ABŞ-dakı Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı Təşkilatı rəhbərləri ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Nyu-York, "Qrand hyyatt" oteli, 28 iyul 1997-ci il


Hörmətli xanımlar və cənablar!

Mən hamınızı ürəkdən salamlayıram və sizinlə bugünkü görüşümdən çox məmnun olduğumu bildirmək istəyirəm.

Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə hazırlaşdığım zaman proqramıma sizinlə görüş daxil edilərkən bunu çox mühüm hadisə kimi qəbul etdim. Amerika Birləşmiş Ştatlarındakı yəhudi təşkilatlarının bəzi nümayəndələri ilə mənim Azərbaycanda görüşlərim olubdur. Görüşlər zamanı biz həmişə bir-birimizə xoş münasibət, aramızda səmimi əlaqə yarandığını hiss etmişik. Buna görə də hesab edirəm ki, təşkilatlarınızla, sizinlə görüşmək və bu əlaqələri daha da inkişaf etdirmək və ümumiyyətlə, münasibətlərimizi möhkəmləndirmək Azərbaycan üçün də, sizin üçün də əhəmiyyətlidir.

Mən bilirəm ki, bu görüşdə ABŞ-dakı yəhudi təşkilatlarının ən mötəbər şəxsləri iştirak edirlər. Bugünkü görüş iştirakçılarının hər birinin böyük xidmətləri, hörməti və imkanları vardır. Belə hesab edirəm ki, siz Azərbaycana və ümumiyyətlə, bölgəmizə böyük maraq göstərirsiniz. Ona görə də sizinlə yaxından tanış olmaq, görüşmək və yaxşı əlaqələr qurmaq hər iki tərəf üçün faydalıdır.

Mən bu görüşü təşkil etdiyinizə görə sizə təşəkkür edirəm. Suallarınıza cavab verməyə, sizinlə danışıqlar, fikir mübadiləsi aparmağa hazıram.

Sual: Cənab prezident, Azərbaycanda yəhudilərin mədəniyyətinin, dilinin və həyatının sərbəst inkişaf etdirilməsi üçün yaratdığınız şəraitə görə mən də cənab Hillin Sizə söylədiyi təşəkkürlərə qoşuluram.

Cənab prezident, Amerika Birləşmiş Ştatlarında yaşayan biz yəhudilərin çoxu istəyir ki, Amerika da Azərbaycana yardımçı olsun. Lakin qarşımıza bir sıra maneələr çıxır və mən onları Sizin diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, mətbuatda, kütləvi informasiya vasitələrindəki çıxışlarda biz Azərbaycanda insan hüquqlarının qorunması və demokratik proseslər barədə bir sıra ziddiyyətli fikirlərə rast gəlirik. Xahiş edirəm, bu proseslər barədə fikirlərinizi bizimlə bölüşəsiniz.

Sual: Cənab prezident, məlumdur ki, İsrailin Azərbaycanda səfiri vardır. Lakin Sizin ölkənin İsraildə səfirliyi fəaliyyət göstərmir. Hesab edirəm ki, İsraildə Azərbaycanın səfirliyi açılarsa, bu, Azərbaycan ilə İsrail dövləti arasında güclü, möhkəm, davamlı münasibətlərin olduğunu bir daha nümayiş etdirər və bu proseslərə lazımi təkan verər.

Heydər Əliyev: Əvvəlcə birinci suala - Azərbaycanda demokratiya və insan hüquqları barədə suala cavab verim. Mən belə anladım ki, sizdə olan məlumatlara görə, bu sahədə bizim respublikamızda hansısa qüsurlar var.

Birincisi, onu nəzərə almalısınız ki, Azərbaycan müstəqil və demokratiya yolu ilə gedən bir dövlət kimi gəncdir. Siz Amerikada yaşayırsınız və bu ölkədə demokratiyanın neçə illər müddətində yarandığının və inkişaf etdiyinin şahidisiniz. Demokratiya alma, yaxud qarpız deyil ki, gedib mağazadan nə qədər istəyirsən alıb gətirəsən. Demokratiya elə bir şeydir ki, cəmiyyətdə gedən proseslər nəticəsində müəyyən mərhələyə ardıcıl surətdə gəlib çatmalıdır.

Qərbdə və Amerikada olan demokratiyanın təkcə Azərbaycanda deyil, Sovetlər İttifaqına mənsub olmuş respublikaların hər birində yaranması üçün böyük bir vaxt lazımdır. Rusiyada 1917-ci ildə bir inqilab oldu, kommunist ideologiyası hakimiyyətə gəldi. Xatırlayın, həmin kommunist ideologiyasının Sovetlər İttifaqında bərqərar olması üçün neçə illər lazım oldu. İnsanların şüurunda, fikrində böyük dəyişikliklər əmələ gətirmək lazım idi.

Sovetlər İttifaqında totalitar bir rejim yarandı. Qərbdəki demokratiya orada heç vaxt olmadı.

Sovetlər İttifaqının dağılmasından beş il keçibdir, Sovetlər İttifaqına mənsub olmuş respublikalar bu müddətdə öz müstəqilliklərini əldə ediblər. Müstəqilliyi qoruyub saxlamaq çox çətin bir işdir. Çünki, mən sizə açıq deyim, Azərbaycanın, o cümlədən Sovetlər İttifaqına mənsub olmuş digər ölkələrin müstəqilliyinin saxlanmasına mane olan amillər çoxdur. Biz müstəqil bir dövlətik. Amma müstəqilliyimizi qoruyub saxlamaq üçün hələ çox iş görməliyik. Eləcə də demokratiyanın yaranması belədir. Demokratiyanı yaratmaq üçün qanunlar, qərarlar qəbul olunmalıdır. Bunlar hamısı Azərbaycanda qəbul edilibdir.

Azərbaycanda 1995-ci ilin noyabrında ümumxalq referendumu ilə yeni demokratik bir Konstitusiya qəbul olunmuşdur. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu aparmaq üçün bu konstitusiyada bütün maddələr vardır. Konstitusiyamızın maddələrinin üçdə bir hissəsi Azərbaycanda insan haqlarının, hüquqlarının qorunmasına həsr olunmuşdur. Bu Konstitusiyanın qəbul olunmasından hələ iki il ötməyibdir, - noyabr ayında iki ili tamam olacaqdır. Biz bu Konstitusiyanın maddələrində nəzərdə tutulan məsələləri həyata keçiririk. Ölkəmizdə müvafiq qanunlar, qərarlar vardır. Biz demokratiyanı yaradırıq. Amma cəmiyyətin hamısının tam demokratiya yolu ilə getməyi öyrənməsi, buna alışması üçün vaxt lazımdır.

Mən istəyirəm siz biləsiniz ki, biz bu yolla gedirik və demokratiya yolu ilə axıradək gedəcəyik. Biz insan hüquqlarını qoruyuruq və bunu axıracan edəcəyik. Azərbaycanda qeydiyyata alınmış 30-dan çox siyasi partiya vardır. Bunların əksəriyyəti iqtidara qarşı müxalifətdə duran partiyalardır. Kiçik bir respublika olan Azərbaycanda indi 600 adda qəzet çıxır.

Sizdə, Amerikada iki partiya - Respublikaçılar və Demokratlar partiyaları vardır. Hakimiyyətdə bir müddət respublikaçılar, bir müddət də demokratlar olurlar. Demokratik prinsipləri yenicə yaradan kiçik ölkəmizdə isə 30-dan çox partiya vardır.

Yerdən səs: Cənab prezident, elə adamlar var, inanırlar ki, demokratiyanı azsaylı partiyalarla qoruyub saxlamaq daha asandır, nəinki çoxsaylı partiyalarla.

Heydər Əliyev: Bizdə azsaylısı da, çoxsaylısı da vardır.

Yerdən səs: Cənab prezident, Azərbaycanda sağlam demokratiyanın olmasına biz tam əminik.

Heydər Əliyev: İsrail ilə Azərbaycan arasında çox yaxşı əlaqələr vardır. Mən İsrailin başçıları İshak Rabinlə də, Şimon Pereslə də dəfələrlə görüşmüşdüm. İndiki baş nazir ilə keçən ilin dekabr ayında Lissabonda görüşüb söhbət etmişəm. Mən ölkələrimiz arasındakı əlaqələrin inkişaf etdirilməsi üçün ona böyük bir məktub yazmışdım. İsrailin baş naziri bu günlərdə böyük bir məktub göndərib və məni İsrailə yenidən dəvət edibdir.

İsrailin Azərbaycandakı səfirliyi çox yaxşı fəaliyyət göstərir, biz ona lazım olan bütün şəraiti yaratmışıq. İsraildə Azərbaycan səfirliyi də yaxın vaxtlarda açılacaqdır.

Sual: Cənab prezident, bu səfirlik nə vaxt açılacaqdır?

Heydər Əliyev: Mən gərək dəyərli bir adam tapım ki, orada Azərbaycanı yaxşı təmsil etsin. Respublikamızda son illər bir neçə dəfə hakimiyyət dəyişikliyi olduğuna görə belə vacib, məsul vəzifələrə təyin etməyə kadrlar tapmaq mənim üçün bir qədər çətindir.

Mən sizin bu arzunuzu nəzərə alaraq, həmin məsələni tezliklə həll edəcəyəm.

"Azərbaycan" qəzeti, 30 iyul 1997-ci il