Azərbaycan Prezidenti Heydər Əliyevin İsrailin Baş naziri Benyamin Netanyahunun şərəfinə Azərbaycan Prezidentinin adından təşkil olunmuş rəsmi qəbulda nitqi - Zuğulba, Prezident iqamətgahı, 29 avqust 1997-ci il


Hörmətli baş nazir!

Hörmətli xanımlar və cənablar!

Sizi Azərbaycan torpağında səmimi salamlayıram. Bizim ölkələrimizin müasir vəziyyətində çox böyük bənzərlik var. Sizin xalqınız öz müstəqil dövlətini qurmaq, yaratmaq, inkişaf etdirmək üçün bir çox çətinliklərlə rastlaşıbdır. Siz bu çətinliklərin qarşısını alaraq, son illər ölkənizi çox inkişaf etdirə bilmisiniz. İqtisadiyyatın, elmin, mədəniyyətin, texnikanın, texnologiyanın inkişafında sizin ölkənizdə - İsraildə əldə olunan nailiyyətlər çox yüksəkdir. Bunlar sizin ölkənizi dünyanın inkişaf etmiş ölkələri sırasına gətirib çıxarmışdır, eyni zamanda xalqınızın, əhalisinin sosial problemlərinin həll edilməsinə, rifah halının yaxşılaşmasına səbəb olmuşdur. Bu nailiyyətlər münasibətilə mən sizi təbrik edirəm.

Azərbaycan 1991-ci ilin sonunda yenidən öz müstəqilliyini əldə etmişdir. Bu, bizim xalqımız üçün tarixi hadisədir və böyük tarixi nailiyyətdir. Qısa bir müddətdə Azərbaycan müstəqil dövlət kimi Dünya Birliyində özünə layiq bir yer tutubdur. Azərbaycan öz dövlət müstəqilliyini, milli azadlığını daimi etməyi, möhkəmləndirməyi və inkişaf etdirməyi özünün ən müqəddəs vəzifəsi hesab edir. Ancaq bu yolda biz böyük çətinliklərlə rastlaşmışıq.

Bizim üçün ən ağır poblem, ən çətin məsələ Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində ölkəmizin ərazi bütövlüyünün pozulmasıdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı zorla öz yurd-yuvasından çıxarılıb, çadırlarda ağır vəziyyətdə yaşayır. Xalıqmıza, ölkəmizə vurulan zərbələrə baxmayaraq, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Buna görə də üç il bundan qabaq atəşkəs haqqında saziş imzalamışıq. Atəşkəsi qoruyuruq və bundan sonra da qoruyacağıq.

Məsələnin sülh yolu ilə həll olunması Lissabonda qəbul edilmiş üç prinsip əsasında mümkündür. Hesab edirik ki, həmin prinsiplər əsasında bu məsələ sülh yolu ilə həll oluna bilər. Bu yolda biz ATƏT-in Minsk qrupunun fəaliyyətinə, xüsusən Minsk qrupunun həmsədrləri Amerika Birləşmiş Ştatları, Rusiya və Fransanın fəaliyyətinə ümidlər bəsləyirik. Güman edirik ki, onların fəaliyyəti və bizim sülhsevər siyasətimiz nəticəsində bu məsələnin həllinə nail olacağıq. Bunun üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır, yurdundan didərgin düşmüş azərbaycanlılar öz evlərinə qayıtmalıdırlar, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və Azərbaycan Respublikasının təkibində Dağlıq Qarabağa yüksək dərəcəli özünüidarəetmə hüququ verilməsi mümkündür.

Bu, məsələnin ən ədalətli yol ilə həll olunması üçün yaranmış imkandır. Biz heç kəsin torpağına göz dikmirik, amma öz ərazimizin bir metrini də heç kəsə verməyəcəyik. Buna görə də Azərbaycanın işğal edilmiş torpaqları nəyin bahasına olursa-olsun azad edilməlidir, onun ərazi bütövlüyü bərpa olunmalıdır. Şübhəsiz ki, bu yolda biz Dünya Birliyinin köməyinə də ümid bəsləyirik. Ümidvaram ki, bu sahədə İsrail-Azərbaycan əmkdaşlığı da bizə çox yardım edəcəkdir.

Amerika Birləşmiş Ştatlarına mənim bu yaxınlardakı rəsmi səfərim Azərbaycanla ABŞ arasındakı əlaqələrdə tarixi bir hadisə olmuşdur. Amerika Birləşmiş Ştatlarının prezidenti və Azərbaycan prezidenti ölkələrimiz arasında əməkdaşlığı, tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək üçün mühüm bir sənəd imzalamışlar. Biz bunu çox yüksək qiymətləndiririk. ABŞ kimi böyük bir ölkə, inkişaf etmiş ölkə ilə tərəfdaşlıq əlaqələri qurmağı və inkişaf etdirməyi özümüz üçün çox mühüm bir hadisə hesab edirik. Bizim Amerika ilə əməkdaşlığımızda İsrail-Azərbaycan əməkdaşlığının da çox mühüm əhəmiyyəti var.

Azərbaycan sülhsevər ölkədir, xalqımız sülhsevər xalqdır. Azərbaycan çoxmillətli ölkədir və bütün millətlərin nümayəndələri burada bərabər hüquqlarla yaşayır və fəaliyyət göstərirlər. Azərbaycan bir çox əsrlər yəhudilər üçün də doğma vətən olubdur, yaşayış yeri olubdur. Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır.

Mən hesab edirəm ki, bugünkü görüş İsrail-Azərbaycan əməkdaşlığı üçün yeni bir mərhələ açır. Buna görə də mən Sizə təşəkkür edirəm, sizə və sizinlə bərabər, Azərbaycana gəlmiş İsrail ölkəsinin, hökumətinin nümayəndələrinə hörmət və ehtiramımı bildirirəm. Xanımımız Sara xanıma Azərbaycanı ziyarət etdiyinə görə xüsusi təşəkkür edirəm. Sizinlə birlikdə Xəzər dənizinin içindən günəşin qalxmasını müşahidə etdik. Gözəl bir mənzərədir. İnsanlar gecə yatıb səhər işığını səbirsizliklə gözləyirlər. İnsanlar həmişə qaranlıqdan işığa çıxmağa çalışırlar. İnsanlar həmişə günəşin çıxmasının həsrətində olublar. Bu saatlarda bu hissiyyatları sizinlə birlikdə keçiririk.

15 il olar ki, mən günəşin dənizdən çıxmasını görmürdüm. Mən 1982-ci ildə Bakıdan getmişdim və ondan sonra bu hadisəni müşahidə etmək imkanım olmamışdır. Baxmayaraq ki, son dörd ildir mən burada yaşayıram, ancaq belə bir imkan əldə edə bilməmişəm. Allah sizə də, mənə də belə bir fürsət bəxş edib. Bu da çox gözəl gələcəkdən xəbər verir. Hesab edirəm ki, bu, İsrail-Azərbaycan əlaqələrinin gözəl gələcəyinin rəmzidir. Xəzər dənizinin sahilində günəşin şüaları altında mən sizi bir daha salamlayıram. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

İsrail xalqının, yəhudi xalqının şərəfinə, İsrail dövlətinin şərəfinə, İsrailin baş naziri, hörmətli qonağımız cənab Netanyahunun şərəfinə, baş nazirin xanımı Sara xanımın şərəfinə, sizi müşayiət edən həmkarlarımızın şərəfinə, İsrail-Azərbaycan dostluğu şərəfinə badələri qaldırırıq.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - XII cild Azərnəşr, Bakı - 1998, səh.107.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış