"Azərbaycan Prezidenti Heydər Əliyevin İranın xarici işlər naziri Kamal Xərrazini qəbul edərkən söhbətindən" (11 aprel 2002-ci il) sənədinə tarixi arayış


2001- 2003 - cü illər Azərbaycan - İran münasibətlərində müəyyən gərginliklər və onların aradan qaldırılması üçün tərəflərin müvafiq siyasəti ilə müşahidə edilib. Bu mərhələdə İran tərəfindən Azərbaycanın dəniz və hava ərazilərinə bəzi müdaxilələr edilib. Həmin hərəkətlərə Xəzərin statusu məsələsində razılığın əldə olunmaması, Azərbaycanda İranla gərgin münasibətdə olan ABŞ, Qərb şirkətlərinin dənizdə fəallığı səbəb göstərilib.

İranın xarici işlər naziri Kamal Xərrazi 2002-ci ilin aprelində iki dəfə Azərbaycana səfər edərək ikitərəfli münasibətlər, Xəzərin statusu və Azərbaycan Prezidenti Heydər Əliyevin İrana səfəri məsələlərini müzakirə edib.

Birinci səfəri zamanı onun Azərbaycan hökumətinin rəhbərləri ilə danışıqları əsasən Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xəzərin statusu ilə bağlı olub. Həmin dövrdə Xəzərin bölünməsinə dair Azərbaycanla Rusiya arasında müqavilə bağlanıb.

2002-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Kamal Xərrazinin görüşündə əsasən ikitərəfli münasibətlər, beynəlxalq terrorizmlə mübarizə və İranın Dağlıq Qarabağ münaqiəsinin həllinə təsiri məsələlərindən danışılıb.

Heydər Əliyev Kamal Xərraziyə İranın Ermənistanla əlaqələrinin Dağlıq Qarabağ məsələsində faydalı ola biləcəyi ilə razılaşsa da onun Azərbaycan - İran münasibətləriylə eyniləşdirilməsinə qarşı çıxıb: " ...İran - Azərbaycan əlaqələrini İran - Ermənistan əlaqələri ilə eyniləşdirmək olmaz. Çünki bizim ölkələrimizi, xalqlarımızı bir-birinə bağlayan böyük tarixdir, bizim tarixi köklərimizdir, bizim müştərək mədəniyyətimizdir, adət-ənənəmizdir. Amma Ermənistanla sizin yəqin ki ancaq iqtisadi əlaqələriniz var. Ona görə rica edərdim ki, bu əlaqələrə eyni gözlə baxmayasınız".  

2002-ci ilin aprelin sonunda İranın xarici işlər naziri Kamal Xərrazi Azərbaycana yenidən səfər edib. Onun gəlişindən bir ay sonra Azərbaycan Prezidenti Heydər Əliyevin İran İslam Respublikasına rəsmi səfəri həyata keçirilib. Həmin səfər zamanı Xəzərin statusu ilə bağlı konkret razılıq əldə edilməsə də, digər sahələrdə əməkdaşlığa dair növbəti müqavilələr imzalanıb.

2003- cü ilin aprelində Azərbaycana növbəti səsfəri zamanı Kamal Xərazi yenidən Azərbaycanın xarici işlər naziri və prezident Heydər Əliyevlə Dağlıq Qarabağ münaqişəsi və Xəzərin statusu məsələlərini müzakirə edib. O, Xəzər məsələsində İranın dənizi beş bərabər hissəyə bölmək təklifində dəyişiklik olmadığını bəyan edib.

O, Heydər Əliyevlə söhbətində Azərbaycan prezidentinin İrana səfərini iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi kimi qiymətləndirib. Heydər Əliyev həmin səfəri səmərəli və bəhrəli adlandıraraq daha sıx iqtisadi əlaqələrin vacibliyini bildirib.

Kamal Xərrazi 2003-cü ilin sentyabrında Nyu-Yorkda BMT Baş Məclisinin növbəti sessiyası zamanı Azərbaycanın baş naziri İlham Əliyevlə görüşüb. Onlar Azərbaycan və İran arasında Şimal - Cənub nəqliyyat dəhlizi, təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin Kamal Xərrazi ilə növbəti görüşü 2005-ci ilin yanvarında onun İrana səfəri zamanı baş verib. İlham Əliyev və Kamal Xərrazi Azərbaycan - İran münasibətlərinin mövcud vəziyyətindən razı qaldıqlarını bildiriblər.

İran xarici işlər naziri vəzifəsində Kamal Xərrazini əvəz edən Mənuçöhr Mottəki də bir neçə dəfə Azərbaycanda səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərində iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi vurğulanıb. Bu səfərlərin ikitərəfli münasibətlərin ümumi inkişafı və gələcək perspektivləri ilə bağlı məsələlərin müzakirə edilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Mənuçöhr Mottəki Ermənistanlı həmkarı Edvard Nalbandyanla 2008-ci il sentyabrın 16-da Tehrandakı görüşü zamanı İranın Qafqaz regionu ilə qonşu dövlət olaraq region ölkələri arasında əməkdaşlığın bərpa olunması üçün məsləhətləşmələr keçirilməsini təklif edib. O, həmçinin, İranın Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Yerevanla Bakı arasında vasitəçi olmağa hazır olduğunu bəyan edib (www.apa.az).

Tarixi arayış 18 sentyabr 2008-ci ildə yeniləşdirirlib.