Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın Bakıdakı səfirliyinin yeni binasının açılış mərasimində çıxışı - 24 avqust 1995-ci il


Hörmətli cənab səfir!

Hörmətli səfirlər, xanımlar və cənablar!

Bu gün müstəqil Azərbaycan Respublikasında, Azərbaycanın paytaxtı Bakıda Böyük Britaniya Krallığı səfirliyinin yeni binasının açılışı mərasiminə toplaşmışıq. Xüsusi qeyd etmək istəyirəm ki, Böyük Britaniya Krallığının Azərbaycandakı səfirliyi çoxdandır, iki ildən artıqdır ki, fəaliyyət göstərir. Ancaq indi yeni bina hazırlanıb, təmir olunub və biz bu gün həmin binanın açılışı mərasimində iştirak edirik. Bu münasibətlə mən Böyük Britaniya Krallığının Azərbaycandakı səfirini və səfirliyin bütün əməkdaşlarını, respublikamızda yaşayan Böyük Britaniya vətəndaşlarının hamısını ürəkdən təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu binada qəbul otağı olmasa da, yerlər o qədər geniş olmasa da, səfirliyin fəaliyyəti geniş və səmərəli olacaqdır.

Cənab Tomas Yanq qeyd etdi ki, 1919-20-ci illərdə Böyük Britaniyanın Azərbaycanda səfirliyi olub, ancaq onun ömrü az olubdur. Bildirdi ki, bu da ona görə belə olub ki, onun bünövrəsi o qədər də möhkəm olmayıbdır. Bu, həqiqətdir, təkcə səfirliyin bünövrəsi yox, bizim o vaxt yaranmış ilk demokratik respublikamızın, müstəqil hökumətimizin bünövrəsi möhkəm olmayıb və buna görə də onun fəaliyyəti uzun sürə bilməyibdir.

Ancaq indi Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi yaxşı bünövrəsi var. Onun bünövrəsi də Azərbaycan dövlətinin və dövləti idarə edənlərin dövlət müstəqilliyinə, milli azadlığa olan sədaqətdir. Ona görə mən tam əminəm ki, indi müstəqil Azərbaycan Respublikasının çox möhkəm bünövrəsi var və gələcəyi də əbədi olacaqdır. Bununla əlaqədar olaraq Böyük Britaniya Krallığının Azərbaycandakı səfirliyinin bu binada, gələcəkdə bəlkə bundan da geniş binada həm bünövrəsi yaxşı olacaqdır, həm də fəaliyyəti səmərəli olacaqdır.

Azərbaycanın dövlət müstəqilliyini təmin edən amillərdən biri bundan ibarətdir ki, respublikamız dünyanın bütün dövlətləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurub, qurur və bu əlaqələri daim inkişaf etdirməyə çalışır. Mən böyük məmnuniyyət hissi ilə qeyd edə bilərəm ki, Böyük Britaniya Krallığı və Azərbaycan Respublikası arasında yaranmış dövlətlərarası münasibətlər müsbət istiqamətdə inkişaf edir və bunlar öz yaxşı nəticələrini verir. Biz bu əlaqələri yüksək qiymətləndiririk və onların gələcəkdə daha da inkişaf etməsi üçün öz tərəfimizdən şübhəsiz ki, bütün səyləri göstərəcəyik. Bu sahədə bəzi çox təqdirəlayiq addımlar atılıbdır. Böyük Britaniyanın nüfuzlu "Britiş petroleum" neft şirkəti respublikamızda özünəməxsus yer tutub və Xəzər dənizinin Azərbaycan sektorunda ölkəmizə mənsub olan neft yataqlarının işlənməsində Azərbaycan Dövlət Neft Şirkəti ilə və dünyanın başqa şirkətləri ilə müştərək fəaliyyət göstərməkdədir.

Güman edirəm ki, bu, əlaqələrimizin başlanğıcıdır, ilk addımlardır və tam əminəm ki, biz bütün sahələrdə - iqtisadiyyat, elm, mədəniyyət, humanitar sahələrdə Böyük Britaniya ilə əməkdaşlığımızı sürətlə inkişaf etdirəcəyik.

Cənab Tomas Yanq Azərbaycandakı vəziyyət haqqında da bəzi fikirlər söylədi. Bildirdi ki, noyabrın 12-də nəzərdə tutulmuş parlament seçkilərinə ümidlər bəsləyirlər. Mən təşəkkür edirəm. Çünki noyabrın 12-də keçiriləcək seçkilərə ən çox ümidləri Azərbaycan xalqı, ictimaiyyəti bəsləyir. Məmnunam ki, Azərbaycanda siyasi plüralizm, demokratiya prinsiplərinin bərqərar olması artıq dünya ictimaiyyəti tərəfindən də qiymətləndirilir.

Mən bir daha qeyd etmək istəyirəm ki, biz bu prinsipləri dövlət quruculuğumuzda əsas prinsiplər kimi götürmüşük və bu da daxili siyasətimizin, yəni həyatımızın zərurətindən meydana gələn prinsiplərdir. Biz bunu kiminsə xoşuna gəlməsi üçün etmirik. Biz bunu öz xalqımızın gələcəyi üçün edirik.

Cənab səfir Tomas Yanq dedi ki, mən siyasətdən danışmaq istəmirəm, ancaq öz nitqinin yarısından çoxunu siyasətə, o cümlədən Azərbaycanın daxili işlərinə həsr etdi. Güman edirəm ki, o özü də nitqindəki ziddiyyəti müşahidə etdi. Ancaq bu da maraqlıdır. Biz heç də narahat deyilik ki, ölkəmizdə olan səfirliklər bizim daxili işlərimizlə maraqlanırlar, bu barədə öz fikirlərini söyləyirlər və bəzən məsləhətlər verirlər. Şübhəsiz ki, onlar bizim daxili işlərimizə qarışmamalıdırlar. Ancaq qarışanda da biz bunun üstünü vurmuruq. Çünki onların bu işlərə qarışmağı da bizim üçün təhlükəli deyildir. Biz bu prinsipləri özümüz üçün onların istədiyindən də əziz tuturuq.

On gün bundan əvvəl biz seçkilər haqqında qanunu qəbul edəndən sonra bununla əlaqədar keçirdiyimiz toplantıda danışarkən mən demişəm və bu gün bu məsələyə toxunulduğuna görə bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda hər bir şəxs seçmək və seçilmək hüququna, hər bir siyasi partiya seçkilərdə fəal iştirak etmək hüququna malikdir. Qeydiyyatdan keçməmiş siyasi partiyaların qeydiyyatı üçün şərait yaratmaq məqsədi ilə qeydiyyat müddətini 20 gün də uzatdıq və mən arzu edirəm ki, partiyalar qeydiyyata alınmaq üçün bu müddətdən səmərəli istifadə etsinlər, cənab Tomas Yanq da onlara kömək etsin ki, tezliklə qeydiyyatdan keçsinlər.

Biz istəyirik ki, Azərbaycanda partiyaların sayına görə dünyada rekord vuraq. Mən iki gün bundan əvvəl ABŞ senatoru cənab Şelbi ilə cənab səfir Kozlariçin iştirakı ilə söhbət edirdik. O, bir daha bildirdi ki, onlarda seçkilərdə iki partiya iştirak edir. Ancaq bizdə artıq 45 partiya var, bir onu da hələ olacaqdır. Sonra Almaniya bundestaqının üzvü cənab Vimmer mənimlə söhbət edəndə onlarda da bu qədər partiyanın olmadığını bildirdi. Ona görə də mən istəyirəm ki, Azərbaycan heç olmasa bir şeydə - partiyaların sayına görə Amerikadan, Almaniyadan fərqlənsin. Xarici ölkələrin səfirlərinə müraciət etsinlər.

Mən Böyük Britaniya səfirliyini və Böyük Britaniya dövlətini Azərbaycanda onun səfirliyi binasının açılması münasibətilə bir daha ürəkdən təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, cənab Tomas Yanq, onun hörmətli xanımı və səfirliyin bütün əməkdaşları bu binada səmərəli işləyəcəklər və Böyük Britaniya ilə Azərbaycan arasında olan əlaqələrin inkişaf etməsinə öz səylərini göstərəcəklər. Təbrik edirəm.


"Azərbaycan" qəzeti, 26 avqust 1995-ci il.