Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Şərur rayon sakinləri ilə görüşündən - 14 avqust 2002-ci il


Heydər Əliyev: Əziz dostlar! 

Bacılar və qardaşlar! 

Mən buradan, bu yoldan keçərkən düşünürdüm ki, yolun üstündə olan kəndin adamlarının bəziləri ilə bəlkə də görüşüm. Amma indi baxıram ki, burada təkcə bu kəndin deyil, bir neçə kəndin sakinləri, Şərur rayonunun böyük bir hissəsindən olan adamlar iştirak edirlər. Sizə təşəkkür edirəm ki, bu yolüstü səfərim zamanı mənimlə görüşmək üçün buraya toplaşmısınız. Sizinlə görüşməyimdən həddindən artıq məmnun olduğumu bildirmək istəyirəm. 

Mən sizinlə həm keçmişdə, 1970–80-ci illərdə Azərbaycana rəhbərlik etdiyim zaman, həm də sonra, 1990-cı ildən Moskvadan, Bakıdan üzülüşüb Naxçıvana gəldiyim zaman və sizinlə bərabər 3 ilə yaxın, 1990–1993-cü illərdə ağır blokada

şəraitində Naxçıvanda yaşadığım zaman, Naxçıvanın Ali Məclisinin sədri olduğum zaman dəfələrlə görüşmüşəm. Ancaq hər bir görüş mənim üçün əzizdir və indiki görüş daha çox əzizdir. Çünki xeyli vaxtdır ki, mən sizi görməmişdim. Mən indi Bakıdayam, Azərbaycanın prezidentiyəm. 9 il bundan əvvəl siz məni buradan Bakıya göndərdiniz. Mən də sizin göstərişinizi yerinə yetirdim, getdim. Bakıya getdim. Sonra məni orada müstəqil Azərbaycanın prezidenti seçdilər. 9 ildir ki, mən sizin etimadınızı sədaqətlə doğrultmağa çalışıram. 

1990–1993-cü illərdə, 3 il sizinlə bərabər Naxçıvanın ağır blokada şəraitində, burada yaşamaq, işləmək mənim böyük siyasi tərcümeyi-halımda ən əziz səhifələrdir. İndi mən müstəqil Azərbaycanın prezidentiyəm və üzərimə qoyulan vəzifələri şərəflə yerinə yetirməyə çalışıram. Bu illərdə görülən işlər Azərbaycanda böyük dəyişikliklərə gətirib çıxarıbdır. Birincisi, biz Azərbaycanda 1993-cü ildə baş vermiş böhranın – həm iqtisadi, həm siyasi, həm də dövlət böhranının qarşısını aldıq, vətəndaş müharibəsinin qarşısını aldıq, Azərbaycanı parçalanmaqdan, böyük bəlalardan xilas etdik. 

Sonra, 1994-1995-ci illərdə Azərbaycanda yenidən dövlət çevrilişi cəhdləri oldu və bizi yıxmaq, dağıtmaq istədilər. Ancaq təkcə bizi yox, Azərbaycanı dağıtmaq istəyirdilər. Onların da qarşısını aldıq. Nəhayət, 1995-ci ildən bu tərəfə Azərbaycanın bütün ərazisində, o cümlədən Naxçıvanda ictimai-siyasi vəziyyət sabitləşdi, iqtisadiyyat inkişaf edir, xalqın güzəranı gündən-günə yaxşılaşır. Bunu mən sizin timsalınızda görürəm və hamı da görür. Burada toplaşan adamlar nə qədər gözəl, nə qədər cəsarətli insanlardır və hər birinizin üzündən görürəm ki, işiniz də, dərdiniz də, probleminiz də var. Mənim də var, sizin də. Ancaq həyat dəyişibdir, vəziyyət dəyişibdir. İndi siz müstəqil adamlarsınız, sərbəst işləyirsiniz, torpaqlarınızın, mal-qaranızın sahibisiniz, bütün varidatın sahibisiniz. 

Yadımdadır, əvvəlki illərdə, 1970-ci illərdə də mən, Şərur rayonuna gəlirdim. İndi o vaxtkından xeyli yaxşı işləyirsiniz və daha da yaxşı nəticələr əldə edirsiniz.Şərur rayonu həm ərazisinə, həm iqtisadi potensialına, həm də əhalinin sayına görə Naxçıvan Muxtar Respublikasının ən böyük rayonudur, həmişə Naxçıvan Muxtar Respublikasında özünün bu qabaqcıl rolunu göstəribdir və bu gün də göstərir. Mən arzu edirəm ki, siz gələcəkdə öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz. Gələn il, 2003-cü ildə Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir.O vaxt Heydər Əliyevin Azərbaycanda prezidentliyinin 10 ili tamam olacaqdır.Mən sizdən soruşuram, mən nə etməliyəm, bəlkə mən fəaliyyətimi bitirim?

Səslər: Yox. Biz Sizinlə fəxr edirik. 

Heydər Əliyev: Demək, onda yenidən prezident seçilmək üçün öz namizədliyimi irəliyə sürüm? 

Səslər: Bəli. Biz Sizi yekdilliklə dəstəkləyirik. 

Heydər Əliyev: Mən sizinlə hesablaşıram. Sizin fikrinizi, təklifinizi qəbul edirəm və yenidən prezident seçilmək üçün 2003-cü ildə mən yenə də öz namizədliyimi verəcəyəm. İnanıram ki, siz də məni seçəcəksiniz. Çox sağ olun, təşəkkür edirəm.

Bir məsələ də var. Bilirsiniz ki, avqustun 24-də nə olacaq? 

Səslər: Bəli, bilirik. Referendum keçiriləcək.

Heydər Əliyev: Nə referendumudur? 

Səslər: Konstitusiyaya edilən dəyişikliklərə görə. 

Heydər Əliyev: Başa düşürəm, siz o dəyişikliklərlə tanışsınızmı, onlarla  razısınızmı? 

Səslər: Bəli, tanışıq və ürəkdən razıyıq.

Heydər Əliyev: Referendumda iştirak edəcəksiniz, səs verəcəksiniz? 

Səslər: Bəli, iştirak edəcəyik və səs verəcəyik.

Heydər Əliyev: Təşəkkür edirəm. Görürəm burda danışmaq istəyənlər var. Mən bilirəm ki, imkan olsa, elə hər biriniz danışmaq istəyəcəksiniz. 

Səslər: Heç kim danışmasın. 

Heydər Əliyev: Mən bununla razıyam. 

Binnət Məmmədov (Cəlilkənd sakini): Hörmətli cənab Prezident, mən Səninlə fəxr edirəm, görüşmək istəyirəm. Səni o qədər çox istəyirəm ki, Səndən ötrü mənə yumruq da vurublar. Mən 1970-ci ildən Səni müdafiə etmişəm və edəcəyəm. Müharibə də olsa, ön sırada birinci özüm gedəcəyəm.

Heydər Əliyev: Çox sağ ol. Yaxşı, sizin hər birinizin  ürəyinizdə mənə qarşı olan məhəbbəti və sevgini hiss edirəm. Elə siz bunu burada öz simanızla, baxışlarınızla, gülüşlərinizlə, məni həyəcanla qarşılamağınızla nümayiş etdirirsiniz. Ona görə mən hesab edirəm ki, bu görüşü qurtaraq. Mən yol üstəyəm. Sizə cansağlığı, səadət arzu edirəm. Sağ olun, salamat qalın.

Məktəbli qız Gülnar prezident Heydər Əliyevə həsr etdiyi şeiri oxudu:

Canımsan, gözümsən,

İçimdəki sözümsən,

Yaşa mənim xan babam,

Ay mənim Heydər babam!

Əzəmətsən, qürursan,

Dəyanətlə durursan,

Biz milləti qorursan,

Yaşa mənim xan babam,

Ay mənim Heydər babam!

Gülnara bir babasan!

Sən ucadan ucasan,

Əyilməz bir qalasan,

Yaşa, yaşa xan babam,

Ay mənim Heydər babam!

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış