Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Respublikasının Prezidenti Leonid Kuçma ilə birgə Bakkondisioner İstehsalat Birliyi əməkçilərinin görüşündə çıxışı - 28 iyul 1995-ci il


Əziz və hörmətli bacılar, qardaşlar, mənim həmvətənlərim!

Öncə sizi səmimi qəlbdən salamlayıram, sizə hörmət və ehtiramımı bildirirəm. Sizinlə yenidən görüşmək fürsəti əldə etdiyimə görə məmnun olduğumu bildirirəm. Sizə öz məhəbbətimi, hörmətimi bildirirəm.

Bu gün siz bizim hörmətli qonağımızı, Ukraynanın prezidenti Leonid Daniloviç Kuçmanı qəbul edirsiniz. Mənə çox xoşdur ki, siz burada, zənnimcə, Bakının bütün normaları aşmış bu qızmar havasında Ukrayna prezidentinin gəlişini böyük səbirsizliklə gözləmisiniz və onu belə səmimi və sevinclə qarşılayırsınız. Bu məni təəccübləndirmir. Ona görə ki, bu Azərbaycan xalqının Ukrayna xalqına və onun rəhbərinə, prezident Leonid Daniloviç Kuçmaya olan hörmət hisslərinin, dərin dostluq hisslərinin ifadəsidir.

Mən təqribən iyirmi il bundan əvvəl bu zavodun işə salınmasını necə təntənə ilə qeyd etdiyimizi xatırlayıram. Ötən iyirmi il ərzində bu zavodun çoxmillətli kollektivi formalaşmışdır, respublikada, dünyada və keçmiş Sovet İttifaqında çoxlu dəyişikliklər, çoxlu proseslər olmuş, cürbəcür çoxlu millətlərarası münaqişələr baş vermişdir, bizim Azərbaycan Respublikasında isə bütün millətlərdən olan xalqlar vahid ailədə, dostluq və həmrəylik şəraitində yaşayırlar. İstənilən millətdən olan, istənilən dildə danışan, istənilən dinə etiqad edən adamlar bərabər hüquqlardan istifadə edirlər və siz bunu bu gün burada nümayiş etdirirsiniz.

Bu, mənə çox xoşdur, bu, Azərbaycan Respublikasının böyük sərvətidir. Sevinirəm ki, bizim respublikamız çoxmillətlidir. Fəxr edirəm ki, respublikamızda bütün xalqlar vahid ailədə dostluq və həmrəylik şəraitində yaşayırlar. Burada sizinlə birlikdə bir çox millətlərin nümayəndələri iştirak edirlər. Burada ukraynalı qadın, texnikumu yenicə bitirdikdən sonra gəlmiş Tatyana Sankova çıxış etdi. O buraya işləmək üçün gəlmişdir. Görünür, Azərbaycan, Bakı, onu nəyə görə isə cəlb etmişdir. Lakin bu, mühüm cəhət deyildir. Mühüm olanı budur ki, o, iyirmi ildir burada işləyir və Azərbaycanı özünün ikinci vətəni sayır. Bu, məni sevindirir, sizi də sevindirir. Bu, Azərbaycan respublikasının, çoxmillətli cəmiyyətimizin səciyyəvi xüsusiyyətidir.

Təbii ki, Azərbaycan kimi belə ölkədə, belə dövlətdə, belə cəmiyyətdə başqa ölkənin rəhbərinə ayrı cür münasibət ola bilməz, necə ki, siz göstərirsiniz. Xüsusən də Ukrayna kimi ölkənin rəhbərinə, Ukrayna xalqına. Bu, təbiidir.

Biz Ukrayna prezidenti, hörmətli dostumuz Leonid Daniloviç Kuçma ilə dünən və bu gün dövlətlərarası münasibətlərimizlə bağlı olan bir çox məsələni müzakirə etdik. Gəldiyimiz başlıca nəticə budur ki, Ukrayna və Azərbaycan xalqlarının qarşılıqlı münasibətlərinin tarixi zəngin, çoxəsrlikdir. Bu tarix dostluq, qardaşlıq və əməkdaşlığın bir çox parlaq səhifələrini özündə hifz edir. İki müstəqil dövlət, iki müstəqil respublika - Ukrayna və Azərbaycan bu zəmində münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmaq, Ukrayna xalqının və Azərbaycan xalqının rifahı naminə dostluğu və qarşılıqlı yardımı daha da möhkəmləndirmək imkanına malikdirlər.

Biz bütün bunlar barədə razılığa gəlmişik, bir sıra sənədlər imzalamışıq. Tapşırmışıq ki, ölkələrimizə - müstəqil Ukraynaya və müstəqil Azərbaycana həyatın bütün sahələrində qarşılıqlı əlaqəni, əməkdaşlığı daha çox inkişaf etdirməyə imkan verəcək yeni sənədlər işləyib hazırlasınlar. Ümidvaram ki, qarşılıqlı əlaqələrimiz və əməkdaşlığımız üçün yaxşı perspektiv açılır. Əminəm ki, Avropanın belə bir böyük ölkəsi böyük siyasi, iqtisadi, intellektual potensiala malik olan Ukrayna ilə dostluq Azərbaycana fayda gətirəcəkdir. Biz şadıq ki, belə dost ölkə, belə dost dövlət və Ukrayna prezidenti Leonid Daniloviç Kuçma kimi belə dostumuz var.

Leonid Daniloviç, səfərinizə görə, səfər proqramınızın gərginliyinə baxmayaraq, bu zavoda gəlmək, adamlarla, Azərbaycanın sadə vətəndaşları ilə, həyatın çox mürəkkəb dövrünü yaşayan insanlarla, Ermənistanın təcavüzündən zərər çəkmiş insanlarla, bu təcavüz nəticəsində bir çox yaxın və əziz adamlarını itirmiş insanlarla görüşmək üçün imkan tapdığınıza görə sizə ürəkdən təşəkkür edirəm. Siz burada bu müharibə zamanı qurban vermiş ailələrdən olan insanları, yaxın adamları həlak olmuş insanları görə bilərsiniz. Buna baxmayaraq, bu xalq, bu insanlar, Azərbaycanın bu sadə vətəndaşları belə bir ümidlə yaşayırlar ki, bütün bunlara son qoyulacaq, çətinliklərin hamısı arxada qalacaq, Ermənistan ilə Azərbaycan arasındakı münaqişə qurtaracaq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan əraziləri azad ediləcək, qaçqınlar doğma yerlərinə qayıdacaqlar. Müstəqil suveren dövlət kimi Azərbaycan öz torpağının, öz ərazisinin, beynəlxalq miqyasda tanınmış sərhədlərinin sahibi olacaqdır.

Adamlar bu inamla bütün çətinliklərlə barışır, məşəqqətlərlə, itkilərlə barışırlar. Gələcəyə ümidlə yaşayaraq barışırlar.

Əziz həmvətənlərim, hörmətli qardaş və bacılarım. Sizi əmin edirəm ki, belə də olacaqdır. Biz bu vəziyyətdən çıxacağıq, yaxşı səviyyəyə, xoşbəxt həyata çıxacağıq. Sizin dözümünüz, qətiyyətiniz və əməksevərliyiniz, müstəqil Azərbaycan dövlətinin siyasi xətti ətrafında sıx birləşməyiniz bizim gələcək uğurlarımızın təminatıdır.

Leonid Daniloviç, Azərbaycan vətəndaşları, kondisionerlər zavodunun işçiləri buraya sizinlə görüşmək üçün, Ukrayna prezidentini görmək, ona öz hisslərini bildirmək üçün toplaşmışlar. Onlar bu ümidlə yaşayırlar və təbii ki, beynəlxalq miqyasda, dünya siyasətində və Müstəqil Dövlətlər Birliyində Ukraynanın böyük siyasi çəkisini nəzərə alaraq, həm Azərbaycanın bütün vətəndaşlarını, həm də mənim kimi Ukrayna ilə, Ukrayna xalqı, Ukrayna dövləti ilə dostluğun möhkəmlənəcəyinə böyük ümid bəsləyirlər. Əminəm ki, sizin həyatınızla şəxsən tanışlıqdan sonra Leonid Daniloviç Kuçma xalqlarımız və dövlətlərimiz arasında dostluğun möhkəmləndirilməsinə, təkcə Azərbaycan xalqının deyil, həm də bütün qitənin, bütün regionun faciəsi olan həmin çox mürəkkəb məsələnin həllinə daha fəal kömək göstərəcəkdir. Əminəm ki, Ukraynanın, onun prezidentinin simasında bizim etibarlı dostumuz, tərəfdaşımız və təbii ki, mənəvi və hər cür digər həyanımız olacaqdır.

Əziz qardaşlar və bacılar, sizin adınızdan, bütün Azərbaycan xalqının adından, Azərbaycan vətəndaşlarının adından Ukrayna xalqına, müstəqil Ukrayna Respublikasına və onun layiqli prezidenti, çox hörmətli Leonid Daniloviç Kuçmaya hörmət hisslərimi bildirirəm.

Yaşasın Ukrayna-Azərbaycan dostluğu! Yaşasın müstəqil Ukrayna! Yaşasın müstəqil Azərbaycan!

Xay jive samostiyna Ukraina!

Sizin və Azərbaycanın bütün vətəndaşlarının hisslərini ifadə edərək mən Leonid Daniloviç Kuçmanı qucaqlayıram. Ona uğurlu uçuş, yaxşı yol arzulayır və Ukrayna xalqına səmimi salamımızı göndərirəm.

"Azərbaycan" qəzeti, 29 iyul 1995-ci il.