1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında Azərbaycan Prezidenti, komissiyanın sədri Heydər Əliyevin yekun nitqi - 14 yanvar 1998-ci il


Hörmətli komissiya üzvləri!

Biz bu gün çox əhəmiyyətli, vacib olan bir məsələni müzakirə edirik, müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin, qanunvericiliyin, qanunvericilik aktlarının yaranması prosesinin həyata keçirilməsi ilə məşğuluq. Bu baxımdan, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının yaranması çox mühüm bir vəzifədir. Hesab edirəm ki, işçi qrupu ötən müddətdə faydalı iş görübdür və hazırlanmış layihə bu gün əsasən qəbul oluna bilər.

Ötən müddətdə görülən işlərdən xüsusi qeyd olunası tədbirlər ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının layihəsi beynəlxalq təşkilatlarla məsləhətləşdirilibdir. Bu, çox əhəmiyyətlidir. Çünki biz çalışmalıyıq ki, bütün qanunvericilikdə, qanunlarımızda, dövlət aktlarında demokratik prinsiplər öz əksini tapsın və bizim bu qanunlarımız, fərmanlarımız, dövlət aktlarımız - hamısı demokratik prinsiplərə uyğun olaraq hazırlansın, qəbul edilsin. Biz Avropada olan beynəlxalq təşkilatları adətən bu baxımdan nümunə kimi qəbul etmişik, onlarla əməkdaşlıq edirik, onların təcrübəsindən istifadə edirik. Biz bu sahədə indiyə qədər çox addımlar atmışıq. İndi də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası layihəsinin hazırlanması mərhələsində beynəlxalq təşkilatlarla birlikdə məsləhətləşmələr aparılması, onların rəylərinin öyrənilməsi və onların təkliflərinin alınması çox əhəmiyyətli haldır.

Onların təklifləri burada bildirildi. Elə bilirəm ki, işçi qrupu bu təklifləri bugünkü müzakirədən sonra da ətraflı təhlil etməlidir və yaxşı olardı ki, həmin təkliflər imkan daxilində qəbul olunsun. Şübhəsiz, ola bilər, bəzi ekspertlərin fikirləri bizim bugünkü reallığımıza uyğun olmasın. Bu təkliflər də, o rəylər də hökm deyil. Biz bunları öz həyatımızla, öz reallığımızla, eyni zamanda öz milli ənənələrimizlə, milli mənafelərimizlə də uyğunlaşdırmalıyıq. Ona görə də hesab edirəm ki, bu, əhəmiyyətli işdir, bunu axıra çatdırmaq lazımdır.

Komissiya üzvləri bu gün burada çıxış etdilər, faydalı təkliflər verdilər. Onların da hamısı nəzərə alınmalıdır. Güman edirəm ki, biz artıq buna çox vaxt sərf etmişik. İndi isə bu Konstitusiya layihəsi təxminən on günün içərisində hazırlanıb tamamlanmalıdır və sona çatmalıdır. Yəni heç bundan artıq vaxt da lazım deyil. Çünki Konstitusiya layihəsi var, beynəlxalq təşkilatların rəyləri var, burada işçi qrupunun təklifləri və komissiya üzvlərinin təklifləri var. Hesab edirəm, bir neçə günün içərisində oturub bunları ətraflı təhlil etmək lazımdır və yararlıları qəbul olunmalı, nəzərə alınmalıdır, layihə son variantda təqdim olunmalıdır.

Mən xahiş edirəm ki, işçi qrupu işçi qrupuna daxil olan bütün şəxsləri dəvət etsin. Çünki mən Etibar Məmmədovun buradakı çıxışından belə anladım ki, onlar guya cəlb olunmayıblar, ya necə? Mən bunu anlaya bilmədim.

Ramiz Mehdiyev: Etibar Məmmədov işçi qrupunun üzvü deyil. O, beynəlxalq təşkilatlardan gəlmiş rəylərlə tanış olmaq istəyir.

Heydər Əliyev: Yaxşı, o rəyləri də verin tanış olsunlar. Həmin rəylərlə işçi qrupunun da, komissiyanın da üzvlərini tanış edin. Doğrudur, onların əksəriyyətini burada oxudular, ancaq bir də tanış edin.

Hər halda məqsəd ondan ibarətdir ki, biz indiki zamana görə ən mükəmməl bir Konstitusiya qəbul edək. Elə bir Konstitusiya qəbul edək ki, o, uzunömürlü olsun, çox illər, onilliklər yaşasın və Azərbaycanda qanunvericilik bazasının bir hissəsini təşkil etsin. Hesab edirəm, biz bunu edə bilərik.

Mən bugünkü müzakirə ilə əlaqədar bir neçə fikirləri də bildirmək istəyirəm. Mən bunu bəzi çıxışlara görə də lazımi hesab edirəm.

Naxçıvan Azərbaycanın qədim torpağıdır və qədim zamanlardan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Naxçıvanın 3500 illik tarixi var. Deyə bilmərəm ki, Naxçıvanın tarixi istənilən qədər yazılıbdır, ancaq Naxçıvanın həm qədim - eramızdan əvvəlki tarixinin, həm orta əsrlər dövrü, həm də son əsrlər dövrü tarixinin nə qədər zəngin olduğunu mövcud, əlimizdəki yazılardan, kitablardan görmək mümkündür. Naxçıvan həqiqətən zəngin tarixə malik Azərbaycan diyarıdır, torpağıdır. Azərbaycanda vaxtilə şahlıqlar da, xanlıqlar da, dövlətlər də olubdur. Eldəgəzlər dövləti də, Atabəylər dövləti də olubdur. Bunlar hamısı məlumdur.

Ancaq eyni zamanda, Naxçıvanın tarixi nə qədər zəngindirsə, o qədər də keşməkeşlidir, mürəkkəbdir. Görürsünüz, dünyanın çox yerlərindən Naxçıvana böyük maraq olmuşdur. Çingiz xan da, Teymurləng də, hətta X əsrdə Bizans hökmdarı da Naxçıvanda olmuşdur. Çoxlu belə tarixi faktlar gətirmək olar. Bu qədim, çoxəsrlik tarix zamanı Naxçıvan torpağı yaşamışdır. Naxçıvanda insanlar yaşamış, cürbəcür məhrumiyyətlərlə rastlaşmış, müxtəlif çətinliklərlə, faciələrlə üzləşmişlər. Ancaq yaşamışlar və Naxçıvan bu günə qədər Azərbaycanın torpağı olaraq yaşayır. Bunun özü böyük nailiyyətdir.

Bizim XX əsrdə də Naxçıvanın tarixi çox mürəkkəb, ziddiyyətli, çətin olmuşdur. 1917-ci il Oktyabr inqilabından sonra, - indi burada bəzi faktlar gətirildi, - Naxçıvanın son dəfə - 1924-cü ildə muxtar respublika elan edilməsinə qədər və 1926-cı ildə Naxçıvan Muxtar Respublikasının ilk Konstitusiyası qəbul olunana qədər, yəni həmin 5-6 il içərisində nə qədər ağır, çətin və ziddiyyətli proseslər olmuşdur. Erməni daşnak qüvvələri xüsusən XX əsrdə, ondan əvvəl də həmişə Naxçıvana göz dikmişlər, qəsd etmişlər, Naxçıvanı ələ keçirmək istəmişlər.

Amma Naxçıvanın ətrafındakı torpaqlar da Azərbaycan torpağı olmuşdur. Buna baxmayaraq, orada ermənilər də yerləşmişlər. Onlar o biri torpaqları əllərinə keçirdikləri kimi, - məsələn, Türkiyənin indiki ərazisində olan bəzi torpaqları, yaxud indi Ermənistan Respublikasının yerləşdiyi Azərbaycan torpaqlarını əllərinə keçirdikləri kimi, - Naxçıvanı da əllərinə keçirməyə çalışmışlar. Əgər onlar bəzi yerlərdə istədiklərinə nail ola bilmişlərsə, amma Naxçıvan ərazisində bunu edə bilməmişlər.

Təəssüf etmək olar ki, Naxçıvan torpaqlarının bir qismi bəzi hallarda ermənilərin əllərinə keçib, ancaq Naxçıvan öz ərazisini əsasən qoruyub saxlamışdır. Əgər Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının - Zəngəzur mahalının vaxtilə Ermənistana verilməsi olmasaydı, bəlkə də heç Naxçıvanın muxtariyyəti də lazım deyildi, Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi. Ancaq Zəngəzur mahalının, o cümlədən onun bir hissəsi olan Mehri, Qafan rayonlarının - Azərbaycan torpaqlarının 1920-ci ildə Ermənistana verilməsi bizim tariximizdə Azərbaycan torpaqlarının əldən getməsinin çox ağır bir hadisəsidir.

Ermənilər həmişə bizim torpaqları zəbt etməyə çalışmışlar. Tarixdən məlumdur, məsələn, 1918-ci ildə Tiflisdə ermənilər, gürcülər, azərbaycanlılar öz müstəqil dövlətlərini yaratmağa çalışarkən əvvəl ümumi bir fikir olmuşdu ki, Zaqafqaziya kimi bir dövlət yaransın. Sonra bu fikir baş tutmadığından, Gürcüstan da, Azərbaycan da, Ermənistan da öz müstəqilliyini elan etmişlər. Ancaq orada çox ciddi, qızğın və çox kəskin danışıqlar, mübahisələr getmişdi.

Məlumdur ki, o vaxtlar Azərbaycan Demokratik Respublikasını yaradanlar Azərbaycan torpaqlarının bir hissəsinin, o cümlədən İrəvanın Ermənistana verilməsinə razı olmuşlar. Azərbaycan Demokratik Respublikasının baş naziri Fətəli xan Xoyskinin Tiflisdən xarici işlər naziri Hacıhəsən Hacınskiyə teleqramı bizim arxivlərimizdə vardır. Həmin teleqramda xahiş edir, o çalışsın ki, onlar Tiflisdən gələ bilsinlər. Çünki onlar Tiflisdən gələ bilmirdilər. Bilirsiniz ki, o dövrdə onların Azərbaycana gəlməsinə imkan verilmirdi. O, eyni zamanda xəbər verir ki, biz artıq ermənilərlə mübahisələri sona çatdırdıq, çünki biz İrəvanı ermənilərə verməyə razılaşdıq. Teleqram rus dilində yazılıb. Orada deyilir: "Mı ustupili Yerevan armyanam". Bu, 1918-ci ilə aid olan sənəddir.

Bizim tariximizin bütün bu mərhələləri araşdırılmalı, təhlil olunmalıdır, yazılmalıdır. Mən bu fikri bir neçə dəfə irəli sürmüşəm və bu gün də hesab edirəm ki, qədim tariximiz də, şübhəsiz, bizə lazımdır. Ancaq indi Azərbaycanın çox minillik tarixini istədiyimiz kimi yazmağa, yəni həqiqəti yazmağa bizim imkanımız yoxdur. Lakin XIX-XX əsrlər bizim üçün çox əhəmiyyətli bir dövrdür, onu yazmaq lazımdır. Elə indi Naxçıvanla əlaqədar bir neçə arxiv materialları ilə tanış olarkən mən bir daha xatırlayıram, - çünki həmin materialları əvvəl də görmüşdüm, - mən xatırlayıram ki, bizim bugünkü ictimaiyyətimizə, gələcək nəsillərə həqiqəti çatdırmağa nə qədər böyük ehtiyac var.

Məlumdur ki, 1920-ci ilin dekabr ayında Ermənistanda sovet hakimiyyəti qurulan zaman Azərbaycan hökumətinin adından bəyan edilmişdi ki, Zəngəzur və Naxçıvan qəzaları Ermənistanın tərkibinə verilir. Bu da məlumdur. Sonra ermənilər həm Naxçıvana, həm də Dağlıq Qarabağa çox iddia etdilər. Məhz buna görə də Naxçıvanın Azərbaycanın tərkibində olması üçün 1921-ci ildə referendum keçirildi və Naxçıvan əhalisinin 90 faizi Naxçıvanın Azərbaycanın tərkibində olmasına səs verdi. Bilirsiniz ki, Dağlıq Qarabağda da referendum keçirilibdir və Dağlıq Qarabağın da əhalisi onun Azərbaycanın tərkibində olmasına səs veribdir.

Bunlar tarixin səhifələridir. Ancaq eyni zamanda, bu gün biz keçmişdə - Azərbaycanın müqəddəratının həll olunduğu dövrdə Azərbaycanın milli mənafelərini qoruyanların fəaliyyətinə böyük məmnuniyyət hissi ilə yüksək qiymət verərək, deyə bilərik ki, çox sədaqətli, vətənpərvər insanlar da olubdur. Onların fədakarlığı, vətənpərvərliyi nəticəsində Naxçıvan Muxtar Respublikası qorunub saxlanılıbdır. Naxçıvan Muxtar Respublikasının statusunun iki beynəlxalq müqavilə ilə təyin olunması təsadüfi bir şey deyil. Fikirləşmək lazımdır ki, nə üçün Naxçıvanın statusu beynəlxalq müqavilələrlə müəyyən olunubdur? Çünki o vaxt Naxçıvana göz dikənlər çox idi. Onun məhz Azərbaycanın tərkibində olmasını bir daha təsdiq etmək üçün o, belə beynəlxalq müqavilələrdə öz əksini tapmışdır. 1921-ci ilin mart ayında Moskva müqaviləsi və 1921-ci ilin oktyabr ayında Qars müqaviləsi bağlanmışdır.

İndi biz bilirik ki, dövlətlərarası işləri görmək nə qədər çətindir. Amma təsəvvür edin, 1920-1921-ci illərdə nə indiki nəqliyyat, kommunikasiya vasitələri var idi, nə də indiki başqa imkanlar var idi. Bunların heç biri olmadığı halda, Azərbaycanın o vaxtkı fədakar insanları Azərbaycanın qorunub saxlanılması üçün də nə qədər mübarizə aparıblar. Biz bunu heç vaxt unutmamalıyıq, qiymətləndirməliyik. Səhvlər də olubdur, həmin səhvlərə görə biz böyük itkilər də vermişik və indiyə qədər qaytara bilmədiyimiz itkilər vermişik. Ancaq böyük uğurlar da, nailiyyətlər də olubdur. Bunlardan biri də Naxçıvana aid olan həmin bu Moskva və Qars müqavilələridir və bunlar üçün çalışan, onları əldə edən Azərbaycan Respublikasının o vaxtkı rəhbərləri olublar.

Mən bir-iki dəfə demişəm, Sovet İttifaqı dağılandan sonra yeni meydana çıxmış bəzi qüvvələr hesab edirdilər ki, 1920-ci ildən sonra Azərbaycan tamam batıb, ta 1990-cı ilə qədər Azərbaycan bərbad olub və sair. Xeyr, belə deyil, tarix bunu göstərir. 1920-ci ilin dekabrına qədər Azərbaycanda Kommunist rejimi olubdur, sovet hakimiyyəti qurulubdur. Ancaq Azərbaycan Sovet Sosialist Respublikası müstəqil respublika olubdur.

Əgər Azərbaycan Rusiya Federasiyası, Ermənistan, Gürcüstan respublikaları ilə və Türkiyə ilə 1921-ci ilin oktyabr ayında Qars müqaviləsini imzalayıbsa və Azərbaycanın adından Behbud Şahtaxtinski Qarsda bu müqaviləni imzalayıbsa, demək, o vaxt Azərbaycan Respublikası öz müqəddəratını həll etmək yolunda çox müstəqil olubdur. Biz bunu unutmamalıyıq, tariximizi qaralamamalıyıq. Biz tariximizin qara tərəflərini də, ağ tərəflərini də göstərməliyik, faciəni də, nailiyyəti də, uğurları da göstərməliyik. İnsanların çəkdiyi zəhməti itirmək olmaz.

Bu müqavilələrin əhəmiyyəti çox böyükdür. Şübhəsiz ki, biz Sovetlər İttifaqının tərkibində olanda bu müqavilələr tamamilə unudulmuşdu. Deyə bilərəm ki, Azərbaycan əhalisinin bəlkə 99 faizinin belə müqavilələrin olmasından xəbəri yox idi. Ola bilər, bəlkə də ayrı-ayrı tarixçilər, tədqiqatçılar bunu bilirdilər. Həmin müqavilələr tamam unudulmuşdu. Çünki buna ehtiyac yox idi. Hamı Sovetlər İttifaqının tərkibində idi. Sovetlər İttifaqının tərkibində olarkən Naxçıvan Muxtar Respublikasının Konstitusiyası da var idi. 1926-cı ildə də, 1937-ci ildə də, 1978-ci ildə də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası qəbul olunmuşdur. Ona görə də heç kəs arayıb-axtarmırdı ki, Qars müqaviləsi, yaxud Moskva müqaviləsi nədir, nədən ötrüdür. Buna heç ehtiyac da yox idi. Amma hesab edirəm ki, Sovetlər İttifaqı dağılan zaman və Naxçıvana qarşı yenə də xəyanətkar əllər uzanan zaman biz bu müqavilələrin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu dərk edə bildik.

1990-cı ildə və ondan sonrakı dövrdə Naxçıvanda bu müqavilələr səsləndi, insanlar bu sənədləri yada saldılar və həmin müqavilələrdən istifadə etdilər. Xatirimdədir, 1992-ci ilin mart ayında mən Naxçıvanda Ali Məclisin sədri olarkən Türkiyəyə səfər etdiyim zaman orada mərhum prezident Turqut Özalla, o vaxtkı baş nazir Süleyman Dəmirəllə danışıqlarımızda həmin Qars və Moskva müqavilələrini biz çox geniş səsləndirdik. Uzun bir fasilədən sonra Türkiyə Cümhuriyyətinin başçıları, xüsusən baş nazir Süleyman Dəmirəl bütün mətbuat qarşısında bəyan etdi ki, Moskva və Qars müqavilələrinə görə, Naxçıvan Muxtar Respublikasının statusunda əgər bir dəyişiklik edilərsə, Türkiyə burada səs sahibidir. Bu, həqiqətən də belədir. Çünki həm Qars müqaviləsini, həm də Moskva müqaviləsini imzalayan bir tərəf də Türkiyədir. Türkiyə o vaxt olduğu kimi, indi də dünyanın böyük, müstəqil dövlətidir. Bu baxımdan Türkiyə o vaxtdan Naxçıvan Muxtar Respublikasının qarantı kimi olubdur.

Bunlar bizim tariximizin səhifələridir. Eyni zamanda bunlar Azərbaycanın torpaq, ərazi bütövlüyü uğrunda gedən prosesləri və onların nəticələrini əks etdirən faktlardır. Beləliklə, Naxçıvan çətin bir dövr yaşayıb, sonra Azərbaycanın tərkibində muxtar bir respublika kimi fəaliyyət göstəribdir.

Ancaq burada deyildi, təəssüflər olsun ki, Ermənistan sonralar da Azərbaycanın Ermənistanla sərhəd olan bəzi torpaqlarını ələ keçirməyə cəhd edibdir. Onlar 1929-cu ildə bu sahədə yenə də özlərinin xeyrinə işlər görə biliblər.

Bəli, bu həqiqətdir ki, 1929-cu ildə Zaqafqaziya MİK-in qərarı ilə Naxçıvan Muxtar Respublikasının burada adı çəkilən kəndləri, 657 kvadrat kilometr torpağı Ermənistana verilmişdir. Bu, həqiqətdir. Ancaq tək bu deyil. Bəhs etdiyimiz ərazi Naxçıvan Muxtar Respublikasından verilmiş ərazidir. Amma bu tərəfdən - indiki Zəngilan, Qubadlı rayonları tərəfindən də torpaqlar verilibdir. Məsələn, məlumdur ki, Mehri rayonunda böyük bir Nüvədi kəndi var. O, çoxminillik əhalisi olan bir kənddir, sırf azərbaycanlı kəndidir. Nüvədi Arazın sahilində Naxçıvanla Azərbaycanın böyük torpağını ayıran, indi Ermənistanın olan Mehri rayonunda, həmin məsafənin düz ortasında yerləşir. Həmin Nüvədi kəndi də 1929-cu ildə Azərbaycanın tərkibindən Ermənistana verilibdir. Amma Nüvədi tamamilə Azərbaycan kəndi və qədim, çox böyük ənənələrə malik olan bir kənddir. Onu da deyə bilərəm ki, həmin Nüvədi kəndinin əhalisi çox dəyanətli insanlardır. Mənim xatirimdədir, hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə onlar Nüvədidən çıxmırdılar, sonradan onları oradan zorla çıxarıb Zəngilandakı Vejnəli kəndinin yanına gətirdilər. Orada çadırlarda yaşayırdılar. Onlar doğma kəndlərindən çıxmırdılar, mübarizə aparırdılar. Onları oradan çıxara da bilmirdilər. Sonradan bir neçə dəfə Naxçıvana mənim yanıma gəldilər, imdad istədilər. Amma mən özüm Naxçıvanı çox çətinliklə qoruyurdum, onlara nə edə bilərdim? Buna baxmayaraq, onda bizim imkanımız var idi, Zəngilan rayonunun Vejnəli kəndinin yanında yerləşən çadırlara, nüvədililərin yanına vertalyot vasitəsilə bir neçə dəfə nümayəndələr göndərdim. Biz oraya müəyyən yardım göndərdik, onlarla əlaqə saxlayırdıq.

Yəni o dövrdə və sonralar təkcə Naxçıvanın torpaqları yox, Azərbaycanın başqa hissələrindən də torpaqlar, təəssüflər olsun ki, əldən gedibdir. İndi bizi Naxçıvandan ayıran, sərhəddən dəmir yolu ilə getsək, təxminən 46 kilometr məsafə, - Ermənistanı İrana bağlayan məsafə əldən gedibdir. O vaxt, hətta Zəngəzur Ermənistana verilən zaman da onun ərazisi o qədər deyildi. Dünən biz xəritə ilə baxırdıq, - onun Araza çıxan ərazisi 10 kilometr olubdur. Amma sonradan o tərəfdən, Naxçıvana daxil olan kəndlər əlindən alınıbdır. Ermənilər bu tərəfdən, yəni Zəngilandan - o vaxt Zəngilan deyildi, Cəbrayıl qəzası hesab olunurdu - bir hissəni alaraq, Ermənistana qataraq 10 kilometrlik məsafəni indi 46 kilometr ediblər. Bilirsiniz, bunlar hamısı gedən proseslərdir, amma bizim zərərimizə olan proseslərdir. Bunlar bizim torpaqlarımızın bax, beləcə, tədricən əldən getməsi prosesidir.

Bir halda ki, söhbət düşüb, mən bir tarixi faktı da çatdırmaq istəyirəm, - baxmayaraq ki, bu artıq məlumdur. Bəli, 1968-ci ildə, 1969-cu ildə Ermənistan Azərbaycana qarşı yenə də torpaq iddiaları ilə çıxış edibdir. Onlar Zaqafqaziya Kartoqrafiya İdarəsinin gərək ki, 1932-ci ildə yaratdığı xəritələrdən o vaxt istifadə etmişdilər. Məlumdur, - gərək ki, bunu Həsən Həsənov da bilir - o vaxt o xəritələri yaradanların da hamısı ermənilər olmuşdular və şübhəsiz ki, həmin xəritələri saxtalaşdırmışdılar. Təəssüf ki, bizim tərəf bu barədə sayıq olmayıbdır. Elə bizim millətimizə zərər vuran xüsusiyyətimiz bir də bundan ibarətdir ki, belə hallarda biz nəinki sayıq olmuruq, çevik də olmuruq. Amma təəssüf ki, müqabil tərəf bizdən sayıq da, çevik də olur, bəzən bizdən güclü də olur. Onlar bu xəritələri götürərək Azərbaycanın cürbəcür hissələrindən, Ermənistanla sərhəd olan hissələrindən torpaqların iddiasına başlamışdılar.

Mənim xatirimdədir, o vaxt mən respublikanın rəhbəri deyildim, amma rəhbər vəzifə tuturdum. Respublikanın o vaxtkı rəhbərləri Ermənistanın rəhbərləri ilə bir neçə dəfə görüşlər keçirdilər. 1968-ci ildə protokol da imzalanmışdı. O protokol da indi arxivdə var, dünən onu mənə bir də göstərdilər. Ermənilər Naxçıvanın Ermənistanla sərhədində Sədərək rayonunun ərazisindən bir qisim torpaqları, sonra Ordubad tərəfdən Mehri ilə sərhəddə olan torpaqları, Gədəbəy rayonundakı - mənim xatirimdədir, orada bir Tağlar kəndi var idi, - Tağlar kəndini, sonra Qazax, Qubadlı və Laçın rayonlarından bir neçə hissə torpaqları iddia edirdilər. Təəssüflər olsun ki, Azərbaycanın o vaxtkı rəhbərləri də bununla razılaşmışdılar, protokol da imzalanmışdı. 1969-cu ilin may ayında Azərbaycan Ali Sovetinin rəyasət heyəti, onun sədri mərhum İsgəndərov fərman imzalamışdı ki, o torpaqlar verilsin. Bunun icrası bir balaca ləngidi. Yaxşı ki, ləngidi.

Bilirsiniz ki, 1969-cu ilin iyul ayında mən Azərbaycanın o vaxtkı Mərkəzi Komitəsinin birinci katibi seçildim. İndi mən o günləri xatırlayıram. Bir neçə gün idi ki, işləyirdim, bu məsələni gətirib mənim qarşıma çıxardılar. Moskvadan da çox böyük təzyiq edirdilər ki, qərar qəbul olunub, tez edin, icrasına sərəncam verin. Dedim, bilirsiniz, bu qərar mayda qəbul olunub, əgər iyul ayına qədər icra edilməyibsə, imkan verin, mən onu bir araşdırım. Şübhəsiz ki, mən araşdırandan sonra gördüm ki, buna razılıq verə bilmərəm. Mən razılıq vermədim. Bu da məlumdur. Nə qədər ki, mən Azərbaycanda işlədim, o qədər həyata keçmədi. 1985-ci ildə Ermənistan tərəfi o qərarın həyata keçirilməsinə nail olmuşdur: Yenidən komissiyalar təyin edilmişdi, yenidən protokollar yazılmışdı, həmin o torpaqları, o cümlədən Naxçıvandan bir qisim torpaqları Ermənistana vermişdilər.

Bunları bilmək lazımdır. Mən hesab edirəm ki, əldən gedən torpaqlar nə vaxtsa qayıtmalıdır. Azərbaycanın tarixi torpaqları qayıtmalıdır. Xalqımız da daim bilməlidir ki, bizim tarixi torpaqlarımız hansılar olubdur, hansılar nə vaxtsa əlimizdən gedibdir, nəyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar qayıtmalıdır. Biz də qaytara bilməsək, gələcək nəsillər bunu qaytaracaqlar.

Ermənistanın Azərbaycana qarşı bu siyasəti XX əsrdə həmişə davam edibdir. Mən bu torpaqlarla əlaqədar məsələni dedim. 50 il bundan əvvəl, 1948-1953-cü illərdə azərbaycanlılar Ermənistandan deportasiya olunublar. O, Azərbaycan torpaqları idi də. Həmin torpaqlardan, hansılar ki, o vaxtlar - 1918, 1919, 1920-ci illərdə mübahisə nəticəsində Ermənistanın əlinə keçdi, ondan sonra - 40-50 il yaşayandan sonra -1948-ci ildə hesab elədilər ki, azərbaycanlıları oradan tamamilə çıxarmaq lazımdır, sonra heç kim deməsin ki, bunlar Azərbaycan torpağı olubdur.

Sovet hakimiyyəti dövründə insanlara, xalqlara qarşı çox böyük cinayətlər edilibdir. 1920-1930-cu illərdə nə qədər repressiyalar olunubdur, nə qədər insanlar öz yerindən-yurdundan sürgün edilibdir. Bizim Azərbaycan bu sahədə çox böyük zərbələr alıbdır. O vaxt Sovet hakimiyyətinin siyasəti ümumiyyətlə hər yerə aid idi. Amma Sibirdən adamları başqa yerə sürgün etmirdilər ki! Yaxud Rusiyanın orta vilayətlərindən, lap mülkədar, qolçomaq, xalq düşməni olsun, - onları götürüb Sibirə və ya Qazaxıstana sürgün etmirdilər. Sürgün olunanlar elə bizim xalqlar idi. Amma Zaqafqaziyadan götürsək ki, 1920-ci ildən sovetlər hakimiyyəti çökənədək hansı xalqdan nə qədər sürgün olunubdur, heç yerdə Azərbaycanda olduğu qədər adam sürgün edilməyibdir. 1937-1938-ci illər repressiyasında Zaqafqaziyada heç yerdə Azərbaycanda olduğu qədər repressiya olmayıbdır. 1937-1938-ci illər repressiyası bütün sovetlər ittifaqında aparılırdı. Amma ayrı-ayrı regionlarda, respublikalarda onun miqyası bir-birindən fərqli idi. Əgər Zaqafqaziyanı götürsək - biz Azərbaycanı daim Ermənistanla, Gürcüstanla müqayisə edirik. 1920-ci ildən başlayaraq Azərbaycandan sürgün edilənlər o biri respublikalara nisbətən daha çox olubdur.

1937-1938-ci illərdə Azərbaycanda repressiyaya məruz qalanlar da çox olubdur. Bundan əlavə azərbaycanlıların bir hissəsi 1937-1938-ci illərdə İrana sürgün edilibdir. Bu da tarixi bir hadisədir, çoxdan unudulubdur. İran təbəəsi olduğuna görə azərbaycanlıları buradan, Azərbaycanın hər yerindən kütləvi surətdə sürgün etdilər. Həmin bu tarixi faciədən də 60 il keçibdir.

İndi sizin heç biriniz bəlkə o günləri xatırlaya bilməzsiniz. Amma mən o günlərin şahidiyəm. Mən Naxçıvanda yaşayırdım. Bizim qonşularımızı iki günün içində gətirib ağlaya-ağlaya avtomobillərə doldurdular, çıxarıb Arazın o tayına saldılar. Mən 1937-1938-ci illərdə Naxçıvandan siyasi motivlər üzrə Orta Asiyaya sürgün olunanları da görmüşəm. Onlar orta məktəbdə mənimlə bir yerdə oxuyan qızlar, oğlanlar idi, göz yaşları içində gəlib bizimlə vidalaşırdılar. Biz də başa düşmürdük, gəlib yola salanda görürdük ki, bir günün içərisində onların evlərində - eşiklərində nə vardısa töküb - dağıdıb, onları avtomobillərə doldurub sürürlər.

Beləliklə, bizim xalqımız XX əsrdə çox faciələrlə rastlaşıbdır. Bunların içərisində Naxçıvanın başına gələn bəlalar bəlkə Azərbaycanın başqa ölkələrindən daha da dəhşətli, faciəli olubdur. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, keçmiş zamanlarda olduğu kimi, 1980-ci illərin sonunda 1990-cı illərdə bütün çətinliklərə, məhrumiyyətlərə baxmayaraq naxçıvanlılar yenə də çox dəyanətli oldular.

Məsələn, 1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Naxçıvanın Sovetlər İttifaqının tərkibindən çıxması haqqında qərarı, mən hesab edirəm ki, tarixi əhəmiyyət kəsb edibdir. Doğrudur, Azərbaycanın Ali Soveti yanvarın 29-da bu qərarı ləğv edibdir. Amma bu, tarixdə qalan bir hadisədir. Naxçıvan Muxtar Respublikasının insanları və Ali Sovetdə təmsil olunan adamlar öz iradələrini ifadə ediblər. Nəyə görə? Azərbaycana qarşı edilən ədalətsizliyə görə. O vaxt sovet qoşunları Bakıya hələ daxil olmamışdı, amma Naxçıvana hücumlar edilmişdi. Naxçıvana Ermənistan tərəfindən hücumlar edilmişdi. O vaxt Kərki kəndi əldən getmişdi, başqa kəndlərə hücumlar edilmişdi. Həm Ermənistanda, həm də Naxçıvanda olan sovet qoşunları da naxçıvanlıları müdafiə etməmişdilər, - baxmayaraq ki, orada həddindən çox sovet qoşunları var idi. Ona görə də naxçıvanlıların başqa əlacı olmamışdı, qərar qəbul etmişdilər.

Xatirimdədir, mən 1990-cı il yanvarın 20-də Yanvar hadisələri ilə əlaqədar görüşlər keçirdiyim zaman Türkiyədə çıxan qəzetləri mənə gətirdilər. Həmin qəzetlər böyük başlıqlarla yazmışdılar ki, "Naxçıvan yanır, Naxçıvan yanır". Doğrudur, o vaxt mən bunu bilmirdim. Mən bunu ayın 21-də bildim. Çünki mənim əlaqəm yox idi. Mən bu hadisəni xarici müxbirlərin mənə verdikləri qəzetlərdən, məlumatlardan bildim. Ancaq bu, böyük bir hadisə idi.

Ondan sonrakı dövrdə də Naxçıvan bu blokada şəraitində yaşadı və bütün çətinliklərə sinə gərdi. Bunun özü də Azərbaycanın milli mənafelərini Naxçıvanın nə qədər sədaqətlə müdafiə etdiyini göstərir. Burada da deyildi, - ancaq bununla yanaşı, Azərbaycan hakimiyyəti tərəfindən Naxçıvana qarşı ədalətsizliklər də olubdur. Mən keçmişi yaxşı xatırlayıram. Azərbaycanın rəhbərliyi tərəfindən Naxçıvana daim ögey münasibət göstərilibdir. Məsələn, 1930-cu, 1940-cı, 1950-ci, 1960-cı illəri xatırlayıram. Hətta mən Azərbaycanın rəhbəri olan zaman da bunu hiss edirdim. Baxmayaraq ki, mən Azərbaycanın rəhbəri idim, aydındır, mən Naxçıvanda doğulmuş bir adamam, məsələn, görürdüm ki, ayrı-ayrı strukturlarda Naxçıvanın normal hüquqlarını ödəmək istəmirdilər. Mən bunu görürdüm.

Naxçıvana ögey münasibət olubdur. Ona görə də, açıq danışım, Naxçıvanda əsas quruculuq işi, sənayenin, kənd təsərrüfatının inkişafı - bunların hamısı 1970-ci illərdən başlayaraq gedibdir. Gedin Naxçıvana, sayın, - əgər keçmiş xanların tikdikləri binaları, yaxud da tarixi abidələri istisna etsək, 1970-ci ilə qədər və 1970-ci ildən sonra Naxçıvanda nə tikilib, nə yaradılıbdır. Bu, təkcə Naxçıvanda belə deyil, bunu Azərbaycanın hər yerinə aid etmək olar. Amma mən Naxçıvanı deyirəm, ona görə ki, bu gün Naxçıvan haqqında söhbət aparıram. Bunu da ona görə deyirəm ki, bilirəm, - Naxçıvana ögey münasibət olubdur. Məhz bu ögey münasibətin nəticəsi o olub ki, Naxçıvanın hüquqlarını daim məhdudlaşdırmaq istəyiblər.

Məsələn, 1991-ci ilin oktyabr ayında 112-ci maddənin o bəndinin çıxarılması haqqında burada deyildi. Məlum məsələdir, bu nə ilə bağlı idi. 1991-ci ilin sentyabr ayında Naxçıvanda Sovet hakimiyyəti ləğv olundu, Heydər Əliyev xalqın tələbi ilə Ali Məclisin sədri seçildi. Sentyabrın 8-də Azərbaycanda prezident seçkiləri keçirilirdi və Ayaz Mütəllibov prezidentliyə yeganə namizəd idi. Naxçıvan əhalisi bunun əleyhinə idi, biz bunu gizlətmirdik. Naxçıvanın əhalisi bunu dəfələrlə demişdi. Mənim özüm də, məndən savayı, Naxçıvandan olan başqa deputatların əksəriyyəti də Ali Sovetin sessiyalarında çıxış edib deyirdilər, Ayaz Mütəllibovun prezident seçilməsinə etiraz edirdilər. Çünki yanvar hadisələrində o, günahkar idi, Azərbaycanda, xüsusən Bakıda fövqəladə vəziyyət saxlayırdı və Naxçıvana qarşı da ədalətsizlik etmişdir. Ona görə də əhali etiraz edirdi. Biz bu prezident seçkilərinə getmədik.

Ondan əvvəl isə Naxçıvana qarşı təzyiq nə ilə əlaqədar idi? 1991-ci ilin mart ayında SSRİ-nin saxlanması ilə əlaqədar referendum keçirildi. Ali Sovetdə məsələ müzakirə olunurdu. O vaxtkı deputatların bəziləri burada iştirak edirlər - Asya xanım da, Etibar Məmmədov da o vaxt deputat idilər. Deyəsən, Anar deputat deyildi. Bəxtiyar müəllim deputat idi. Deputatlardan başqaları da burada var. Müzakirə zamanı bir çox deputat, o cümlədən mən də, Naxçıvandan məndən savayı başqa deputatlar da çıxış elədik ki, Sovet İttifaqı dağılır, sovet hakimiyyəti böyük bir ədalətsizlik edibdir ki, 20 Yanvar faciəsini törədibdir, ondan qabaq da Dağlıq Qarabağı Azərbaycandan qoparıb. Demək olar ki, qoparmışdı.

Dağlıq Qarabağ Azərbaycandan 1988-ci ildə qoparılıb. Mən 1991-ci ilin fevral ayında sessiyadakı çıxışımda deyəndə ki, Dağlıq Qarabağ əldən gedib, məni haya-küyə basdılar ki, Dağlıq Qarabağ indiki qədər bizim, Azərbaycanın olmayıbdır. Əgər Dağlıq Qarabağda xüsusi idarəetmə komitəsi yarandısa, demək, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxdı və Xüsusi İdarəetmə Komitəsi Volskinin başçılığı ilə birbaşa Moskvaya tabe oldu. Moskvaya tabe oldusa, hesab elə ki, Ermənistana tabe oldu. Bunlar hamısı məlum şeydir.

Ona görə də referendum haqqında məsələ müzakirə olunanda biz, Naxçıvandan olan deputatlar çıxış edib dedik ki, referenduma getmək lazım deyil. Naxçıvanda referendum keçirilmədi. Onda - 1991-ci ilin mart ayında Naxçıvana bir zərbə vurdular, bir neçə naxçıvanlını yığıb televiziyaya, qəzetlərə çıxardılar ki, "Naxçıvanı Azərbaycandan ayırırlar". Sonra ikinci hadisə. Naxçıvan referenduma getmədi, prezident seçkilərində iştirak etmədi. Ondan sonra daha bir zərbə vurmağa başladılar. Bununla yanaşı, elə oldu ki, bunlar gözləmədiyi halda Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçildi. Onlar narahat oldular ki, Heydər Əliyev sabah gəlib Azərbaycanın Ali Soveti sədrinin yanında oturacaq. Necə edək, bunu tələsik ləğv edək? Naxçıvanı bu hüquqdan məhrum etmək məqsədi ondan ibarət idi ki, Heydər Əliyev buraya gəlməsin. Heydər Əliyevin heç buraya gəlmək fikri yox idi. Amma bir nəfər adama şəxsi münasibətdən, qərəzdən ötrü, - elə Bəxtiyar Vahabzadənin çıxışından da gördünüz, - Naxçıvan Muxtar Respublikasının bütün hüququnu tapdalamaq olmaz.

Onlar Naxçıvan Muxtar Respublikasının hüququnu tapdalamaq istədilər: Sağ olsun o deputatları, hansılar ki, müdafiə etdilər. Doğrudur, biz o vaxt Naxçıvanda bu hüquqdan istifadə etmədik. Mən ondan sonra Naxçıvanda nə qədər işlədim, buraya bir dəfə də gəlmədim. Ancaq Naxçıvanın bu hüququ saxlanıldı. Ondan sonra Naxçıvana yenə də qəsd olunmuşdu. Burada bu barədə deyildi, ancaq mən bunu bir az ətraflı bildirmək istəyirəm. Bu da tarixi bir məsələdir.

Bəli, 1992-ci ilin sonunda, 1993-cü ilin əvvəlində artıq hakimiyyətdə Xalq Cəbhəsi, Müsavat Partiyası idi. Bunlar hakimiyyətdə idi, əvvəlki hakimiyyət yox idi. Əvvəlki hakimiyyət 112-ci maddəni ləğv etmək istədi. Bu hakimiyyət isə ümumiyyətlə Naxçıvan Muxtar Respublikasının statusunu ləğv etmək məsələsini qarşıya qoydu. Belə bir təklif hazırlanmışdı, burada müzakirə olunurdu. Allah bilir, 1993-cü ildə baş vermiş hadisələr olmasaydı, Naxçıvan Muxtar Respublikasının statusu bəlkə də artıq ləğv edilmişdi. Düzdür, xalq bunun əleyhinə çıxacaqdı. Ancaq bu, hansı faciəyə gətirəcəkdi, - bunu da bilmək olmaz. Amma bu, həqiqətdir. Prezidentin, Milli Məclisin nümayəndələri Naxçıvana gəlmişdilər. O vaxtlar, oktyabr ayında Naxçıvanda çevriliş həyata keçirmək istədilər, alınmadı. Ondan sonra böyük bir sessiya çağırmışdıq. Nümayəndələr gəlmişdilər, orada açıq-aydın deyirdilər ki, Azərbaycan unitar dövlətdir və unitar dövlətdə bu muxtariyyət ola bilməz. Ona görə də Naxçıvanın muxtariyyəti ləğv edilməlidir, Naxçıvanın ayrı-ayrı rayonları birbaşa Azərbaycana tabe olmalıdır.

Bilirsiniz, dövlətin, xalqın, millətin, torpağın müqəddəratını götürüb ayrı-ayrı şəxslərlə olan münasibətə qurban vermək olmaz. O vaxt bunu nədən ötrü edirdilər? Yalnız və yalnız ona görə ki, Heydər Əliyevdən canlarını qurtarsınlar.

Beləliklə, Qars müqaviləsi, Moskva müqaviləsi, o vaxt, o çətin illərdə Azərbaycan torpağının hər bir hissəsini qorumağa cəhd göstərən insanlar, onların fəaliyyəti nəticəsində əldə olunan sənədlər və nəticələr, baxın, bu isə 1990-cı illərdə Azərbaycanın torpağına, ərazi bütövlüyünə qəsd edən insanlar, Naxçıvanın hüquqlarını məhdudlaşdırmaq, muxtariyyətini ləğv etmək istəyənlər. Bunlar milli mənafe haqqında çox bol-bol danışırlar və hesab edirlər ki, Azərbaycan haqqında guya onlardan çox düşünən yoxdur.

Mən Naxçıvanın muxtariyyəti ilə əlaqədar keçən dəfə demişəm, bu gün bir az geniş danışdım. Ona görə geniş danışdım ki, tarixin bu səhifələri bu gün bir az yada düşsün. Mən hesab edirəm ki, Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanla, Azərbaycanla Türkiyənin sərhədi üçün tarixi bir hadisədir. Çox tarixi bir hadisədir ki, o vaxt həm Azərbaycanın tərkibində Naxçıvanda muxtariyyət yaranıbdır, həm də o sərhədlər həmin müqavilələrlə nizamlanarkən Azərbaycanın Türkiyə ilə kiçik də olsa, bir sərhədi yaranıbdır. O sərhəd 1921-ci ildə həmin müqavilələrlə yaranıbdır. Amma 1991, 1992, 1993-cü illərdə o sərhədin olmasının və 1991, 1992-ci illərdə o körpünün yaranmasının Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdə nə qədər böyük rol oynadığını artıq hamı görür.

Mən bax, bu bəzi tarixi məqamları yada salaraq bildirmək istəyirəm ki, Naxçıvanın muxtariyyətini qoruyub saxlamalıyıq və Naxçıvana ona lazım olan hüquqlar verilməlidir. Bu baxımdan hesab edirəm ki, hazırlanmış layihə ümumən tələblərə cavab verir. Ancaq buradakı müzakirə ilə əlaqədar, dediyim kimi, bütün təkliflər, fikirlər 10 gün müddətində nəzərə alınmalıdır, işlənməlidir və biz son layihəni almalıyıq.

Mən də belə fikirdəyəm ki, son layihə alınandan sonra bizim komissiya tərəfindən, o, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə göndərilməlidir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi onu müzakirə etməlidir, qərar qəbul etməlidir. Ondan sonra, şübhəsiz, qəbul olunmuş həmin o Konstitusiya Azərbaycanın Milli Məclisi tərəfindən qanun şəklində təsdiq edilməlidir. Beləliklə, biz həm Azərbaycanın qanunvericiliyi sahəsində çox ciddi addım atırıq, həm də ki, bu məsələləri nizamlayırıq. Yəni müstəqil Azərbaycan dövlətinin, respublikasının tərkibində Naxçıvan Muxtar Respublikası böyük tarixi mərhələlərdən keçərək, nəhayət, özünə uyğun, özünə məxsus bir status, bir yer alacaqdır. Bu, bu gün üçün də, gələcək üçün də lazımdır.

Mən bugünkü iclasa, görülən işlərə görə Sizə təşəkkür edirəm. Ümidvaram ki, bu Konstitusiya layihəsi 10 gün müddətində tamamlanıb təqdim ediləcəkdir. Sağ olun.

"Azərbaycan" qəzeti, 15 yanvar 1998-ci il.