Respublika sarayında "Əsrin müqaviləsi"nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 20 sentyabr 1999-cu il


scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar, dostlar!

Sizi, bütün Azərbaycan xalqını, vətəndaşlarını bu bayram "Əsrin müqaviləsi"nin beşinci ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

"Əsrin müqaviləsi" və onun icrasının beş illik tarixi, əldə olunmuş gözəl nailiyyətlər müstəqil Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesinin bəhrəsidir, Azərbaycan dövlətinin düşünülmüş xarici və daxili siyasətinin nəticəsidir, Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, ölkəmizin dünya iqtisadiyyatı ilə inteqrasiyası və Azərbaycan dövlətinin respublikamıza xarici sərmayələrin cəlb edilməsi sahəsində apardığı ardıcıl siyasətin nəticəsidir. Bu, bizim hamımızın birlikdə beş il bundan öncə müqaviləni imzaladıqdan sonra gördüyümüz müştərək işin nəticəsidir.

Mən bu gün bu münasibətlə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətini və orada çalışan bütün əməkdaşları, Azərbaycan Dövlət Neft Şirkətini, bütün neftçiləri, bu müqavilənin icrası ilə əlaqədar fəaliyyət göstərmiş, zəhmət çəkmiş bütün təşkilatları, müəssisələri, bütün şəxsləri ürəkdən təbrik edirəm və onların hamısına təşəkkür edirəm.

Bu gün bizim bu möhtəşəm bayrama zəhmət çəkib gəlmiş dövlət nümayəndə heyətlərinə burada söylədikləri xoş sözlərə görə və "Əsrin müqaviləsi"nə, onun icrasına verdikləri yüksək qiymətlərə görə səmimi qəlbdən təşəkkür edirəm.

Bizim bu bayramımıza təbrik məktubları gəlmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Bill Klintondan, Böyük Britaniyanın Baş naziri cənab Toni Bleyerdən, Türkiyənin Prezidenti cənab Süleyman Dəmirəldən, Yaponiyanın Baş naziri cənab Obutidən, Norveçin Baş naziri cənab Bondevikdən, Belçikanın Baş naziri cənab Verxofstadtdan, bizim qonşu dövlətlərin prezidentlərindən - Gürcüstan Prezidenti cənab Şevardnadzedən, Ukrayna Prezidenti cənab Kuçmadan, Özbəkistan Prezidenti cənab Kərimovdan, Qazaxıstan Prezidenti cənab Nazarbayevdən, Səudiyyə Ərəbistanının kralından və bir çox başqa siyasi xadimlərdən, dövlət xadimlərindən təbriklər gəlmiş, bu təbriklər burada səslənmişdir.

Bu təbriklərdə Azərbaycan dövlətinə böyük hörmət və ehtiram hissi əks olunubdur. Bu təbriklərdə Azərbaycan ilə dünyanın bir çox dövlətlərinin dünyanın böyük neft şirkətləri ilə gördükləri iş yüksək qiymətləndirilibdir. Bu təbriklərdə bizə xoş arzular bildirilib və gələcək işlərimiz üçün bizə uğurlar dilənibdir. Mən bütün bunlara görə təşəkkür edirəm.

Azərbaycan qədim neft diyarıdır. Azərbaycanda sənaye üsulu ilə neft hasilatının 150 illik tarixi vardır. Bu tarix şərti olaraq üç mərhələyə bölünə bilər: birinci - neft hasilatı başlanandan 1918-1920-ci illərə qədər, ikinci - ondan sonra Azərbaycan dövlət müstəqilliyini əldə edənə qədər, üçüncü Azərbaycanın dövlət müstəqilliyi dövrü.

Bütün bu 150 il müddətində Azərbaycanda neft sənayesi daim inkişaf edibdir və təkcə Azərbaycan üçün yox, bütün dünya xalqları üçün öz xidmətlərini göstəribdir. 1918-1920-ci illərdən sonra Azərbaycanda neft sənayesi güclü inkişaf edibdir, neft sənayesinin böyük elmi-texniki, kadr potensialı yaranıbdır. Azərbaycan keçmiş Sovetlər İttifaqının ərazisində yeni neft yataqlarının aşkar olunması və işlənilməsində öz xidmətlərini göstərmişdir. İkinci Dünya müharibəsi zamanı Azərbaycanda hasil olunan neft bu müharibədə alman faşizminə qələbə çalmaqda xüsusi rol oynamışdır.

Azərbaycan neft akademiyasına çevrilmişdir. Keçmiş Sovetlər İttifaqının ərazisində, Rusiyada "İkinci Bakı", "Üçüncü Bakı", "Dördüncü Bakı" və sair bölgələrdə Azərbaycan neftçiləri də çalışmış və bu gün də çalışmaqdadırlar.

Azərbaycan xalqının, Azərbaycan neftçilərinin və alimlərinin ən böyük xidməti ondan ibarətdir ki, 50 il bundan əvvəl Xəzər dənizində zəngin neft və qaz yataqlarının olduğunu aşkar ediblər və 50 il bundan əvvəl neft daşlarında ilk dəfə neftin sənaye üsulu ilə hasil edilməsinə başlanıbdır. Bu, dünyada ilk hadisə idi.

Böyük Britaniyadan burada çıxış edən qonağımız qeyd etdi ki, onlar 30 ildir ki, Şimal dənizində neft hasil edirlər. Bəli, amma Azərbaycan 50 il bundan əvvəl Xəzər dənizində neft hasilatına başlayıbdır. Ondan sonra bizim təcrübəmiz dünyaya yayılmış və indi dünyada müasir texnikaya, texnologiyaya malik olan, dənizin dərinliklərindən neft çıxara bilən böyük neft mədənləri yaranmışdır. Xəzər dənizində neft və qaz yataqlarının olması, onların kəşfi və indi dünyaya təqdim edilməsi Azərbaycan xalqının, alimlərinin, neftçilərinin böyük xidmətidir.

Biz məhz beş il bundan öncə bunların əsasında "Əsrin müqaviləsi"ni imzalaya bildik. Məlumdur ki, "Azəri", "Çıraq" və "Günəşli" yataqları 1970-ci illərdə kəşf edilmişdir və orada hasilat başlanmışdır. Sonra Xəzər dənizində digər yataqlar kəşf edilmişdir, onların qaz və neft potensialı müəyyən olunmuşdur. Azərbaycan neftçiləri, geoloqları, alimləri təkcə Xəzərin Azərbaycan sektorunda yox, dənizin bütün akvatoriyasında neft və qaz yataqları aşkar etmişlər. Bunlar hamısı neft sahəsində bizdən əvvəl fəaliyyət göstərən neftçilərin, alimlərin, geoloqların böyük xidmətləridir. Biz bu gün bunu minnətdarlıq hissi ilə yad etməliyik və keçmiş nəsillərə bütün bu xidmətlərinə görə daim minnətdarlığımızı bildirməliyik.

Azərbaycan beş il bundan əvvəl "Əsrin müqaviləsi"ni imzalayandan sonra başqa Xəzəryanı ölkələr də Xəzər dənizindəki öz sektorlarında, sahələrində neft və qaz yataqlarının işlənilməsinə başlayıblar. Beləliklə, Azərbaycan Xəzər dənizinin zəngin neft və qaz yataqlarını aşkar edib, Azərbaycan Xəzər dənizində neft və qaz hasilatının təmin olunmasında böyük rol oynayıbdır. Azərbaycan indi, XX əsrin sonunda, XXI əsrə gedərək Xəzər dənizinin bütün enerji sərvətlərindən, ehtiyatlarından təkcə Azərbaycan üçün yox, bütün dünya üçün, o cümlədən bütün Xəzəryanı dövlətlər üçün istifadə edilməsinin əsasını qoyubdur. Biz bu gün bununla fəxr edirik.

Bütün bunlara görə "Əsrin müqaviləsi" və bizim gördüyümüz işlər böyük tarixi əhəmiyyət kəsb edir. Bütün bunlara görə "Əsrin müqaviləsi" beynəlxalq əhəmiyyət kəsb edir. Bütün bunlara görə də beş il bundan əvvəl imzalanmış müqavilə məhz "Əsrin müqaviləsi" adlandırılıbdır.

Bu gün burada İlham Əliyevin məruzəsində, başqa çıxışlarda beş il müddətində görülən işlər haqqında ətraflı məlumat verildi. Artıq biz neft müqaviləsinin bəhrələrini gördük. Azərbaycan gəlirlər əldə edibdir. Artıq biz neft hasil edirik, neft ixrac edirik və neftin ixracı üçün iki neft kəməri yaratmışıq, əsas neft kəmərini də yaratmağa çalışırıq. Mən bu gün bəyan edirəm ki, Azərbaycan neftinin, Xəzər neftinin dünya bazarlarına çıxarılması üçün çox böyük əhəmiyyət daşıyan Bakı-Ceyhan neft kəməri tikilməlidir, istifadəyə verilməlidir.

Biz gələn illərdə, onilliklərdə "Əsrin müqaviləsi"nin və imzalanmış başqa müqavilələrin Azərbaycana nə qədər mənfəət verəcəyini və bu barədə konkret rəqəmlər gətirildi. "Əsrin müqaviləsi" imzalanarkən bəziləri bizə inanmırdı, ehtiyat edirdi, bəziləri təxribat edirdi. Hər halda onun imzalanma, həyata keçirilmə prosesi də Azərbaycan üçün çox çətin olubdur, çox ağır olubdur. Ancaq biz bütün sınaqlardan çıxdıq, bütün çətinlikləri aradan qaldırdıq, bizə göstərilən bütün müqavimətlərə sinə gərdik və verdiyimiz sözə əməl etdik, 1997-ci ildə ilkin nefti hasil etdik.

Məhz böyük dövlətlərin, böyük ölkələrin, onların neft şirkətlərinin müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimadın nəticəsində "Əsrin müqaviləsi" imzalanmışdır. Ondan sonra isə tərəfdaşlarımızla, Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan şirkətlərlə və başqa xarici şirkətlərlə bizim gördüyümüz işlər dünyaya bir daha sübut etdi ki, birincisi, Xəzər dənizi, onun Azərbaycan sektoru zəngin neft və qaz yataqlarına malikdir, ikincisi, Azərbaycan dövləti ilə uzunmüddətli, etibarlı iş görmək olar.

Bunların əsasını Azərbaycanda aparılan demokratik quruculuq prosesləri təşkil edir. Bunların əsasını Azərbaycanın bütün dünyaya açıq olması prinsipini təşkil edir. Bunların əsasını 1993-cü ildən sonra Azərbaycanda ardıcıl olaraq daxili ictimai-siyasi vəziyyətin normallaşdırılması və sabitləşdirilməsi təşkil edir. Məhz belə bir sabitlik şəraitində, Azərbaycanın bugünkü sabit, sərbəst yaşaması şəraitində dünya neft şirkətləri, böyük ölkələr, dövlətlər Azərbaycana etimad, etibar göstərib bizimlə əməkdaşlıq ediblər. Məhz buna görə də ötən üç ildə əlavə 18 müqavilə də imzalanıbdır. İndi dünyanın böyük neft şirkətləri ilə, 14 dövlətə, ölkəyə məxsus olan şirkətlərlə bizim 19 müqaviləmiz vardır. Sizə cəsarətlə deyə bilərəm ki, bunların hər biri "Əsrin müqaviləsi" kimi ardıcıl surətdə yerinə yetiriləcəkdir.

Bizim gördüyümüz işlər və gələcəkdə görəcəyimiz işlər həm Azərbaycanın bu günü üçündür, həm də Azərbaycanın gələcəyi üçündür. Biz öz ölkəmizi əbədi müstəqil, azad dövlət etmək istəyirik. Biz buna nail olmuşuq. Ancaq hələ müstəqilliyimizi, iqtisadi, siyasi müstəqilliyimizi təmin etmək üçün çox işlər görmək lazımdır.

Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycanın iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır. Bilirsiniz ki, iqtisadiyyatın başqa sahələrində də dəyərli nailiyyətlər əldə etmişik. Biz 1995-ci ildən əvvəlki illərdə baş vermiş iqtisadi tənəzzülün qarşısını aldıq. Azərbaycanın iqtisadiyyatı 1996-cı ildən inkişaf dövrü keçirir və ümumi daxili məhsul, sənaye, kənd təsərrüfatı məhsulu istehsalı ilbəil inkişaf edir, artır.

1994-cü ildə Azərbaycanda inflyasiya 1600 faiz təşkil edirdi. Biz 1997-ci ildə bunun qarşısını aldıq. İndi inflyasiya yoxdur, milli valyutamız manatın dəyəri artmışdır. Bunlar hamısı bizim vətəndaşlarımızın güzəranının yaxşılaşmasına kömək edibdir. Son 3-4 ildə vətəndaşlarımızın orta əmək haqqı 3 dəfə artıbdır. Bunlar hamısı azdır. Biz bununla qane ola bilmərik. Biz əldə olunan nailiyyətləri bu gün sadəcə, bir daha yada salmaq isəyirik.

Bu gün burada "Əsrin müqaviləsi"nin beş illiyini qeyd edərkən Azərbaycanın hər bir guşəsində bizi dinləyirlər. Düşünürəm ki, çadır şəhərciklərində yaşayan əziz soydaşlarımız, yerindən, yurdundan didərgin düşmüş, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın düşmüş soydaşlarımız da çadırlarda bizi dinləyirlər. Onlar bizə inanırlar, dözürlər, indi bizi dinləyərək düşünürlər ki, bunlar hamısı yaxşıdır, bəs biz nə vaxt öz yerimizə, torpaqlarımıza qayıdacağıq? Mən bu gün bəyan edirəm ki, bizim gördüyümüz bütün bu işlər Azərbaycanı bir dövlət kimi möhkəmləndirmək, gücləndirmək, Azərbaycanın iqtisadi potensialını artırmaq üçündür. Şübhəsiz ki, bunlar bütün başqa məsələlərin də həll olunmasına kömək edəcəkdir.

Mən bəyan edirəm ki, biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olacağıq, yerindən - yurdundan didərgin düşmüş soydaşlarımız öz doğma torpaqlarına, evlərinə qayıdacaq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır.

Beləliklə, Azərbaycan dövlətinin neft strategiyası artıq öz müsbət nəticələrini verib, dünyada tanınıb və XXI əsrdə Azərbaycanın müstəqil, azad inkişaf etməsinin əsasını təşkil edən amillərdən biridir.

Mən qeyd etdim ki, bizim gördüyümüz işlər gələcəyə yönəlibdir. Biz bu işlərin gözəl nəticələrini ilbəil əldə edəcəyik və xalqımız bunu hiss edəcəkdir. Ancaq bizim bugünkü nəsillərin borcu, o cümlədən Azərbaycan Prezidenti kimi mənim borcum ondan ibarətdir ki, Azərbaycanda dövlət quruculuğu o qədər möhkəmlənsin, Azərbaycan dövləti o qədər qüdrətlənsin ki, ölkəmiz daim müstəqil ola bilsin. Bizim borcumuz ondan ibarətdir ki, gələcək nəsillərin azad, sərbəst, firavan həyat yaratmasının əsasını qoyaq. Biz bunları edirik və "Əsrin müqaviləsi"ndən, digər müqavilələrdən əldə olunan böyük gəlirlər, sərvətlər Azərbaycan xalqının gələcək nəsillərinin firavan yaşaması üçün əsas yaradır. Bu, bizim onların qarşısında olan borcumuzun yerinə yetirilməsidir.

Azərbaycan sülhsevər dövlətdir. Azərbaycan həm ölkədə, həm bölgədə, həm də dünyada sülh istəyir. Ona görə də biz Qafqazda, dünyada sülh istəyirik. Əminəm ki, biz sülhə, əmin-amanlığa nail olacağıq. Hamımızın arzusu ondan ibarətdir ki, Azərbaycan bundan sonra da sülh, əmin-amanlıq, rahatlıq şəraitində yaşasın.

Mən Azərbaycan dövlətinə, xalqına, millətinə gələcək uğurlar arzulayıram. Tam əminəm ki, bizim bu gün gördüyümüz işlər Azərbaycanı günü-gündən irəliyə aparacaq, Azərbaycanın bayrağını yüksəldəcək, yüksəldəcək, yüksəldəcək!

"Azərbaycan" qəzeti, 21 sentyabr 1999-cu il.