Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfər zamanı Parisdə mətbuat konfransında bəyanatı - 21 dekabr 1993-cü il


Hörmətli xanımlar və cənablar, mən artıq üçüncü gündür ki, Fransada, Parisdəyəm. Mən səfərin gedişindən və nəticələrindən son dərəcə məmnunam və şadam ki, bu günlərdə Parisə, onun diqqətəlayiq yerlərinə, misilsiz memarlıq abidələrinə yenidən baxmaq, müasir Fransanın, müasir Parisin coşqun həyatı ilə tanış olmaq üçün kiçik də olsa, imkana malik oldum. Lakin başlıcası, əlbəttə, budur ki, bu müddət ərzində çox faydalı və səmərəli görüşlər keçirdim, danışıqlar apardım. Fransa prezidenti cənab Fransua Mitteran ilə görüşün, habelə onun yekunlarına əsasən imzalanmış müqavilənin - Fransa ilə Azərbaycan Respublikası arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilənin xüsusi əhəmiyyəti var.

Bu gün mən Fransanın xarici işlər naziri cənab Alen Jüppe ilə görüşdüm. Aramızda çox səmərəli söhbət oldu. Biz prezidentlə də, xarici işlər naziri ilə də Fransa ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi, bölgəmizdəki münaqişəli vəziyyətin aradan qaldırılması məsələlərini, xüsusən Ermənistan silahlı birləşmələrinin Azərbaycana təcavüzü və bununla əlaqədar Azərbaycan Respublikasının vəziyyəti ilə bağlı məsələləri müzakirə etdik. Biz razılığa gəldik ki, Fransa, o cümlədən prezident Fransua Mitteran cənabları və xarici işlər naziri cənab Alen Jüppe öz imkanlarından istifadə edərək, bu münaqişənin dinc vasitələrlə aradan qaldırılmasına kömək göstərəcəklər.

Biz Azərbaycana qarşı hərbi təcavüzün dayandırılması məsələsinin dincliklə həlli prinsipinə tərəfdarıq, lakin Ermənistan silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması, respublikanın sərhədlərinin, ərazi bütövlüyünün pozulmazlığı şərtilə. Bununla bərabər, biz Dağlıq Qarabağ məsələsinə baxılmasının labüdlüyündən yayınmırıq. Qeyd etmək çox vacibdir ki, həm Fransa prezidenti, həm də xarici işlər naziri sərhədlərin pozulmazlığı, zorakılığın və hərbi yolla özgə ərazilərinin işğalının yolverilməzliyi, hər bir dövlətin, o cümlədən də Azərbaycan Respublikasının ərazi bütövlüyünün gözlənilməsi barədə beynəlxalq prinsipləri bir daha təsdiq etmişlər.

Bu gün mən Fransanın işgüzar aləminin nümayəndələri ilə görüşdüm. Mən onlara, habelə bu ölkənin prezidentinə də, xarici işlər nazirinə də bildirdim ki, bütün sahələrdə, ən əvvəl iqtisadiyyat, ticarət, elm, texnika, mədəniyyət sahələrində qarşılıqlı surətdə faydalı əməkdaşlıq işində Azərbaycan bütün dünya üçün, o cümlədən də Fransa üçün açıqdır. Əslinə qalsa, bu, dünən imzaladığımız müqavilədə qeyd edilmişdir. Mən işgüzar aləmin nümayəndələri ilə görüşdə Azərbaycanın iqtisadi potensialı, respublikanın təbii sərvətləri, onun sənaye potensialı barəsində ətraflı məlumat verdim. Bunlar Fransa ilə əməkdaşlıq üçün, Azərbaycan iqtisadiyyatına Fransanın qarşılıqlı surətdə faydalı əsasda investisiya qoyması üçün imkan yaradır.

Bu gün mən Diplomatiya Akademiyasında görüş keçirdim, dünən diplomatik mətbuatın nümayəndələri ilə görüşdüm. Mən bu görüşlərə böyük əhəmiyyət verirəm, çünki onlar mənə Azərbaycan, onun müasir vəziyyəti, Azərbaycan dövləti və cəmiyyətinin gələcək inkişaf yolları haqqında, respublikanın necə ağır vəziyyətdə olduğu barədə Fransa ictimaiyyətini məlumatlandırmağa imkan verdi.

Mən burada olarkən daha çox yəqin etdim ki, Azərbaycan ilə Fransa arasında əlaqələr son dərəcə zəif olmuşdur, Fransada Azərbaycan barəsində məlumat olduqca azdır. Bəzən qeyri-obyektiv məlumat ölkəmiz, Azərbaycan dövlətinin tədbirləri barədə yalan-yanlış təsəvvür yaradır. Buna görə də hesab edirəm ki, Fransaya səfər iki ölkənin rəhbərləri arasında sıx qarşılıqlı əlaqələr, ikitərəfli münasibətlərin gələcək inkişafı üçün bünövrə yaratmaqla yanaşı, Fransada Azərbaycanın daha yaxşı təsəvvür olunması mənasında böyük əhəmiyyətə malikdir. Mən belə düşünmürəm ki, bu günlər ərzində biz bunu etməyə müvəffəq olduq. Lakin özümüz üçün çox zəruri saydığımız bu işin görünür, bünövrəsini qoya bildik.

Bu gün, sabah görüşlər keçiriləcəkdir. Məsələn, sabah mən Fransa senatının sədri ilə görüşəcəyəm. Sonra biz Vətənə dönəcəyik. Lakin əminəm ki, bu günlər ərzində burada gördüyümüz bütün işlər öz nəticələrini verəcəkdir. Biz Azərbaycan ilə Fransa arasında çoxsahəli əməkdaşlığın inkişafı üçün, Azərbaycanın Fransada daha yaxşı təmsil olunması üçün indi yaradılmış imkanlardan maksimum səmərə ilə istifadə olunmasından ötrü gələcəkdə də hər şey edəcəyik.

Sual: Cənab prezident, siz həmin adamsınız ki, ölkənizdə hakimiyyətə Azərbaycan ilə Qarabağ arasında münaqişə beş ildən bəri davam etdiyi bir vaxtda gəlmişsiniz, siz həmçinin həmin adamsınız ki, bütün əlaqədar tərəflərlə, o cümlədən də Dağlıq Qarabağdakı tərəflərlə dialoqa razılıq vermişsiniz. Sentyabrda Sizin Ter-Petrosyanla görüşünüz oldu. Bəzi erməni siyasi xadimlər öz aramızda mənə demişdilər ki, onlar Ter-Petrosyanla bu görüşü alqışlayırlar. Onlar mənə həmçinin demişdilər ki, müharibə iki aydan sonra qurtaracaq. Onların dediyinə görə, bu, həm iqtisadi səbəblərə, həm də siyasi səbəblərə görə baş verəcəkdir. Çünki müharibəyə məruz qalan hər hansı ölkə iqtisadi baxımdan zillət çəkir və sosial böhran keçirir. Sülh müqaviləsinin imzalanması Azərbaycanın xeyrinə idi. Lakin sizin Ter-Petrosyanla oktyabrda keçirməli olan görüşünüz Moskvada qiyamdan sonra təxirə salındı. İndi elə təsəvvür yaranır ki, Ermənistanın siyasi hakimiyyət dairələri tərəfindən nikbinlik görünmür. Bilmək istərdim, siz hesab edirsinizmi ki, hazırda sülh müqaviləsinin imzalanması Azərbaycanın daha xeyrinə deyildir?

Heydər Əliyev: Mən sualın axırıncı hissəsi ilə razı deyiləm. Çünki Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüş təxirə salınmayıb. Mən dialoqun tərəfdarı olmuşam. Mən Azərbaycan ilə Dağlıq Qarabağdakı hakim qüvvələr arasında əlaqə və dialoq yaradılmasına həqiqətən qol qoymuşam. Sentyabrda prezident Levon Ter-Petrosyanla görüşmüşəm və onunla sonralar da görüşməyə hazır idim. Lakin bu görüş məndən asılı olmayan səbəblərə görə baş tutmadı, bu bir yana, oktyabrda Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü daha geniş miqyas aldı. Erməni silahlı birləşmələri Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına hücuma keçdi, onları işğal etdilər. Bu hücumlar zamanı mənim Levon Ter-Petrosyanla bir neçə dəfə telefon söhbətim oldu. O, hücumun dayandırılmasını vəd etdi. Lakin onun vədləri vəd olaraq qaldı. Bilmirəm, ya ona görə ki, bunu edə bilmədi, ya da bunun hansısa digər səbəbləri var idi. Buna görə də dialoqumuz davam edir.

Mən həmin mövqelərdən çəkilməmişəm. Amma danışıqlar aparılarkən, atəşin dayandırılması haqqında Azərbaycan ilə Dağlıq Qarabağ arasında saziş imzalandıqdan sonra növbəti hücum başlandı və bu hücum Zəngilan rayonunun işğalı ilə başa çatdı. Bu rayonun sakinləri qışın bu çağında Araz çayını üzə-üzə keçib İran ərazisinə addamalı oldular. Təsəvvür edirsinizmi, Zəngilan rayonunun təxminən 60 min əhalisi Arazdan keçib İrana addamış, onun ərazisindən keçərək Azərbaycana qayıtmış və indi respublikanın müxtəlif rayonlarındadır. Onların əksəriyyəti çadırlarda yaşayır. Gərək belə olmayaydı. Buna görə də mən həmin mövqelərdən geri çəkilmədim. Lakin, təkrar edirəm, biz atəşin dayandırılması haqqında danışıqlar apararkən və saziş artıq əldə edildikdən sonra yeni hücumlar başlandı. Bu hücumlar vəziyyəti, əlbəttə, çətinləşdirdi.

Sual: İcazə verin, özümü təqdim edim: universitetin tarix fakültəsinin keçmiş aspirantı, indi Sorbonna Universitetinin aspirantı Abil Kərimov. Mən sizə iki sual vermək istərdim. Birinci sual siyasi xarakterlidir. Azərbaycanın Fransada indiyədək siyasi nümayəndəliyi yoxdur ki, Azərbaycan Respublikasının mənafelərinə qarşı yönəldilmiş iddiaların qarşısı alınsın. Odur ki, əməli tədbirlər görülməsi, xüsusən Fransada siyasi nümayəndəliyimizin açılması yaxşı olardı. Bu məsələlər sizin cənab Mitteran ilə görüşünüz zamanı müzakirə edildimi? İkinci sual - bu, mədəni xarakterlidir. Mən bilən, siz Fransa Respublikası ilə mədəni əlaqələr, mədəniyyət sahəsində mübadilələr haqqında da müqavilə imzalamısınız. Məni tələbə mübadilələri ilə bağlı məsələ maraqlandırır. Bu mübadilələr nə dərəcədə əməli surətdə həyata keçiriləcək? Çünki, mənə məlum olduğu kimi, mən Azərbaycandan yeganə tələbəyəm ki, Fransa hökumətinin təqaüdünə layiq görülmüşəm. Mən ötən il müsahibədən keçdim, burada, Fransada ikinci ildir qalıram və ölkəmizlə, demək olar, heç bir əlaqəm yoxdur. Hazırda "Azərbaycan 18-20-ci illərdə müharibədən sonrakı dinc nizamasalma sistemində" mövzusunda dissertasiya üzərində işləyirəm.

Heydər Əliyev: Azərbaycanın Fransada səfirliyinin açılması məsələsi həll edilmiş məsələdir. Azərbaycanda Fransanın səfirliyi fəaliyyət göstərir. Burada, Parisdə də səfirlik fəaliyyət göstərməlidir, lakin qarşılıqlı əsasda. Bu, artıq bizim nöqsanımızdır ki, səfirlik indiyədək açılmayıb. Belə düşünürəm ki, bu məsələ yaxın vaxtlarda həll ediləcəkdir. Odur ki, bunu Fransa prezidenti ilə müzakirə etməyə lüzum yox idi. O ki qaldı mədəni mübadiləyə, tələbə mübadilələrinə, bəli, biz iqtisadi, elmi-texniki, mədəni əməkdaşlıq haqqında müqavilə imzalamışıq. Müqavilədə, əlbəttə, tələbə mübadilələri də nəzərdə tutulur. Zənnimcə, bu müqavilə əsasında müvafiq nazirliklərimiz və baş idarələrimiz həmin məsələlərlə yaxından məşğul olacaqlar. İndiyədək belə müqavilə yox idi. Görünür, bu səbəbdən də onlarla məşğul olmağa imkan yox idi. Səfirlik açıldıqdan sonra və biz müqavilənin müddəalarını həyata keçirməyə başladıqda bu məsələlər həll ediləcəkdir.

Sual: "İzvestiya" qəzeti. Cənab prezident, siz Rusiyanı çox gözəl tanıyırsınız, xüsusən də əvvəlki fəaliyyətinizdən, buna görə də məni Rusiyada bu yaxınlarda keçirilmiş seçkilərin nəticələri, Jirinovskinin müvəffəqiyyəti barədə sizin təhlil və fikriniz maraqlandırır. Bu seçkilərin nəticəsi Rusiya ilə Azərbaycan arasında münasibətlərə təsir göstəribmi? Siz bu seçkilərin nəticələrindən hansısa bir dərs almısınızmı, Azərbaycanın siyasi meydanında elə siyasi xadimlər varmı ki, onlar nədəsə öz baxışlarında Jirinovskinin baxışlarına yaxın olsunlar? Sağ olun.

Heydər Əliyev: Mən indi Rusiyada seçkilərin yekunlarını qiymətləndirmək və ya bu yekunları təhlil etmək istəməzdim, çünki hələ Rusiyanın özü onları təhlil etməli və buna qiymət verməlidir. O ki qaldı bu seçkilərdən sonra Azərbaycan ilə Rusiya arasında münasibətlərin dəyişib-dəyişməməsi sualına, mən ona belə cavab verirəm: Xeyr, dəyişməmişdir, münasibətlər əvvəlki səviyyədə qalır. İndi isə Azərbaycanda öz baxışlarına görə Rusiya Liberal-Demokrat Partiyası liderinin baxışları ilə yaxın olan şəxslərin olub-olmaması sualı barədə. Hazırda Azərbaycanda 40-dək partiya qeydə alınmışdır. Çoxlarının baxışları mənə məlum deyildir. Buna görə də belə şəxslərin olub-olmadığını deyə bilmərəm. Bu barədə danışmaq mənim üçün çətindir.

Sual: Cənab prezident, mən Parisdə insan hüquqlarının və azərbaycanlıların müdafiəsi üzrə Azərbaycan təşkilatını təmsil edirəm. Sizə dörd sualım var. Cənab prezident, siz xaricdə yaşayan azərbaycanlılar barəsində düşünübsünüzmü, onlara Azərbaycan vətəndaşlığı verilməsinin mümkünlüyü barədə fikirləşibsinizmi? İkinci sual - siz bilirsiniz ki, Dağlıq Qarabağda bütün vəziyyət Fransada daim müzakirə edilir, lakin gecə-gündüz erməni təbliğatı aparılır, bizim verilişlərin səsi isə batırılır. Buna görə də bilmək istərdim, siz prezident Mitteranla görüşərkən bu verilişlərin səsinin batırılması məsələsini xatırlatdınızmı? Üçüncüsü, siz rusca danışırsınız...

Heydər Əliyev: Mən axırıncı sualınıza dərhal cavab verəcəyəm, nə üçün rusca danışıram. Bizim doğrudan da gözəl dilimiz var və mən Azərbaycan dilini sevirəm. Bu, Azərbaycanın dövlət dilidir, ölkədə mən yalnız Azərbaycan dilində çıxış edir və danışıram. Lakin burada, Fransada, əvvəla, görüşdüyüm adamlar arasında, hiss etdiyim kimi, rus dilini bilən çoxlu adam var. Deməli, onlar məndən informasiyanı artıq bilavasitə alırlar. İkincisi, cənab Mitteranın tərcüməçisi ancaq fransız dilindən rus dilinə və rus dilindən fransız dilinə tərcümə edir. Buna görə də mən burada mövcud olan qaydanı pozmaq istəmədim. Bundan əlavə, ingilis, fransız dilləri kimi, rus dili də dünyada tanınmış dillərdən biridir. Bax, elə indi qəşəng xanım fransız dilində çıxış etdi, mən də ondan soruşa bilərdim ki, o, mənə nə üçün azərbaycanca müraciət etmədi.

İndi də ikinci suala - Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlılar barəsində suala cavab verim. Məsələ burasındadır ki, ölkənin hüdudlarından kənarda yaşayan azərbaycanlılar az deyildir. Onların çoxu hazırda müstəqil dövlət olan Azərbaycanın ərazisində ümumiyyətlə heç vaxt yaşamayıb. Buna baxmayaraq, ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı əgər Azərbaycan vətəndaşlığı almaq istəyirsə, zənnimcə, burada heç bir maneə olmayacaqdır.

Dağlıq Qarabağla əlaqədar ermənilərin tərəfdarlarının burada olduqca çoxlu veriliş apardıqları, azərbaycanlıların aparmaq istədikləri verilişlərin səsinin batırılması barədə suala gəlincə, bu, elə məsələ deyildir ki, mən onu cənab Mitteranla müzakirə etməliydim. Məlumdur ki, Fransada azərbaycanlılar olduqca azdır, ermənilər çoxdur, özü də onların bir çoxu biznesdə də, dövlət orqanlarında da, kütləvi informasiya vasitələrində də kifayət qədər sanballı vəzifə tuturlar. Görünür, ermənilər bu vəziyyətdən istifadə edirlər. Odur ki, Fransada yaşayan azərbaycanlılar Fransanın ictimai-siyasi həyatında daha böyük təsir göstərməlidirlər. Belə olarsa, azərbaycanlıların burada verilişlərinin səsi batırılmaz. Mən bu verilişlərin aparılmasına hər vasitə ilə kömək edəcəyəm.

Azərbaycan qaçqınlarına göndərmək istədiyiniz humanitar yardım barəsində mən xarici işlər nazirinə göstəriş vermişəm. Bu gün ona bir daha xatırlatmışam ki, o, sizinlə hökmən əlaqə saxlasın və siz bu yardımı göndərə biləsiniz.

Bu gün mən xarici iqtisadi əlaqələr naziri ilə görüşməliyəm. Diqqətinizə görə təşəkkür edirəm. Belə düşünürəm ki, əlaqələrimiz davam edəcəkdir. Mətbuat işçilərinə hörmətimi bildirir və ümidvaram ki, milliyyətindən asılı olmayaraq, onlar obyektiv informasiya verəcəklər. Çox sağ olun.