Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin şərəfinə verilmiş ziyafətdə nitqi - "Gülüstan" sarayı, 16 sentyabr 1996-cı il


Qazaxıstan Respublikasının hörmətli prezidenti Nursultan Nazarbayev!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri respublikamızın həyatında əlamətdar hadisədir. Bu, Qazaxıstan-Azərbaycan münasibətləri tarixində mühüm mərhələdir. Bu, Qazaxıstan və Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ilk rəsmi səfər olub böyük gərgin işlə və hər iki ölkə, hər iki xalq üçün, gələcəyimiz üçün böyük əhəmiyyət kəsb edən sənədlərin imzalanması ilə əlamətdardır.

Bu gün prezident Nursultan Nazarbayevlə, nümayəndə heyətinin üzvləri ilə keçirilmiş danışıqlar, söhbətlər, görüşlər aydın şəkildə sübut edir ki, ölkələrimiz, müstəqil dövlətlərimiz arasında mehriban, dostluq münasibətləri mövcuddur və bütün sahələrdə gələcək əməkdaşlıq üçün böyük imkanlar var.

Qeyd etdiyim kimi, imzaladığımız sənədlərin müstəsna əhəmiyyəti var. Onlar gələcək əməkdaşlığımız, dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, qarşılıqlı kömək və qarşılıqlı dəstək üçün yeni perspektivlər açır. Qazaxıstan və Azərbaycan belə sənədləri ilk dəfədir ki, imzalayırlar. Ona görə də bunu əlamətdar hadisə, münasibətlərimizin tarixində mühüm mərhələ hesab edirəm. Bizim münasibətlərimizin zəngin tarixi var. Xalqlarımızın dostluğunun tarixinin kökləri uzaq keçmişə gedib çıxır və biz əcdadlarımızın, qazax və Azərbaycan xalqlarının görkəmli insanlarından irs qalmış hər şeyi yüksək qiymətləndiririk.

Qazaxıstan Asiyanın ən böyük ölkələrindən biri, geniş ərazisi, zəngin təbii sərvətləri, güclü iqtisadi, sənaye potensialı olan ölkədir. Hazırda o, dünyanın bir çox ölkələrinin diqqətini cəlb edir. Böyük təbii ehtiyatları, zəngin məhsuldar torpağı, toplanmış iqtisadi potensialı Qazaxıstana müstəqil siyasət yeridən və qarşılıqlı mənafelər əsasında və şübhəsiz, öz xalqının milli mənafelərini gözləməklə bütün ölkələrlə iqtisadi münasibətlər yaradan ölkəyə çevrilmək imkanı verir.

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əlaqələrin də böyük tarixi var. Keçmiş dövrdə biz fəal əməkdaşlıq edir, buraxdığımız məhsulları mübadilə edirik. Azərbaycan neftçiləri Manqışlağın, Quryevin neft mədənlərində səmərəli çalışırdılar. Azərbaycan və Qazaxıstan neftçilərinin, alimlərinin, mühəndislərinin əməkdaşlığı Xəzər dənizi hövzəsində neft sənayesinin əsasını yaratmışdır və bu, indi bizim birgə fəaliyyətimizin, əməkdaşlığımızın mühüm amilidir. Keçmişdə elm, mədəniyyət, təhsil sahəsində də əlaqələrimiz çox səmərəli idi. Biz qarşılıqlı səfərlər edirik. Mədəniyyət xadimləri xalqlarımızın yaxınlaşması, dostluğun, əməkdaşlığın möhkəmlənməsi üçün çox iş görmüşlər.

Lakin bunların hamısı bizə keçmişdən irs qalmış bünövrəyə əsaslanır. Qazax xalqı böyük tarixi yol keçmiş və bütün dövrlərdə özünün milli ləyaqətini qorumuş, yadelli işğalçılarla mübarizə aparmış, öz ailəsini, mədəniyyətini, adət-ənənələrini müdafiə etmişdir. Bu zəmində də bir çox yüzilliklər ərzində qazax xalqının görkəmli nailiyyətləri meydana gəlmiş, öz xalqının mənəvi aləmini zənginləşdirən, dünya sivilizasiyasına böyük töhfə verən xadimlər yetişmişdir. Qazax xalqı onlarla haqlı olaraq fəxr edir. Ona görə də biz qazax xalqının görkəmli şairi, mütəfəkkiri, filosofu Abay Kunanbayevin anadan olmasının 150 illiyini böyük sevinc hissi ilə birlikdə qeyd etdik. Bu yaxınlarda biz xalq akını Cambulun anadan olmasının 150 illiyinə həsr edilmiş təntənələrdə iştirak etdik.

Mədəniyyət, elm və təhsil sahəsində xalqlarımızın qarşılıqlı münasibətlərində belə parlaq səhifələr çoxdur. Yeri gəlmişkən deyim ki, Abayın, Cambulun əsərlərinin bir çoxu Azərbaycan dilinə tərcümə olunubdur və oxucularımız onları yaxşı tanıyırlar. Xalq akını Cambul Azərbaycana da şerlər, əsərlər həsr edibdir. Onun Bakıya, Azərbaycan təyyarəçilərinə, neftçilərinə həsr etdiyi şerlər məlumdur.

Belə faktları çox göstərmək olar. Lakin bir də deyirəm, bunların hamısı bizi daim birləşdirən və yaxınlaşdıran tarixi keçmişimizə əsaslanır. Biz tariximizi, keçmişimizi xatırlayarkən eyni dərəcədə həm qazax, həm də Azərbaycan xalqlarına məxsus olan "Dədə Qorqud" dastanı haqqında, "Köroğlu" dastanı barədə, xalqlarımızın tarixinin digər səhifələri haqqında iftixarla danışırıq. Tariximizin, kökümüzün, dilimizin, mənəvi və əxlaqi dəyərlərimizin eyniliyi bizi həmişə yaxınlaşdırmış, doğmalaşdırmış, birləşdirmişdir.

Ancaq indi malik olduqlarımız keçmişdəkindən tamamilə fərqlənir. Bu, onunla əlaqədardır ki, qazax və Azərbaycan xalqları dövlət müstəqilliyini qazanıblar və indi bir-birilə Dünya Birliyinin bərabərhüquqlu üzvü olan müstəqil dövlətlər kimi münasibət saxlayırlar. Bizim əcdadlarımız məhz bunu arzulayıblar, buna can atıblar, bunun uğrunda mübarizə aparıblar. Bizim xoşbəxtliyimiz ondadır ki, bu tarixi hadisənin şahidiyik. Xalqlarımızın dövlət müstəqilliyi əldə etməsi həqiqətən tarixi nailiyyət, xalqlarımızın sərvətidir. Ona görə də nail olduğumuz bizim üçün əvəzsizdir. Bunun əsasında indi biz səylərimizi belə fəal birləşdirir, Qazaxıstan və Azərbaycanın gələcək inkişafı naminə əməkdaşlıq edirik. Bu baxımdan prezident Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir. Bizim imzaladığımız sənədlər gələcək əməkdaşlığımız üçün geniş perspektiv açır. Sənədlərin imzalanmasından əlavə, biz bu gün həm Qazaxıstana, həm də Azərbaycana, eləcə də beynəlxalq həyata aid olan bir çox məsələlər barədə fikir mübadiləsi etmişik. Bu məsələlərin hamısında baxışlarımız eynidir, bir-birinə uyğundur və bu, şəxsən məni çox sevindirir. Hazırda biz yeni demokratik dövlət quruculuğu, demokratik cəmiyyət formalaşdırmaq, iqtisadiyyatın yeni sistemini yaratmaq yolundayıq. Biz bir çox problemlərlə, çətinliklərlə qarşılaşırıq. Şübhəsiz ki, fikir mübadiləsi, əməkdaşlıq, qarşılıqlı dəstək və qarşılıqlı kömək bu çətinliklərin aradan qaldırılmasında və Qazaxıstanın da, Azərbaycanın da çatmaq istədiyi son məqsədə nail olmaqda mühüm amillərdir.

Bu gün Milli Məclisin iclasında prezident Nursultan Nazarbayevin çıxışını böyük diqqətlə dinlədik, Qazaxıstanda görülən böyük işlərdən, onun həyatında baş verən proseslərdən, nəzərdə tutduğu böyük planlardan xəbərdar olduq. Şübhəsiz, bizdə aydın təəssürat yarandı. Qazaxıstan düzgün yolla gedir, həqiqətən demokratik, dünyəvi dövlət qurur və bu, Qazaxıstan xalqının rifahının yaxşılaşmasına, onun iqtisadi potensialının, Dünya Birliyində nüfuzunun möhkəmlənməsinə gətirib çıxaracaqdır.

Bu gün Nursultan Abişoviç öz yurdlarını tərk etməyə məcbur olmuş və Bakının rayonlarından birində çox ağır şəraitdə yaşayan şəxslərin bir qrupu ilə görüşmüşdür. Bu şəxslər rayonlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi nəticəsində öz doğma yerlərindən qovulmuşlar. Açığını deyim ki, belə ağır şəraitdə yaşayan insanlarla görüşmək çətindir, baxmayaraq ki, mən onlarla dəfələrlə görüşmüşəm. Ancaq eyni zamanda bu görüş həmin insanlarda belə bir inamı daha da gücləndirdi ki, ədalət zəfər çalacaq, tam sülh yaranacaq, Azərbaycan hərbi təcavüzdən, işğaldan xilas olacaq. Azərbaycanın torpaqları qəsbkarlardan təmizlənəcək və bizim qardaş və bacılarımız, Azərbaycanın vətəndaşları öz yaşayış yerlərinə qayıdacaqlar.

Bizə dost olan ölkənin prezidentinin, dostumuz Nursultan Nazarbayevin bu insanlarla görüşünün, şübhəsiz ki, çox böyük mənəvi, eyni zamanda siyasi əhəmiyyəti də var. Bütün bunlar dostluq münasibətlərimizin, Qazaxıstan ilə Azərbaycan arasında möhkəmlənən qardaşlığın sübutudur.

Qazaxıstanın müstəqillik illərində qazandığı uğurlar bizi sevindirir. Biz ürəkdən istəyirik ki, Qazaxıstanda hər şey onun xalqının arzuladığı kimi olsun, onun getdiyi yol daha böyük uğurlarla nəticələnsin. Biz isə Qazaxıstanla əməkdaşlığımızda hər şeyi edəcəyik ki, bu əməkdaşlıq qarşılıqlı surətdə faydalı olsun, xalqlarımız arasında münasibətləri və dostluğu möhkəmləndirsin.

Qeyd etdiyim kimi, Qazaxıstan Asiyanın böyük ölkəsidir, dünya siyasətində, Müstəqil Dövlətlər Birliyində böyük rol oynayır. MDB-nin həqiqətən müstəqil dövlətlərin birliyi olmasından, yarandığı vaxtdan bəri bu təşkilatın qarşısında qoyulmuş məqsədlərə çata bilməsindən ötrü birliyin iclaslarında Nursultan Nazarbayevin necə səmərəli şəkildə çalışdığını mən müşahidə edirəm.

Qazaxıstanda baş vermiş və baş verən demokratik, müsbət dəyişikliklərdə hamımıza məlum olduğu kimi, öz ölkəsində, Müstəqil Dövlətlər Birliyində, dünyanın bir çox ölkəsində, beynəlxalq təşkilatlarda böyük nüfuzu olan və tanınan prezident Nursultan Nazarbayevin çox böyük rolu var. Dostumuz Nursultan Nazarbayevin indi Azərbaycana gəlməsi və bizim burada səmərəli işləməyimiz də təkcə Qazaxıstana deyil, həm də digər regionlara, o cümlədən Qafqaz regionuna aid olan bir çox məsələlərin həllində onun rolunu göstərir.

Bizə yaxşı məlumdur ki, hələ beş il bundan öncə Nursultan Abişoviç Ermənistan ilə Azərbaycan arasında münaqişənin aradan qaldırılması prosesində iştirak etməyə başlamış və o vaxt çox iş görmüşdür. O, bütün bu illər ərzində həmin problemə böyük maraq göstərir. Bugünkü söhbətlərimiz və danışıqlarımız zamanı da bu məsələ yenidən diqqət mərkəzində olmuşdur. Ümidvar olduğumu bildirirəm ki, bu məsələnin sülh yolu ilə həllində biz bundan sonra da prezident Nazarbayevin dəstəyini və köməyini hiss edəcəyik.

Məmnuniyyət hissi ilə deyə bilərik ki, bugünkü gün yaxşı nəticələrlə başa çatır. Ölkəmizə səfərə gəldiyinə, Azərbaycan torpağındakı görüşlərə görə, imzaladığımız sənədlərə görə Nursultan Abişoviçə təşəkkür etmək və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu səfər, bu görüşlər Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlığın yeni, böyük mərhələsinin başlanğıcıdır.

Qazaxıstan Respublikasının şərəfinə, Qazaxıstan xalqının şərəfinə, onun gələcək uğurları şərəfinə, Qazaxıstan Respublikasının prezidenti, dostumuz Nursultan Nazarbayevin şərəfinə badə qaldırıram!
 
Sağ olun!