Azərbaycan Prezidenti Heydər Əliyevin MDB İcraiyyə Komitəsinin sədri, birliyin icraçı katibi Yuri Yarovu qəbul edərkən söhbətindən - 6 avqust 1999-cu il


Heydər Əliyev: Yuri Fyodoroviç, Müstəqil Dövlətlər Birliyinin icraçı katibi kimi Sizi Azərbaycanda salamlayıram.

Biz Sizinlə çoxdan tanışıq, bir çox illər əməkdaşlıq etmişik. Siz Rusiyada müxtəlif yüksək vəzifələrdə çalışmısınız, indi MDB-nin icraçı katibisiniz. Biz Sizi bu vəzifəyə Müstəqil Dövlətlər Birliyi ölkələri başçılarının axırıncı iclasında təyin etmişik və şadam ki, Siz artıq praktiki işə başlamısınız, birliyə daxil olan ölkələrə səfərə çıxmısınız.

Sizi Azərbaycanda salamlayıram və şadam ki, vaxt tapıb gəlmisiniz, çünki bizim sizinlə ümumi vəzifəmiz birliyimizi təkmilləşdirməkdən, inkişaf etdirməkdən, onu MDB-yə daxil olan hər bir dövlət üçün daha səmərəli orqana çevirməkdən ibarətdir. Sizi salamlayıram.

Yuri Yarov: Heydər Əliyeviç, bu gün Sizinlə görüşmək imkanına malik olduğuma görə, gözəl, füsunkar şəhərə gəlmək dəvətinə görə Sizə ilk öncə səmimiyyətlə və ürəkdən təşəkkür etmək istərdim. Mən şəhərinizi həyatımda ilk dəfə görərək ona heyran qaldım. Sizə ürəkdən cansağlığı, firavanlıq və bu gözəl dövlətin rifahı naminə işinizdə ürəkdən uğurlar arzulamaq istəyirəm.

Mətləbə keçməzdən əvvəl, mənim İcraiyyə Komitəsinin sədri təyin etmiş rəhbərlərdən biri kimi Sizə, - buna görə minnətdaram, - bu il aprelin 2-də qəbul etdiyiniz qərarlarla əlaqədar İcraiyyə Komitəsində nə kimi işlər görüldüyü barədə hesabat verməyi başlıca vəzifəm sayıram.

Heydər Əliyeviç, Siz bizim qarşımızda ən əvvəl strukturlarda dəyişikliklər aparmaq vəzifəsi qoymusunuz. Biz bu vəzifəni yerinə yetirmişik və Sizin razılığınız və hökumət başçılarının Minskdə keçirilmiş axırıncı iclasında nümayəndə heyətinizə verdiyiniz səlahiyyətlər sayəsində hazırda yekun mərhələsindəyik. Onlar İcraiyyə Komitəsi və İqtisadi Şura haqında müvəqqəti əsasnaməni də əsas kimi götürmüşlər və beləliklə biz onların struktur barədə razılığını aldıqdan sonra yenidənqurmaya başlaya bilmişdik. Həmin orqanların plan üzrə 1400 işçisi əvəzinə, Sizin müəyyən etdiyiniz 711 rəqəmi reallaşdırılmışdır. Hazırda Dövlətlərarası İqtisadi Komitə və İcraiyyə Komitəsi bazasında Minskdə İcraiyyə Komitəsində əslində 360 nəfər var. Lakin biz tam miqdarda əməkdaş götürmürük. Mən norma qoymuşam ki, yerlərin 10 faizi boş qalsın. Nəyə görə? Ona görə ki, həyat hansısa yeni vəzifələr irəli sürəcək və təbii olaraq, hökumət Başçıları Şurası, İqtisadi Şura, Xarici İşlər Nazirləri Şurası və digər strukturlar qarşımızda müəyyən vəzifələr qoya bilərlər və onda bu problemlərin həlli üçün mütəxəssisləri işə götürmək olar və lazım gələcəkdir. Yox, əgər bu vəzifələrin hamısı indidən tutulsa, onda Dövlət Başçıları Şurasının qərarlarını gözləmək lazımdır və bu halda biz vaxt itirəcəyik. Razılaşdıq ki, 10 faiz gələcəkdə irəli sürüləcək vəzifələrin operativ surətdə həyata keçirilməsi üçün ehtiyat olaraq qalsın.

Heydər Əliyev: Bu, həmişə, istənilən hallarda düzgün qərardır.

Yuri Yarov: Biz Minsk və Moskvadakı icraiyyə strukturlarının 90 faizini əslində komplektləşdirmişik. İndi başlıca vəzifə bəyənilmiş kvota və struktura əsasən vəzifələrə dövlətlərdən adamlar təyin etməkdir. Proses başlanmışdır və biz onun sona çatmasını gözləyirik. Yəni ilk növbədə belə bir qərara gəlmişik ki, hər dövlətdən, 12 müavin olacaqdır. Dövlətlərin büdcələrinə ağırlıq düşməsinə yol verməmək üçün biz müavin vəzifələrini departamentin rəhbəri vəzifəsi ilə birləşdirməyi qərara almışıq. Başqa sözlə desək, dövlətin nümayəndəsi, yəni ondan olan müavin konkret departamentin rəhbəri olacaqdır. Biz çox düşündük, Abbas Aydınoviçlə də, İcraiyyə Komitəsində də məsləhətləşdik ki, Azərbaycandan olan müavinə belə təklif etmək doğru olardı ki, Azərbaycan hansı departamenti, MDB-nin hansı tematikasını öz üzərinə götürərdi. Belə bir qənaətə gəldik ki, Azərbaycan prezidentinin bəyəndiyi, başlıca istiqamət kimi seçdiyi, dünyanın bütün dövlətlərini maraqlandırmış tematikanı götürmək lazımdır - bu, Böyük İpək yolunun təşəkkülü tematikasıdır. Ona görə də biz bunun birlikdə bəyənilməsini qərara aldıq və ümumi fikir belə oldu ki, Azərbaycandan təyin edilən müavin həm də nəqliyyat və kommunikasiyalar departamentinin rəhbəri olacaqdır. Yəni Sizin qarşıya qoyduğunuz dövləti vəzifə Sizin bilavasitə nümayəndənizin, mənim müavinimin bütün MDB çərçivəsində həyata keçirəcəyi vəzifə ilə üstə-üstə düşəcəkdir. Bir sözlə, maraqlar üst-üstə düşəcəkdir.

Müavinlərin təyin olunması prosesi gedir. Dörd dövlət - Tacikistan, Gürcüstan, Özbəkistan, Qırğızıstan öz nümayəndələrini təqdim etmişlər və onlar işləyirlər. Bu proses getdikcə sürətlənir və ümidvarıq ki, yaxın vaxtlarda Siz də müvafiq göstəriş verəcəksiniz ki, mənim müavinim, yəni Sizin göndərəcəyiniz adam eyni zamanda departament rəhbəri olaraq Moskvada öz işinə başlaya bilsin.

Həllini gözlədiyimiz ikinci məsələ ondan ibarətdir ki, Sizin qoyduğunuz vəzifə - hərtərəfli inteqrasiya anlayışından əl çəkmək və konkret olaraq azad ticarət zonasına keçmək vəzifəsi yerinə yetirilə bilsin. Biz bu vəzifəni başa düşməklə yanaşı, onu da dərk edirik ki, Siz deyilənlərə və kağızlara əsasən deyil, birgə işimizin və İcraiyyə Komitəsinin fəaliyyətinin səmərəliliyi və faydalılığı əsasında mühakimə yeridəcəksiniz. Ona görə də islahat prosesinin azad ticarət zonasının fəaliyyəti ilə bağlı başlıca vəzifənin həyata keçirilməsi prosesini yubatmamasını çox vacib sayırıq. Bunun üçün sentyabrın 10-da İqtisadi Şuranın ilk iclasının çağırılmasına razılıq verməyinizi Sizdən xahiş etməyi lazım bilirik. Ümidvarıq ki, Siz bu vəzifəni baş nazirin müavinlərindən kimin yerinə yetirəcəyini müəyyənləşdirəcəksiniz.

Mən onların hamısına minnətdaram və bu gün fürsətdən istifadə edərək bir daha deyirəm ki, biz hamımız gözəl bir insanı, zənnimizcə, bizim üçün, MDB üçün, MDB-də qarşılıqlı anlaşma üçün çox işlər görmüş olan bir insanı - Abbas Aydınoviçi 50 illiyi münasibətilə təbrik edirik. Ümidvarıq ki, onun Moskvada daimi köməkçisi olacaq və bu köməkçi Sizin qoyduğunuz vəzifələri yerinə yetirəcək, Azərbaycan hökumətinə kömək edəcəkdir ki, bizim hazırladığımız qərarlar ölkənizin arzu və istəkləri ilə, siyasəti, iqtisadi strategiyası ilə uyğun gəlsin. Buna görə də inanırıq ki, biz köməkçinin kim olacağını yaxın vaxtlarda biləcəyik.

Kvota üzrə ayrılmış daha bir vəzifə - Moskvada daimi işçi olmalıdır. O, Ekspert Komissiyasında işləyərək, İqtisadi Şura üçün məsələləri hazırlayacaq və ətraflı öyrənəcəkdir. Onun başlıca vəzifəsi azad ticarət zonasının genişlənməsi və inkişafı üçün ardıcıl tədbirlər həyata keçirməkdən, Hökumət Başçıları Şurası üçün, sonra da Dövlət Başçıları Şurası üçün materialları səriştə ilə hazırlamaqdan ibarətdir.

Biz oktyabrın 8-də Ukraynada Xarici İşlər Nazirləri Şurasının iclasını keçirməyi nəzərdə tutmuşuq və bunun üçün Sizin nazirin və baş nazirin müavininin də razılığını almışıq. Kiyev buna lütfkarlıqla razılıq vermişdir. Ukraynanın təklifi Sizin yadınızdadır, Ukrayna prezidenti təsdiq etmişdir ki, onlar bunu sevinc hissi ilə yerinə yetirəcəklər. Hökumət Başçıları Şurasının axırıncı iclasında isə razılığa gəldik ki, plana görə, növbəti iclas da oktyabrın 8-də və özü də Ukraynada olacaqdır. Əlbəttə, Dövlət Başçıları Şurası İclasının nə vaxt olacağını müəyyənləşdirmək məsələsi qalır. Heydər Əliyeviç, dövlət başçıları şurası iclasının keçirilməsi tarixi barədə Sizin məsləhətinizi dinləməyə hazırıq. Plana görə, avqustun 31-də prezident məni qəbul edə biləcəkdir. Sizin rəyinizi dinlədikdən sonra mən bu barədə ona məlumat verəcəyəm. İndiki görüşümüzə əsasən mən də iclasın keçirilməsi vaxtını təklif edə biləcəyəm. Hərçənd deyə bilərəm ki, Ukrayna prezidenti mənimlə qeyri-rəsmi söhbət əsnasında bildirdi ki, o, Dövlət Başçıları Şurası iclasının da həmin vaxtda keçirilməsini ürəkdən alqışlayardı və ev sahibi kimi Ukraynada hər cür şərait yaratmağa hazırdır.

Biz gündəliyin layihələrini hazırlamışıq, bu gün mən onları Sizin hökumətinizə verəcəyəm. Layihələrə Xarici İşlər Nazirləri Şurası üçün 16 məsələ, Hökumət başçıları Şurası üçün 24 məsələ daxildir, sonuncuların yarısı İqtisadi Şurada da müzakirəyə çıxarıla bilər. Sizin iradəniz və bütün dövlət başçılarının iradəsi olarsa, biz Dövlət Başçıları Şurasının müzakirəsinə 6 məsələ, o cümlədən başlıca sənədlər olan İcraiyyə Komitəsi haqqında əsasnamənin, İqtisadi Şura haqqında əsasnamənin təsdiq olunmasını təklif etmək niyyətindəyik. İndi isə MDB strukturlarında maliyyə yoxlaması aparılması haqqında Sizin qərarınızın yerinə yetirilməsinin gedişinə dair yazılı hesabat barədə. Biz onu yerinə yetirmişik və mən, Heydər Əliyeviç, icazənizlə, yoxlamanın sənədini burada, Sizin aparatınızda saxlayacağam və bununla da həmin qərarın yerinə yetirilməsi haqqında hesabat vermiş olacağam.

Azad ticarət zonasının mühümlüyünü əsas tutaraq, biz həmin məsələlərin hazırlanması üçün bütöv bir tədbirlər planı müəyyənləşdirmişik. Mən o planı da Sizin hökumətinizə verəcəyəm. Bu tədbirlərin ən mühümlərindən biri 1994-cü ildən bəri azad ticarət zonası üzrə fəaliyyətin təhlili olacaqdır. Bu gün biz yeni nəsə bir şey yaratmaq yox, qarşıya qoyduğunuz başlıca vəzifələri yerinə yetirmək - dövlətlər arasında mal və xidmətlərin hərəkəti yolundakı sədləri götürmək istəyirik. Ardıcıl tədbirlər planını tərtib edərkən həllinə çalışdığımız vəzifə bundan ibarətdir. İşçi, ekspert qruplarının aprelin 2-dən sonra keçirilmiş bütün forum və iclaslarında, habelə Hökumət Başçıları Şurasının Minskdə çağırılmış axırıncı iclasında adamlarınız yaxından iştirak etdiklərinə görə, konstruktivizmə və bütün məsələlərə dair optimal qərarlar axtarışına görə Sizə, hökumətə, Xarici İşlər Nazirliyinə təşəkkürümü bildirməliyəm.

Məmnunluqla demək istəyirəm ki, İcraiyyə Komitəsi haqqında əsasnamə ilə bağlı çoxsaylı digər ayrılıqlarını və məsələləri Azərbaycanın mövqeyi sayəsində aradan qaldırdıq, halbuki onları Hökumət Başçıları Şurasının axırıncı iclasında bunu etmək mümkün olmamışdı. Bu, forumda mümkün oldu. Ona görə də bu işdə Azərbaycan nümayəndə heyətinin rolu çox böyükdür. İndi bütün məsələlər aradan götürülmüşdür. Özbəkistan da öz prinsipial məsələləri barəsində mövqelərini uyğunlaşdırıb və mənə deyiblər ki, razıdırlar. Bizdə mürəkkəb məsələlər vardı, onlar artıq aradan götürülmüşdür. İndi təkcə bir məsələ - MDB-nin və İcraiyyə Komitəsinin beynəlxalq hüququn subyekti olması məsələsi qalır. Yəni bəzi həmkarlarım bizə beynəlxalq təşkilatlarla əlaqəyə girmək hüququ verilməsindən qorxub çəkinirlər, halbuki biz BMT tərəfindən tanınmışıq və orada müşahidəçi statusuna malikik. Lakin mənə elə gəlir ki, biz işi davam etdirərək bir formul tapacağıq, müvafiq səlahiyyətlər veriləcəkdir. Onu da bilirik ki, bu səlahiyyətlər dövlətlərin qaydaları və əsasnamələri ilə uyğun gələcəkdir. Artıq bundan sonra hesab etmək olar ki, bu çox mühüm məsələlər üzrə struktur dəyişikliyi və azad ticarət zonasına doğru istiqamət götürülməsi işi başa çatdırılmışdır.

Bu halda fəaliyyətimizə qiymət verilməsi zona ilə bağlı vəzifələrin yerinə yetirilməsi müstəvisinə keçəcəkdir. Biz burada başlıca vəzifəni görürük - Siz qarşıya vəzifə qoymusunuz ki, zona 2000-ci il yanvarın 1-dən fəaliyyət göstərməlidir. Yadımdadır, Siz və bir sıra digər dövlət başçıları demişdiniz ki, konkret mərhələləri və zonaları müəyyənləşdirmək vacibdir. Bu vəzifəni yanvarın 1-dək yerinə yetirmək üçün biz iki, hətta üç mərhələ görürük. Birincisi, azad ticarət zonası haqqında 1994-cü il tarixli sazişin ratifikasiya edilməsidir. Azərbaycana təşəkkürümüzü bildirərək demək lazımdır ki, o, bütün sənədləri ratifikasiya etmişdir və bizim heç bir narahatlığımız yoxdur. Əksinə, biz Sizin simanızda dəstək alırıq. Altı dövlət, o cümlədən Rusiya, Ukrayna, Belarus əsas sənədləri hələ ratifikasiya etməlidirlər. Bütün 12 dövlət bu saziş barədə Moskvada aprelin 2-də imzaladığınız protokolu ratifikasiya etməlidir. Tacikistan sazişi də, protokolu da ratifikasiya etmişdir. Qalan bütün dövlətlərlə işləmək və dəstək verilməsini xahiş etmək lazım gəlir ki, biz bunu başa çatdıra bilək.

Rusiya üzrə vəziyyət bizi xüsusilə həyəcanlandırır. Dünən mən baş nazir Stepaşin ilə görüşdüm. Sergey Vadimoviç Sizə özünün səmimi salamını, xoş arzularını çatdırmağı və təəssüfləndiyini bildirməyi xahiş etdi ki, Rusiya tərəfi hökumətlərarası Komissiyaya o qədər də hazırlaşmayıb, heç də hər şey mümkün olmayıbdır, lakin Rusiya lazımınca işləyəcək və komissiyanın üzvləri gələcəkdir. O, həmçinin dedi ki, özü hökmən buraya gələcəkdir. Ona görə də onun təbriklərini də, arzularını da qəbul edin, baş nazir həmçinin əmin edir ki, o, Sizin səmimi dostunuzdur və buraya mütləq gələcəkdir.

Heydər Əliyev: Sağ olun. Hər şeyə görə mənim təşəkkürümü ona yetirin. Həmçinin bildirin ki, mən onu gözləyirəm, qoy özü həmkarları ilə birlikdə gəlsin ki, biz burada məsələləri əsaslı surətdə müzakirə edə bilək.

Yuri Yarov: Sağ olun, Heydər Əliyeviç.

Bizim üçüncü problemimiz var və o, ən əvvəl Rusiya tərəfinə aiddir - bu, malların təyinat yeri üzrə əlavə dəyər vergisidir. Biz Rusiyanın və tərəflərin ratifikasiya etməsi üzərində işi davam etdiririk. Dövlət Duması məktublarımıza münasibətini bildirmiş və ratifikasiyanın müzakirəsi məsələsini sentyabr üçün iş planına salmışdır. Amma Rusiya hökuməti sənədləri ratifikasiyaya verməlidir. Yəni İcraiyyə Komitəsi ratifikasiyanın uğurla başa çatdırılması üçün işi davam etdirməlidir. Burada biz tədbirlərimizin ardıcıl olduğunu görürük və Sizin qarşıya qoyduğunuz vəzifəni yerinə yetirməyə çalışırıq.

Əlbəttə, indiki mərhələlərdə biz başqa bir vəzifəni həyata keçirmişik. Siz bizim qarşımızda MDB strukturlarının 1999-cu il üçün vahid büdcəsini işləyib hazırlamaq vəzifəsi qoymusunuz. Xarici İşlər Nazirləri Şurasının, Hökumət başçıları Şurasının Minskdə keçirilmiş iclası sayəsində biz 1999-cu ilin büdcəsini təsdiq etmişik. Bu bir yana, Sizin tapşırığınızla biz 2000-ci il üçün büdcənin layihəsini də işləyib hazırlamışıq. Layihə hazırda dövlətlərin müzakirəsindədir. O, Rusiya Maliyyə Nazirliyindən keçmişdir. Bilirsiniz ki, 50 faizi onlar ödəyirlər. Yəni biz Sizin müəyyənləşdirdiyiniz məqsədə doğru irəliləyirik.

Beləliklə, aprelin 2-də Moskvada qaldırdığınız məsələlərdən əslində eləsi yoxdur ki, yerinə yetirilməsin və ya yekun mərhələsində olmasın. Hesab edirik ki, axırıncı forumların, iclasların iş prosesində kifayət qədər ciddi, yaxşı, konstruktiv şərait yaranmışdır. Əvvəla, hər hansı mövqe barəsində bir-birinə diqqət, hər bir dövlətin istənilən mövqeyinə hörmətcil münasibət hiss olunur, qarşılıqlı surətdə məqbul qərarlar axtarılır. Bu gün kiminsə öz hökmünü yeritmək arzusu yoxdur, hər bir dövlətin, onun nümayəndəsinin səsi eşidilmişdir, başlıcası isə bu səslərin hamısı əhəmiyyətlidir. Qəbul etdiyimiz qərarlar arasında eləsi yoxdur ki, o, dövlətlərdən hər hansı biri üçün qeyri-məqbul olsun. Biz ancaq ümumi qərarlar axtarırıq.

Sizi əmin etmək istəyirəm ki, həm də Azərbaycanın nümayəndə heyətinin sayəsində bu praktika normaya çevrilmişdir. Ümidvaram ki, bundan sonra o, həmişə belə olacaqdır. Yəni mövqelərin uyğun gəlib-gəlməməsindən asılı olmayaraq, hamı bir-birinə hörmətlə yanaşır, ümumi məqbul qərar axtarır. Ümidvaram ki, bu, Sizin tərəfinizdən və bütün dövlət rəhbərləri tərəfindən dəstəklənəcəkdir.

İkinci hissə. Əlbəttə, başa düşürük ki, MDB, onun strukturları say-seçmələr klubu və ancaq özlüyündə gərək olan təşkilat deyildir. Zənnimizcə, strukturumuzun inkişafı üçün və dövlətlərə gərəkli, bütün xalqlara faydalı olması üçün iki cəhət hökmən olmalıdır. Biz hər şeydən əvvəl vəzifəni bunda görürük ki, dövlətlər başlıca məsələlərin həllinə yanaşmağın ümumi yollarını işləyib hazırlasınlar, qəbul etdikdən sonra isə onları həyata keçirə bilsinlər. Bu gün mənə burada da məsləhət gördülər ki, qərarları az qəbul etmək, amma onların yerinə yetirilməsinə hökmən nail olmaq lazımdır. Biz bunu əsas tutaraq qərara gəldik ki, dövlətlərə elə məsələ təklif etmək gərəkdir ki, bu, istər MDB-nin daxilində, istərsə də beynəlxalq meydanda iş üçün maraqlı olsun. Nə nəzərdə tutulur? Yəni indi, məsələn, Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üçün MDB-nin üzvü olan dövlətlərdən hər biri qarşısında bu təşkilatın nə kimi şərtlər irəli sürdüyünü aydın görməyə çalışmaq, onları ümumiləşdirməyə səy göstərmək, hər bir dövlətə aid xüsusiyyəti görmək, lakin hamı üçün ümumi, səciyyəvi olan halları nəzərə çarpdırmaq lazımdır. Hamı üçün ümumi, səciyyəvi olacaq halları - Ümumdünya Ticarət Təşkilatına daxil olmaqdan ötrü qaydaları və standartları ön sıraya çəkməyə və irəlilətməyə çalışmaq gərəkdir.

Səfərim, bir sıra dövlət rəhbərləri ilə görüşlərim zamanı yəqin etdim ki, İcraiyyə Komitəsi qərarları həyata keçirməsə də, hər hansı konkret vəzifələri yerinə yetirəcək strukturlara kömək göstərməlidir. Yəni Siz lazım bilsəniz, biz Böyük İpək yolu haqqında proqramda iştirak etməyə hazırıq və bu məsələdə bizim yerimiz barədə Sizin məsləhətinizi gözləyirik. Hərçənd başa düşürəm ki, maraq doğuracaq başqa proqramlar da ola bilər. Bu mərhələdə nəyin başlıca vəzifə olduğu barədə və bu vəzifədə MDB İcraiyyə Komitəsinin yeri barədə məsləhətlərinizə görə biz Sizə həmişə təşəkkür edəcək və minnətdar olacağıq.

Sizin gözəl şəhəriniz barədə təəssüratımı bitirmək istəyirəm. Şəhərin təşəkkülü, inkişafı sahəsində Sizin fəaliyyətinizlə bağlı bir çox xüsusiyyətləri görmək mənə xoş idi. Yeni tikintilər inkişaf, perspektiv deməkdir. Bu o deməkdir ki, əgər tikirlərsə, deməli, yaşayır və inkişaf edirlər, deməli, iqtisadiyyat kifayət qədər möhkəmlənir. İqtisadiyyat məhz bununla qiymətləndirilir. Tikiriksə, deməli, perspektivi görürük, inkişaf edirik. Bu, xoşdur. Hesab edirəm ki, bu, buraya gəlib-gedənlərin hamısına xoşdur. Biz bu planların həyata keçirilməsi sahəsində Sizin fəaliyyətinizi, silahdaşlarınızın işini həmişə qiymətləndirəcəyik, başlıcası isə, İcraiyyə Komitəsinin qüvvə və imkanları daxilində bu işdə iştirak etmək istərdik. Sağ olun, Heydər Əliyeviç.

Heydər Əliyev: Mən sizin məlumatınızı məmnunluqla dinlədim və deməliyəm ki, hesabat sanballıdır. Axı, biz - dövlət başçıları məsələləri, o cümlədən MDB-nin strukturlarını və fəaliyyətini təkmilləşdirmək məsələsini müzakirə etdiyimiz vaxtdan cəmi dörd ay keçmişdir. Elə onda biz hamımız birlikdə sizi MDB-nin icraçı katibi təyin etdik. İndi sizin söylədikləriniz göstərir ki, icra katibliyi MDB-nin işləri ilə çox fəal, çox məqsədyönlü və çox konkret surətdə məşğul olur.

Sizin dediklərinizdən onu qeyd etmək istəyirəm ki, icraçı katib kimi sizin fəaliyyətiniz iqtisadi inkişafın, qarşılıqlı iqtisadi əlaqələrin başlıca, əsas məsələləri üzərində cəmləşdirilmişdir. Ştatların ixtisarı nəzərdə tutulan yeni strukturu təklif edə bilməyiniz və təklif etdiyiniz struktur, şübhəsiz ki, əvvəllər olduğundan daha yaxşı işləyə bilər və başqalarının təklif etdiyindən qat-qat yaxşıdır - bu, sevindirir.

Mənə xoşdur ki, siz icra katibliyinin işində, xarici işlər nazirlərinin iclasında və digər görüşlərdə Azərbaycan nümayəndəsinin fəal iştirakını qeyd edirsiniz. Yəqin, bu sizi inandırır ki, biz həqiqətən istəyirik ki, MDB - bizim birləşdiyimiz təşkilat ümumi söhbətlər və ya lazımsız siyasi uydurmalar üçün klub deyil, əksinə, mötəbər, fəal işləyən bir təşkilat olsun.

Məsələn, mən sizin dediklərinizin hamısı ilə razıyam, o mənada ki, biz əsas diqqəti iqtisadiyyat məsələlərinə, iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyətə və MDB-yə daxil olan hər bir ölkənin iqtisadiyyatının inkişafı məsələlərinə yönəltməliyik. İndiki halda imkanlar böyükdür.

Əlbəttə, mən MDB-nin və onun bütün strukturlarının fəaliyyətinin tam demokratik olması mövqelərində durmuşam və dururam. Deməliyəm ki, bu, həmişə elan olunmuşdur, amma deyə bilmərəm ki, ötən illər ərzində elan edilənlər reallığa çevrilmişdir və ya reallaşmışdır. Bu imkandan istifadə edərək, həmin məsələ barəsində öz rəyimi bir daha bildirmək istəyirəm.

Daha bir məsələ barəsində. MDB-ni çox da hərbiləşdirmək lazım deyildir. Siz dövlət başçılarının əvvəlki iclaslarında mənim çıxışlarımı yəqin xatırlayırsınız. Mən MDB-nin tərkibində ölkələr arasında hər cür hərbi ittifaqların həmişə əleyhinə çıxmışam və çıxıram. Bilirsiniz, qəribə haldır: bir tərəfdən, biz hamımız bir birlikdəyik, digər tərəfdən, bu birliyə daxil olan ölkələr arasında hərbi ittifaqlar yaradılır. Əlbəttə, hər bir ölkə öz hərəkətlərində sərbəstdir, o, müstəqildir və ona lazım, faydalı olan istənilən sazişləri bağlaya bilər. Lakin biz hərbiləşdirmə yolu ilə getməməliyik. Bütün dünya yeni müharibələr, yeni münaqişələr yaranmasının mümkünlüyünü aradan qaldırmağa doğru gedir.

Bundan ona görə danışıram ki, bu, bizim ağrılı yerimizdir, əlbəttə, MDB-yə daxil olan və bizdəki kimi problemləri olmayan ölkələr mənim bəyanatlarıma bəzən biganə qalırlar, çünki bu, onlara toxunmur, yer etmir. Bununla belə, istəməzdim ki, bu ölkələr də Azərbaycan kimi belə vəziyyətə düşsünlər. Əgər onlar bu təzahürlərə, hər cür hərbi ittifaqlara qarşı müqavimət göstərməsələr, onda, əlbəttə, bu ölkələrdən hansısa biri nə vaxtsa belə mürəkkəb problemlərlə üzləşə bilər.

Təəssüf ki, Rusiya rəhbərliyi mənim bəyanatlarımı dinləyir, amma öz bildiyini edir. Mən Rusiya ilə Ermənistan arasında hərbi ittifaqı, Ermənistan ərazisində yeni növ silahlar, raketlər, təyyarələr yerləşdirilməsini nəzərdə tuturam. Əgər bu, tutalım, Tacikistanda onun Cənub ölkələrindən - həqiqətən ağır proseslər gedən ölkələrdən müdafiəsi üçün edilirsə, bunu başa düşmək olar. Axı, bizim ümumi vəzifəmiz Tacikistanı təkcə onun üçün deyil, başqa ölkələr üçün də ağır ola biləcək müdaxilədən qorumaqdır. Tacikistanın hər hansı MDB ölkəsi ilə heç bir münaqişəsi yoxdur. Azərbaycan isə artıq 12 ildir Ermənistanla münaqişə vəziyyətindədir.

Rusiya Ermənistanla Azərbaycan arasında münaqişənin dincliklə aradan qaldırılması üzrə Minsk qrupunun, Minsk konfransının Amerika Birləşmiş Ştatları və Fransa ilə birlikdə həmsədridir. Münaqişə ona görə aradan qaldırılmır ki, Ermənistan silahlı qüvvələri müxtəlif səbəblər üzündən Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir, oradan bir milyondan artıq azərbaycanlı qovulmuşdur, onlar ağır şəraitdə, çadırlarda yaşayırlar. Rusiya bir tərəfdən, Ermənistanla Azərbaycan arasında sülhyaratma vəzifəsini həyata keçirir, digər tərəfdən isə, Ermənistanla öz hərbi əlaqələrini genişləndirir, Ermənistan ərazisindəki öz hərbi qüvvələrini artırır.

Siz yəqin ki, mənim bu barədə bəyanatımı eşitmisiniz, o, sizin üçün təzə deyildir. Mən bu bəyanatlarımla Rusiyada bəlkə də kimlərisə bezikdirmişəm. Lakin bu, real olaraq belədir. Biz Rusiya ilə dostluq münasibətlərinə malikik və nəinki bu gün, sabah, həmişə belə münasibətlərə malik olmaq istəyirik, çünki ölkələrimiz və xalqlarımız arasında münasibətlərin zəngin, müsbət, çox xoş tarixi var. Azərbaycan da müstəqil dövlət olaraq, öz xarici siyasətində ən əvvəl bütün qonşularla, xüsusən Rusiya ilə dostluq münasibətləri saxlamaq vəzifəsini qarşıya qoyur, çünki Azərbaycanla Rusiyanı bağlayan o qədər şey var ki, yalnız bütün sahələrdə əlaqələrimizin dərinləşməsi və genişlənməsi dostluq münasibətlərimizin inkişafı Azərbaycan üçün və Rusiya üçün yaxşı nəticələri təmin edə bilər. Bu, xarici siyasətimizin qəti xəttidir, biz onu həyata keçiririk və keçirəcəyik. Amma haqqında söhbət açdığım kədərli hallar, əlbəttə, qan qaraldır.

Məsələ heç də onda deyil ki, misal üçün, mən bu barədə dövlət başçısı kimi danışıram. Bunlar xalqımızda, ictimaiyyətimizdə böyük narazılıq doğurur. Əgər kimsə mənə izah edirsə ki, yox, bu, Azərbaycana qarşı deyil, NATO-ya qarşı yönəldilmişdir, onu xalqa izah etmək qeyri-mümkündür. Axı, bu nə deməkdir? Heç kim başa düşə bilmir, nə üçün Rusiya özünü NATO-dan Ermənistan ərazisindən qorumalıdır. Aydın deyildir. Buna görə də, Yuri Fyodoroviç, başa düşürəm ki, siz bu işlərə hələlik toxunmamısınız. Bəlkə də hətta yaxşı haldır ki, siz əsas diqqəti iqtisadi məsələlər üzərində cəmləşdirmisiniz, orada hərbi işlər üzrə MDB katibi var. Buna baxmayaraq, biz MDB-də birləşmiş dövlətlərik və bütün bunlardan açıq danışmalıyıq.

Biz öz nümayəndəmizi mütləq müəyyən edəcəyik. Biz MDB-nin yeni strukturlarında iştirak edəcəyik. Təkrar edirəm, Allah eləsin, bundan sonra yaxşı olsun. Lakin sizin bu dörd ayda müəyyənləşdirdiyiniz məsələlər məmnunluq, açığını deyəcəyəm, hətta nikbinlik hissi doğurur. Bir sözlə, mən icraçı katibin fəaliyyətində keyfiyyət dəyişiklikləri görürəm. Çox keyfiyyətli dəyişikliklər. Bu da yaxşıdır. Konkretlik, dəqiqlik. Sonra, hər bir kəs öz işi ilə məşğul olmalıdır. Bu halda iş gedir. Lakin bəzi insanlar bununla da, başqa işlə də, üçüncü bir işlə də məşğul olduqda, əsas işə xələl gəlir.

Bir sözlə, biz MDB strukturlarının fəaliyyətində yaxından iştirak etmək üçün özümüzdən asılı olan bütün işləri görəcəyik. Əgər bütün başqaları Xarici İşlər Nazirləri Şurasının və Hökumət Başçıları Şurasının iclaslarını oktyabrın 8-də Kiyevdə keçirməyə razı olsalar, mən etiraz etmirəm. İclasların Kiyevdə keçiriləcəyini hətta alqışlayacağam, çünki biz Moskvada həddindən çox toplaşırıq.

O ki qaldı dövlət başçılarının görüşünə, bilmirəm, görünür, bir qərara gəlmək lazımdır. Görüş nə vaxt olacaq?

Yuri Yarov: Avqustun 31-də mən Boris Nikolayeviçlə görüşəcəyəm.

Heydər Əliyev: Siz əvvəlcə hər hansı bir tarixi müəyyənləşdirin, bundan sonra isə...

Yuri Yarov: Üzr istəyirəm, Heydər Əliyeviç, tarix məsələsi Sizinlə, dövlət başçıları ilə ümumən müəyyən edilmişdir. Nə vaxt görüşmək barədə Sizdə qaydalar, normativlər var. Dövlət Başçıları Şurasının iclası da oktyabrın 8-nə təsadüf edir.

Heydər Əliyev: Yəni siz onu nəzərdə tutursunuz ki, hər şey - o da, o birisi də, üçüncüsü də bir vaxtda olacaqdır?

Yuri Yarov: Bəli.

Heydər Əliyev: Bilirsiniz, başqa ölkələrin razılığı olsa, mən etiraz etmirəm.

Yuri Fyodoroviç, başlanğıc yaxşıdır. Sizə gələcəkdə də bu cür yaxşı uğurlar arzulayıram. Deməli, bu arzular ona yönəldilmişdir ki, birliyimiz bizim onu görmək istədiyimiz kimi olsun. Bu, təkcə icra katibliyindən və ya icraçı katibdən deyil, bizim hamımızdan asılıdır. Ancaq hər bir dövləti stimullaşdırmaq üçün yaxşı təşkilat lazımdır. Yaxşı təşkilat olduqda, hər şey dəqiq və aydın olduqda bu, belə münasibət doğurur. Belə olmadıqda, vəziyyət mürəkkəbləşir. Ona görə də hesab edirəm ki, bundan sonra daha yaxşı olmalıdır.

Yuri Yarov: Bir xahiş edə bilərəmmi?

Heydər Əliyev: Buyurun.

Yuri Yarov: Xarici İşlər Nazirləri Şurasına, Hökumət Başçıları Şurasına gələcək adamlara hər halda xeyir-dua verin ki, onlar elə bir formul tapsınlar ki, biz bu formul əsasında beynəlxalq təşkilatlarla işi bundan sonra da davam etdirə bilək və mənə digər beynəlxalq təşkilatların işçi orqanları ilə əlaqə yaratmaq hüququ verilsin.

Heydər Əliyev: Bu ki təzə məsələ deyildir.

Yuri Yarov: Əvvəllər katibliyin bu cür hüququ vardı.

Heydər Əliyev: Olmaya, indi əlinizdən alıblar?

Yuri Yarov: İndi vermirlər.

Heydər Əliyev: Kim alıb?

Yuri Yarov: Dörd nümayəndə var - onlar Azərbaycandan, Ukraynadan, Özbəkistandan və Gürcüstandandır. Gürcüstan demişdir ki, mövqeyini ehtiyatda saxlayır. Lakin mən ağsaqqal kimi, patriarx kimi birinci olaraq Sizə müraciət edirəm.

Heydər Əliyev: Mən hara, ağsaqqallıq hara. Biz MDB-yə sonralar daxil olmuşuq. Siz bəlkə mənim yaşımı nəzərdə tutursunuz?

Yuri Yarov: Mən Sizin müdrikliyinizi nəzərdə tuturam.

Heydər Əliyev: Bax Abbas Abbasov təqsirkardır. Sizcə deyirsiniz ki, o yaxşıdır.

Yuri Yarov: Yaxşıdır. Heydər Əliyeviç, əgər mövqelər uyğun gəlmirsə, bu o demək deyil ki, biz pisik. Deməli, axtaracağıq. Xeyir-dua versəniz, tapacağıq.

Heydər Əliyev: Yəqin müəyyən səbəblər var, o, mənə məlumat verməlidir. Mən indi heç nə deyə bilmərəm. O, ümumiyyətlə çalışqan adamdır. Əgər o, haradasa ilişib qalıbsa, deməli, bunun səbəbləri var. O, səbəb olmadan belə etməz. Mən aydınlaşdıraram.

Yuri Yarov: Sizin razılığınız lazımdır.

Heydər Əliyev: Mən aydınlaşdıraram.

Yuri Yarov: Sağ olun, Heydər Əliyeviç.

Heydər Əliyev: O, mənə məsələ barədə məlumat verməli, əsaslandırmalıdır və sair. Mən indi heç nə deyə bilmərəm.

Yuri Yarov: Sağ olun. Lakin əsas var ki, Siz vəziyyətdən necə çıxmağı deyəcəksiniz. Sağ olun, Heydər Əliyeviç.

Heydər Əliyev: Sağ olun.

"Azərbaycan" qəzeti, 7 avqust 1999-cu il.