Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ərəb Ölkələri Cəmiyyətinin Baş katibi İsmət Əbdül Məcid ilə görüşdəki söhbətindən - Tehran, 10 dekabr 1997-ci il


İsmət Əbdül Məcid: Azərbaycan prezidenti, görkəmli dövlət xadimi cənab Heydər Əliyevi səmimiyyətlə salamlayıram və onunla görüşdən şərəf duyduğumu bildirirəm. Son illər Azərbaycanın dövlət quruculuğunda və islahatlar aparılması sahəsində əldə etdiyi uğurları diqqətlə izləyir və bundan məmnun qalıram.

Heydər Əliyev: Səmimi sözlərə görə təşəkkür edirəm və nəzərə çarpdırıram ki, Azərbaycan ilə Ərəb Ölkələri Cəmiyyəti arasında sıx əlaqələr qurulması vacibdir.

Bildirirəm ki, Azərbaycan 1988-ci ildən bəri Ermənistan silahlı qüvvələrinin təcavüzünə məruz qalır, bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuşdur, 1 milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq çadırlarda ağır şəraitdə yaşayırlar. Vurğulayıram ki, islam ölkələrinin və cəmiyyətlərinin bu münaqişəyə sülh yolu ilə son qoyulması üçün Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etmələrinə ehtiyac vardır.

Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin irəli sürdüyü son təkliflər ümidləri artırmışdır. Biz müstəqil ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, qaçqınların doğma yurdlarına qayıtması üçün beynəlxalq təşkilatların, Dünya Birliyinin və nüfuzlu dövlətlərin səylərinə ümid bəsləyirik. Əmin olduğumu bildirirəm ki, dünyanın bütün sülhsevər qüvvələrinin dəstəyi sayəsində biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına nail olacağıq.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2004, XIII cild, səh.355-356.