Azərbaycan Prezidenti Heydər Əliyev, Rusiya Federasiyası Prezidentinin vəzifəsini icra edən Vladimir Putin, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Ermənistan Prezidenti Robert Koçaryan arasında keçirilən görüşdə söhbətdən - Moskva, Kreml, 25 yanvar 2000-ci il


Vladimir Putin:  Xoş gəlmisiniz. Bu görüşün keçirilməsinə razılıq verdiyinizə görə təşəkkürümü bildirirəm. Qafqaz bölgəsi xüsusi strateji əhəmiyyət daşıyır. Bu regionda sülhün, əmin-amanlığın bərpa edilməsi vacibdir. Qafqazın problemləri çoxdur, bu problemlərin aradan qaldırılması zəruridir. Buna görə də biz bu ölkələrin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına, bu respublikalarla qarşılıqlı surətdə faydalı əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirəcəyik.

Qafqazda sabitlik, sülh və əmin-amanlıq yaradılması Rusiya üçün də vacibdir. Bölgənin ölkələri arasında münasibətlər beynəlxalq prinsiplər və ən vacib amil - hər bir dövlətin ərazi bütövlüyünün tanınması prinsipi əsasında qurulmalı və inkişaf etdirilməlidir.

Heydər Əliyev:  Mən bu görüşümüzü yüksək qiymətləndirirəm. Cənubi Qafqaz ölkələri başçılarının və Rusiya Federasiyasının rəhbərinin iştirakı ilə keçirilən bu tədbir böyük əhəmiyyət daşıyır. Cənubi Qafqaz Müstəqil Dövlətlər Birliyində ən mürəkkəb və çox böyük əhəmiyyətə malik bir bölgədir. Lakin çox təəssüf ki, bu regionda hələ də münaqişələr davam edir. Şimali Qafqazda, Abxaziyada da münaqişələr davam edir. Lakin Ermənistan-Azərbaycan münaqişəsi ən uzunmüddətli münaqişədir. Mənim fikrimcə, bu regiona Rusiya tərəfindən xüsusi diqqət yetirilməlidir. Məlumdur ki, bu bölgə əsrlər boyu Rusiyanın və SSRİ-nin tərkibində olmuşdur, lakin regiona, onun problemlərinin həllinə lazımi diqqət və qayğı göstərilmir.

1996-cı ildə Kislovodskda keçirilmiş görüşdə qəbul olunmuş bəyannamə yaxşı bir təşəbbüs idi. Belə bir görüşün epizodik xarakter daşıması təəssüfləndirici haldır.

Qafqazdakı münaqişələrin həllinə Rusiyanın indiyə qədər lazımi diqqət yetirməməsi narahatlıq yaradır. Rusiya Cənubi Qafqazın problemlərinin aradan qaldırılmasında öz səylərini artırmalıdır. Qafqazda tam təhlükəsizlik şəraiti yaradılmalıdır. Bunun üçün isə ilk növbədə münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi tezliklə həll olunmalıdır. Hər bir müstəqil dövlətin ərazi bütövlüyünün tanınması xüsusi əhəmiyyət daşıyır. Qafqazda sabitlik və sülh yaradılması çox vacibdir.

Moskvada belə bir görüşün keçirilməsini bir daha yüksək qiymətləndirirəm. Bu görüş münaqişələr həll edildikdən sonar Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı surətdə faydalı əlaqələr üçün yaxşı zəmin yarada bilər.

Eduard Şevardnadze: Dörd ölkənin başçılarının belə bir görüşü keçirməsi çox mühümdür. 1996-cı ildə Kislovodskda keçirilmiş görüşü və orada qəbul olunmuş bəyannaməni mən də yüksək qiymətləndirirəm. Belə görüşlərin indən sonra da davam etdirilməsi zəruridir. Əgər Kislovodsk bəyannaməsində qaldırılan məsələlər vaxtında öz həllini tapsaydı, indi Qafqazda belə hadisələr baş verməzdi. Hər bir ölkənin ərazi bütövlüyünün tanınması çox vacibdir. Baş vermiş münaqişələrin tezliklə aradan qaldırılması üçün daha ciddi addımlar atılmasına ehtiyac vardır.

Robert Koçaryan: Mənim fikrimcə, bölgədə sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunması üçün bir çox məsələlərin həllinə konstruktiv mövqedən yanaşılmalı, hər bir ölkənin marağı nəzərə alınmalıdır.