Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Şri-Lanka Demokratik Sosialist Respublikası, Zambiya Respublikası, Qana Respublikası, Avstriya Respublikası və Polşa Respublikası fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimində çıxışı - Prezident Sarayı, 21 may 1996-cı il


Hörmətli səfirlər!

Şri Lanka dövlətinin hörmətli fövqəladə və səlahiyyətli səfiri, Zambiya dövlətinin hörmətli fövqəladə və səlahiyyətli səfiri, Qana dövlətinin hörmətli fövqəladə və səlahiyyətli səfiri, Avstriya dövlətinin hörmətli fövqəladə və səlahiyyətli səfiri, Polşa dövlətinin hörmətli fövqəladə və səlahiyyətli səfiri!

Azərbaycan Respublikasının həyatında bu gün əlamətdar bir hadisədir: diplomatik əlaqələrdə olduğumuz beş dövlətin fövqəladə və səlahiyyətli səfirləri ölkəmizdə işə başlayırlar. Bu münasibətlə öz etimadnamələrini mənə təqdim etdilər. Mən sizin etimadnamələrinizi məmnuniyyətlə qəbul edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, siz öz dövlətlərinizi Azərbaycanda təmsil edərək, bu yüksək vəzifəni şərəflə yerinə yetirəcəksiniz. Bu yüksək vəzifələrə təyin olunmağınız münasibətilə mən hər birinizi ürəkdən təbrik edirəm və bu vəzifələri həyata keçirməkdə sizə uğurlar arzulayıram.

Sizin ölkələriniz müstəqil Azərbaycan Respublikası üçün çox böyük maraq doğurur. Azərbaycan ilə sizin ölkələriniz arasında əlaqələrin bundan sonra da inkişaf etməsində biz çox maraqlıyıq və buna böyük əhəmiyyət veririk. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu yüksək vəzifələrdə siz öz ölkələriniz ilə Azərbaycan arasında olan əlaqələrin bundan sonra da inkişaf etməsinə sədaqətlə xidmət edəcəksiniz, bu əlaqələrin daha da yüksəklərə qalxmasına çalışacaqsınız. Əmin ola bilərsiniz ki, Azərbaycanın bütün orqanları tərəfindən, şəxsən mənim tərəfimdən sizin hər birinizin respublikamızda öz ölkənizi təmsil etməsi və üzərinizə düşən səfir vəzifələrini layiqincə yerinə yetirməsi üçün bütün imkanlar yaradılacaq, biz bu sahədə sizə əlimizdən gələn köməyi edəcəyik.

Biz, müstəqil Azərbaycan Respublikası, dünyanın bütün ölkələri ilə ikitərəfli, qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa çalışırıq, bu əlaqələri özümüz üçün əsas vəzifələrdən biri hesab edirik. Ona görə də sizin ölkələrinizlə əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi üçün öz tərəfimizdən lazım olan tədbirlərin həyata keçirilməsini təmin edəcəyik.

Asiya qitəsinin cənubunda olan Şri Lanka ölkəsinin tarixi bizə yaxşı məlumdur. Bu ölkəyə Azərbaycanda həmişə çox maraq göstərilibdir. İndi, bizim diplomatik əlaqələrimiz yarandığı və Şri Lankanın Azərbaycana təyin olunmuş səfiri işə başladığı zaman bu əlaqələrimiz daha da inkişaf edəcəkdır. Mən buna əminəm.

Afrika qitəsinin mərkəzində yerləşmiş Zambiya və Qana dövlətləri də Azərbaycana çox tanışdırlar. Sizin xalqlarınızın milli azadlıq, dövlət müstəqilliyi uğrunda apardığı mübarizələr tarixini də biz yaxşı bilirik. İndi müstəqil dövlətlər kimi həm Zambiya, həm də Qana Dünya Birliyinə daxildirlər və özləri öz talelərinin sahibi olaraq həyatlarını qururlar. Sizin ölkələrinizlə Azərbaycan arasında olan əlaqələrin bundan sonra da inkişaf etməsi üçün çox böyük imkanlar var. Biz çalışacağıq ki, bu imkanlardan səmərəli istifadə edək.

Avropanın mərkəzində yerləşən Avstriya Azərbaycanda çox yaxşı tanınır. Avstriyanın böyük tarixi, onun dünyada məşhur olan ənənələri, dünya sivilizasiyasına Avstriyanın verdiyi töhfələr ümumbəşəri dəyərləri zənginləşdirmiş töhfələrdir. Bunlar hamısı Azərbaycan xalqına yaxşı məlumdur. Avstriya ilə Azərbaycan arasında diplomatik əlaqələr artıq var. Biz Avstriyanın ikinci səfirini qəbul edirik. Mən çox məmnun olduğumu bildirmək istəyirəm ki, bu əlaqələr bundan sonra da inkişaf edəcəkdir.

Şərqi Avropada yerləşən Polşa bizim üçün daha da yaxındır, tanışdır. Çünki XX əsrin bir hissəsində - Azərbaycan Sovetlər İttifaqının tərkibində olarkən biz Polşa ilə eyni sistemdə yaşamışıq. İndi eyni keçid dövrünü keçiririk, ona görə də mövcud problemlərimizin bir-birinə çox bənzərliyi, oxşarlığı var. Öz vəziyyətimizi bildiyimizə görə Polşanın indiki vəziyyətini daha da dərindən dərk edirik. Polşa ilə Azərbaycanın əməkdaşlığı və keçid dövründə əldə olunan təcrübələrdən istifadə etmək, yəni bu barədə mübadilə aparmaq bizim üçün çox əhəmiyyətlidir. Ona görə də Polşa ilə Azərbaycan arasında diplomatik əlaqələrin bərqərar olması, Polşanın Azərbaycana fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi çox əlamətdar bir hadisədir. Güman edirəm ki, bu hadisə ölkələrimiz arasındakı əlaqələri daha da inkişaf etdirəcəkdir.

Cənab səfirlər, Azərbaycana səfir təyin olunmağınız münasibətilə sizin hər birinizi bir daha təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Sağ olun.