Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Brüsselə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə bəyanatı - 3 may 1994-cü il


Brüsseldə dövlət başçıları ilə görüşlərim olacaqdır. Eyni zamanda həmin ölkənin işgüzar dairələrinin nümayəndələri mənimlə görüşmək istədiklərini bildiriblər. İş adamları ilə görüşlərimiz olacaqdır. Bilirsiniz ki, Avropa İqtisadi Birliyinin iqamətgahı Belçikadadır. Orada bu birliyin Azərbaycana yardım göstərməsi barədə məsələləri müzakirə edəcəyik. Səfərimin əsas məqsədi bundan ibarətdir. Şübhəsiz ki, orada Azərbaycandakı indiki vəziyyət, Azərbaycanla Ermənistan arasında gedən müharibə, Ermənistanın Azərbaycana qarşı təcavüzünün bu gün də davam etməsi məsələləri də müzakirə olunacaqdır. Həm NATO-nun qərargahında, həm də başqa görüşlərimdə bu barədə söhbətlər aparacağam və Azərbaycanın mövqeyini bildirəcəyəm.

Erməni silahlı qüvvələri aprelin 10-dan indiyə qədər Azərbaycan torpaqlarına müntəzəm olaraq hücum edirlər. Onlar Azərbaycanın silahlı qüvvələri tərəfindən zərbələr alırlar, ancaq hücumları davam etdirirlər. Bu hücumlarda da onlar tək deyillər, təcavüzkarlara kömək edən qüvvələr vardır. Biz atəşin dayandırılmasının tərəfdarıyıq, bu barədə bəyanatlar vermişik.

Aprelin 28-də Rusiyanın Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin vasitəçiliyi ilə, onların təklifi ilə biz atəşin dayandırılması barədə saziş imzalanmasına razılıq vermişik, ancaq Ermənistan tərəfi buna razılıq verməyib. Bu müddətdə cənab Mosberqin başçılığı ilə ATƏM-in Minsk qrupunun böyük bir heyəti Azərbaycana gəlmişdi. Bu heyətin tərkibində Amerika generalları da olmuşdur, Rusiyanın, İtaliyanın və Minsk qrupuna daxil olan dövlətlərin nümayəndələri də var idi. Bu heyət, cənab Mosberq mənimlə çox geniş söhbətlər apardı. Sonra onlar Xankəndində və Yerevanda oldu və yenə də Bakıya qayıdaraq mənimlə görüşdülər, atəşin dayandırılması barədə bizə bir saziş layihəsi təqdim etdilər. Mən bu layihə ilə da razı oldum. Onlar buradan Yerevana getdilər, Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşdülər. Ermənistan tərəfi bu sazişin imzalanmasına razılıq vermədi, bəyan etdi ki, onlar atəşin dayandırılmasına hazır deyillər. Guya atəşin dayandırılması üçün xüsusi mexanizm hazırlanmalıdır. Biz də bilirik ki, atəşin dayandırılmasına, ona nəzarət edilməsinə xüsusi mexanizm lazımdır. Ancaq atəş dayandırıldıqdan sonra bu mexanizm hazırlana bilər. Əgər indi biz oturub mexanizm üzərində işləsək və eyni zamanda hər gün atəş davam etsə, o tərəfdən də, bu tərəfdən də insanlar qırılsalar bu, şübhəsiz ki, nə Ermənistan tərəfi üçün, nə də bizim üçün faydalı olmayacaqdır.

Cənab Mosberq Yerevandan bizə zəng etdi ki, Ermənistan tərəfi bu sazişə razı olmadı. Onlar Vyanaya getdilər. İndi vəziyyət belədir. Ermənilər hücumlarını davam etdirirlər, Azərbaycanın Silahlı Qüvvələri onlara cavab verirlər. Bir neçə mövqedə ermənilərin hücumları dəf olunmuşdur, onlar geriyə çəkilirlər, tələfat verirlər. Ancaq müharibə davam edir. Biz müharibənin tərəfdarı deyilik. Bu gün yenə də bəyan edirəm ki, biz atəşin dayandırılmasının tərəfdarıyıq. Ancaq Ermənistan tərəfi bununla razı deyil. Biz öz sülhsevər siyasətimizi davam etdirəcəyik.


"Azərbaycan" qəzeti, 4 may 1993-cü il.

Tarixi arayış

Azərbaycan - NATO