Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyevin və ATƏM-in Dağlıq Qarabağa dair Minsk Konfransının sədri Mario Raffaellinin birgə mətbuat konfransında bəyanatı - Bakı, 14 iyul 1993-cü il


Salam, hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri. Bugünkü mətbuat konfransımız ATƏM-in Dağlıq Qarabağa dair Minsk konfransı nümayəndələrinin son günlər bölgəmizə, Azərbaycana, Ermənistana səfərinin yekunlarına həsr olunmuşdur. Rus dilinə tərcümə olunduğundan ümidvaram ki, cavablarımızın rus dilində olmasına etiraz etməyəcəksiniz, lakin, şübhəsiz suallar həm Azərbaycan dilində, həm də rus dilində, eləcə də başqa dillərdə verilə bilər.

Mən sizi danışıqlarımız haqqında və əldə olunmuş nəticələr haqqında qısaca hali edəcəyəm, sonra sizə ATƏM-in Minsk konfransının sədri cənab Raffaelli məlumat verəcək və bundan sonra biz suallarınıza cavab verməyə hazır olacağıq. Zənnimcə, üzürlü hesab edərsiniz ki, dünənə təyin edilmiş mətbuat konfransı keçirilməmişdir. Bu onunla əlaqədardır ki, birgə, yəni bizim cənab Raffaelli ilə birlikdə hazırladığımız və cənab Rafaellinin Dağlıq Qarabağdan, Xankəndidən axşam saat 6-da Bakıya qayıtmasını nəzərdə tutan cədvəl, cənab Raffaellinin dediyi kimi, bəzi texniki səbəblər üzündən və hava şəraiti ilə bağlı səbəblər üzündən pozulmuşdur. Buna görə də onlar bu gün gəlib çıxmışlar.

Biz görüşdükdə cənab Raffaelli Xankəndidə apardığı danışıqların yekunları haqqında məlumat verdi. Biz fikir mübadiləsi keçirərək, görüşlərimizə ümumən yekun vurduq və budur, sizin görüşünüzə gəlmişik. Bilirsiniz ki, ATƏM çərçivəsində Minsk konfransı öz fəaliyyətinə 1992-ci ilin əvvəllərində başlamışdır və istər bu konfrans, istərsə də bütövlükdə ATƏM Dağlıq Qarabağ ilə əlaqədar Ermənistanla Azərbaycan arasında yaranmış münaqişəni dincliklə aradan qaldırmaq məsələləri ilə məşğul olur. Cənab Raffaelli və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı bizim ötən dövrdə Minsk konfransının fəaliyyətini, əlbəttə, təfsilata varmadan, qısaca təhlil etməyə imkanımız oldu. Odur ki, bu məsələ üzərində indi də dayanmağa lüzum yoxdur.

Biz, sadəcə olaraq qeyd etdik ki, Minsk konfransının, hörmətli beynəlxalq təşkilat olan ATƏM-in, Birləşmiş Millətlər Təşkilatının nüfuzu böyük olsa da, Dağlıq Qarabağla bağlı münaqişənin dincliklə aradan qaldırılması sahəsində istər ATƏM, istərsə də Minsk konfransının ötən dövrdə gördüyü iş, göstərdiyi səylər, təəssüflər olsun, heç cür bir nəticə verməmişdir. Biz böyük təəssüflə qeyd edirik ki, bir tərəfdən həmin dövrdə həm Minsk konfransı, həm də ATƏM münaqişənin dincliklə aradan qaldırılması istiqamətində fəaliyyət göstərmişdir, digər tərəfdən, bu dövrdə müharibə getmiş, qan tökülmüşdür, erməni silahlı birləşmələri Azərbaycan ərazisində dəfələrlə təcavüzkar basqınlar etmişlər və bu müddət ərzində Azərbaycan ərazisinin bir hissəsini erməni silahlı birləşmələri işğal etmiş, ələ keçirmişlər.

Xatırlatmağa dəyər ki, bu müddət ərzində Azərbaycan Respublikası Şuşa kimi bir şəhəri itirmişdir, yəni erməni silahlı birləşmələri Şuşanı və Şuşa rayonunu işğal etmişlər. Laçın rayonu da işğal olunmuşdur. Bu, ötən ilin mayında və cari il martın axırlarında - aprelin əvvəllərində baş vermişdir.

Erməni silahlı birləşmələri Kəlbəcər rayonunu tamamilə zəbt etmiş və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini tamamilə ələ keçirərək, onun hüdudlarından kənara çıxmış, Ağdam, Füzuli, Zəngilan rayonlarında yaşayış məntəqələrini, hətta Azərbaycanın Qərb hissəsində bəzi əraziləri tutmuşlar. Bundan belə qənaətə gəlmək olar ki, bu müddət ərzində beynəlxalq təşkilatların, o cümlədən ATƏM-in və Minsk konfransının səyləri bir nəticə verməmişdir. Mən bütün bunları sadəcə ötəri xülasə kimi xatırladıram ki, indi beynəlxalq təşkilatların - Birləşmiş Millətlər Təşkilatının və ATƏM-in xətti ilə daha səmərəli tədbirlər görülməsinin lüzumunu nəzərə çarpdırım. Bununla yanaşı qeyd etmək lazımdır ki, Kəlbəcər rayonu erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra BMT Təhlükəsizlik Şurasının 822 nömrəli qətnaməsi qəbul edilmiş və bundan sonra ATƏM-in və Minsk konfransının fəaliyyəti xeyli güclənmişdir. Bizə məlumdur ki, üçtərəfli sənəd imzalanmışdır, onu Azərbaycan Respublikası, Ermənistan Respublikası və Dağlıq Qarabağ icmalarının nümayəndələri imzalamışlar və bu sənəd əsasında ATƏM-in Minsk konfransı erməni silahlı birləşmələrinin Kəlbəcər rayonu ərazisindən çıxarılmasından başlayaraq münaqişənin artıq əməli surətdə, dincliklə aradan qaldırılmasına dair plan təklif etmişdir.

Bu planın, ATƏM-in və Minsk konfransının cədvəlinin iyun ayında həyata keçirilməsi nəzərdə tutulmuşdu, lakin həmin ayda baş vermiş məlum hadisələrlə əlaqədar planın həyata keçirilməsi təxminən bir aylığa təxirə salınmışdır. Bildiyiniz kimi, biz Minsk konfransının sədri cənab Raffaellinin və onun heyətinin iyulun 5-də Azərbaycana gəlmək niyyətində olduğu barədə xəbər almışdıq və nümayəndə heyətini qarşılamağa hazır idik. Amma indi müəyyənləşdirildiyi kimi, cənab Raffaelli öz səfərini yenə də hansısa bir anlaşılmazlığa görə, səhih informasiya olmadığına görə, iyulun 9-dək təxirə salmışdır. Biz bununla da razılaşdıq, çünki ATƏM-in, Minsk konfransının fəaliyyətinə böyük ümidlər bəsləyirdik və indi də bəsləyirik.

Biz ikinci proqramı iyulun 9-da aldıq, lakin proqramın elə həmin gündə də həyata keçirilməsi ümumən baş tutmadı. Nəhayət, iyulun 9-dan 10-na keçən gecə cənab Raffaelli öz nümayəndə heyəti ilə birlikdə Bakıya gəldi və iyulun 10-da danışıqlarımız başladı.

Deməliyəm ki, danışıqlarımız qarşılıqlı anlaşma, açıqlıq ruhunda, əməli ruhda gedirdi və biz, əlbəttə, gördük ki, cənab Raffaellinin nümayəndə heyəti nəzərdə tutulmuş proqramın və hazırlanmış cədvəlin əməli surətdə yerinə yetirilməsini təmin etmək arzusundadır. Cənab Raffaelli buraya öz səfərinin proqramını Bakıya gəlməzdən əvvəl göndərmişdi, o mənada ki, ayın 9-da gəlməliydi. Lakin sonra hər şey bir gün sonraya keçirildi. Bakıda Azərbaycan rəhbərliyi ilə görüş, sonra Yerevana səfər, Ermənistan rəhbərliyi ilə görüş, oradan da Bakıya qayıtmaq və Ağdamda olmaq, Ağdamdan Xankəndiyə getmək. Xankəndidə olmaq, Ağdamdan keçib Bakıya qayıtmaq və bu arada nümayəndə heyətinin fəaliyyətinə yekun vurmaq planlaşdırıldı.

Lakin biz bu proqramı minnətdarlıqla qəbul etdik və onu həyata keçirməyə başladıq. İyulun 10-da ətraflı söhbətimiz oldu, biz bütün məsələlərdə qarşılıqlı anlaşma olduğunu gördük. İyulun 11-də cənab Raffaelli öz nümayəndə heyəti ilə birlikdə Yerevanda oldu və axşam tərəfi Bakıya qayıtdı, iyulun 11-də axşam biz yenidən görüşdük. Cənab Raffaelli bizə Ermənistan rəhbərliyi ilə, prezident Levon Ter-Petrosyanla, başqa şəxslərlə danışıqlarının nəticələri barəsində məlumat verdi və qarşıya iyulun 12-də Ağdama, habelə Xankəndiyə səfər məsələsi çıxdı.

Lakin bu zaman qarşıya problem çıxdı. Onu Ermənistan tərəfi, ələlxüsus, cənab Raffaellinin dediyi kimi, indi Qarabağı idarə edən şəxslər irəli sürmüşdülər. Onlar bildirmişdilər ki, Ağdamdan Xankəndiyə getmək mümkün deyildir, çünki guya orada erməni silahlı birləşmələrinin tutduqları mövqelərdə bütün sərhəd minalanmışdır, buna görə də Xankəndiyə Ermənistandan keçib getmək lazımdır. Bu məsələ cənab Raffaelli hələ Yerevanda olarkən onun qarşısına qoyulmuşdu. Yerevandan Laçın dəhlizi vasitəsilə Xankəndiyə getmək variantı təklif olunmuşdu. Əlbəttə, cənab Raffaelli və onun başçılıq etdiyi bütün nümayəndə heyəti bununla razılaşmamışdı, o, hələ Bakıda olarkən bunu bizə bildirmişdi və Yerevandan qayıtdıqdan sonra da demişdir.

Əlbəttə, biz buna heç cür razı ola bilməzdik, ona görə də iyulun 11-də axşam çox böyük vaxt sərf etdik ki, görək Xankəndiyə Ağdamdan keçməklə necə getmək olar, çünki nümayəndə heyəti ayın 12-də Ağdamda olmalı idi. Lakin erməni tərəfi məsələni qəti qoyanda ki, orada ərazi minalandığına görə təhlükəsizliyə təminat vermir, Xankəndiyə Azərbaycanın Füzuli rayonundan keçərək getmək variantı təklif edildi. Lakin Ermənistan tərəfdən cavab alındı ki, orada da hər yer minalanmışdır. Əlbəttə, biz buna inanmadıq və indi də inanmırıq. Zənnimcə, cənab Raffaelli də deyəcək ki, o özü də buna inanmırdı. Bununla belə, bəyanat verilmişdi ki, erməni tərəfi təhlükəsizliyi təmin etmir.

Buna görə də, necə olursa-olsun, cənab Raffaellinin missiyasının başa çatması, Minsk konfransının öz proqramının və qoşunların Kəlbəcər rayonundan çıxarılmasının nəzərdə tutulmuş cədvəlinin yerinə yetirilməsinə başlaya bilməsi üçün güzəştli variant tapdıq: cənab Raffaelli özünün nümayəndə heyəti ilə Bakıdan Tbilisiyə uçur, Tbilisidən hərbi vertolyotla Xankəndiyə yollanır, Xankəndidən geriyə, Tbilisiyə və oradan da Bakıya qayıdır.

Cənab Raffaelli və onun bütün nümayəndə heyəti iyulun 12-də Ağdamda olarkən orada baş vermiş dağıntıları, Ermənistan birləşmələrinin təcavüzkar hərəkətləri üzündən Ağdam rayonunda yaranmış çətin vəziyyətin nəticələrini öz gözləri ilə görmüşlər.

Yəqin ki, bu barədə Raffaelli özü də danışacaq, mən bunu ona görə deyirəm ki, o yaddan çıxarmasın. O demişdir ki, bir il əvvəl Ağdamda olmuşdu və əlbəttə, ötən dövrdə burada çox mühüm, çox ciddi dəyişikliklər baş verməsindən olduqca təəssüflənir. Bunu deyərkən o, erməni silahlı birləşmələrinin hərbi əməliyyatları, hücumları, atəşləri nəticəsində şəhərin dağılmasını nəzərdə tutur. İyulun 12-də biz axşam cənab Raffaelli ilə görüşərkən o, əlbəttə, dedi ki, orada heç bir mina yox idi və ümumiyyətlə, erməni tərəfinin irəli sürdüyü tələblərin nə ilə bağlı olduğu aydındır.

Buna görə də biz Xankəndiyə Tbilisidən getmək variantına razılaşdıq və cənab Raffaelli dünən səhər təyyarə ilə Tbilisiyə, sonra isə, indi məlum olduğu kimi, vertolyotlarla Xankəndiyə uçmuşdur. Biz dünən onun Tbilisidən Bakıya qayıdacağını gözləyirdik. Lakin artıq sizə dediyim kimi, axşamdan xeyli keçmiş biz mətbuat konfransını günün axırına təyin etdik, sonra isə saat 23-ə keçirdik. Lakin sonradan məlum oldu ki, orada hansısa texniki səbəblər olmuşdur və hava şəraiti imkan verməmişdir. Bir sözlə, nümayəndə heyətinin üzvləri Xankəndidə gecələməli olmuş və bu gün səhər vertolyotlarla Yerevana yola düşmüş, oradan təyyarə ilə buraya, Bakıya gəlmişlər.

Bir az əvvəl yekun danışıqlarımız oldu və biz sizin yanınıza, mətbuat konfransına gəldik. Əlbəttə, mən təfsilata varmayacağam, lakin biz çox təəssüflənirik ki, Minsk konfransı, cənab Raffaellinin nümayəndə heyəti tərəfindən təklif olunmuş və bizim də qəbul etdiyimiz, habelə, cənab Raffaellinin dediyinə görə, Ermənistan Respublikasının rəhbərliyi tərəfindən də qəbul olunmuş cədvəl Dağlıq Qarabağda qəbul edilməmişdir. Cənab Raffaellinin bu gün bizə dediyi kimi, orada bəzi mülahizələr irəli sürülmüşdür. Bu mülahizələr razılığa gəlməyə imkan verməmişdir ki, onlar bu sənədi yenə də imzalasınlar və bundan sonra cədvəlin həyata keçirilməsinə başlansın. Halbuki hələ srağagün axşam biz cənab Raffaelli ilə məsələni müzakirə edərkən o demişdi ki, onlar bacardıqca tez qayıtmalıdırlar. Buna görə də dünən axşam nümayəndə heyətinin üzvləri bizimlə danışıqlardan sonra Romaya yola düşməli idilər ki, orada nəzərdə tutulmuş təqvimin əməli surətdə həyata keçirilməsinə başlasınlar. Təqvimdə isə - iyulun 16-da müşahidəçilərin Kəlbəcər rayonuna gəlməsi iyulun 18-də onların yerləşdirilməsi və iyulun təxminən 20-21-də erməni silahlı birləşmələrinin Kəlbəcər rayonundan çıxarılması nəzərdə tutulur.

Bunun bizim üçün çox mühüm məsələ olduğunu nəzərə alaraq, təkrar edirəm, cənab Raffaelli ilə danışıqlara əməli şəkildə yanaşmaq yollarını biz həmişə axtarıb-aramışıq. Hətta müəyyən dərəcədə güzəştə də getmişik, məsələn, Xankəndiyə necə gedib çıxmaq problemində, habelə digər hallarda da. Bunların hamısı ona görədir ki, cədvəlin yerinə yetirilməsinə daha tez başlansın.

Lakin indi, mənim başa düşdüyüm kimi, daha doğrusu, cənab Raffaellinin özü bu barədə konkret olaraq demişdir ki, bu cədvəl, onların nəzərdə tutduqları kimi, ayın 16-da yerinə yetirilməyəcək, çünki cənab Raffaelli və onun nümayəndə heyəti indi Dağlıq Qarabağın rəhbərliyindən bəzi məsələlər barəsində rəsmən məlumat istəməli və onlardan rəsmi cavab almalıdırlar. Cənab Raffaellinin dediyinə görə, onlar orada üç bənddən ibarət bəzi mülahizələrini bildirmişlər. Onun dediyinə görə, ilk iki bəndi əsassız sayır, üçüncü bənd isə, cənab Raffaellinin bildirdiyi kimi, bir sıra məsələlərlə bağlıdır və mən də elə hesab edirəm ki, bunlar çox asanlıqla həll oluna bilər. Misal üçün, söhbət ondan gedir ki, erməni silahlı birləşmələrinin Kəlbəcərdən çıxarılmasına başlanır, oraya müşahidəçilər daxil olacaqlar, Azərbaycan tərəfinin nümayəndələri daxil olacaqlar, hansı silah növü olacaq... Belə bir variant nəzərdə tutulur ki, orada yüngül silah olacaq. Bəs yüngül silah nə olan şeydir, yüngül silah dedikdə nə nəzərdə tutulur, yaxud müşahidəçilərin nə kimi mandatı olacaqdır...

Mən cənab Raffaellinin məlumatından belə başa düşdüm ki, bütün bu məsələlər sırf texniki və asan həll edilə bilən məsələlərdir. Hər halda nümayəndə heyətinin başçısı hesab edir ki, bu səbəbləri aradan qaldırmaq üçün onlar Dağlıq Qarabağın rəhbərlərinə rəsmi sorğu verməli, rəsmi cavab almalı və öz təqvimini yalnız bundan sonra, bir neçə gün keçdikdən sonra, həyata keçirməyə başlamalıdırlar.

Cənab Raffaelli bu gün bizə məlumat verdi ki, iyulun 16-da Vyanada Minsk konfransı, ATƏM-in 9 iştirakçısı bu məsələ üzrə yenidən toplaşacaqdır. Həmin məsələ orada müzakirə ediləcəkdir. Cənab Raffaellinin bu məlumatından belə başa düşmək olardı ki, söhbət məsələnin bir qədər təxirə salınmasından gedir, hərçənd Dağlıq Qarabağ rəhbərlərinin və ya hazırda Dağlıq Qarabaği idarə edən adamların mövqeyi kifayət qədər aydın deyil, hətta şübhəlidir.

Məsələn, şəxsən məndə bu, böyük təəccüb doğurdu. Dünən Moskvadan gecə saat 12-də "Novosti" proqramında belə bir xəbər verildi ki, Dağlıq Qarabağda Minsk konfransının, cənab Raffaellinin nümayəndə heyətinin təklifləri ilə razılaşmayıblar və məsələlərin həllini guya Azərbaycanda daxili siyasi vəziyyətin sabit olmaması ilə əlaqədar bir aylığa təxirə salıblar. Bu cür xəbərdən cənab Raffaelli də təəccüblənmişdir. O dedi ki, söhbət təqvimin yalnız bir neçə günlüyə təxirə salınmasından gedir.

Bununla bərabər, mən cənab Raffaelliyə də demişəm, bu gün burada bildirirəm ki, hamının xəbəri olsun: əlbəttə, iyunun 4-də Gəncədə baş vermiş hadisələrdən sonra Azərbaycanda daxili siyasi vəziyyət mürəkkəbləşmişdir, amma heç vəchlə demək olmaz ki, sabitlik yoxdur, buna görə də problemi həll etmək olmaz, yaxud bu məsələlərin həlli üçün şərait yoxdur. Çünki biz Azərbaycanda vəziyyətə tamamilə nəzarət edirik.

Azərbaycan ictimaiyyətinə məlum olduğu kimi, biz Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlarla bağlı məsələlərlə də fəal məşğul oluruq. Buna görə də bunların hamısı məsələni uzatmaq üçün, yaxud da onun həllini ümumən pozmaq üçün sadəcə olaraq hiylə-kələkdir, nə isə məharətlə düşünülmüş bəhanələrdir.

Qısa məlumatı bitirərək bildirmək istəyirəm ki, bu gün yekun söhbətimiz əməli şəkildə və qarşılıqlı anlaşma ruhunda keçmişdir. Biz hiss etdik ki, Minsk konfransı, cənab Raffaelli, onun nümayəndə heyətinin üzvləri nəzərdə tutulmuş planın və hazırlanmış cədvəlin yerinə yetirilməsinin təmin olunmasını ürəkdən istəyirlər. Biz hər halda, ümid edirik - danışıqları da məhz belə, böyük ümidlə başa çatdırdıq ki, iyulun - 16-da Vyanada bu məsələ çox ciddi şəkildə müzakirə olunacaqdır. Mən də belə düşünürəm ki, cənab Raffaelli və ümumən ATƏM Ermənistan Respublikasının rəhbərliyi ilə əlavə danışıqlar aparacaqlar ki, biz Minsk konfransının məramının bu arada yerinə yetirilməsinə nail ola bilək, çünki il yarımdan çox işləyən nümayəndə heyətinin fəaliyyətinin hələlik bir nəticəsi yoxdur.

Respublikamız üçün isə çox vacibdir ki, bu nəticələr olsun. Zənnimcə, bu, ATƏM-in, Minsk konfransının və Birləşmiş Millətlər Təşkilatının nüfuzu üçün də eyni dərəcədə əhəmiyyətlidir.

Srağagün Ermənistan prezidenti Levon Ter-Petrosyanla telefon söhbətim zamanı - söhbət cənab Raffaellinin yanında gedirdi - o da əmin etdi ki, Minsk konfransının məramının həyata keçirilməsi üçün hər cür səy göstərir. Biz buna ümid edirik. Mən bununla da öz məlumatımı bitirirəm.

"Azərbaycan" qəzeti, 15 iyul 1993-cü il.