Çin Xalq Respublikasının sədri zati-aliləri cənab Tszyan Tszeminə - Bakı şəhəri, 1 aprel 2002-ci il


Hörmətli cənab sədr!

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında dövlətlərimiz və xalqlarımız üçün böyük əhəmiyyət kəsb edən diplomatik əlaqələrin yaradılmasının 10 illiyi münasibətilə Zati-alilərinizə və dost Çin xalqına ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.

On il tarixi baxımdan uzun bir müddət olmasa da, Azərbaycan Respublikasının dövlət quruculuğunda olduqca mühüm mərhələdir. Bu illərdə Çin Xalq Respublikası ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri olmuşdur.

Razılıq hissi ilə qeyd edirəm ki, keçən on il ərzində yüksək səviyyəli nümayəndə heyətlərinin ölkələrimizə qarşılıqlı səfərləri olmuş, dövlətlərimiz arasında həm Birləşmiş Millətlər Təşkilatı çərçivəsində, həm də ikitərəfli səmimi dostluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq əlaqələri təşəkkül tapmış, bu əlaqələrin əhatə dairəsi genişlənmiş və səviyyəsi yüksəlmişdir.

Mən xalqlarımız arasında tarixi-mədəni əlaqələrin, eləcə də Şərq-Qərb iqtisadi əməkdaşlığının möhkəmləndirilməsinə xidmət edən, Çin Xalq Respublikası ilə Avropa arasında körpü rolunu oynayan "Böyük İpək yolu"nun reallığa çevriləcəyinə və tarixi statusunu özünə qaytaracağına əminəm.

1994-cü ilin mart ayında ölkənizə etdiyim rəsmi səfəri Zati-alilərinizə, digər yüksək vəzifəli dövlət adamları ilə səmimi görüşlərimi məmnuniyyətlə xatırlayıram. Bu səfər zamanı aparılan danışıqlar və imzalanan sənədlər ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün möhkəm hüquqi baza yaratdı və geniş perspektivlər açdı. Əmin olduğumu bildirmək istəyirəm ki, dövlətlərimiz arasında dostluq münasibətləri və səmərəli əməkdaşlıq Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında imzalanmış müqavilələr əsasında bütün sahələrdə bundan sonra da xalqlarımızın rifahı naminə dinamik surətdə inkişaf edəcək və genişlənəcəkdir.

Sizi Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edirəm və inanıram ki, bu səfəriniz dövlətlərimiz və xalqlarımız arasında hərtərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verəcəkdir.

Hörmətli cənab sədr, sizə cansağlığı və səadət, xalqınıza sülh, firavan həyat, ölkənizə isə daim çiçəklənmə və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 2 fevral 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya