Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa səfirini qəbul edərkən söhbətindən - 6 iyul 1999-cu il


Heydər Əliyev: Sizinlə görüşməyimdən çox məmnunam. Dedilər ki, mənə sözünüz var, hansısa məsələni müzakirə etmək istəyirsiniz.

Jan Pyer Ginyut: Cənab prezident, məni qəbul etdiyinizə görə Sizə böyük minnətdarlığımı bildirirəm. Sizin vaxtınız çox qiymətlidir. Ona görə də çalışacağam ki, söhbətimiz qısa olsun.

Mən çox səbrsizliklə Sizinlə görüşmək istəyirdim. Amerika Birləşmiş Ştatlarından qayıdandan sonra Sizinlə indi birinci dəfə görüşmək mənə qismət oldu. Mən Fransa prezidenti cənab Şirakın təbrikini də Sizə çatdırıram ki, səhhətiniz belə yaxşıdır.

Cənab prezident, demək istəyirəm ki, bu müddət ərzində cənab Şirak dəfələrlə məndən Sizin səhhətiniz, müalicənin gedişi haqqında soruşmuşdur. O da xoşbəxtdir ki, Sizin səhhətinizin yaxşı olduğunu bilir, mən də ona cavabımda bunu təsdiqləmişəm.

Prezident Şirak məndən xahiş edib ki, onun diplomatik məktubunu Sizə çatdırım. Məktub bir qədər uzundur. Cənab prezident Şirakın bu məktubunda Kosovo problemi ilə bağlı hadisələrin gedişinin təhlili və bunların əsaslandırılması barədə mülahizələri var. Prezident Şirak arzu edir ki, Siz onun bu mövqeyi ilə tanış olasınız. O, öz mövqeyini dərindən əsaslandıraraq bildirmək istəyir ki, Kosovo hadisələrində Fransanın iştirakının mənası nədən ibarətdir.

Prezident Şirak bu məktubunda üç əsas vəzifəni xüsusi vurğulayır: birinci, əsas vəzifə humanitar, yəni insanlarla bağlı vəzifədir. İkincisi, Avropa məkanı ilə bağlı vəzifədir. Prezident Şirak istəyirdi ki, məsələ müharibə ilə qurtarsa da, nəhayət ki, bütün Avropa tam, vahid, birləşmiş olsun. Əlbəttə, prezident Şirak bu müharibədə Amerika Birləşmiş Ştatlarının iştirakını və onun uğurla nəticələnməsi üçün göstərdiyi səyləri və bunun böyük əhəmiyyətini də qeyd edir. Nəhayət, cənab Şirak qeyd edir ki, o özü də bütün səyləri göstərdi ki, avropalıların və amerikalıların səylərini birləşdirib bu hadisələrin gedişini BMT-nin nəzarəti altına salsın.

Heydər Əliyev: Böyük məktubdur. Görünür, çox məsələlər göstərilibdir.

Hörmətli cənab səfir, xəstəliyim və müalicə olunduğum zaman prezident cənab Şirakın mənə göstərdiyi qayğı və diqqətə görə təşəkkürümü bildirirəm. Amerika Birləşmiş Ştatlarında - Klivlenddə xəstəxanada olduğum zaman prezident Şirakın göndərdiyi məktubu almaq mənim üçün çox əhəmiyyətli olmuşdur. Təbiidir ki, hər bir xəstənin müalicə olunması üçün həkim yardımından, dava-dərmandan və başqa vasitələrdən də çox, xəstəlik zamanı dostları, yaxınları tərəfindən ona göstərilən qayğıdır. Aldığım məktub məhz prezident Şirakın mənə göstərdiyi qayğını və dostluq münasibətini əks etdirir. Sizin verdiyiniz məlumat da məni sevindirir ki, prezident Şirak səhhətimlə daim maraqlanır. Sizin ona verdiyiniz məlumatlardan mənim sağlam olduğumu bilir və bundan da rahatdır.

Çox şadam ki, prezident cənab Şirak ilə mənim aramda səmimi dostluq əlaqələri yaranıbdır. Mən bunu çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, Fransa-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün bunun çox əhəmiyyəti var.

Prezident Jak Şirakla biz Vaşinqtonda, NATO-nun 50 illik yubiley mərasimində görüşdük və çox əhəmiyyətli danışıq apardıq. Danışığımızın əsas hissəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə həsr olundu. Minsk qrupunun həmsədrlərindən biri kimi Fransanın prezidenti bu barədə gördüyü və bundan sonra da görəcəyi işlər barədə məlumat verdi. Bu görüşümüz, söhbətimiz zamanı mən bir daha əmin oldum ki, prezident Şirak Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsini istəyir və bu barədə öz imkanlarından istifadə edir.

Ancaq nə prezident Şirak, nə də mən heç də təsəvvür edə bilməzdik ki, həmin görüşdən bir-iki gün sonra mən Amerika Birləşmiş Ştatlarında xəstəxanaya düşəcəyəm. Amma bəlkə bu da lazım imiş, çünki mən orada çox yaxşı müalicə olundum və indi daha çox enerji ilə, qüvvə ilə işlərimizi aparırıq. Xahiş edirəm, prezident Şiraka bir daha mənim təşəkkürümü, minnətdarlığımı çatdırasınız və bildirəsiniz ki, mən bu dostluq əlaqələrini çox yüksək qiymətləndirirəm, bu dostluğa daim sadiq olacağam.

Mən çox məmnunam ki, prezident Şirak indi dünyada ən mühüm məsələlərdən biri olan Kosovo problemi haqqında mənə məktub göndərib və burada öz fikirlərini, mülahizələrini bildirir. Mən məktubu diqqətlə oxuyacaq və ona mütləq cavab göndərəcəyəm. Ancaq siz məktubun əsas müddəaları haqqında mənə məlumat verdiniz. Deyə bilərəm ki, mən prezident Jak Şirakın fikirləri ilə tam razıyam.

Mənə məlumdur ki, Fransa dövləti və prezident Şirak Kosovo məsələsinin sülh yolu ilə, beynəlxalq prinsiplərə əsasən həll olunması üçün çox səylər qoymuşdur. Biz uzun sürən Rambuye görüşünü daim izləyirdik və hər dəfə şahidi olurduq ki, NATO-nun üzvü olan ölkələr, o cümlədən Fransa məsələnin həqiqətən doğru-düzgün, ədalətli həll olunmasına çalışırlar. Təəssüf ki, bunlar nəticə vermədi. Ona görə ki, Yuqoslaviya və onun prezidenti Miloşeviç çox düzgün olmayan yol tutmuşdur. Buna görə də məsələnin həll olunması üçün NATO-nun bu tədbirləri zəruri idi. Biz onları bəyənmişdik və bu gün də bəyənirik. Nə qədər ağır, çətin olsa da, nə qədər böyük vəsait sərf edilsə də, Avropada etnik albanların hüquqlarını qorumaq və zorakılığın qarşısını almaq, hesab edirəm ki, ən əsas vəzifələrdən biridir.

NATO-nun tədbirləri nəhayət, uğurla başa çatdı. İndi Kosovoda vəziyyətin normallaşması ümumiyyətlə Avropada sülhün, təhlükəsizliyin qorunub saxlanması üçün çox vacib bir şərtdir. Fransa, cənab Şirak kimi, biz də məsələnin bu cür həll olunmasında Amerika Birləşmiş Ştatlarının qoyduğu səyləri və gördüyü işləri qiymətləndirir, hesab edirik ki, bunlar hamısı beynəlxalq aləmdə qanun-qayda yaratmaq üçün düzgün və doğru olmuşdur.

Bir daha məktubdakı fikirlərlə həmfikir olduğumu bildirirəm və mən yaxın zamanda bu məktuba cavab göndərəcəyəm.

Jan Pyer Ginyut: Cənab prezident, icazə versəniz, ikitərəfli əməkdaşlıq məsələlərinə toxunardım. Hər şeydən əvvəl nəzərinizə çatdırmaq istədiyim məsələ Fransa Senatının sədri cənab Kristian Ponselenin iyulun 22-də Qafqaza, eləcə də Azərbaycana edəcəyi səfərdir. Cənab Ponsele Fransa dövlətində prezidentdən sonra ikinci şəxs sayılır və onun dostu olaraq görkəmli ictimai-siyasi xadimdir. O, ötən payız Fransa Senatının sədri seçilmişdir.

O, adətən çox səfər edir. Bu həm də onun vəzifəsindən irəli gəlir. Sizin nəzərinizə çatdırdığım səfər isə cənab Ponselenin bu ilin sentyabrında üç Cənubi Qafqaz dövləti parlamentlərinin sədrləri ilə görüşündən əvvəl söhbət edib fikir mübadiləsi aparmaq məqsədi daşıyır. Bu təşəbbüsdən əsas məqsəd Cənubi Qafqaz ölkələrinin rəhbərləri ilə danışıqlar aparmaq, bununla da onların arasında daha çox əlaqələr yaratmaq, beləliklə, Cənubi Qafqazda iki ölkə arasındakı münaqişəni tezliklə sülh yolu ilə, hərtərəfli həlli üçün müəyyən yollar aramaqdır. Bundan əvvəl Avropa Şurasının himayəsi altında Cənubi Qafqazın üç ölkəsinin parlament sədrlərinin görüşü keçirilmişdir. Cənab Ponselenin fikrincə, bu təcrübəni davam etdirmək lazımdır. Yəni, onun fikri belədir ki, sülhü daha da yaxınlaşdırmaq üçün heç bir vasitəni əldən buraxmaq olmaz, bütün imkanlardan istifadə edilməlidir. Qafqazda sülhün təmin olunması ümumiyyətlə Fransa Senatında ən vacib maraqlardan biri sayılır.

Bu, bir tərəfdən xoşagələn səfərdir, digər tərəfdən də onu simvolik səfər hesab etmək olar, belə ki, eyni zamanda Azərbaycan parlamenti ilə tanışlıq çərçivəsində aparılacaqdır. Cənab prezident, onu da demək istəyirəm ki, cənab Ponsele Azərbaycanda olduğu vaxt, əlbəttə, sizi də salamlamaq, sizinlə də görüşüb öz fikirlərini, ideyalarını bölüşmək istərdi. O, bundan çox məmnun qalardı.

Heydər Əliyev: Sizin bu məlumatınızdan çox məmnunam. Biz Fransa ilə əlaqələri inkişaf etdirmək üçün Fransa hökumətinin, dövlətinin məsul vəzifəli şəxsləri ilə görüşləri çox qiymətləndiririk.

Təbii ki, Senatın sədri Cənab Ponselenin Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana ziyarəti Cənubi Qafqazda sülhün, əmin-amanlığın yaranması üçün Fransanın səylərini daha da artıra bilər. Əmin ola bilərsiniz ki, cənab Ponsele Azərbaycanda dostluq, mehribanlıq şəraitində olacaq, qonaqpərvərlik görəcəkdir. Şübhəsiz ki, biz onunla görüşəcək, danışıqlar aparacaq və beləliklə, Fransa-Azərbaycan əlaqələrinin irəli getməsində yeni bir addım atacağıq. Xahiş edirəm, mənim bu sözlərimi cənab Ponseleyə çatdırasınız.

Jan Pyer Ginyut: Cənab prezident, mən bunları ona mütləq çatdıracağam və bu onda böyük məmnunluq doğuracaqdır. Çünki o, çox arzulayır ki, Bakıya səfər etsin.

Heydər Əliyev: Biz də onun gəlməyindən çox məmnun olacağıq.


"Azərbaycan" qəzeti, 7 iyun 1999-cu il.