Azərbaycan - İran münasibətləri


Azərbaycan Respublikasının xarici siyasətində cənub qonşusu İran İslam Respublikası ilə münasibətlərin tənzimlənməsi hər zaman başlıca istiqamətlərdən olub. Azərbaycan və İran münasibətlərində müxtəlif dövrlərdə anlaşılmazlıq və fikir ayrılıqları baş versə də hər iki tərəf müvafiq fəaliyyətlə qarşılıqlı əməkdaşlığı kifayət qədər yüksək səviyyədə saxlayıb.

İran Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər 12 mart 1992-ci ildə yaradılıb. Formal əlaqələr yaradılmamışdan əvvəl də tərəflər bir - birlərinə yüksək səviyyədə maraq göstərib. 1990-cı ildə İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi Rəfsəncani, 1991-ci ilin dekabrında isə xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycanda səfərdə olublar. (www.mfa.gov.az)

Vilayətinin səfəri daha çox İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyi ilə əlaqədar olub. Bu vasitəçilik Ermənistanın işğalçılıq hərəkətlərinə görə səmərəli alınmayıb. 8 may 1992-ci ildə Azərbaycan rəhbərliyi Tehranda Ermənistan tərəfi ilə danışıqlar aparan zaman erməni hərbi birləşmələri Şuşa şəhərini işğal edib. (www.bizimasr.media-az.com)

1992-ci ildə Azərbaycanda Xalq Cəbhəsi hərəkatının hakimiyyətə gəlməsindən sonra Azərbaycan - İran münasibətlərində fərqli mərhələ başlayıb. Bu dövr (1992-1993) tərəflər arasında gərginlik mərhələsi hesab olunur. (Əli Həsənov, Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti, "Azərbaycan" nəşriyyatı, Bakı - 2005, s. 573.)

1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib və kifayət qədər gərgin münasibətlər normallaşmağa və inkişaf etməyə başlayıb. Heydər Əliyev hələ fəaliyyətinin Naxçıvan dövründə (1990-1993) İran rəhbərliyi ilə əlaqələr yaradıb. O, Ermənistanın blokadada saxladığı Naxçıvanın ehtiyaclarını təmin etmək məqsədiylə İrana səfərə gedərək ölkə rəhbərliyi ilə müvafiq müzakirələr aparıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olaraq 1992-ci ilin avqustunda İrana səfəri zamanı Heydər Əliyev İranın dini rəhbəri Seyid Əli Xamneyi, prezidenti Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti ilə görüşərək danışıqlar aparıb. Həmin səfərdə İran İslam Respublkasının Naxçıvan Muxtar Respublikasına müxtəlif sahələrdə yardımı, tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalanıb. ("Qayıdış", 1990-1993, Heydər Əliyevin 1990-1993-cü illər ərzində fəaliyyətini əks etdirən materiallar, "Azərbaycan" nəşriyyatı, Bakı - 1996, s. 653 - 662.)

1993-cü ilin yayında və payızında Azərbaycana qarşı Ermənistan təcavüzünün daha da güclənməsi, bunun nəticəsində meydana gələn yüz minlərlə azərbaycanlı məcburi köçkün ordusuna humanitar yardım edilməsində İran dövləti əhəmiyyətli addımlar atıb. Məcburi köçkünlərin yerləşdirilməsində İranın İmam Xomeyni adına "İmdad" yardım komitəsi əhəmiyyətli fəaliyyət göstərib.

Qarşlılqlı münasibətlərin daha da yüksək səviyyəyə qaldırılması məqsədiylə İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani 26-28 oktyabr 1993-cü ildə Azərbaycanda səfərdə olub. Azərbaycan Prezidenti Heydər Əliyev Rəfsəncani ilə söhbətində ölkələr arasıında əvvəllər yaranmış soyuqluğun aradan qaldırılması üçün lazımi tədbirlər görüləcəyini bəyan edib. Həmin səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq müqavilələrinin layihələri müzakirə olunub və dostluq, əməkdaşlıq, iqtisadi, elmi, mədəni tərəfdaşlıq haqqında çox sayda müqavilələr imzalanıb. (www.mfa.gov.az)

Haşimi Rəfsəncani Bakıda olan zaman Ermənistan qoşunları Azərbaycanın İranla həmsərhəd Zəngilan rayonunu işğal edib. Təcavüz nəticəsində rayonu tərk edən əhali İran tərəfinin köməyi ilə Araz çayını keçərək bu ölkənin ərazisindən Azərbaycana gələ bilib.

29 iyun - 2 iyul 1994-cü ildə İrana cavab səfəri zamanı Azərbaycan Prezidenti Heydər Əliyev Haşimi Rəfsəncani ilə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıb. Həmin səfər nəticəsndə Azərbaycan və İran arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan növbəti müqavilələr bağlanıb. (yenə orada)

Heydər Əliyev Haşimi Rəfsəncani ilə söhbətində İran İslam Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyi məsələsinin aydınlaşdırılmasını, bunun tərəflər arasında qəbul ediləcək bəyanatda göstərilməsini istəyib. Xarici işlər naziri Vilayəti ilə danışıqlardan sonra Ermənistanın təcavüzünü ittiham edən həmin bəyanat imzalanıb. (Heydər Əliyev Azərbaycanı dünyaya tanıdır, Tərtibçilər - Nazim İbrahimov, İbrahim Şükürov, "Azərbaycan" nəşriyyatı, Bakı - 1994, s. 142.)

1995-ci ilin dekabrında Azərbaycana səfər edən İran xarici işlər nazirinin müavini özü ilə birlikdə İranın Ermənistandan aldığı bir neçə azərbaycanlı əsiri də gətirib. O, Haşimi Rəfsəncaninin Məşhəd-Sərəxs-Təcən dəmir yolunun açılışında iştirak üçün dəvət məktubunu Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim edib. İran diplomatı ilə söhbətdə heç bir üçüncü tərəfin Azərbaycan-İran əməkdaşlığına çətinlik törədə bilməyəcəyi bildirilib. (www.jamestown.org)

Heydər Əliyevin İrana 1996-cı lilin mayında edilən səfərində iqtisadi sahədə razılaşmalar əldə edilib. Heydər Əliyevlə görüşən Haşimi Rəfsəncani İranın azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardım göstərməyə davam edəcəyini deyib. ("Azərbaycan beynəlxalq aləmdə", Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-1996-cı illərdə xarici ölkələrə səfərlərinə dair materiallar, II cild, Tərtib edənlər - Elşad İsmayıl oğlu Abdullayev, Fikrət İbad oğlu Muradov, Bakı - 1997, s. 582-584.)

1997-ci ildə Azərbaycan tərəfi İranla neft istismarı sahəsində əməkdaşlıq niyyətinin göstəricisi olaraq bu ölkənin neft şirkətini "Şahdəniz" yatağının istismarını nəzərdə tutan müqavlədə iştiraka dəvət edib. (www.wrmea.com)

1997-ci ilin dekabrında İslam Konfransı Təşkilatının Tehranda keçirilən dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək üçün İrana gələn Heydər Əliyev yenidən ölkənin rəhbərləri ilə görüşüb. Onun İranın ali dini rəhbəri Seyid Əli Xamneyi ilə söhbətində ölkələr arasında qarşılıqlı əməkdaşlıq, Xəzərin statusunun müəyyənləşdirilməsi və digər məsələlərdən danışılıb. Heydər Əliyev və Xamneyinin söhbətində Xəzər məsələsinin danışıqlar vasitəsiylə həllinin vacibliyi təsdiq olunub. (www.rferl.com)

İranın o zaman yeni seçilmiş prezidenti Məhəmməd Hatəmi ilə görüşən Heydər Əliyev Azərbaycanın İranla istər ikitərəfli, istərsə də İKT çərçivəsində əməkdaşlığı inkişaf etdrəcəyini bildirib.

Məhəmməd Xatəminin sədri olduğu İKT-nin Tehran konfransında Ermənistanın Azərbaycana təcavüzünü açıq ittiham edən qətnamə qəbul olunub. İKT Ermənistanı təcavüzkar elan edən ilk təşkilatdır. (www.oic-oci.org)

Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci ilin mayında İrana səfəri olub. Səfərdə əsas müzakirə edilən məsələlərdən Xəzərin statusu haqqında konkret razılıq əldə olunmasa da, Heydər Əliyevin bu səfəri dost ölkəyə səfər kimi qiymətləndirilib. (Əli Həsənov, Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti, "Azərbaycan" nəşriyyatı, Bakı - 2005, s. 376-379.)

Xəzərin bölünməsini Azərbaycan, Rusiya və Qazaxıstan sahil xəttlərinin uzunluğu, (orta xətt prinsipi) İranla Türkmənistan isə bərabərlik əsasında istəyir. Sazişin əldə edilməməsinə baxmayaraq Məhəmməd Xatəmi Heydər Əliyevlə Xəzərin sülh və təhlükəsizlik dənizi olması haqqında eyni fikirdə olduğunu bildirib. (UPI, 5/18/02 - www.centerpeace.org/ www.iran-press-service.com)

2003-cü ilin aprelində yenidən Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Kamal Xərrazi ilə görüşündə prezident Heydər Əliyev İrana son səfərini qarşılıqlı münasibətlərdə dönüş nöqtəsi hesab etdiyini bildirib və tərəflər arasında daha sıx iqtisadi əlaqələrə tərəfdar olduğunu deyib. (www.atimes.com)

2003-cü ilin yayında İranın hərbi təyyarəsinin Azərbaycanın hava sərhədini pozması nəticəsində müəyyən narazılıq yaransa da tərəflər yüksək səviyyədə görüşlər keçirərək məsələnin münaqişəyə çevrilməsinə yol verməyib. 2003-cü ilin sentyabrında Nyu-Yorkda BMT Baş Məclisinin sessiyası zamanı Azərbaycanın baş naziri İlham Əliyev İranın xarici işlər naziri Kamal Xərrazi ilə görüşərək təhlükəsizlik məsələlərini müzakirə edib. (www.iranmania.com)

Münasibətlərin normal vəziyyətdə saxlanmasının göstəricisi olaraq İran prezidenti Məhəmməd Xatəmi 2004-cü ilin avqustunda Azərbaycana səfərə gəlib. O, bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar İranın Azərbaycanı müdafiə edən bəyanat verib. Hatəminin səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlıq müqavilələrinin bağlanmasından başqa Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğunun açılması məsələsi həll edilib.
(www.bizimasr.media-az.com/Əli Həsənov, Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti, "Azərbaycan" nəşriyyatı, Bakı - 2005, s. 573.)

Azərbaycan prezidenti İlham Əliyev 2005-ci ilin yanvarında İrana səfər edib. Səfər zamanı tərəflər arasında sərhəd, maliyyə, mədəniyyət, hidroenergetika və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan növbəti müqavilələr bağlanıb. Ümumilikdə İran və Azərbaycan arasında sazişlərin sayı yetmişə yaxındır. (www.axisglobe.com/www.mfa.gov.az)

2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində Azərbaycanın dövlət başçısı İlham Əliyev İran dövlətinin başçısı Mahmud Əhmədinejadla dəfələrlə görüşərək qarşılıqlı münasibətlərin daha yüksək səviyyədə inkişafı üçün müzakirələr aparıb. 2005-ci ilin dekabrında Mahmud Əhəmdinejad İrandan Naxçıvana çəkilmiş qaz kəmərinin açılışında iştirak etmək üçün muxtar respublikaya gəlib. Burada Əhmədinejad və İlham Əliyev tərəfindən enerji əməkdaşlığına dair bəyannamə imzalanıb. Daha sonra onlar 2006-cı ilin iyununda İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən zirvə toplantısında görüşüblər. Bu görüşlərdə hər iki prezident başçılıq etdikləri ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu bəyan ediblər. (www.axisglobe.com)

İlham Əliyev 2005-ci ilin sonu, 2006-cı il ərzində beynəlxalq miqyasda kəskinləşən nüvə enerjisi məsələsi ilə bağlı müsahibələrində Azərbaycanın İrana qarşı sanskiya tətbiq edilməsinə qarşı çıxdığını və Azərbaycanın ərazisindən heç bir dövlətə qarşı istifadəyə yol verilməyəcəyini bildirib. O, bu məsələnin danışıqlar və qarşılıqlı razılıq əsasında həllinə tərəfdar olduğunu söyləyib. (yenə orada/ İlham Əliyevin Fransanın "Fiqaro" qəzetinə müsahibəsi, "Azərbaycan" qəzeti, 30 yanvar, 2007)

Azərbaycan Prezidenti Heydər Əliyev istənilən çətinliyə baxmayaraq daim İranla qarşılıqlı dostluq və qonşuluq siyasəti yeridib. 9 fevral 1999-cu ildə İran İslam İnqilabının 20-ci ildönümü münasibətiylə Bakıda keçirilən mərasimdəki nitqində o, bu ölkənin xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeni qiymətləndirdiyini bildirib: "İran İslam Cümhuriyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzü başlanandan indiyə qədər çox düzgün və prinsipial mövqe tutmuşdur. Biz həmişə məmnunuiyyətlə qeyd edirik ki, İran Ermənistanın Azərbaycana qarşı təcavüzünü daim pisləmiş və mövqeyini heç vaxt dəyişməmişdir".

2007-ci il avqustun 21-də İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycanda səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində dövlət başçıları bu səfərin əhəmiyyətli olduğunu vurğulayıblar.

2007-ci il oktyabrın 16-da isə Prezident İlham Əliyev Xəzəryanı dövlət başçılarının ikinci zirvə toplantısında iştirak etmək üçün İrana gedib. İki dövlətin başçısı arasında görüş olub. Prezidentlər siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hər iki tərəfin mənafeyinə uyğun şəkildə uğurla inkişaf etdiyini bildiriblər.

Azərbaycanla İran arasında əlaqələr durmadan genişlənir. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İranın vitse-prezidenti, milli gənclər təşkilatının sədri Höccətül Əli Əkbərlə, İranın İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adili ilə, İranın energetika naziri Seyid Pərviz Fəttah ilə, həmin ölkənin Nizam – İntizam Qüvvələri Sərhəd Polisinin rəisi Qasım Rezayi ilə görüşlərində səslənib, Azərbaycanla İran arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyi vurğulanıb.

 
Qısa oçerk 24 iyul 2008-ci ildə yeniləşdirilib.