Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasının vitse-kansleri, xarici işlər naziri Yoşka Fişeri, Bundestaqın sədr müavini Antye Follmeri və onları müşayiət edən nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 21 may 2001-ci il


Heydər Əliyev: Hörmətli vitse-kansler!

Hörmətli vitse-spiker!

Hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram və sizə ən xoş arzularımı bildirirəm. Mən məmnunam ki, hörmətli nazir, vitse-kansler, siz Azərbaycana ziyarətə gəlmisiniz və özünüzlə də belə böyük tərkibdə nümayəndə heyəti gətirmisiniz.

Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra Almaniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələri yaranıbdır. Bu əlaqələrin inkişaf etməsi üçün ötən illərdə hər iki tərəfdən səylər göstərilibdir.

Azərbaycanda Almaniya ilə həm siyasi sahədə, həm humanitar sahədə, həm də bütün başqa sahələrdə əlaqələrimizə çox böyük əhəmiyyət veririk. Ona görə də sizin Azərbaycana bu ziyarətiniz, hesab edirəm ki, bizim əlaqələrin bundan sonra inkişaf etməsi üçün çox böyük bir vasitədir.

Mən çox məmnunam ki, sizinlə bir yerdə gəlmiş iş adamları bu gün bizim bir neçə nazirlər ilə səmərəli görüş keçiriblər və siz də orada iştirak etmisiniz. Güman edirəm ki, bunların müsbət nəticəsi olacaqdır. Çünki indiyə qədər bu sahədə biz artıq müəyyən nailiyyətlər əldə etmişik. Almaniyanın çoxsaylı şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Biz Almaniyanın bank sistemindən müxtəlif sahələr üçün təxminən 300 milyon dollara qədər kreditlər almışıq. Azərbaycanın enerji sektorunda çox böyük proqramların həyata keçirilməsi qarşıda durubdur. Biz bu proqramların həyata keçirilməsində Almaniyanın şirkətlərinin də iştirak etməsini arzulayırıq.

Hörmətli cənab Fişer, biz sizinlə bu gün təkbətək, demək olar ki, bütün məsələləri müzakirə etdik. Məmnuniyyətlə deyə bilərəm ki, biz demək olar, bütün məsələlərdə qarşılıqlı anlaşmaya aid gələcəkdə daha da səmərəli əməkdaşlıq etmək fikrinə gəldik. Mən sizinlə apardığım bu danışıqlardan çox məmnunam. Güman edirəm ki, bundan sonra sizin nümayəndə heyətləri və şəxsən siz Azərbaycana tez-tez gələcəksiniz.

Ümidvarıq ki, Minsk qrupunun üzvü kimi Almaniya bizim üçün əsas məsələ olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli sahəsində - Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz torpaqlarının azad olunması və işğal edilmiş torpaqlardan qaçqın düşmüş azərbaycanlıların öz yerlərinə-yurdlarına qayıtması sahəsində bundan sonra fəaliyyətini daha da artıracaqdır.

Almaniya ilə bizim əlaqələrimizin qədim tarixi var. Bilirsiniz ki, vaxtilə burada almanlar yaşayıblar və hələ əsrin əvvəlində Almaniyanın şirkətləri, o cümlədən "Simens" şirkəti Azərbaycanda neft sənayesində və energetika sahəsində işlər görübdür. Biz bir müəssisəni bərpa edəndə oradan elektrik telləri çıxdı və məlum oldu ki, o, "Simens"in hələ əsrin əvvəlində Azərbaycanda gördüyü işlərin əlamətidir. Almaniyaya Azərbaycanda münasibət çox xoşdur. İnsanlar alman dilini daha da çox öyrənmək istəyirlər. Sizin səfəriniz də bu barədə yardım edir. Çox məsələlər haqqında danışmaq olar. Ancaq hesab edirəm ki, o məsələlər barəsində biz sizinlə təkbətək çox danışdıq. Sizə bir daha "Xoş gəlmisiniz!" deyirəm. Buyurun.

Yoşka Fişer: Cənab prezident, çox sağ olun. Bu səmimi görüşə və fikir mübadiləsi imkanına görə Almaniya Bündestaqı sədrinin müavini xanım Antye Follmer başda olmaqla məni müşayiət edən parlament nümayəndə heyəti adından da təşəkkürümü bildirmək istəyirəm.

Bu gün biz nazirlərlə, Milli Bankın sədri və ilk növbədə, həmkarım cənab xarici işlər naziri ilə səmərəli görüşlər keçirdik. Özlüyündə aydındır ki, qonşu region kimi biz Cənubi Qafqaz regionunda sülh və sabitliyin olmasını çox istəyirik. Biz ATƏT-in üzvüyük, ATƏT Dağlıq Qarabağ münaqişəsinin dincliklə həllinə nail olmaq üçün çox ciddi səylər göstərir. Siz ATƏT-in Minsk qrupunu xatırlatdınız. Almaniya da Minsk qrupunun üzvüdür və bu münaqişənin dincliklə nizama salınmasına öz imkanları, - əlbəttə, imkanlar məhduddur, - daxilində kömək edir. Əlbəttə, bu, əsla sadə məsələ deyil və münaqişənin kəskinləşməsinə yol verməmək üçün onun həlli yolunu danışıqlar vasitəsilə tapmaq lazımdır. Biz buna öz töhfəmizi verəcək, əlimizdən gələni əsirgəməyəcəyik.

Ölkələrimiz Avropa Şurasının da üzvüdürlər. Azərbaycan Avropa Şurasına yaxınlarda qəbul edilmişdir və bu təşkilatda üzvlük Avropa Şurasının prinsiplərinə uyğun surətdə demokratiyanın inkişafına, insan haqlarının və hüquqi dövlətin inkişafının təmin olunmasına kömək etməyi təkcə Azərbaycanın deyil, həm də şuranın bütün üzvlərinin qarşısında bir vəzifə kimi qoyur. Həmin sahədə tərəqqi əldə edilərsə, bu, Azərbaycanda sülhün, sabitliyin möhkəmlənməsinə və iqtisadiyyatın inkişafına daha bir həlledici töhfə olacaqdır.

Demokratikləşdirmə, insan haqlarına hörmət - bunlar bizim xarici siyasətimizin mühüm cəhətləridir. Bu, parlamentimiz üçün də vacibdir və ona görə də hər yerdə bəyan edirik ki, regionda, o cümlədən də Azərbaycanda hüquqi dövlət qurulması, demokratikləşdirmə sahəsində daha böyük səylər göstərilsin. Üstəlik, biz qəti əminik ki, müasir iqtisadiyyat yalnız hüquqi dövlət zəminində inkişaf edə bilər.

Cənab prezident, Siz diqqət yetirdiniz ki, məni böyük bir iqtisadi nümayəndə heyəti müşayiət edir. Bu, sənaye müəssisələrimizin, habelə banklarımızın Almaniya ilə Azərbaycan arasında qarşılıqlı iqtisadi münasibətlərin gücləndirilməsinə maraq göstərdiklərinə sübutdur.

Bizim uzun bir tarixə malik olan yaxşı münasibətlərimiz var. Siz "Simens" firmasını və bir müddət əvvəl böyük məbləğdə sərmayə qoyulduğunu xatırlatdınız. Biznesmenlərimizin Azərbaycana marağı bu gün də güclüdür və şadam ki, əməkdaşlıq heç də təkcə neft, qaz, maşınqayırma, tikinti, avadanlıq kimi ənənəvi sahələri əhatə etməklə qalmır. Müəssisələrimiz Bakıda filarmoniyanın yenidən qurulmasında iştirak etmək, bununla da mədəniyyətə töhfə vermək istəyirlər. Bu sahədə də uğurlar qazana bilsəydik, mən çox şad olardım.

Heydər Əliyev: Filarmoniya ilə ilk növbədə məşğul olmaq lazımdır.

Yoşka Fişer: Bu, olduqca vacibdir. Əgər iqtisadi dairələr maraq göstərirsə, ona baxmaq gərəkdir.

Heydər Əliyev: Buna bir çox firmalar maraq göstərirlər. Amma biz bu qərara gəlmişik ki, almanlar bu işi hamıdan yaxşı görərlər.

Yoşka Fişer: İndicə dediyiniz kimi, biz tikəndə çox sanballı tikirik.

Ümmiyyətlə, qarşılıqlı münasibətlərimizin daha da fəallaşdırılması və yaxşılaşdırılması üçün iqtisadi və siyasi baxımdan çox yaxşı imkanlar var. Bu münasibətlər elə indinin özündə də çox yaxşıdır, amma hesab edirəm ki, bu yüksək səviyyədə belə onların daha da genişləndirilməsi üçün bir sıra imkanlar mövcuddur. Əgər mənim səfərim buna kömək etsə, onu uğurlu saymaq olar. Sizə bir daha təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun. Siz bir şey demək istəyirsinizmi? Mən sizinlə gərək ki, 1996-cı ildə, Bonnda rəsmi səfərdə olarkən görüşmüşəm.

Antye Follmer: Bir siyasətçi kimi keçmişdə mədəni siyasətlə də məşğul olduğumu nəzərə alaraq, bu fürsətdən istifadə edib, Bremen qalereyasına məxsus rəsm əsərlərinin qaytarılmasına görə şəxsən Sizə təşəkkürümü bildirmək istəyirəm. Bunu bizdə mühüm hörmət əlaməti kimi qarşıladılar. İkincisi, Sizə bildirmək istəyirəm ki, bu gün siyasi partiyaların və vətəndaş cəmiyyəti nümayəndələri ilə maraqlı görüşümüz oldu. Diqqət yetirdim ki, Sizin sülh uğrunda fəal mübarizə aparan çox güclü qadınlarınız var. Mən bu münasibətlə Sizi təbrik etmək istəyirəm. İstərdim ki, onlar parlamentin işində daha yüksək rol oynasınlar.

Heydər Əliyev: Onları məhz böyük rol oynamaq üçün seçmişlər. O ki qaldı mənə, onları bu baxımdan nəinki sadəcə olaraq dəstəkləyəcəyəm, həm də onların böyük rol oynamasına sevinəcəyəm. Almaniyadakı kimi, bizdə də yaxşı qadınlar var.

Antye Follmer: Məhz bu proses üçün qadınlar xüsusilə gərəkdirlər. Çüni bəzən onlar elə ideyalar verirlər ki, bu, kişilərin heç ağlına da gəlmir. Yaxşısı budur ki, indi belə diskussiyaya varmayaq.

Heydər Əliyev: Yaxşı, gəlin bununla kifayətlənək. Bizim aramızda tam qarşılıqlı anlaşma var. Bu səfərə görə sizin hamınıza təşəkkürümü bildirirəm. Xahiş edirəm, mənim salamımı və ən xoş arzularımı federal kansler cənab Şrederə, federal prezidentə və parlamentin sədrinə yetirəsiniz.

Yoşka Fişer: Xanım Follmer yetirər.

Heydər Əliyev: Sağ olun.


"Azərbaycan" qəzeti, 22 may 2001-ci il.