Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Komissiyasının sədri Romano Prodi ilə görüşdəki söhbətindən - İstanbul, "Çırağan sarayı", 19 noyabr 1999-cu il


Heydər Əliyev:  Hörmətli cənab Prodi, Sizinlə bir daha görüşməyimə çox şadam. Sizi Avropa komissiyasının sədri seçilməniz münasibətilə ürəkdən təbrik edirəm. Avropa Birliyinin Strukturları ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinə və sıx əməkdaşlığa böyük əhəmiyyət verirəm. Tarixi İpək yolunun bərpası və TRASEKA proqramları üzrə əməkdaşlığın genişlənməsi çox mühüm hadisədir. Əminəm ki, Avropa ilə Asiya arasında nəqliyyat kommunikasiyalarının inkişafında bu layihələr xüsusi rol oynayacaqdır.

Avropa Birliyinin ölkəmizə humanitar və texniki yardımlarını minnətdarlıqla qeyd etmək istərdim. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğaldan azad edilmiş rayonlarımızın bərpasında Avropa komissiyasının TASİS proqramı çərçivəsində köməyini yüksək qiymətləndirir və cənab Romano Prodi, Sizin rəhbərliyinizlə bu proqramların müvəffəqiyyətlə davam etdiriləcəyinə əmin olduğumu bildirirəm.

Romano Prodi: Hörmətli cənab prezident! Avropa komissiyasının sədri seçilməyim münasibətilə səmimi təbriklərinizə görə Sizə təşəkkür edirəm. Avropa Birliyi ölkənizlə əməkdaşlığa böyük əhəmiyyət verir. Avropa strukturları Cənubi Qafqaz regionu ilə təkcə iqtisadi əlaqələrə deyil, bütün sahələrdə hərtərəfli əməkdaşlığa maraq göstərir.

Böyük tarixi İpək yolunun bərpasına dair 1998-ci ilin sentyabrında Bakıda keçirilmiş beynəlxalq konfrans yüksək qiymətə layiqdir. Regionun inkişaf strategiyasının müəyyən edilməsində bu tədbir böyük əhəmiyyət daşıdığını xüsusi qeyd etmək istərdim.

Heydər Əliyev: Bu həqiqətən də belədir, cənab Prodi. Onu da deməliyəm ki, müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında demokratikləşmə prosesi və islahatlar uğurla həyata keçirilir. Xəzərin enerji ehtiyatlarının istifadəyə verilməsi və nəqli sahəsində görülən işlər də uğurla həyata keçirilir. Bildiyiniz kimi, ölkəmiz bu layihələrin təşəbbüskarıdır. 1994-cü ildə Bakıda böyük səylər hesabına imzalanmış "Əsrin müqaviləsi" adlanan ilk neft müqaviləsi sonrakı genişmiqyaslı neft layihələrinin həyata keçirilməsində böyük əhəmiyyət daşıyır.

Xəzər neftinin dünya bazarlarına çıxarılması üçün Bakı-Novorossiysk kəməri ilə yanaşı, bu ilin aprel ayında Bakı-Supsa boru xətti də istifadəyə verilmişdir. Neft nəqlinin etibarlılığının təmin edilməsi üçün əsas ixrac boru kəməri kimi Bakı-Tbilisi-Ceyhan xəttinin inşası üçün İstanbulda imzalanmış sənədlərin böyük tarixi əhəmiyyətini xüsusi vurğulardım. Bu yolda bizim qarşımıza çox maneələr çıxıb. Ölkəmizə təzyiqlər göstərilib, region dövlətlərində qeyri-sabitlik yaratmaq cəhdləri olub. Bütün bu çətinliklərə baxmayaraq Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasının reallaşması məndə məmnunluq duyğusu yaradır.

Onu da deyim ki, Xəzərin zəngin enerji ehtiyatlarının hasilatında ölkəmizin xarici şirkətlərlə geniş əməkdaşlığı karbohidrogen yataqlarının işlənilməsində İtaliyanın "ENİ-ACİP" Şirkəti də fəal iştirak edib.

Müstəqillik yolu ilə irəliləyən Azərbaycan dövlətinin qarşılaşdığı ən böyük problem olan Dağlıq Qarabağ münaqişəsi 12 ildən bəri davam edir, erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın beşdə bir hissəsi işğal olunub, bir milyon soydaşımız qaçqın vəziyyətinə düşərək çadır şəhərciklərində ağır şəraitdə yaşayır.

Bütün bunlara baxmayaraq ölkəmiz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Beş ildən bəri atəşkəs rejiminə əməl edilir. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildən fəaliyyət göstərir, lakin arzu etdiyimiz nəticələr hələ də əldə olunmayıb.

Azərbaycan və Ermənistan prezidentləri arasında son vaxtlar bir neçə görüş keçirilib. Münaqişəni nizamasalma prosesi, eyni zamanda ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməsi olduqca zəruridir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində və onun nəticələrinin aradan qaldırılmasında ölkəmiz beynəlxalq birliyin köməyinə ümid bəsləyir.

Romano Prodi: Hörmətli cənab prezident! Mən Xəzər dənizinin enerji ehtiyatlarının hasilatının və dünya bazarlarına nəqlinin əhəmiyyətini yüksək dəyərləndirirəm. Bakı-Ceyhan əsas ixrac boru kəmərinin inşası ilə bağlı sənədlərin və digər layihələrin imzalanması münasibətilə Sizin başçınızı səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Avropa Birliyi arasında tərəfdaşlığın və əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açılıb. Mənim rəhbərlik etdiyim təşkilat bölgədə sülh və sabitlik yaranmasına hər cür kömək göstərməyə hazırdır.

Hörmətli cənab prezident! İcazə versəniz mən bu göruşdən və maraqlı söhbətdən məmnun qaldığımı bildirərdim.