olan, böyük gizli əməliyyatlar aparan aparatla dövlətə, Azərbaycanın prezidentinə xəyanət edirsə, vəziyyət nə qədər gərgin olur. Güman edirəm, o günlər sizin hamınızın xatirindədir. Yenə də deyirəm, bir dövlət başçısı kimi bu, məni sarsıda bilmədi. Biz belə bir ağır vəziyyətdən çox böyük məharətlə, müvəffəqiyyətlə çıxdıq. Həmin günlər - oktyabr ayının 4-də hazırlanan və həyata keçirilən dövlət çevrilişinin qarşısını biz xalqın birliyi, iradəsi, xalqın dövləti müdafiə etməsi ilə aldıq.

Milli təhlükəsizlik orqanı hər bir dövlətin çox əhəmiyyətli, güclü və çox vacib təşkilatıdır. Dünyanın hər bir dövlətində belə bir təşkilat mövcuddur. Ancaq dövlət möhkəm olanda və xalqla dövlət bir olanda hətta bu təşkilatda baş vermiş böyük satqınlıq, xəyanət də dövləti yerindən edə bilməz. O illərdən sonra Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyində çoxlu təmizləmə işləri gedibdir. Milli Təhlükəsizlik Nazirliyi o böhran vəziyyətindən tədricən, ardıcıl surətdə çıxa bilibdir. Mən məhz buna görə də keçən il iyun ayında Milli Təhlükəsizlik Nazirliyinin bütün əməkdaşları ilə görüşüb onlara öz məsləhətlərimi, tövsiyələrimi verdim və onlara öz inamımı, etibarımı bildirdim. Bu gün mən Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinə etibarımı bir daha bəyan edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, keçən illərin bütün hadisələrindən lazımi nəticə çıxarılacaqdır. Buraxılan səhvlər, cinayətlər, xəyanətlər artıq bu gün sabitləşmiş Azərbaycan dövlətinin milli təhlükəsizlik təşkilatında bir də baş verməyəcəkdir.

Mən buna inanıram və bu gün bu inamla da sizi qəbul edirəm.

Azərbaycanın dövlətçiliyi son illərdə inkişaf edib, möhkəmlənib və bizim xalqımız da bunun nəticəsində rahatlıq əldə edibdir. Azərbaycanda ictimai-siyasi sabitlik təmin, bərqərar olunubdur. Azərbaycan keçmiş illərin daxili vəziyyətdəki bəlalarından xilas olubdur. Bu, bizim üçün böyük nailiyyətdir və deyə bilərəm ki, ən böyük nailiyyətdir. Çünki 1988-ci ildən, Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana torpaq iddiası meydana çıxandan, sonra isə Ermənistanın Azərbaycana hərbi təcavüzü baş verəndən son illərə qədər Azərbaycanın bütün başqa çətinlikləri, problemləri ilə yanaşı, ən böyük çətinliyi onun daxilində gedən mənfi proseslər, Azərbaycanın daxili vəziyyətinin pozulması olmuşdur. Qanun-qayda pozulmuşdu, insanların hüquqları tapdalanmışdı, qanunsuz silahlı dəstələr, qruplar Azərbaycanın sərvətlərini dağıtmış, xalqımızın mənəviyyatına zərbələr vurmuş, insanları qorxu altına almış, Azərbaycan cəmiyyətinin həyatının normal ahəngini pozmuşdu. Buna görə də son illər, xüsusən də 1995-ci ildən sonra Azərbaycanda daxili vəziyyətin, ictimai-siyasi vəziyyətin sabitləşməsi bütün baxımlardan, bütün nöqteyi-nəzərlərdən bizim ən böyük nailiyyətimizdir.

Xalq rahat yaşayır, ölkəmizin sabitliyi Azərbaycanın iqtisadi əlaqələrinin inkişaf etməsinə zəmin yaradıbdır. Artıq böyük işlər görülübdür. Qanunlar həyata keçirilir və insanların qanun çərçivəsində yaşaması üçün işlər görülür. Bunlar bizim apardığımız siyasətin, Azərbaycan iqtidarının xalq ilə birliyinin, həmrəyliyinin, xalqın iqtidara göstərdiyi etimadın, inamın nəticəsidir, iqtidarın xalqın, ölkənin problemləri ilə ardıcıl, çox ciddi məşğul olmasının nəticəsidir. Eyni zamanda, bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın hüquq-mühafizə orqanlarının, ordusunun, silahlı qüvvələrinin də xidməti böyükdür.

Mən Azərbaycanın hüquq-mühafizə orqanlarının, silahlı qüvvələrinin fəaliyyətini müsbət qiymətləndirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, hər bir sahədə işlər günü-gündən təkmilləşəcəkdir və mövcud olan nöqsanlar aradan qaldırılacaqdır. 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsinin baş verməsi, sonra 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd, 1995-ci ilin mart ayında dövlət çevrilişinə cəhd ilə əlaqədar, 1996-cı ilin dekabr ayında böyük bir cinayətkar dəstənin yenə də xaricdən respublikamıza daxil olması, yəni ölkəmizdən qaçmış azərbaycanlıların - cinayətkar dəstənin Azərbaycanda dövlət çevrilişinə cəhd etməsi və bütün başqa belə hadisələr nəticəsində təəssüflər olsun ki, cinayət işinə çox adamlar cəlb olunmuşdur. Şübhəsiz ki, cinayət edən şəxs Azərbaycanın mövcud qanunları əsasında məsuliyyətə cəlb olunmalıdır və məhkəmənin hökmü ilə cəzalandırılmalıdır. Ancaq o hadisələrdən sonra bu cinayətkarların bir qismi Azərbaycanı tərk edib qaça bilmiş, ayrı-ayrı ölkələrdə, xüsusən də çoxları Rusiyanın ərazisində uzun müddət gizlənmişlər.

Bu gün məmnuniyyətlə qeyd etmək olar ki, qaçıb gizlənən o cinayətkarların tam əksəriyyəti bizim hüquq-mühafizə orqanlarının, xüsusən Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin apardığı axtarış əməliyyatları nəticəsində yaxalanıb Azərbaycana gətirilib və onların əksəriyyətinin törətdiyi cinayətlər istintaq edilibdir. Hüquq-mühafizə orqanları - Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Prokurorluq ədalətli istintaq nəticəsində onların məhkəməyə verilməsini təmin ediblər və ədalət məhkəməsi də onların hər biri haqqında öz hökmlərini çıxarıbdır. Bunlar, bu hadisələr və törədilmiş cinayətlər bir çox cinayətkarları meydana çıxarmışdır. Şübhəsiz ki, bu cinayətkarlar da məsuliyyətə cəlb olunmalı idi. Hesab edirəm, bizim ümumi işimizin uğurlu cəhəti ondan ibarətdir ki, cinayət etmiş o adamlar 2-3 il gizlənəndən sonra uzaq yerlərdə yaxalanıb Azərbaycana gətirilib və məsuliyyətə cəlb olunublar. Bunlar hamısı ictimaiyyətə məlumdur. Ancaq mən bunları bir daha ona görə xatırlayıram ki, hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, cinayətkar heç vaxt məsuliyyətdən qaça bilməyəcəkdir. Azərbaycan dövləti, Azərbaycan Respublikasının dövlət orqanları, o cümlədən hüquq-mühafizə orqanları indi o qədər imkanlara malikdir və o qədər peşəkarlıqla işləyə bilirlər ki, heç bir cinayətkar məsuliyyətdən qaça bilməz. Əgər ən böyük cinayətkarlar, bəzi ölkələrin xüsusi xidmət orqanlarının himayəsi altında olan cinayətkarlar, o cümlədən Rəhim Qazıyev, Surət Hüseynov və onlarla əlbir olan adamlar, yaxud Şahin Musayev və başqaları ayrı-ayrı regionlarda, başqa ölkələrdə yaxalanıb Azərbaycana gətirilib, məhkəməyə verilibsə, məsuliyyətə cəlb olunubsa, demək, hər bir kəs bundan özü üçün nəticə çıxarmalıdır.

Mən bu gün məmnuniyyətlə qeyd edirəm və bizim hüquq-mühafizə orqanlarının, xüsusən Daxili İşlər Nazirliyinin işçilərinin işlərini o mənada xüsusi qeyd edirəm ki, Rusiyanın ucsuz-bucaqsız vilayətlərində, ən uzaq yerlərində o cinayətkarların tapılması və Azərbaycana gətirilməsi təmin olunubdur. Doğrudur, bəziləri hələ indiyədək gizlənirlər. Ancaq mən əminəm ki, onlar da yaxalanacaqlar, tapılacaqlar, onlar da gəlib Azərbaycanda ədalət məhkəməsi qarşısında duracaqlar. Bu gün bildirmək istəyirəm ki, özləri nə qədər tez dərk etsələr ki, onların tutduğu yol uğursuzdur, məsuliyyətdən qaça bilməyəcəklər və dərk etsələr ki, vaxtında gəlib təslim olsalar onların məsuliyyəti yüngülləşə bilər, gəlməlidirlər. Onlar vətənlərinə gəlməlidirlər.

Ümumiyyətlə, vətənpərvər, mərd insan əgər şüurlu, ya şüursuz hansısa bir cinayəti edibsə, o, vətənindən qaçmamalıdır. Cinayət edib vətənindən qaçan adam xalq, millət, cəmiyyət üçün ən yaramaz və ən nüfuzsuz bir adamdır. Əgər sən şüurlu surətdə cinayət edirsənsə, bil ki, bu cinayətə görə məsuliyyət daşımalısan. Demək, sən bu cinayəti edəndə məsuliyyəti də gözünün önünə almalısan. Məsuliyyəti öz ölkəndə, doğma torpağında, xalqının içində daşımalısan. Gedib hansısa bir ölkədə gizlənməklə canını qurtara bilməyəcəksən. Əgər kimsə səni yolundan çıxarıbsa, azdırıbsa, qanmamısansa, başa düşməmisənsə, bu, daha da çox tələb edir ki, sən ağlını başına yığasan. Vətəninə, ölkənə gələsən, gəlib təslim olasan. Əgər cəza almalısansa, cəza çəkəsən, amma öz xalqının içində. Torpağında yaşayasan.

Cinayət edib ölkəsini tərk etmək böyük qəhrəmanlıq deyildir. Mən əminəm ki, bu gizlənənlərin hamısı tapılacaqdır. Çünki son ilin təcrübəsi və artıq əldə olunan peşəkarlıq təcrübəsi belə bir fikir söyləməyə əsas verir. Ancaq təəssüflər olsun ki, bu cür qatı cinayət edən adamların hesabına Azərbaycanda həbs olunan və məhkəmə vasitəsilə cəza alan adamların sayı artıbdır. Amma onlar cinayətkardırlar. Əgər cinayətkar cəzalanmasa, biz cəmiyyəti ondan nə cür qoruyacağıq?

İnsanlar, cəmiyyət, xalq cinayətkarlardan qorunmalıdır. İndi bəziləri orda-burda təbliğat aparırlar ki, Azərbaycanda məhbuslar çoxdur, siyasi məhbuslar var. Birincisi, mən bu gün bir daha bəyan edirəm ki, Azərbaycanda bir nəfər də siyasi məhbus yoxdur. Siyasi məhbus anlayışını bilən adam belə söz deməz. Kim siyasi məhbus ola bilər? O adam ki, onun ideyası Azərbaycan dövlətinin ideyasına zidd olsun.

Azərbaycanda belə bir məhbus yoxdur. Azərbaycanda olan məhbuslar qanunsuz cinayətkar silahlı dəstələr yaratdıqlarına görə cəzalanıblar və məhbusdurlar. Azərbaycanda olan məhbuslar hakimiyyəti silah yolu ilə devirmək üçün cəhdlər göstəriblər, cəzalanıblar. Azərbaycanda olan məhbuslar adam öldürüblər, qan töküblər, gizli şəkildə çoxsaylı silahlar alıb-satıblar, yaxud da ki, silah yığıb başqa cinayət törətmək məqsədi üçün istifadə ediblər. Məhbuslar bunlardır. Azərbaycanda siyasi məhbus yoxdur.

İndi ayrı-ayrı adamlar öz şəxsi mənafelərini güdərək, cəmiyyətdə özlərinə şəxsi-siyasi ad qazanmaq üçün bütün dünyaya car çəkirlər ki, Azərbaycanda siyasi məhbus vardır. Azərbaycanda siyasi məhbus yoxdur.

İkincisi, bəli, Azərbaycanda məhbuslar var. Əgər 1993-cü ildə vətəndaş müharibəsini törədənlər onu yaratmasaydılar Azərbaycanda bu məhbuslar olmazdı. Əgər 1994-cü ilin oktyabr dövlət çevrilişinə cəhd olmasaydı, yaxud 1994-cü ilin sentyabrında Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından o cinayətkarları çıxarıb başqa ölkəyə aparmasaydılar, indi bu məhbuslar olmazdı. OMON dəstəsi indi siyasətlə məşğul olan ayrı-ayrı adamların havadarlığı, dəstəyi, köməyi, pozucu fəaliyyəti nəticəsində yolundan çıxmasaydı, yolunu azmasaydı, bir çox adi cinayətlər edəndən sonra dövləti devirmək cəhdini etməsəydi, hazırda bu məhbuslar olmazdılar. İndi bəziləri OMON-çuların hüquqlarını müdafiə edirlər.

Siz nəyi müdafiə edirsiniz? Cəza almış və həbsxanada olan hər bir OMON-çu cinayət edibdir, ona görə də cəzasını çəkməlidir. Azərbaycanın hüquq-mühafizə orqanları, ədalət məhkəməsi onları cəzalandıraraq, onları cəmiyyətdən təcrid edərək bütün cəmiyyətin rahatlığına nail olublar, bütün cəmiyyətin hüquqlarını təmin ediblər. Bir qrup cinayətkar hələ dövlət çevrilişinə cəhd göstərməmişdən əvvəl neçə-neçə insanın hüquqlarını pozurdular, onları soyurdular, onlara təcavüz edirdilər, onların namusuna sataşırdılar, ayrı-ayrı insanların malını, dövlətini əlindən almaqdan başqa, gedib onların arvadlarını, qızlarını alıb zorlayırdılar. Bəs indi onların hüquqlarını qorumaq istəyən adamlar o vaxt biri-birilərinin hüquqlarını niyə qorumurdular?

Bunlara görə Azərbaycanda məhbuslar vardır. Hamı da bilməlidir ki, biz Azərbaycanın dövlətçiliyini, xalqımızı, cəmiyyəti qoruyaraq, cinayət edən hər bir şəxsə ədalət məhkəməsi ilə qanunun tətbiq olunmasını təmin etməliyik. Bu, bizim vəzifəmizdir, borcumuzdur.

Mən hüquq-mühafizə orqanlarının bu sahədə gördüyü işi qiymətləndirirəm. Ancaq eyni zamanda, hüquq-mühafizə orqanları əldə etdikləri nailiyyətlərlə bərabər, gərək işlərində olan nöqsanları da aradan qaldırsınlar. Təəssüflər olsun ki, nöqsanlar da az deyildir. Şəxsən məni ən çox narahat edən hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarının öz vəzifələrindən sui-istifadə etməsidir. Hüquq-mühafizə orqanının hər bir əməkdaşı bilməlidir ki, o, bu təşkilatda işləyərək xüsusi səlahiyyət alıb, xüsusi etimada layiq olub və bu etimadı da doğrultmalıdır. Yüksək vəzifəsindən istifadə edərək qanunu pozmaq, öz şəxsi mənafeyi üçün ayrı-ayrı yollara getmək hüquq-mühafizə orqanlarını ləkələyir və bu, orqanlara hörmət gətirmir. Belə faktlar var və vətəndaşlar tərəfindən belə şikayətlər də var. Bunu hüquq-mühafizə orqanlarının rəhbərləri yaxşı bilməlidirlər və bu nöqsanların aradan qaldırılması üçün daha da çox tədbirlər görməlidirlər, ciddi işlər aparmalıdırlar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının içərisində vəzifəsindən sui-istifadə etmək halları cürbəcür formalarda özünü büruzə verir. Onlardan biri də rüşvətxorluqdur. Rüşvətxorluq cəmiyyətdə olan xəstəlikdir və hüquq-mühafizə orqanlarında bu xəstəlik mövcuddur. Bu, hüquq-mühafizə orqanlarında yeni bir hadisə deyildir. Hüquq-mühafizə orqanlarının tarixini götürsəniz, lap 50-60 il, 10-15 il bundan əvvəl də bu təşkilatlarda, onların əməkdaşlarının içində rüşvətxorluq edən insanlar olubdur, təəssüflər olsun ki, bu gün də vardır.

Mən keçmiş illərdə də, yəqin 1970-1980-ci illərdə də Azərbaycanda işləyərkən hüquq-mühafizə orqanlarında rüşvətxorluq, vəzifəsindən sui-istifadə etmək halları ilə kəskin mübarizə aparmışam. Tarixi vərəqləsəniz, o dövrlərdə mənim apardığım mübarizə və həyata keçirdiyim tədbirlərin hamısı görünəcəkdir.

Bu gün müstəqil dövlət olduğumuz üçün bu işlər daha da xüsusi əhəmiyyət kəsb edir. Yəni hüquq-mühafizə orqanlarında rüşvətxorluq ilə və cürbəcür mənəviyyatsız hallarla mübarizə xüsusi əhəmiyyət daşıyır. Çünki biz müstəqil dövlətimizi qurub-yaradırıq. Bizim müstəqil dövlətimiz ümumiyyətlə, sağlam olmalıdır və onun hər bir təşkilatı, hər bir orqanı sağlam olmalıdır. Hüquq-mühafizə orqanları müstəqil Azərbaycan dövlətinin əsas sütunlarındandır. Əgər bütün sütunlar sağlam olmasa, bu sütunların içərisində qanunu pozan, vəzifəsindən sui-istifadə edən, rüşvətxorluq edən, insanların hüquqlarını pozanlar olduğu halda, ümumiyyətlə, bu sütunlar sağlam olmaz. Ona görə də bu məsələ ilə çox ciddi məşğul olmaq lazımdır. Bu həqiqətdir. Mən bunun həqiqət olduğunu dəfələrlə demişəm və bu gün də deyirəm. Heç kəs kənardan gəlib bizə burada yeni bir ixtira açmasın. Guya ki, bunlar məlum deyil, yaxud biz bunları bilmirik. Bunlar məlumdur, biz bunları bilirik. Şəxsən mən ona görə də bu fikirləri söyləyirəm və tələb edirəm ki, hüquq-mühafizə orqanlarında bütün bu mənfi hallarla mübarizə gücləndirilsin, hüquq-mühafizə orqanlarının tərkibi təmizlənsin və bizim mənəviyyatımıza, əxlaqımıza, məsləkimizə zidd olan belə ünsürlər hüquq-mühafizə orqanlarından kənarlaşdırılsın. Bu, sizin əsas vəzifələrinizdən biridir.

Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulur. Bu proses müvəffəqiyyətlə inkişaf edir.

Mən böyük məmnuniyyətlə qeyd edirəm ki, yaşadığımız hər gün, hər ay, hər il bizi bu sahədə irəliyə aparır. Əldə etdiyimiz nailiyyətlər onu göstərir ki, biz Azərbaycanda həqiqətən müstəqil, hüquqi, demokratik, dünyəvi dövləti qurub başa çatdıra biləcəyik. Biz bu yolla gedirik və daim gedəcəyik. Biz iqtisadi, sosial, siyasi islahatlar həyata keçiririk. Bunlar hamısı dövlət quruculuğunu təmin edən amillərdir. Konstitusiyamızın əsasını təşkil edən prinsiplər Azərbaycanda məhz demokratiyanın inkişafı, hüquqi dövlətin, dünyəvi, sivilizasiyalı cəmiyyətin, dövlətin yaranmasıdır. Bizim borcumuz Konstitusiyanın tələblərini ardıcıl surətdə həyata keçirməkdən ibarətdir. Biz bunu etmişik və edirik.

Mən bu gün məmnuniyyətlə deyə bilərəm ki, biz bütün bu sahələrdə böyük nailiyyətlər əldə etmişik. Azərbaycanın siması dəyişibdir. Azərbaycan demokratik bir ölkə, hüquqi dövlət kimi artıq hər yerdə tanınıb və bu da beynəlxalq aləmdə Azərbaycana daha da çox hörmət gətirir, Azərbaycanın nüfuzunu artırır.

Biz bunları həyata keçirdiyimiz və bir çox nailiyyətlər əldə etdiyimiz halda, bəziləri özlərini bu sahədə böyük bir alim, yaxud da ki, dahi bir şəxs kimi qələmə verərək müəyyən tələblər irəli sürürlər. Onlar deyirlər ki, guya Azərbaycanda demokratiya yoxdur, demokratiya azdır, o yoxdur, bu yoxdur. Mən belə düşünürəm ki, qoy onlar danışsınlar, yazsınlar, desinlər, biz isə öz işimizlə məşğul olaq. Biz öz işimizi görürük və onun bəhrələrini də görürük. Xalq da bizim gördüyümüz işi görür və onun bəhrələrindən də istifadə edir, ondan bəhrələnir.

İndi kənarda durub, özünü müxalifətə çəkib bu sahədə bizə "dərs verənlər", hesab edirəm ki, heç bir mənəvi haqqa malik deyillər. Bu sahədə öyrətmək, dərs vermək, məsləhət vermək üçün gərək mənəvi haqqın olsun. Əcəba, bu demokratiyanı belədə siz haradan bizdən yaxşı bilirsiniz? Nəyə görə? Hansı demokratiya akademiyasını qurtarmısınız? Hansı demokratik dövləti qurmusunuz, gəlib burada da qurmaq istəyirsiniz? Hansı demokratik böyük bir iş görmüsünüz ki, onu burada tətbiq etmək istəyirsiniz? Hansını?

Bilirsiniz, ona görə də bütün bu yazılar, bu danışıqlar və sairə çox gülməlidir. Mənim sadəcə, onlara yazığım gəlir. İndi bu 4-5 ildir bizə demokratiya öyrətmək istəyən adamlar bir il hakimiyyətdə oldular, nə demokratiyanı tətbiq edə bildilər, nə dövlət qura bildilər, nə millətə bir gün ağlaya bildilər və nəhayət, Azərbaycanı vətəndaş müharibəsinə gətirib çıxardılar, qaçdılar. İndi qaçandan sonra 4 ildir oturublar kənarda, "demokratiya carçısı" olublar, demokratiyadan dəm vururlar, demokratiya tələb edirlər. Hansı əsasla, nəyə görə, hansı hüquqa görə? Yığışırlar orda-burda, nə bilim, "demokratik seçkilər hərəkatı" qururlar. Bilirsiniz, gərək nə qədər ağılsız olasan ki, belə bir iş görəsən.

Azərbaycanın 1995-ci ildə demokratik prinsiplər əsasında, ümumxalq referendumu ilə demokratik Konstitusiyası qəbul olunubdur. Müstəqil Azərbaycanın demokratik prinsiplər əsasında ilk parlamenti seçilibdir. Çoxsaylı qanunlar qəbul olunubdur və o qanunların əksəriyyəti həyata keçirilibdir. Bəziləri şikayətlənirlər ki, qanunlar icra olunmur, həyata keçirilmir. Belədir, bu da var, bunu da inkar etmək olmaz. Ancaq bu, eyni zamanda təbiidir. Qanunu yaratmaq çətin bir şey deyildir. Hər bir qanunu yaratmaq üçün təcrübə, bilik əsasında, konstitusiya əsasında bir 2-3 ay vaxt tələb edir ki, onu yazasan, hazırlayasan, müzakirə edəsən, ondan sonra da imzalayasan. Amma onu icra etmək başqa məsələdir. Qanunu yaradanlar bir kiçik dəstə adamlardır: onu yazıb hazırlayanlar, parlamentdə qəbul edənlər və nəhayət, o qanunları imza edən prezident. Amma bunlar hər bir insan tərəfindən icra olunmalıdır. Şübhəsiz ki, icranın təşkili dövlət, icra orqanlarının üzərinə düşür, onlar bunu icra etməlidirlər. Təəssüflər olsun ki, icra orqanlarının işində də çox böyük nöqsanlar var, onların üzərində günahlar çoxdur. Bu da var. Ancaq bununla yanaşı, qəbul edilən hər bir qanun əgər dərhal icra oluna bilsəydi, qəbul edilən hər bir qərar, prezidentin verdiyi hər bir fərman dərhal icra oluna bilsəydi, biz çox xoşbəxt insanlar ola bilərdik, biz qısa bir müddətdə göylərə qalxa bilərdik. Bu reallığı bilmək lazımdır. Reallıq da bundan ibarətdir.

Mən şübhəsiz ki, bütün dövlət, hökumət orqanlarından qanunların ardıcıl surətdə icra olunmasını bu gün də tələb edirəm. Mən bu gün bir daha tələb edirəm ki, icra orqanlarının işində olan nöqsanlar aradan götürülsün, icra orqanları əməkdaşlarının bəzilərinin vəzifəsindən sui-istifadə etməsi halları aradan götürülsün və icra orqanları qanununun tələblərinə uyğun olaraq daha yaxşı işləsinlər. Ancaq bu gün mən reallıqdan da uzaqlaşa bilmərəm və o kənardan deyilən cürbəcür sözləri də qəbul edə bilmərəm ki, bu icra olunmadı, o icra olunmadı. Bunun üçün vaxt lazımdır. İqtisadi islahatları həyata keçirən iqtidardır. Özəlləşdirməni həyata keçirən iqtidardır. Torpaq islahatını həyata keçirən iqtidardır. Torpağı şəxsi mülkiyyətə verən və cəsarətli addımlar atan iqtidardır. Siyasi, sosial islahatları həyata keçirən iqtidardır. Azərbaycanda ictimai-siyasi sabitliyi təmin edən iqtidardır. Konstitusiyanın tələblərini həyata keçirən, qəbul olunan qanunları həyata keçirən iqtidardır. Azərbaycanda demokratiyanı inkişaf etdirən iqtidardır. Hüquqi dövlət yaradan və insanların hüquqlarının qorunmasını təmin etməyə çalışan iqtidardır. Budur. Bəs siz kimsiniz? Kənarda durub "demokratiya, demokratiya" qışqıranlar kimlərdir? Siz demokratiya sahəsində nə etmisiniz? Daxili sabitliyi təmin etmək üçün siz nə etmisiniz? Əksinə, çoxları öz pozucu hərəkətləri ilə bu gün də Azərbaycanda qarmaqarışıqlıq yaratmaq istəyirlər, Azərbaycanda bu gün mövcud olan sabitliyi pozmaq istəyirlər, onu dağıtmaq istəyirlər.

Amma bilsinlər - bu, mümkün deyildir. Ona görə mümkün deyildir ki, xalq dövlətin apardığı siyasətə artıq inanıb, dövlətə və dövlət başçısına inanıb. İnanır ki, əgər bu gün hansı problem həll olunmayıbsa, o, sabah həll olunacaqdır. Sabah həll oluna bilməsə, ondan sonrakı dövrdə həll ediləcəkdir.

Mən heç vaxt, heç kəsə söz verməmişəm ki, hər məsələni bu gün və ya bu il, gələn il həll edəcəyik. Bu, böyük bir prosesdir. Biz buna nə qədər də səy qoysaq, nə qədər gücümüzü də sərf etsək, bu prosesin həlli zaman tələb edir. Biz zaman çərçivəsində bunların hamısını həyata keçirəcəyik. Xalq bunu bilir, buna inanır. Novruz bayramı günlərində mənim xalqla, çoxlu kütlə ilə görüşlərim olubdur. Mən küçələrdə, meydanlarda, ayrı-ayrı görüşlərdə xalqın əhval-ruhiyyəsini, xalqın dövlətə münasibətini görürəm. Bizim reallığımız budur.

Güman edirəm ki, biz bu yolla bundan sonra daha da əzmlə gedəcəyik və qarşımızda duran vəzifələrin hamısını yerinə yetirəcəyik. Mən bütün bunları bəyan edərək, eyni zamanda hüquq-mühafizə orqanlarından qanuna daim riayət etməyi tələb edirəm.

Bizim Konstitusiyamız, qanunlarımız hər birimiz üçün müqəddəs olmalıdır. Xüsusən, qanunların həyata keçirilməsi, qanunlara riayət olunması hüquq-mühafizə orqanlarının işinin təkmilləşməsini tələb edir. Qanunun aliliyi hamı üçün -adi vətəndaş üçün də, ən yüksək vəzifəli insan üçün də eyni tələblər qoyur. İnsan dövlətdə, cəmiyyətdə nə qədər yüksək vəzifə, səlahiyyət alırsa, o qədər də çox qanunun tələblərini həyata keçirməlidir, qanuna riayət, hörmət etməlidir, qanunun aliliyini təmin etməlidir. Bu, sizin də, mənim də, hamımızın ən böyük vəzifəmizdir və biz bu vəzifəmizi yerinə yetirməliyik.

Bir də deyirəm, Azərbaycanda demokratiya var və biz demokratiyanı günü-gündən inkişaf etdirəcəyik. Oktyabr ayında Azərbaycanda prezident seçkiləri nəzərdə tutulubdur. Prezident seçkilərinin keçirilməsi prinsipləri bizim Konstitusiyada öz əksini tapıbdır. Ancaq bunun üçün xüsusi qanun layihəsi hazırlanıbdır və bu yaxın vaxtlarda Milli Məclisdə müzakirə olunacaq, qəbul ediləcəkdir. Ondan sonra hələ oktyabr ayına qədər vaxt var. Prezident seçkilərinin keçirilməsi üçün lazımi tədbirlər dövlət, iqtidar tərəfindən həyata keçiriləcəkdir.

Hamı - bütün siyasi qüvvələr, partiyalar, təşkilatlar, cəmiyyətlər bilməlidir ki, prezident seçkilərinin sərbəst, azad, ədalətli, tam demokratik şəkildə keçirilməsi bugünkü Azərbaycan iqtidarının əsas vəzifəsidir. Mən bəyan edirəm ki, biz bu vəzifəmizi yüksək səviyyədə həyata keçirəcəyik, heç kəs narahat olmasın.

Azərbaycanda heç bir iş görməmiş, heç bir xidməti, təcrübəsi olmayan, ancaq prezident olmaq istəyən adamlar indi çoxalıbdır. Buna nə ad vermək olar? Hər bir insanın seçmək, seçilmək hüququ var. Əgər Azərbaycanın hansısa bir vətəndaşı hesab edir ki, o, prezident ola bilər və bu vəzifəni apara bilər, özündə bu cürəti tapırsa, qoy irəliyə gəlsin. Konstitusiyanın, prezident seçkiləri haqqında qanunun çərçivəsində qoy gəlsin, seçkidə iştirak etsin. Belə iddiası olan hər bir şəxsə maksimum şərait yaranacaqdır. Heç kəs narahat olmasın və heç kəs də çalışmasın ki, bizə bu barədə hansısa yolla təsir edə bilər. Bizə təsir etmək mümkün deyildir. Çünki biz özümüz bu yoldayıq. Bizə yol göstərmək lazım deyildir. Bir halda ki, biz demokratiya yolu ilə gedirik, hər bir şeyi demokratik prinsiplər əsasında edəcəyik. Buna heç kəsin şübhəsi olmasın. Yenə də deyirəm, iştahası olan, iddiası olan adamlar hazırlaşsınlar. Amma elə hazırlaşsınlar ki, onlar bu seçkiyə qanun çərçivəsində girə bilsinlər. Kimsə qanunu pozacaqsa, şəxsiyyətindən asılı olmayaraq ona yol verilməyəcəkdir. Bizim Konstitusiyamızın və qanunumuzun tələbləri tətbiq olunacaqdır.

Mən bu gün milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı münasibətilə sizinlə görüşümdən çox məmnunam. Mən bilirəm ki, hüquq-mühafizə orqanlarında çalışan əməkdaşlar və onların rəhbərləri artıq hərəsi öz yerini tutubdur, öz vəzifələrini bilirlər və öz məsuliyyətlərini dərk edirlər, peşəkarlıq təcrübəsi toplayıblar. Artıq bu son illər, xüsusən 1993-1994-cü illərdən sonrakı dövrdə olan proseslər hamıya göstərdi ki, Vətənə, dövlətə, xalqa xəyanət edən adama bizim cəmiyyətimizdə, hüquq-mühafizə orqanlarında da yer olmayacaqdır.

Hüquq-mühafizə orqanlarında işləyən hər bir kəs, yaxud işləmək istəyən hər bir vətəndaş bilməlidir ki, ondan birinci növbədə müstəqil Azərbaycan dövlətinə sədaqət tələb olunur. Əgər kimdəsə bu çatmırsa, qoy geriyə çəkilsin. Mənəvi saflıq, mənəvi paklıq tələb edilir, yüksək mənəvi keyfiyyətlər tələb olunur.

Hüquq-mühafizə orqanlarında işləyən adamlar bilməlidirlər ki, onların üzərinə böyük məsuliyyət düşür. Onlar öz vicdanı, cəmiyyət, dövlət qarşısında məsuliyyət daşıyırlar. Onlar bu məsuliyyəti dərk edərək işləməlidirlər və öz işlərini qurmalıdırlar. Mənəvi saflıq hüquq-mühafizə orqanlarının işçiləri üçün xüsusi əhəmiyyət kəsb edən keyfiyyətdir. Mənəvi saflıq uğrunda mübarizə hüquq-mühafizə orqanları kollektivlərində ən əsas məsələlərdən biri olmalıdır. Vaxtilə belə bir məşhur kəlam var idi ki, soyuq baş, hərarətli ürək, təmiz əllər olmalıdır. Bu kəlamın müəllifinin kim olub-olmamağından asılı olmayaraq, müdrik sözlərdir. Mən arzu edərdim ki, bizim hüquq-mühafizə orqanlarında işləyən adamların həqiqətən yanan hərarətli ürəyi olsun, düşünən başı olsun və təmiz əlləri olsun. Biz ümumiyyətlə, vətəndaşlarımızı və xüsusən hüquq-mühafizə orqanlarında çalışan əməkdaşları bu tələblər əsasında tərbiyə etməliyik. Bir daha deyirəm, mənəvi saflıq, mənəvi paklıq ən əsas tələblərdən biridir. Vətənə, xalqa sədaqət və mənəvi saflıq, bunlar bizim müvəffəqiyyətimizin əsasıdır. Güman edirəm ki, biz hüquq-mühafizə orqanlarında belə bir mühitin, əhval-ruhiyyənin yaranmasına nail ola biləcəyik.

Mən sizə işlərinizdə uğurlar arzulayıram və ümidvar olduğumu bildirmək istəyirəm ki, bizim bugünkü görüşümüzdən, bu danışıqlardan hərə özü üçün lazımi nəticə çıxaracaqdır. Sağ olun. Təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 29 mart 1998-ci il

Tarixi arayış