Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avstriyanın Federal Prezidenti Tomas Klestil ilə görüşdə söhbəti - Vyana, Prezident aparatı 4 iyul 2000-ci il


Tomas Klestil: Ölkəmizə xoş gəlmisiniz, cənab Prezident. Dəvətimizi qəbul edərək Vyanaya rəsmi səfərə gəldiyinizə görə Sizə təşəkkür edirəm. Azərbaycan ilə Avstriya arasında qarşılıqlı surətdə faydalı əlaqələr hər iki tərəf üçün çox faydalıdır. Avstriya zəngin iqtisadi potensiala malik olan Azərbaycan Respublikası ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə böyük maraq göstərir. Əmin olduğumu bildirirəm ki, Sizin rəsmi səfəriniz zamanı aparılacaq danışıqlar, imzalanacaq sənədlər ölkələrimizin arasında münasibətlərin daha da möhkəmlənməsinə güclü təkan verəcəkdir.

Heydər Əliyev: Möhtərəm cənab Prezident! Səmimi sözlərə, rəsmi səfərə dəvətə görə Avstriya dövlətinin başçısı olan Sizə minnətdarlığımı bildirirəm. Azərbaycanın öz dövlət müstəqilliyini əldə etməsindən sonra ölkələrimizin əməkdaşlığının ardıcıl surətdə sıxlaşdırılması sahəsində görülən işləri mən yüksək dəyərləndirirəm.

Bazar münasibətləri, demokratik inkişaf yolunu seçmiş müstəqil Azərbaycan Respublikasında hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlər, islahatlar müvəffəqiyyətlə aparılır. Bunun nəticəsində böyük uğurlar əldə olunmuşdur. Respublikamız dünya ölkələri ilə münasibətlərini suverenlik, qarşılıqlı surətdə faydalı əməkdaşlıq əsasında qurur, öz iqtisadiyyatının dünya iqtisadiyyatı ilə bağlanmasına xüsusi əhəmiyyət verir.

Respublikamızın qarşılaşdığı ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın Azərbaycana qarşı 12 ildən bəri davam edən təcavüzü, Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisinin 20 faizinin işğal olunması bütün beynəlxalq normalara ziddir. Zəhmət olmazsa bir xəritəyə nəzər salın. Bizim bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq neçə ildən bəri çadırlarda ağır, dözülməz şəraitdə yaşayır. 1994-cü ildə bizim əldə etdiyimiz atəşkəs rejimi sülh prosesini sürətləndirmək yolunda mühüm addımdır. Bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu da fəaliyyət göstərir. Yadınızdadırsa, ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon, 1999-cu il İstanbul zirvə görüşlərində biz Sizinlə birgə iştirak etmişdik. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün Lissabon zirvə görüşündə üç prinsip qəbul olunmuş, Avstriya o zaman Azərbaycanın mövqeyini müdafiə etmişdir. Çox təəssüf ki, təcavüzkar Ermənistan BMT, ATƏT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə, qərarlara, bütün dünya ölkələri tərəfindən tanınmış hüquq normalarına məhəl qoymur. Azərbaycan ərazisinin bir hissəsi olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək, yaxud orada yeni bir erməni dövləti yaratmaq iddiası yolverilməzdir və biz bununla heç vaxt razılaşa bilmərik. Bizim ölkəmiz sülh istəyir. Biz bu münaqişənin Lissabon zirvə görüşündə ATƏT-in üzvü olan 53 ölkənin dövlət və hökumət başçıları tərəfindən qəbul edilmiş prinsiplər əsasında aradan qaldırılmasına tərəfdarıq, Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa yüksək səviyyəli özünüidarə statusu verməyə hazırıq. Münaqişənin həlli üçün son illər ATƏT-in Minsk qrupu çərçivəsində birbaşa danışıqlar aparmış, Minsk qrupunun həmsədri olan böyük dövlətdər - Rusiya, ABŞ, Fransa bu sahədə fəaliyyət göstərmişlər. Əmin olduğumu bildirirəm ki, hazırda ATƏT-ə sədrlik edən Avstriya Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması işinə kömək göstərmək üçün öz imkanlarından səmərəli istifadə edəcəkdir.

Tomas Klestil: Cənab Prezident! Sizin uzaqgörən siyasətiniz sayəsində demokratik inkişaf yolu ilə inamla addımlayan müstəqil Azərbaycan Respublikasında qazanılmış nailiyyətləri yüksək dəyərləndirirəm. Ümidvar olduğumu bildirirəm ki, respublikamızın üzləşdiyi münaqişə sülh yolu ilə, beynəlxalq normalara uyğun surətdə tezliklə aradan qaldırılacaq və Azərbaycan dünyanın ən qabaqcıl ölkələrindən birinə çevriləcəkdir.

Mənim ölkəm hazırda ATƏT-in sədridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün Avstriya öz səylərini gücləndirəcək və bütün imkanlarından istifadə edəcəkdir. Avstriyanın Xarici İşlər naziri, ATƏT-in hazırkı sədri xanım Benita Ferrero-Valdnerin başçılıq etdiyi nümayəndə heyəti iyulun ortalarında bölgəyə səfərə gələcəkdir.

Heydər Əliyev: Mən bilirəm ki, Siz də, cənab Prezident, Avstriya ilə Azərbaycan arasında yaranmış və durmadan inkişaf edən əməkdaşlığı, Bakıda və Vyanada müxtəlif səviyyələrdə keçirilmiş görüşləri, aparılmış danışıqları, imzalanmış sənədləri yüksək dəyərləndirirsiniz. Bu münasibətlərin daha da möhkəmləndirilməsi, əlbəttə ki, hər iki tərəf üçün çox faydalı olacaqdır. Nəhayət, mən Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Tomas Klestil: Təşəkkür edirəm. Dəvətinizi məmnunluqla qəbul edirəm.