Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Parlament Assambleyasının sədri Adrian Severinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 23 oktyabr 2001-ci il


Heydər Əliyev: Hörmətli sədr!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz. ATƏT bu təşkilata daxil olan bütün ölkələr üçün, o cümlədən bizim üçün çox vacib və əhəmiyyətli bir təşkilatdır. Ona görə də sizin Azərbaycana ziyarətiniz və ölkəmizlə şəxsən tanış olmağınız bizim üçün çox əhəmiyyətlidir. Siz artıq Bakıda, Azərbaycanda bir çox görüşlər keçirmisiniz. Bizim parlamentin sədrinin müavini mənə bu barədə məlumat verdi. Düşünürəm ki, müəyyən təəssüratlar əldə etmisiniz.

Azərbaycan ATƏT-lə bütün sahələrdə çox sıx əməkdaşlıq edir. Təbiidir ki, ATƏT-in əsas prinsipləri olan demokratiya, insan hüquqları bunlar bizim əməkdaşlığımızın bir hissəsidir. Amma bizim üçün ATƏT-lə əməkdaşlıq daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədardır. Güman edirəm, bu münaqişənin tarixi haqqında sizdə məlumatlar var. Təəssüf ki, uzun sürən bu münaqişə indiyə qədər həll olunmayıbdır.

Bilirsiniz ki, 1993-cü ildə ATƏT Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək üçün Minsk qrupu yaradıbdır. On iki dövlət bu Minsk qrupunun tərkibindədir. 1997-ci ildən Minsk qrupuna üç böyük ölkə - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa həmsədrlik edir. 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə mühüm sənəd qəbul olunduqdan, 1997-ci ilin əvvəlində ATƏT-in Minsk qrupu həmsədrliyi üç böyük dövlətə - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa kimi böyük dövlətlərə həvalə edildikdən sonra bizdə çox ümidlər yarandı ki, uç böyük dövlət ATƏT-in mandatından istifadə edərək məsələnin sülh yolu ilə həll edilməsinə nail olacaqlar. Təəssüf ki, ötən illərdə bu məsələ həll olunmayıbdır. Çox görülər keçirilibdir, ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə bu məsələ indiyə qədər həll olunmur.

ATƏT-in ən əsas prinsipi hər bir ölkənin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığıdır. Biz istəyirik ki, Ermənistan-Azərbaycan münaqişəsi bu prinsiplər əsasında həll olunsun. Ancaq Ermənistan isə bu prinsiplərə məhəl qoymur. ATƏT də, onun Minsk qrupu da, xüsusən həmsədrlər də deyə bilərəm ki, bu barədə prinsipial mövqe tutmurlar. Amma Azərbaycanın torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, bir milyon azərbaycanlı yerindən-yurdundan zorla çıxarılıb, onların əksəriyyəti çadırlarda yaşayır. Azərbaycanın işğal olunmuş ərazilərində hər bir şey dağılıb viran olubdur. ATƏT də buna göz yumur.

İndi son vaxtlar Ermənistan və Azərbaycan prezidentlərinin bilavasitə birbaşa görüşləri həyata keçirilir. Minsk qrupunun həmsədrləri bizə deyirlər ki, siz hansı razılığa gəlsəniz, biz onu qəbul edəcəyik. Ermənistan isə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağa ya müstəqillik tələb edir, yaxud da ki, onu Ermənistana birləşdirmək istəyir. Biz bununla razı ola bilmərik. Gərək buna ATƏT də razı olmasın, Minsk qrupu da razı olmasın.

Çünki bu, beynəlxalq hüquq normalarına, ATƏT-in prinsiplərinə zidd olan bir şeydir. Təəssüf ki, ATƏT burada özü qəbul etdiyi prinsipləri pozur. Bizə təklif edir ki, siz danışın görək hansı razılığa gələcəksiniz. Hansı razılığa gələ bilərik. Əgər Ermənistan bizim torpağımızı işğal edib oradan çıxmaq istəmirsə, hansı razılığa gələcəyik. Ya gərək ATƏT-in Minsk qrupu burada prinsipial bir mövqe tutsun, ya da gərək müharibə aparıb torpaqlarımızı işğaldan azad edək. Müharibənin yenidən başlamasını ATƏT qətiyyən istəmir. Biz də hesab edirik ki, məsələ sülh yolu ilə həll olunmalıdır. Amma məsələ həll olunmur.

Yenə də deyirəm, biz ATƏT-lə uzun illərdir əməkdaşlıq edirik. ATƏT-in üzvü olan bir ölkə ildə bu təşkilata sədrlik edir. İndi sədrlik Rumıniyanındır və bu ölkənin xarici işlər naziri sədrlik vəzifəsini icra edir. O, Azərbaycanda və Ermənistanda da olmuşdu. Onunla geniş danışıqlar aparmışıq. Ancaq təəssüflər olsun ki, bunlar nəticə vermir. Hesab edirəm ki, bizim əməkdaşlığımızda - həm ATƏT üçün, həm də Azərbaycan üçün bu məsələ əsas yer tutur. Digər məsələlərdə elə bir problem yoxdur. Siz gəlib burada Azərbaycanla tanış olursunuz, bizim vəziyyətimizi görürsünüz. Güman edirəm, qaçqınların vəziyyətini gördünüz. İndi bu məsələnin həllinə müəyyən bir təsir etməlisiniz.

Adrian Severin: Cənab prezident, bu gün bizə görüş üçün imkan yaratdığınıza və söylədiyiniz xoş sözlərə görə Sizə minnətdarlığımı bildirirəm.

İcazə verin, Azərbaycanın dövlət müstəqilliyinin on illiyi münasibətilə Sizi təbrik edim. Bu müstəqilliyin bu günə qədər qorunub saxlanılmasında biz - ATƏT təşkilatı Sizin rolunuzu yüksək qiymətləndiririk və ölkədə möhkəm siyasi sabitliyə nail olmağınızı dəyərləndiririk.

Məlum olduğu kimi, ATƏT-in əsas məqsədlərindən biri demokratik cəmiyyətlər yaratmaqdır. Biz bu sahədə Sizinlə müəyyən vaxtdır əməkdaşlıq edirik. Azərbaycanın bizimlə əməkdaşlıq edən ən məhsuldar nümayəndələri, siyasi partiyaların təmsilçiləri ilə, qeyri-dövlət təşkilatlarının və Azərbaycandakı müxtəlif konfessiyaların nümayəndələri ilə görüşlər keçirdik.

Doğrudur, bəzən müşahidə etmək olar ki, daxili siyasət məsələsində hökumətlə müxalifət arasında fikir ayrılığı mövcuddur. Lakin təhlükəsizlik məsələlərinə gəldikdə, bu haqda və xüsusilə də Dağlıq Qarabağ böhranı haqqında söhbət etdikdə biz görürük ki, hökumətlə müxalifət partiyalarının bu barədə mövqeyi eynidir. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanın, ümumiyyətlə, Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyi ATƏT üçün olduqca vacibdir.

Dağıdıcı qlobal terrorizmə qarşı birgə mübarizəmizdə Azərbaycanın rolunu xüsusi olaraq vurğulamaq istəyirəm. Demək istəyirəm ki, doğrudur, hazırda bütün qüvvələr, səylər qlobal terrorizmə qarşı yönəlmişdir. Lakin bu, heç də o demək deyil ki, biz bu müddət ərzində Azərbaycanı diqqətsiz qoyuruq, Azərbaycana fikir vermirik. Qlobal terrorizmlə mübarizə aparan zaman buradakı problemlərə göz yummaq elə bilirəm ki, səhv addım olardı.

Cənab prezident, mən Sizinlə tam razıyam ki, biz burada mövcud olan problemlərin həlli ilə kifayət qədər uğurla məşğul olmamışıq.

Azərbaycan ATƏT-in fəaliyyətində iştirak edən üzv dövlətdir. Elə bilirəm, hər iki tərəfin borcudur ki, Azərbaycan burada fəal işləsin və təşkilatımızın kamilliyinə öz töhfəsini versin. ATƏT-in daha effektli işləməsi üçün Sizin lazımi və vaxtında edilən tənqidinizi töhfə kimi qəbul edirik.

Cənab prezident, ATƏT-in təcrübəsində siyasi həll üçün kifayət qədər sənədlər yığılmışdır. 1996-cı ildə Lissabon sammitində qəbul olunmuş qərarları, sənədləri xatirinizə salmaq istəyirəm. Həmin sammit zamanı praktiki olaraq bütün dövlətlər tərəfindən prinsipial sənədlər qəbul olunmuşdu. Yalnız onların həyata keçirilməsi məsələsi qalırdı. Sizinlə razıyam, biz bu qərarların həyata keçirilməsi üçün kifayət qədər iş görməmişik.

Cənab prezident, biz bu gün Qarabağ qaçqınlarının yaşadığı yerlərə getdik. Orada onların yaşadığı şəraiti öz gözümüzlə gördük. Düşünürəm ki, bu, yalnız siyasi, yaxud coğrafi-siyasi problem deyil, bu, eyni zamanda humanitar problemdir. Sizin hökumətin çox əzmlə işləməsindən, göstərdiyi səylərdən, yardım etmək cəhdlərindən asılı olmayaraq, istənilən halda, bütün bu cəhdlər qaçqınlara öz vətənlərinin əvəzini verə bilməz və Siz onlara kifayət qədər yardım edə bilməzsiniz. Onların əzabları, çəkdikləri əziyyət buna canlı şahiddir Ona görə də çalışacağam ki, siyasətçilərlə söhbət edim, onları buraya dəvət edim. Onlar gəlib bu vəziyyəti öz gözləri ilə görsünlər və ondan sonra daha fəal işləsinlər. Dağlıq Qarabağ problemini həll etmək, işlərimizə yenidən başlamaq üçün bu, başlanğıc nöqtələrindən biri ola bilər.

Əgər qaçqınlar burada yaşamağa davam edərlərsə, bu, daha uzun müddət çəkərsə, təbiidir ki, onlarda olan psixoloji qorxu hissi qalacaqdır. Çox qorxulu vəziyyət alına bilər, bu qorxu hissi qaçqınlarda dağıdıcı xarakter formalaşdıra bilər. Bu problemin həllinə çalışmaq qlobal terrorizmə qarşı vuruşmağın bir hissəsidir.

Təbiidir, üzümüzə gələn günlərdə mən regionun digər ölkələrinə də səfər edəcəyəm və bu problemi aradan qaldıracağam. Əlbəttə mən o prinsiplə də razıyam ki, təcavüz olan yerdə təcavüzkar da var, qurban da var.

Bu gün bizim gördüyümüz adamlar təbiidir qurbanlardır. Bilirəm ki, onlar təkcə burada yox, respublikanın digər yerlərində də yaşayırlar. Mən bu prinsiplə də razıyam ki, təcavüzkar, qurban olan yerdə heç kim ona laqeyd qala bilməz.

Ona görə də hesab edirəm ki, belə olan halda beynəlxalq ictimaiyyət məsuliyyəti üzərinə daha çox götürməlidir. Əlbəttə, siyahıda yalnız arzu yox, nəticə vacib olur. Gördüyünüz kimi, hələ bizim nəticəmiz yoxdur. Parlament Assambleyası olaraq biz istərdik ki, bu prosesə yeni bir təkan verək. ATƏT-in tələblərindən ən başlıcası ondan ibarətdir ki, ATƏT-in prinsipləri bütün üzv ölkələrdə qəbul olunmalıdır. Biz buna əsaslanaraq istərdik ki, bu işdə də öz töhfəmizi verək. Əlbəttə, bunu təşkilatımızın çərçivəsində, görüşlərdə müzakirə edəcəyik.

Təşkilatımızın ayrı-ayrı üzvlərinə belə bir səlahiyyət, cavabdehlik verməyi də planlaşdırırıq ki, onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi üzərində işləsinlər.

Cənab prezident, bundan əlavə, nəzərinizə çatdırmaq istəyirəm ki, ATƏT artıq bu ölkədə demokratiya və demokratik prosesləri sürətləndirmək sahəsində kifayət qədər iş görmüşdü. Bizim təşkilatda, xüsusilə də ATƏT-in Parlament Assambleyasında özümüzü müəllim, hakim, yaxud da müfəttiş kimi görmürük. Biz Sizi öyrətməyə gəlməmişik, buradakı vəziyyət haqqında mühakimə yürütmək fikrində deyilik. İstəyirik ki, burada rəqabət apara biləcək cəmiyyət qurulsun.

Doğrudur, biz Dağlıq Qarabağ məsələsində kifayət qədər uğurlu işləməsək də, digər sahələrdə çox uğurlu işləmişik. Azərbaycanda birgə işlədiyimiz və qurduğunuz plüralist, demokratik və müasir cəmiyyət də Dağlıq Qarabağ probleminin həllində fəal rol oynayacaqdır.

Cənab prezident, elə bilirəm ki, biz bu əsaslarda əməkdaşlığımızı davam etdirə bilərik. Yəqin, Siz mənimlə razılaşarsınız ki, ATƏT-in Bakıdakı ofisi yaxşı işləyir və onlar işlərini uğurla davam etdirə bilərlər.

Cənab prezident, üzr istəyirəm ki, bu qədər çox danışdım. Amma istəyirdim ki, Sizə səfərimiz, burada gördüyümüz işlər haqqında geniş məlumat verim. Biz parlamentinizlə çox uğurlu əməkdaşlıq edirik. Digər təşkilatlarla işimizi daim davam etdiririk. Məqsədimiz ondan ibarətdir ki, bu ölkədə xoş arzuları reallığa çevirək.

Heydər Əliyev: Təşəkkür edirəm. Birincisi, sizin Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədar fikirlərinizi mən müsbət qiymətləndirirəm. Amma arzu edərdim ki, bu fikirlər, - bu işi düzgün anlamaq, qəbul etmək - reallığa çevrilsin.

Sizin burada bəyan etdiyiniz fikirlər və mövqeyiniz bizi tamamilə təmin edir. Amma bunları həyata keçirmək lazımdır. Siz bəyan etdiniz ki, bu barədə çalışacaqsınız Mən də ümid edirəm ki, siz çalışacaqsınız və çalışmalısınız. Çünki ATƏT gərək öz missiyasını yerinə yetirsin.

Sizin təşkilatın digər istiqaməti burada, yəni hər bir ölkədə demokratiyanın inkişaf etdirilməsi və insanların sərbəstliyinin, vətəndaş cəmiyyətinin yaranmasıdır. Bu barədə də bəyan etdiniz ki, çox işlər görülübdür, biz müsbət əməkdaşlıq edirik. Mən sizə bildirmək istəyirəm ki, biz bu əməkdaşlığı qiymətləndiririk və bunu inkişaf etdirəcəyik. Azərbaycan müstəqil bir dövlət kimi tutduğu yoldan heç vaxt dönməyəcəkdir. Bizim yolumuz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlətin bundan sonra daha da inkişaf etməsidir. Biz ötən on ildə bu barədə çox iş görmüşük.

Doğrudur, bu on ilin birinci mərhələsində bizim çox ağı problemlərimiz olubdur. Ancaq biz bu problemlərin də öhdəsindən gələ bilmişik. Siz bundan sonra bu istiqamətdə öz səylərimizi qoyacağıq. Bu, təkcə sizin üçün ATƏT üçün yox, birinci növbədə, Azərbaycan xalqı, Azərbaycan dövləti üçündür. ATƏT isə, sadəcə, buna yardım edir. Biz bu yardımdan məmnunuq. Ancaq əgər Ermənistan-Azərbaycan münaqişəsinin 13 il ərzində həll olunmamasını nəzərə alsaq, onda hesab edin ki, biz Azərbaycanda vətəndaş cəmiyyətini, hüquqi, demokratik, dünyəvi dövlət qurmaq işini nə qədər sürətlə aparmışıq və bu nailiyyətləri əldə etmişik.

İndi təsəvvür edin, əgər bu münaqişə olmasaydı, bizim bölgəmizdə sülh olsaydı, onda bu sahədə, yəni demokratik cəmiyyətin inkişaf etdirilməsi sahəsində bundan da çox nailiyyətlər əldə etmək olardı. Azərbaycan bir neçə il Ermənistanla müharibə aparıbdır. Mənə belə gəlir ki, müharibə gedən yerdə demokratiyadan danışmaq hər halda həqiqətə o qədər uyğun olmaz. Biz sadəcə, Azərbaycanda Ermənistan ilə atəşin dayandırılmasını əldə edəndən, Azərbaycanın daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirdikdən, Azərbaycan iqtisadiyyatında inkişaf dövrünün başlanmasından sonra demokratik təsisatların yaradılmasına və inkişaf etdirilməsinə başlamışıq. Bu yol ilə gedirik və bundan sonra sizinlə çox sıx əməkdaşlıq edəcəyik.

Adrian Severin: Cənab prezident, Sizdən ayrılmazdan əvvəl istərdim, bir sual verim. Məlumdur ki, bu ilin əvvəlində bizdə və bizim təşkilatda böyük ümidlər vardı. Siz Amerika Birləşmiş Ştatlarında Ermənistanın prezidenti ilə görüşdünüz. Biz o zaman bu münaqişənin həllinə böyük ümidlər bəsləyirdik. Bəs, necə oldu ki, bu məsələ davamını tapmadı və Siz bu görüşləri necə qiymətləndirirsiniz?

Heydər Əliyev: Hesab edirəm ki, görüşlər lazım idi. Ancaq mən artıq sizə dedim, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə bu, öz nəticəsini vermədi. Biz bu münaqişənin həll olunmasında çox maraqlıyıq, Ermənistandan da çox maraqlıyıq. Ermənistanın torpağı işğal olunmayıb, Ermənistanın bir milyon qaçqını yoxdur, Ermənistanda insanlar çadırlarda yaşamır, Ermənistanın ərazi bütövlüyü pozulmayıbdır. Amma bunların hamısı Azərbaycanda var. Ermənistan bundan istifadə edərək, Azərbaycandan çox güzəştlər tələb edirsə, - mən sizə dedim, Dağlıq Qarabağa müstəqillik tələb edirsə, - demək, Azərbaycanın ərazi bütövlüyünün pozulmasını qanuni hesab edirsə, biz bununla razı ola bilmərik.