Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin hərbi hissələri özbaşına tərk etmiş və ya çağırışdan yayınmış gənclərin bir qrupu, onların valideynləri və yaxın qohumları ilə görüşdə çıxışı - 2 yanvar 1994-cü il


Silahlı qüvvələrimiz son vaxtlar respublikamızın ərazisini etibarlı müdafiə etməkdə yaxşı nailiyyətlər qazanmış, möhkəm müdafiəni təmin etməklə yanaşı, erməni silahlı qüvvələrinin hücumunu dəf edərək onlara sarsıdıcı zərbələr endirir, böyük birləşmələrini dağıdaraq işğal edilmiş torpaqlarımızın bir qismini geri qaytarmışdır. Bunlar göstərir ki, son iki ay içərisində ordunun qurulması ilə respublikamızda aparılan tədbirlər öz nəticələrini verir: xalqımızda vətənpərvərlik hissi, döyüş əhval-ruhiyyəsi artır, torpağı müdafiə etmək əzmi yüksəlir.

Azərbaycanın vətəndaşları, xüsusən gənclər orduda ləyaqətlə xidmət edir, qəhrəmanlıq nümunələri göstərirlər. İndi respublikamızın hərbi vəziyyətinin döyüş dövrü xalqda ruh yüksəkliyinin artmasına şərait yaratmışdır. Bunlar, bir daha deyirəm, ordumuzun möhkəmlənməsinin, ordumuzun uğurla qurulmasının, hərbi hissələrimizdə komandirlərimizin səriştəli hərəkət etməsi, əsgər və zabitlərimizin qəhrəmancasına torpağımızı müdafiə etməsinin parlaq təzahürüdür.

Son vaxtlar cəbhələrdə qəhrəmanlıq göstərmiş, fərqlənən zabit və əsgərlərimizin böyük qrupunu Azərbaycanın orden və medalları ilə təltif etmişik. Elə dünən onların bir qismi Azərbaycanın yüksək mükafatı olan "Azərbaycan bayrağı" ordeni və "Hərbi xidmətə görə" medalı ilə təltif olunmuşdur. Dünən cəbhə bölgələri ilə əlaqə saxladım. Təltif olunan zabitlərin, komandirlərin bəzilərini şəxsən təbrik etdim. Onların döyüş raportlarını dinlədim və bir daha əmin oldum ki, torpaqlarımızın müdafiəsi indi etibarlı əllərdədir. Ordu quruculuğu prosesi normal gedir, ordumuz nizamlanır, günbəgün öz gücünü artırır. Onun qüdrəti ilə ölkəmizin müdafiəsinə və işğal edilmiş torpaqlarımızın geri qaytarılmasına nail olacağıq.

Ancaq uğurlarımızla birgə, təəssüf ki, cəbhə bölgələrindən narahatlıq doğuran məlumatlar da gəlir. Qəhrəmancasına vuruşub şəhid olanlar, həlak olanlarla yanaşı, bəziləri cəbhə mövqelərini atıb dəstə ilə qaçırlar. Belə hallar Ağdam və digər cəbhə bölgələrində əvvəllər də, son günlərdə də olmuşdur. İndi siz təsəvvür edin, bir tərəfdən bizim ordumuzda xidmət edən zabitlərimiz, əsgərlərimiz qəhrəmancasına döyüşür, qan tökür, xalqın hörmətini, məhəbbətini qazanır, respublikamızda son günlərdə gözəl əhval-ruhiyyənin yaranmasına səbəb olurlar. Bəziləri isə ordumuzun artıq qüdrətləndiyi bir vaxtda səbəbsiz olaraq qorxub, yaxud da ki, bəzi təxribat işlərinin nəticəsində geri çəkilir, dəstə ilə qaçırlar. Onların qarşısı cəbhə bölgələrində alınır. Fərarilik edən, cəbhə bölgəsini qoyub qaçan adamların bir qismi, bildiyiniz kimi, həbs olunub, məhkəmə vasitəsilə cəzalanıblar. Bundan sonra da onlar haqda ciddi tədbirlər həyata keçiriləcəkdir. Bir tərəfdən bizim ordumuz güclənir: qəhrəmanlıq nümunələri göstərən adamlar xalqın rəğbətini qazanır, dövlət tərəfindən qiymətləndirilir, təltif olunurlar. Digər tərəfdən isə, təəssüf ki, hələ də keçmişin neqativ əlamətləri öz təzahürünü göstərir: qorxanlara, qaçanlara, yaxud da xəyanət edənlərə də rast gəlinir. Belələrinə qarşı ciddi və amansız olacağıq.

Eyni zamanda, yeni bir proses də gedir. Mənim xalqa müraciətimdən sonra respublika prokurorluğu bəyanatla çıxış etmişdir: fərarilik edib hərbi hissələri qoyub qaçan adamlar əgər 94-cü il yanvar ayının 3-nə qədər gəlib təslim olsalar, günahlarını etiraf edib orduya qayıtmaq, xidmətlərini davam etdirmək əzmini bəyan etsələr, bağışlanacaqlar. Bizim bu tədbirimiz də öz səmərəsini verir. Hərbi prokuror Təhməzov dünən mənə məlumat verdi ki, fərarilik etmiş, yaxud müəyyən səbəblərdən - həmin səbəbləri biz indi araşdırmaq istəmirik - hərbi hissələri qoyub qaçan adamların böyük bir dəstəsi valideynləri ilə prokurorluğa müraciət edərək qeydiyyatdan keçiblər. Hərbi prokurorluq onların bağışlanması haqqında qərar çıxarıb və onlar hərbi hissələrə göndəriliblər. Bu gün Təhməzov məlumat verdi ki, yenə valideynləri ilə belə bir dəstə prokurorluğa gəlibdir.

Bunları müsbət hal kimi qiymətləndirirəm. Deməli, vətəndaşlarımız, xalqımız, artıq hər kəs öz məsuliyyətini hiss edir və başa düşür ki, torpaqlarımızı özümüz qorumalıyıq. Artıq hamılıqla dərk edilir ki, torpaqlarımızı, vətənimizi, müstəqil Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qorumaq ən şərəfli vəzifədir və bu vəzifəni həyata keçirmək hər bir Azərbaycan vətəndaşının borcudur. Hərbi prokuror belə bir arzunu da bildirib xahiş etdi ki, mən buraya toplaşan, hərbi hissəni qoyub getmiş fərarilərlə, onların valideynləri ilə görüşüm.

Bəlkə belə bir görüş bəziləri tərəfindən lüzumsuz hesab oluna bilər və fikirləşərlər ki, hərbi hissəni qoyub qaçmış, fərarilik etmiş adam cinayətkardır. Azərbaycan prezidenti isə onlarla görüşür. Ancaq mən belə düşünmürəm. Azərbaycanın hər bir vətəndaşı mənim üçün, Azərbaycan prezidenti üçün əzizdir. Hər bir vətəndaşın aqibəti məni bir prezident kimi düşündürür və narahat edir. Azərbaycanın hər bir vətəndaşının doğru yolla, düz yolla getməsi, düzgün mövqe tutması üçün mən bundan sonra da öz səylərimi əsirgəməyəcəyəm. Məhz buna görə belə bir görüşə razılıq vermiş, buraya gəlmişəm.

Yekun çıxışı

Hiss edirəm ki, bura toplaşanların hamısı - həm hərbi hissələri tərk edib qaçanlar, indi fərari vəziyyətində olanlar, həm də onların valideynləri bu gün burada danışmaq, ürək sözlərini demək, günahlarını etiraf etmək istəyirlər. Ən əsası odur ki, Vətəni qorumaq, müdafiə etmək üçün ordu sıralarına qayıtmaq, döyüşmək arzusunda, əzmindədirlər. Şübhəsiz ki, hamının burada söz deməsinə ehtiyac yoxdur. Çıxış edən valideynlər və hərbi hissələri tərk etmiş əsgərlər artıq burada toplaşanların hamısının sözlərini ifadə etdilər. Mən bu çıxışları salona toplaşanların hamısının ürəkdən gələn sözləri kimi qəbul edirəm və elan edirəm: hərbi hissələrini tərk etmiş, fərarilik etmiş, orduya qayıtmaq üçün hərbi prokurorluqda qeydiyyatdan keçmiş Azərbaycan oğullarının hamısını Azərbaycan prezidenti kimi bağışlayıram və onları cəza çəkməkdən azad edirəm. Burada verdiyiniz vədlərə inanıram. Əminəm ki, siz artıq öz vətəndaşlıq məsuliyyətinizi dərk etmisiniz və bundan sonra bu vətəndaşlıq borcunuzu, vəzifənizi axıra qədər ləyaqətlə yerinə yetirməkdən çəkinməyəcəksiniz. Vəd etdiyiniz kimi, dərhal hərbi hissələrə qayıdacaq, silah götürüb torpaqlarımızın müdafiəsində şərəflə duracaq, son nəfəsinizə qədər vuruşacaqsınız. Müdafiə naziri general Məmmədova əmr edirəm ki, bu gün burada qeydiyyatdan keçmiş, hərbi hissəni tərk etmiş gənclərin hamısının hərbi hissələrə göndərilməsini dərhal təmin etsin və onların hərbi xidmətlərinin həyata keçirilməsi üçün lazımi şərait yaratsın.

Valideynlərə, sizin simanızda bütün valideynlərə müraciət edirəm: övladlarınıza daha yaxşı tərbiyə verin. Onları vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyələndirin. Uşaqlarınıza valideyn kimi öz təsirinizi göstərin və bildirin ki, Vətəni qorumaq ən yüksək, şərəfli vəzifədir. Bu vəzifəni həyata keçirmək üçün hər bir Azərbaycan vətəndaşı canını qurban verməyə hazır olmalıdır. Bizim Vətənimiz, müstəqil Azərbaycan Respublikası indi elə vəziyyətdədir ki, biz gərək qəhrəmanlıq nümunələri göstərək, hər bir vətəndaş öz vətəndaşlıq borcunu vicdanla yerinə yetirsin ki, Azərbaycanın işğal olunmuş torpaqlarını geriyə qaytara bilək. Buradakı əsgərlərin hamısına bir daha deyirəm: günahınızı bağışlayıram, sizi cəzadan azad edirəm. Əziz balalarım, övladlarım, sizə uğurlu hərbi xidmət arzulayır, sizdən qəhrəmanlıq nümunələri gözləyirəm.

Burada səslənən xahişləri nəzərə alaraq bəyan edirəm ki, Azərbaycanın prezidenti kimi, hərbi hissələri tərk etmiş, yaxud hərbi çağırışdan yayınmış fərarilərin gəlib hərbi prokurorluqda, hərbi komissarlıqlarda qeydiyyatdan keçmək müddətini yanvar ayının 10-na qədər uzadıram. Bu müddətə qədər hərbi prokurorluqda, komissarlıqlarda qeydə alınan hərbi hissələrə qayıdanların günahlarını bu gündən bağışlayıram. Hərbi prokuror Təhməzova, müdafiə naziri general Məmmədova, hərbi komissarlıqlara əmr edirəm ki, mənim bu bəyanatım əsasında lazımi tədbirləri görsünlər. Güman edirəm ki, kütləvi informasiya vasitələri mənim bu bəyanatımı Azərbaycan Respublikasının bütün vətəndaşlarına çatdıracaqlar. Bu bəyanatla bir daha Azərbaycanın gənc övladlarına müraciət edirəm: buraxdığınız səhvi etiraf eləyin, tutduğunuz yoldan, yəni etdiyiniz cinayətdən çəkinin, Vətənin, torpağın müdafiəsinə qalxın! Ordu sıralarına gəlin. Vətəni müdafiə etmək üçün əsgəri vəzifənizi şərəflə yerinə yetirin. Valideynlərə üzümü tuturam: övladlarınızı məhz bu yola dəvət eləyin. Bu, həm hərbi xidmətdə olmalı gənclər üçün, həm onların valideynləri üçün şərəfli vəzifədir. Hamınıza müstəqil Azərbaycanın müdafiəsi naminə bu şərəfli vəzifənin yerinə yetirilməsində can sağlığı, hərbi xidmətinizdə uğurlar arzu edirəm! Sağ olun! Yaxşı yol!

Tarixi arayış