Heydər Əliyevin şərəfinə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin adından rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 22 mart 2000-ci il


Əziz Eduard Amvrosiyeviç!

Hörmətli dostlar, xanımlar və cənablar!

Qonaqpərvərliyə görə, mehriban dostluq hisslərinə görə, bu gözəl qəbula görə və Gürcüstan torpağında bizə bağışladığınız gözəl bayrama görə sizin hamınıza bir daha və yenidən təşəkkür etmək istəyirəm.

Hələ gənclik, hətta yeniyetmə yaşlarımda Gürcüstana gələrkən Tbilisidə olmağıma həmişə sevinirdim. Axı, mən Naxçıvanda doğulmuşam və boya-başa çatmışam. Siz bunu bilirsiniz. O vaxtlar, 1941-42-ci illərədək Naxçıvana birbaşa dəmir yolu yox idi. Buna görə də Bakıya gəlib çıxmaq üçün biz çar Nikolayın əsrin əvvəllərində Bakıdan Tbilisi və Yerevan vasitəsilə Naxçıvana, oradan da Culfaya, İran sərhədinədək çəkdirdiyi dəmir yolu ilə qatarda üç gün səyahət etməli olurduq.

Qatarla gedirdik, təbii ki, əvvəlcə atamla, sonralar isə tək gedirdim. Tbilisidə Naxçıvan-Tbilisi qatarından düşüb Tbilisi-Bakı qatarına minmək lazım gəlirdi. Bu qatarların hərəkəti arasında 12 saat vaxt fərqi vardı. Qatar Tbilisiyə çatanda mən bundan istifadə edərək, dərhal ondan düşür, Tbilisini gəzib dolaşır və ona heyran qalırdım. Axı, o vaxtlar mən Bakıda deyil, Naxçıvanda yaşayırdım, fərq böyük idi - mən valeh olur və sevinirdim.

Bəzən, bilet tapa bilməyəndə isə mən Tbilisi vağzalında gecələməli olurdum. Bir neçə dəfə belə olmuşdur. Mən vağzaldakı skamyalarım üstündə yatırdım. Bəlkə başqaları da nə vaxtsa, haradasa belə etmişdir, mən isə bunu ancaq Tbilisidə etməli olurdum.

Amma mən bundan da ləzzət alırdım. O vaxtlar gürcü dili mənə çox da tanış deyildi və ona görə də diqqətlə qulaq asırdım ki, görüm gürcücə necə danışırlar. Bu, elə xoşuma gəlirdi ki, mən də gürcücə danışmaq istəyirdim. Yəni azərbaycanlıların Gürcüstana böyük səmimiyyəti və hətta məhəbbəti həmişə - keçmiş zamanlarda, keçmiş əsrlərdə də olmuşdur. Bu, görünür, xalqımızın genlərində var.

Bilirsiniz ki, Tbilisidə görkəmli azərbaycanlılar yaşayıb-yaratmışlar. Özü də, Tbilisi, Gürcüstan onlar üçün vətən olmuşdur. Doğrudur, onların bəziləri burada doğulmuş və boya-başa çatmışlar. Bəziləri isə buraya gələrək, burada fəaliyyət göstərmişlər. Axı, o vaxtlar Tbilisi Cənubi Qafqazın paytaxtı idi. Çar imperiyası ölkələrimizi quberniyalara və qəzalara bölmüşdü, amma çar canişini Tbilisidə otururdu. Buna görə də, - həm də təkcə buna görə yox, - Tbilisi nəinki Qafqazda, Rusiyada da hamını cəlb edirdi. Mənim həmyerlim, yeri gəlmişkən, görkəmli insan - yazıçı, publisist, filosof - Cəlil Məmmədquluzadə Naxçıvan kəndlərindən birində doğulsa da, Qori gimnaziyasını bitirdikdən sonra ömrünün xeyli hissəsini Tbilisidə yaşamışdır. O, əsrin əvvəllərində bütün müsəlman şərqində - Azərbaycanda, İranda, Türkiyədə, Mərkəzi Asiyada çox böyük şöhrət qazanmış "Molla Nəsrəddin" jurnalını məhz burada nəşr etməyə başlamışdı.

İndi "Molla Nəsrəddin" jurnalına baxarkən düşünürsən - ilahi, biz demokratiyadan, azadlıqdan danışırıq. Halbuki bunların hamısı jurnalda olmuşdur. Orada necə karikaturalar var idi! Yeri gəlmişkən, bu karikaturaları çox məşhur Azərbaycan rəssamı Əzim Əzimzadə çəkirdi. O, bizim Azərbaycan xalqının nümayəndələri sırasından olan ayrı-ayrı tiplərin elə karikaturalarını çəkirdi ki, indi onlara baxdıqda heyran olursan.

Yəni, demək istəyirəm ki, Tbilisi bizim üçün həmişə sevimli şəhər, Gürcüstan isə sevimli ölkə olmuşdur. Buna görə də buraya hər bir gəlişim mənim üçün və hesab edirəm ki, məni müşayiət edənlər üçün də böyük sevincdir. Buraya gəldiyimiz andan əhatə olunduğumuz şərait isə bu sevinci qat-qat artırır, heyranlıq doğurur.

Doğrudur, gecədən keçmişdir. Belə vaxtda həkimlər adətən deyirlər ki, indi kefir içib yatmaq lazımdır. Amma biz sizinlə belə bir gözəl məclisdəyik. Yəni demək istəyirəm ki, mən 50 il əvvəl Tbilisiyə gələndə də sevinirdim, bu gün prezident, Azərbaycan dövlətinin başçısı kimi də sevinirəm ki, bu gözəl torpaqda və dostların əhatəsindəyəm, ən başlıcası isə, dostum və qardaşım Eduard Amvrosiyeviç Şevardnadze ilə birlikdəyəm.

Bu gün biz böyük iş gördük. Hesab edirəm ki, Paliaşvili adına Opera teatrında yaxşı görüşümüz oldu. Bu, Azərbaycan və gürcü xalqları arasında dostluq gecəsidir, Şevardnadze ilə Əliyev arasında dostluq gecəsidir. Bu gecə bir daha və yenidən təsdiq edir ki biz əbədi dostlarıq, azad xalqlar, müstəqil dövlətlər kimi bundan sonra da inamla, bir-birimizi dəstəkləyərək bu yolla gedəcəyik.

Elə bugünkü söhbətlərimizin də məzmunu qarşılıqlı anlaşmadan, qarşılıqlı dəstəkdən və bir-birimizə dərin hörmətdən ibarət oldu. Mən burada Azərbaycana, Azərbaycan xalqına çox böyük hörmət hiss etdim. Eduard Amvrosiyeviç Azərbaycan haqqında, dostluğumuz haqqında və mənim haqqımda olduqca çox səmimi sözlər söylədi. Eduard Amvrosiyeviç, dediyiniz bu sözlərə görə sizə çox minnətdaram. Sizin şəxsən mənə bəslədiyiniz daxili hissləriniz baxımından ola bilsin ki, müəyyən qədər ifrata vardınız. Amma hər halda bütün bunların xalqlarımız üçün böyük əhəmiyyəti var. Xalqlarımız artıq cavan olmayan iki insanın necə dostluq etdiyini, - onlar bir il deyil, on il deyil, onilliklərlə dostluq edirlər və biz hələ çox illər dostluq edəcəyik, - görməli və bilməlidirlər.

Bir sözlə, Eduard Amvrosiyeviçlə biz böyük həyat yolu keçmişik və qarşımızda hələ böyük bir yol durur. Çünki tarix gürcü və Azərbaycan xalqlarının taleyi üçün üzərimizə məsuliyyət, tarixi məsuliyyət qoymuşdur. Odur ki, biz, böyük həyat təcrübəsi olan insanlar bunun nə demək olduğunu başa düşürük, məsuliyyətin nə demək olduğunu bilirik. Biz, bu etimada layiqli olmaq üçün hər şey edəcəyik.

Bu gün dediyim kimi, Gürcüstan üçün çox böyük işlər görmüş Eduard Amvrosiyeviç indiyədək etdiklərindən də çox etmək imkanına malikdir. Mən buna inanıram.

Siz öz prezidentinizi, öz liderinizi tanıyırsınız. Onu mən də tanıyıram. Ola bilsin ki, sizin çoxunuzdan yaxşı tanıyıram. Çünki biz xaraktercə bir-birimizə çox yaxınıq, hər ikimiz öz həyatımızı xalqımıza həsr etmişik. Buna görə mən onu tanıyıram. Onun necə saf qəlbli insan, necə məsuliyyətli insan olduğunu, necə çox işlədiyini bilirəm. Bilirəm ki, ən gənc yaşlarından başlayaraq onun bütün həyatı öz xalqına xidmətə həsr edilmişdir.

Səmimi qəbula görə, dostluğa görə biz daha təşəkkür edirəm və gürcü xalqına xoşbəxt gələcək arzulamaq istəyirəm.

Eduard Amvrosiyeviç dedi ki, bəli, biz - gürcü xalqı da, Azərbaycan xalqı da keçmişdə çox şey itirmişik. Bu itkilər artıq tarixdə qalmışdır. Biz irəliyə, gələcəyə baxmalıyıq. Bu gün məruz qaldığımız bütün çətinliklərə baxmayaraq, gürcü xalqının da, Azərbaycan xalqının da gələcəyi işıqlıdır, gözəldir. Bunun əsasını bizim azadlığımız, müstəqilliyimiz və öz taleyimizin sahibi olmağımız təşkil edir. Öz torpağının, öz taleyinin tam hüquqlu sahibi olan gürcü xalqı, təbii ki, öz ölkəsini gözəl diyara çevirməyə qadirdir. Belə də olacaqdır.

Bu, dostum Eduard Amvrosiyeviç Şevardnadzenin səyləri sayəsində olacaqdır. Əminəm ki, o hələ bir çox illər işləyərək, Gürcüstanı ən yüksək səviyyəyə qaldıracaq, ölkəni irəliləyə biləcəyi yola çıxaracaqdır.

Eduard Amvrosiyeviç, mən bu gün demişəm və bir daha deyirəm. Aprelin 9-da seçkilərdir. Doğrudur, bu, böyük sınaqdır. Lakin mən qəti əminəm ki, xalq müdrikdir, xalq bilir, xalq qiymətləndirir. Gürcüstanın parçalandığı və dağıldığı hərc-mərclik dövründə sizə məhz xalq müraciət etdi. Halbuki burada, ilahi, nə qədər siyasi xadim vardı, amma xalq məhz sizə müraciət etdi, çünki Gürcüstanda sizin tayınız-bərabəriniz yoxdur, hər halda son 50 ildə. Buna görə də xalq sizə müraciət etdi, çünki bilirdi ki, siz onu hərc-mərclikdən çıxaracaqsınız. Çıxardınız da.

Bilirəm ki, sizin təcrübəniz, beynəlxalq aləmdə nüfuzunuz, biliyiniz, ən başlıcası isə, öz vətəninizə, öz torpağınıza, öz xalqınıza sədaqətiniz sizə bu tarixi vəzifəni yerinə yetirməyə imkan vermişdir. Siz onu yerinə yetirmisiniz. Buna görə də xalq sizə minnətdar olmalıdır. Əminəm ki, bu minnətdarlıq aprelin 9-da Gürcüstan prezidenti seçkiləri zamanı ifadə ediləcək və Eduard Şevardnadze prezident seçiləcəkdir. Biz hamımız onu təbrik edəcəyik və əlbəttə, mən andiçmə mərasiminə gələcəyəm.

Eduard Amvrosiyeviç, sizin sağlığınıza!

Əziz dostlar, sizin sağlığınıza!

Gürcü xalqının sağlığına!

Gürcü və Azərbaycan xalqlarının qardaşcasına dostluğu şərəfinə!

Sağ olun!

"Azərbaycan" qəzeti, 23 mart 2000-ci il