Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Polşa Xarici İşlər Naziri Darius Rosati ilə görüşdə söhbətindən - Varşava, "Belveder" iqamətgahı, 27 avqust 1997-ci il


Hörmətli canab Rosati!

İlk öncə xoş sözlərə görə təşəkkür edirəm. O ki qaldı, dünən rəsmi qəbulda söylədiyim nitqin səmimiliyi və dərin təsiri barədə söylədiklərinizə onu deyə bilərəm ki, mənim sözlərim ürəkdən gələn səmimi sözlər idi və rəsmi səfərə gəldiyim ölkəyə - Polşaya, polyak xalqına hörmət və məhəbbətdən irəli gəlir. Mən Varşavaya da məhz bu hisslərlə gəlmişəm. Vurğulamaq yerinə düsər ki, Polşanın da, Azərbaycanın da müstəqilliyi əbədidir, dönməzdir və bu, bizim tərəfdaşlıq münasibətlərimizın əsasını təşkil edir. Eyni zamanda bir çox məsələlərdə maraqlarımız, fikirlərimiz də üst-üstə düşür. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli əlaqələr üçün geniş imkanlar açır.

Qeyd edim ki, Azərbaycan regionumuzda cografi və strateji baxımdan xüsusi yer və mövqe tutur və ölkəmizə münasibətdə bütün dövlətlər tərəfindən mütləq nəzərə alinmalıdır. Biz müstəqil dövlətik, ərazimizdə heç bir xarici ölkənin hərbi bazası, qoşunu yoxdur, sərhədlərimizi də özümüz qoruyuruq. Bu da ölkələrimizi bir-birinə yaxınlaşdırır və əməkdaşlığimizi zəruri edir.

Müstəqil Azərbaycanın qarşısında duran ən ağrılı problemlərdən biri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama salınmasına nail olmaqdır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, təcavüzü ərazimizin 20 faizinin işğal olunması və bir milyondan çox vətəndaşımızın öz ev-eşiyindən qovularaq qaçqın vəziyyətində yaşaması, ölkəmizə böyük maddi və mənəvi ziyan vurulması ilə nəticələnmişdi. Bütün bunlara baxmayaraq biz münaqişəni sülh yolu ilə aradan qaldırmaq istəyirik. ATƏT-in Minsk qrupunun indiki həmsədrlərinin irəli sürdükləri son təkliflər bu baxımdan ümidləri xeyli artırır. Biz məsələnin sülh yolu ilə həlli üçün

danışıqlar prosesini intensivləşdirməkdən ötrü bu təklifləri əsas kimi qəbul etmişik. Lakin ATƏT-in Lissabon Zirvə görüşündə qəbul olunmuş prinsiplərdən boyun qaçıran Ermənistan tərəfi Minsk qrupu həmsədrlərinin təkliflərini də qəbul etmir və Daglıq Qarabağın müstəqil dövlət statusu alması iddiasından əl çəkmir. Ermənistan başa düşmür ki, Daglıq Qarabağ heç vaxt müstəqil dövlət olmayacaqdır. Ermənistanın bu iddiası ATƏT-in prinsiplərinə, beynəlxalq hüquq normalarına tamamilə ziddir və dünyada belə bir nümunə yoxdur. Ona görə də Ermənistana açıq şəkildə deyilməlidir ki, bu, beynəlxalq hüquq normalarına zidd olan iddiasından əl çəksin. Çalışmaq lazımdır ki, Lissabon sənədini imzalayanlar, həmin sənəddə irəli sürülmüş prinsiplərin həyata keçməsinə səy göstərsinlər. Ümidvaram ki, Polşa ATƏT-in gələcək sədri kimi bu münaqişənin ədalətlə aradan qaldırılmasına çalışacaqdır.